Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1898/2022 01.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Quliyeva Səkinə (Gülnar) Adil qızının Cavabdeh qarşı «mənzilə köçürmə» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1719/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 2(012)-1719/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddiaçı Quliyeva Səkinə (Gülnar) Adil qızının Cavabdeh qarşı, onun azyaşlı övladı X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülmələri barədə iddiası rədd edilmişdir. İddiaçı Quliyeva Səkinə (Gülnar) Adil qızı qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1719/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Quliyeva Səkinə (Gülnar) Adil qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 11 dekabr 2012-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahdan 26 oktyabr 2013-cü il təvəllüdlü X4 adlı övladları var. Onların nikahları Xətai Rayon Məhkəməsinin 2(011)-3513/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. O, Cavabdehla ailə qurduqdan sonra ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş və 2016-cı ilədək (cavabdeh tərəfindən məcburi həmin mənzildən qovulanadək) qeyd edilən mənzildə yaşamışdır. Cavabdeh onları evdən qovduqdan sonra, o, azyaşlı övladıyla birlikdə atasıgilin evində yaşamağa başlamışdır. Lakin həmin ev darısqal olduğundan onun övladıyla birlikdə həmin evdə yaşamağı artıq mümkün deyildir. O, dəfələrlə gəlin köçdüyü evə köçərək orada yaşamağa cəhd göstərsə də, Cavabdeh onun azyaşlı övladıyla həmin evə köçərək, orada yaşamağına imkan vermir. Bu səbəbdən də o hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçının iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə ailə qurduqdan sonra ünvan 2 ünvanında 2017-ci ilə qədər, evdən məcburi qovulanadək cavabdeh ilə birlikdə yaşamışdır. Cavabdeh onu qovduqdan sonra isə valideyninə məxsus evdə yaşamışdır. O, ev balaca olduğu üçün şəraiti yaxşı deyildir. Habelə, iddiaçının qardaşı yaxın zamanda ailə quracağı üçün evdə yaşayış daha da çətinləşəcəkdir. O, bu müddət ərzində mübahisəli mənzilə köçmək istəsə də, cavabdeh buna imkan verməmişdir. Hazırkı iddianın indi verilməsinə səbəb isə tərəflər arasında qızıl-zinyət əşyalarının geri qaytarılması barədə məhkəmə mübahisəsinin mövcud olması olmuşdur. Məhkəmə qətnaməsi işin faktiki halları araşdırılmadan qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1- ci və 2-ci hallar mövcuddur, 3-cü halla bağlı isə məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məlum olduğu kimi 2012-2017-cı illərdə iddiaçı həmin evdə yaşamışdır. Bundan əlavə özbaşına tikinti işləri aparmış şəxs orada yaşayan, lakin istifadə hüququ olmayan şəxsi özbaşına tikilidən çıxarmaq istəyirsə, əvvəlcə tikiliyə mülkiyyət hüququ əldə etməlidir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Göründüyü kimi məhkəmə tərəfindən özbaşına tikiliyə köçürülmə barədə iddianın rədd edilməsi zamanı məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktlar araşdırılmamışdır. İddia tələbi özbaşına tikiliyə köçürmə tələbi ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Sadalanan hallar əsasında apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli ev özbaşına tikilidir, həmin ev cavabdehin anası İbrahimova(Verdiyeva) Firuzə Bayram qızına məxsusdur. Evin bütün kommunal haqları Firuzə İbrahimova tərəfindən ödənilir. İddiaçı həmin evə gəlin köçərkən ev yaşayış üçün tam hazır vəziyyətdə olmuşdur. Sonradan iddiaçı tərəflər arasında ailə münasibətlərinin pozulması ilə əlaqədar mübahisəli evi könüllü şəkildə tərk etmişdir. Apellyasiya şikayətinin dəlilləri tam əsassızdır, odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. İş üzrə iddiaçı Quliyeva Səkinə (Gülnar) Adil qızı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarında təkrar olaraq iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir . Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3513/2017 nömrəli, 13 aprel 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İbrahimova (Quliyeva) Səkinə Adil qızı arasında 11 dekabr 1012-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində 1855 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 26 oktyabr 2013-cü il təvəllüdlü X1 anası X2 yanında qalması, 26 oktyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 13 aprel 2017-ci il tarixdən başlayaraq, hər ay 137 manat məbləğində sabit pul şəklində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Yenə iş materiallarında olan 2 saylı “ASAN Xidmət” X6 tərəfindən verilmiş AZ-İ № 031092 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2021- ci ildə adını “Gülnar” adına dəyişdirmişdir. Mülki işə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, Quliyeva Səkinə (Gülnar) Adil qızı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. İşə əlavə edilmiş "xxxx" ASC, "xxxx" ASC və “Azəriqaz” İB-yə istifadə edilmiş sərfiyyat üzrə kommunal ödənişlər barədə çeklərdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, 3A saylı evə kommunal xidmətlərlərə görə ödənişlər hazırkı iş üzrə cavabdehin anası İbrahimova (Verdiyeva) Firuzə Bayram qızı tərəfindən həyata keçirilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1719/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər 11 dekabr 2012-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan 26 oktyabr 2013-cü il təvəllüdlü X4 adlı övladları var. Tərəflər arasında bağlanmış nikah Xətai Rayon Məhkəməsinin 2(011)-3513/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı, Cavabdehla ailə qurduqdan sonra ünvan 1 ünvanında yerləşən, sonuncunun anasına məxsus evə gəlin köçmüş və 2016-cı ilədək qeyd edilən evdə yaşamışdır. Sonradan aralarında yaranan ailə münaqişəsi zəminində o, azyaşlı övladıyla birlikdə valideyninin evinə getmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiası təmin olunmadığı üçün iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası yaranmış mübahisə ətrafında aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tədqiq olunan faktiki hallarından, tərəfin izahatından aydın olur ki, hazırkı mübahisəli fərdi yaşayış evi özbaşına tikili olmaqla, cavabdehin valideynləri tərəfindən inşa edilmiş və onlara məxsus olmuşdur. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehlə ailə qurarkən mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş və orada yaşamışdır. Buradan aydın olur ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi iddiaçının həmin evə gəlin köçməsindən əvvəl mövcud olmuş və yaşayış üçün yararlı olmuşdur. Yəni iddiaçının köçürülməsini tələb etdiyi evin tikintisində, nə onun, nə də ki, keçmiş ərinin maddi, yaxud digər formada heç bir rolu olmadığından, həmin evlə bağlı iddiaçının hər hansı iqtisadi marağından söhbət belə gedə bilməz. Məhkəməyə təqdim olunan kommunal ödənişlər barədə qəbzlərdə sözügedən mübahisəli fərdi yaşayış evinə dair abonent qismində cavabdehin anası Firuzə İbrahimovanın adı qeyd olunmuşdur. Yəni iddiaçının köçmək istədiyi ev Cavabdeh deyil, onun anası Firuzə İbrahimovanın istifadəsində və sahibliyindədir. Başqa sözlə, sözügedən fərdi yaşayış evi özbaşına tikili olsa belə, hər bir halda həmin fərdi yaşayış evinə dair “gözlənti” hüququ məhz ona məxsusdur. Məhkəmə kollegiyası formalaşmış məhkəmə təcrübəsinə əsasən analogiya üzrə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşdən görünür ki, tərəflər arasında hazırkı mübahisəli fərdi yaşayış evi ilə bağlı hüquq münasibətləri 11 dekabr 2012-ci il tarixdə (tərəflər arasında rəsmi nikahın bağlandığı və mübahisəli fərdi yaşayış evinə iddiaçının gəlin köçməsi tarixi) yaranmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014 saylı Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. İşin tədqiq olunan hallarından görünür ki, daha öncə şərh olunanlara əsasən iddiaçı köçmək istədiyi evə “gözlənti” hüququ olan Firuzə İbrahimovanın ailə üzvü hesab olunmur. Belə ki, İddiaçı, Firuzə İbrahimovaya münasibətdə Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərində sadalanan şəxslər dairəsinə daxil deyildir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının köçmək istədiyi, Firuzə İbrahimovanın “gözlənti” hüququ olduğu, faktiki sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən istifadə etmək səlahiyyəti olmadığı kimi, istinad olunan normalar baxımından yanaşdıqda iddiaçının məhz köçmək istədiyi fərdi yaşayış evi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququnun olması da istisna olunur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hətta hazırki mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə həll edilmiş olsaydı belə iddia təmin oluna bilməzdi. Belə ki, həmin maddəyə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Digər tərəfdən iddiaçı hazırda köçmək istədiyi evi təxminən 2016-cı ildə keçmiş əri ilə aralarında yaranmış münaqişə zəminində tərk etmiş, valideynlərinin evinə qayıtmışdır. Yəni artıq kifayət qədər müddətdir ki, (təxminən 6 il), iddiaçı mübahisəli ünvanda yaşamır. Göründüyü kimi artıq müəyyən müddətə istifadə hüququnun saxlanılması tələbi də öz əhəmiyyətini itirmişdir. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisə predmetini təşkil edən fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır, o, həmin yaşayış evinə tələb etdiyi qaydada köçürülə bilməz və mübahisə ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına tam uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1719/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1898/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1898/2022
01.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver