Məhkəmə qərarları › İş №2(105)-1904/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1904/2022

03.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1904/2022 03.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair Quba Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(027)-91/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onlara məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlara Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə 12 may 2006-cı ildə Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 2856A, KOD 30301004 saylı Şəhadətnamə əsasında 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ünvan 1 ünvanında yerləşməklə, orada onlara məxsus fərdi yaşayış evi vardır və ailəliklə həmin evdə yaşayırlar. Cavabdeh məxsus həyətyanı torpaq sahəsi qonşuluqda yerləşir. Hazırda o, həmin torpaq sahəsində yaşayış evi inşa edir. Lakin o, onlara məxsus torpaq sahəsinin 57 kvadrat metrini zəbt edərək orada tikinti işləri aparır. Cavabdehin bildirdiyinə görə adına Torpaq sahəsinə Mülkiyyət Hüququna Dair **********03 saylı Çıxarış verilmiş və zəbt etdiyi torpaq sahəsi ona məxsusdur. Cavabdehə verilmiş Çıxarışda hansı əsasla onlara aid torpaq sahəsinin bir hissəsinin verilməsi şübhə doğurur, çünki onlara həyətyanı torpaq sahəsi 2006-cı ildə verilmiş, cavabdehə isə təzəliklə verilmişdir. Həmin Çıxarışı onlar əldə edə bilmədiyinə görə məhkəməyə təqdim edə bilmirlər. Dəfələrlə Cavabdeh onlara məxsus torpaq sahəsində tikinti işləri aparmamasını bildirsələr də, cavabdeh həmin sahənin ona məxsus olduğunu bildirməklə orada tikinti aparır. Həmin sahə faktiki olaraq onlara məxsusdur, torpaq sahəsinin plan və sərhəd ölçülərində də bu əksini tapmışdır. Bildirirlər ki, Cavabdeh onlara məxsus torpaq sahəsini zəbt etməklə mülkiyyət hüquqlarını pozur, onlarla heç cür razılaşmaq istəmir, zəbt etdiyi torpaq sahəsinin ona məxsus olmasını israr edir. Ona görə də cavabdehin zəbt etdiyi onlara məxsus torpaq sahəsinin onun qanunsuz sahibliyindən alınması, mülkiyyət hüquqlarının bərpa olunması və cavabdehin zəbt etdiyi onlara məxsus torpaq sahəsindən çıxarılması barədə məhkəməyə müraciət ediblər. Quba Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(027)-91/2022 nömrəli qətnaməsi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim İlqar Məmmədov). Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(027)-91/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar apellyasiya şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir.Belə ki, Quba rayon Məhkəməsi qətnamədə Konstitusiyanın 13-cü maddəsinə formal olaraq istinad etmiş, lakin normanı tətbiq etməmişdir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-cil tarixli 05 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha torpaq sahəsi ayrılmış və bunu təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair JN-2856A kod 30301004 saylı müvafiq şəhədətnamə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanunun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Bu Qanunun 4.2-ci maddəsinə əsasən, bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Adı çəkilən Qanunun bu normasına görə, iddiaçılar İddiaçı1 və İddiaçı2 verilmiş 0.03 ha torpaq sahəsi üçün 05 may 2000-cil tarixli JN-2856A kod 30301004 saylı mülkiyyət hüququna dair şəhadətnamənin dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Lakin Quba Rayon Məhkəməsi həm də formal olaraq Mülki Məcəllənin 152-ci madəsinə istinad etsə də, mülkiyyətçilərdən ancaq Cavabdeh evinə dair qeydiyyat orqanlarndan mülkiyyət hüququna dair çıxarışları toplamışdır. Əslində bu çıxarışların toplanılmasının bu iddia predmetinə bir aidiyyatı yoxdur. Belə ki, hər iki tərəfin 0,03 ha torpaq sahəsi vardır, bu torpaq səhələrinin 57 kv.metri üst-üstə düşür ki, məhkəmə sənəd üzrə bu üst-üstə düşən torpağın əsl sahibinin kim olmasını aydınlaşdrımalı idi. Əsl sahib iddiçılardırsa, belə halda bu üst –üstə düşən hissədə cavabdehin özbaşına tikilisi sökülməli və torpaq sahəsi boşaldılmalıdr. Əslində işdə olan sənəd və rəylərdən görünür ki, İddiaçı1 və İddiaçı2 torpağının 48 kv.metri əksikdir, çatmır, amma Cavabdeh isə 78 kv.m. torpağı artıqdır, deməli üst-üstə düşən 57 kv.metr iddiaçıların torpağıdır və orada cavabdehin tikdiyi tikili iddiaçıların torpağında tikilmiş tikilidir. Məhkəmə mütəxəsis və ekspertiza qarşısına yuxarıdakı sualları qoymalı idi və mülkiyyətçinin mülkiyyət hüquqlarnı dövlətin adından qorumalı idi. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin məhkəmə Məcəllənin bu normasına əməl etməmiş, iddiaçıların yox, mülkiyyət hüquqları pozulmayan cavabdehin hüquqlarını müdafiə etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat və **********03 reyestr nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 35.1 kv daşınmaz əmlakın yerləşdiyi və 0.03 ha yaşayış məhtəqələrinin torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətinə verilib. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli, **********6 qeydiyyat və **********03 reyestr nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 35.1 kv.m. daşınmaz əmlakın yerləşdiyi və 0.03 ha yaşayış məntəqələrinin torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X2 mülkiyyətində olub. İş materiallarında olan Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 35.1 kv.m yaşayış məntəqələrinin torpaq sahəsi və üzərində yerləşən daşınmaz əmlak satıcı - X6 tərəfindən alıcı- Cavabdeh satılıb və müqavilə 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusu notariusu tərəfindən təsdiq olunub. İş materiallarında olan Quba rayon Tİ və MHQ idarəsi tərəfindən xx.xx.1991 -ci il tarixli, 412a nömrəli qeydiyyat vəsiqəsinə əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X7 məxsus olmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın bağışlanma müqaviləsindən məlum olur ki, X3 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X8 tərəfindən ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan X4 bağışlanıb və Quba rayonu notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunub. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1321 saylı arxiv arayışında aşağıdakılar qeyd olunmuşdur:,, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı bildirir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il tarixli 05 saylı iclası 05 may 2000-ci il tarixdə yox, 25 may 2000-ci il tarixdə keçirilmişdir. Həmin iclas prtokolunda torpaq sahəsi veriləcək şəxslərin adlı siyahısı yoxdur “(i/v120). İş materiallarına əlavə olunan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2021-ci il tarixli vətəndaş Cavabdeh ünvanlanmış məktubunda göstərilir ki, xx.xx.2006-cı il tarixli, 0.03 ha torpaq sahəsinə verilmiş JN2855A KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə və Quba rayon Tİ və MHQ idarəsi tərəfindən xx.xx.1991 -ci il tarixli, 412a nömrəli qeydiyyat vəsiqəsinə əsasən X5 məxsus olmuş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Quba rayonu notariat Kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə958 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmiş və dövlət reyestrindən X1 adına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli çıxarış işlənmişdir. Yuxarıda qeyd olunan fərdi yaşayış evi X6 tərəfindən 3 saylı Bakı “ASAN xidmət” notariat kontorunun xx.xx.2019-cu il tarixli, 4Ə-2218 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş və dövlət reyestrindən Cavabdeh adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1547 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsinin 252 kv.metr hissəsi koordinatları daxilindədir. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 35.1 kv.metr olan daşınmaz əmlak koordinatları daxilindədir. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh Mirzəkərəm oğluna məxsus ünvan 6 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi şimal-qərb istiqamətində 57 kv.metr hissədə üst-üstə düşür. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsinin 252 kv.metr hissəsi koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 35.1 kv.metr olan daşınmaz əmlak koordinatları daxilində yerləşir. Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi şimal-qərb istiqamətində 57 kv. metr hissədə üst-üstə düşür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçıların istinad etdiyi Cavabdeh 78 kv.m. torpağının artıq olması, üst-üstə düşən 57 kv.metrin iddiaçıların torpağı olması və orada cavabdehin tikdiyi tikilinin iddiaçıların torpağında tikilmiş tikili olması əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh adına rəsmiləşdirilmiş 07 yanvar 2020-ci il tarixli, **********03-10301 reyestr nömrəli Texniki Pasportdan da göründüyü kimi iddiaçıların istinad etdiyi zəbt olunmuş 78 kv.m. torpaq sahəsi tərəflər arasında mübahisə predmeti olan üst-üstə düşən torpaq sahəsində deyil, ümumiyyətlə iddiaçılara aid olmayan, cavabdehin faktiki istifadəsində olan torpağın digər hissəsində yerləşir. İddiaçılara aid DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin 57 kv.m. hissəsinin cavabdehin adına verilmiş xx.xx.2020-ci il tarixli rəsmi reyestrdə qeydə alınmış çıxarışda göstərilmiş torpaq sahəsinə aid bir hissəsində üst-üstə düşməsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, göstərilən torpaq sahələrinə dair qeydiyyatın düzgün aparılmamasını tərəflər müvafiq qaydada inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilərlər. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi mövqe ilə razılaşır və hesab edir ki, iddiaçıların apellyasiya şikayətində istinad etdikləri dəlillər əsassız hesab olmaqla apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.12-ci maddəsinə əsasən torpaq sahəsi tələbi barədəki iddialarda iddianın qiyməti torpağın müəyyən edilmiş qiyməti ilə, bu olmadıqda isə bazar qiyməti ilə hesablanır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri apellyasiya şikayəti təmin olunmasın. Quba Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(027)-91/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar