Məhkəmə qərarları › İş №2(105)-1904/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1904/2023

29.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1904/2023 29.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, iddia müddəti) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3134/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017- ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən yük avtomobili sürücüsü vəzifəsinə aylıq əmək haqqı 202 manat olmaqla işə qəbul edilmişdir.

2. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 009 saylı əmrindən görünür ki, X6 yük avtomobili sürücüsü olaraq çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilmişdir.

3. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 010 saylı əmrindən görünür ki, X6 yük avtomobili sürücüsü olaraq çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.

4. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 011 saylı əmrindən görünür ki, X6 yük avtomobili sürücüsü olaraq çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir

5. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 012 saylı əmrindən görünür ki, X6 yük avtomobili sürücüsü olaraq çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

6. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin müştərilərindən olan “X15” müştərisinə aid ********** nömrəli qaimədə müştəridə qalan nüsxədə “Mech.Xoz.72.5 10x1kg Domashneye Spred” bir qutu məhsula “geri” sözü yazmış, möhür vurmuş, fakturanı Mingəçevir depoya təhvil verən nüsxəsinə diqqətsizlik edərək “geri” sözü yazmadan anbara artıq mal kimi təhvil vermişdir. 47 manat dəyərində malı idarə etdiyi yük maşınında olmasına baxmayaraq müştəriyə təhvil verməmiş və anbara artıq mal qismində geri qaytarmış, məhsulun aid olduğu uçot sənədinin müştəridə olan hissəsinə geri yazaraq möhürü ilə təsdiq etmiş, lakin şirkətə təhvil verilən hissəsinə kəsr və ya artıq kimi qeydiyyat aparmamışdır. Səhvini başa düşərək qeyd olunan halın təkrar olunmayacağına təminat vermişdir.

7. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 001 KX saylı əmrindən görünür ki, Cavabdeh MMC-nin X1 Departamenti X6 Yük avtomobili sürücüsü ştatında işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xx.xx.2023-cü il tarixdən xitam verilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi 3 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi qərara alınmış, əmrin verilməsi üçün əsas xx.xx.2022-ci il tarixli akt və təqdimat olmuşdur.

8. xx.xx.2023-cü il tarixli əmək haqqı üzrə çıxarışdan görünür ki, İddiaçı hesabına 155.83 manat son haqq-hesab ödənilmişdir.

9. Daxili Nəzarət və İnventarizasiya şöbə müdiri R.Məmmədov, X12 müdiri (Nəqliyyat) R.Musayev və X7 K.Mirzəliyev tərəfindən imza edilməklə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC-də yük avtomobili sürücüsü vəzifəsində çalışan İddiaçı vəzifə səlahiyyətlərini icra edən zaman prosedur pozuntusu etmişdir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin müştərilərinə mal tədarükü edən zaman “X15” müştərisinə 1 qutu “Mech.Xoz.72.5 10x1kg Domashneye Spred” 47 manat dəyərində mal idarə etdiyi yük maşınında olmasına baxmayaraq müştəriyə təhvil verməmiş və anbara artıq mal qismində geri qaytarmış, məhsulun aid olduğu uçot sənədinin müştəridə olan hissəsinə “geri” yazaraq möhürü ilə təsdiq etmiş, lakin şirkətə təhvil verilən hissəsinə “kəsr” və ya “artıq” kimi qeydiyyat aparmamışdır.

10. Cavabdeh MMC-nin İnsan Resursları və X2 (İdarə Heyətinin üzvü) Pərviz Qasımova həmin Cəmiyyətin Daxili Nəzarət və İnventarizasiya Şöbəsinin müdiri X5 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, öz vəzifə öhdəliyini pozmuş İddiaçı haqqında ciddi tədbirlərin təminata uyğun göstərişlərin verilməsi xahiş olunmuşdur.

11. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, HR-5384 saylı məktubdan görünür ki, İddiaçı əmək kitabçasını təhvil almaq üçün Cəmiyyətin İnsan Resursları Şöbəsinə yaxınlaşması təklif olunmaqla, gəlib götürə bilməyəcəyi təqdirdə əmək kitabçasının hansı ünvana göndərilməsi barədə yazılı ərizə ilə müraciət etmək təklif olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxdığı günlər üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir ki, Cavabdeh MMC-də yük avtomobili sürücüsü kimi əmək fəaliyyətinə başlamış və xx.xx.2023-cü il tarixədək həmin MMC-də işləmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşlədiyi müddətdə iddiaçı hər zaman normal davranışı, işə qarşı məsuliyyətli olması ilə seçilmiş, tənbeh olunmamışdır. İddiaçı sürücü olsa da, ona dəfələrlə vəzifə təlimatından kənar işlər də həvalə olunmuş, öz növbəsində işi, insanlıq naminə tapşırılan işləri heç bir təmənna güdmədən, tamamilə ödənişsiz, əvəzsiz yerinə yetirmişdir. İşdən çıxdıqdan sonra iddiaçı rəhbərliyə dəfələrlə müraciət etmiş, işdən çıxarılması səbəbi barədə məlumat verilməsini xahiş etmiş, lakin hər müraciətdə onu müxtəlif bəhanələrlə yola vermişlər. Rəhbərliyə işlədiyi müddət ərzində istifadə etmədiyi əmək məzuniyyətləri, əmək haqları və ümumilikdə, son haqq-hesabını iddiaçı tələb etmiş, lakin Cavabdeh MMC müxtəlif bəhanələrlə həmin pulu hesablamamış və ödəməmişdir. 2023-cü ilin yanvar ayından işdən çıxmaqla bağlı iddiaçıya rəsmi məlumat verilmişdir. İddiaçı Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi yazılı müraciətlər etmiş, lakin müsbət cavab almadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur.

14. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3134/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov)

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 42, 70-ci maddəsinin ç bəndinə, 71-ci maddəsinin İİ və İİİ hissələrinə, 72-ci maddəsinin e bəndinə, Mülki Məcəllənin 372.1, 372.2, 377.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 217.4-cü maddələrinə etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3134/2023 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

17. Əvvəla, qətnamədə ona xəbərdarlıq, töhmət və şiddətli töhmət verilməsi sadəcə sadalansa da bu tədbirlərin səbəbləri barədə heç nə qeyd edilmir, yəni bu məsələlər araşdırılmamışdır. İkincisi, xx.xx.2022-ci il tarixdə guya iddiaçının işdə yol verdiyi vəzifə pozuntusuna görə töhmət və ya xəbərdarlıq alması müəyyən edilməmişdir. Yəni, məhz xx.xx.2022-ci ildə baş vermiş pozuntuya(guya) görə töhmət və ya şiddətli töhmət almağı öz təsdiqini tapmır. Üçüncüsü, məhkəmə öz qərarında belə qənaətə gəlir ki, o, öz vəzifə öhdəliklərini kobud şəkildə pozmuşdur. Lakin həmin kobud pozuntunun nədən ibarət olması və ümumiyyətlə belə bir pozuntunun olub-olmaması əsaslandırılmır. Dördüncüsü, məhkəmə belə nəticəyə gəlir ki, o, müddəti ötürmüşdür. Lakin məhkəmə nəzərə almamışdır ki, o, əvvəlcə cavabdehin rəsmi qeydiyyat ünvanının Nizami rayonunda yerləşdiyini bilib iddianı Nizami Rayon Məhkəməsinə göndərmişdir, lakin Nizami Rayon Məhkəməsi iddia ərizəsini geri qaytardı, cavabdehin qeydiyyatının Abşeron rayonunda olmasını bildirərək ona Abşeron Rayon Məhkəməsinə yenidən müraciət etməyi tövsiyə etdi. Nədənsə məhkəmə bu halı da nəzərə almamış və 1 aylıq müddət tətbiq etmişdir.

18. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə bu maddənin tələblərinə riayət edilməməsi ilə bağlı heç bir hal müəyyən etməmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin “c” bəndinə əsasən əməyin təhlükəsizliyi normalarına əməl etmək işçinin vəzifəsidir. Məhkəmə, qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində məhz bu maddəyə istinad etmişdir. Lakin baxılan işdə, hətta işəgötürənin belə izahatlarında “əməyin təhlükəsizliyi” ilə bağlı məsələdən heç bir söhbət getmir, ümumiyyətlə təhlükəsizliklə bağlı məsələlərin bu işlə heç bir əlaqəsi yoxdur . Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifəsinin kobud pozulması ilə bağlı hallar konkret müəyyən edilir və sadalanır. Lakin məhkəmə qətnaməsində bu halların heç biri barədə bir qeyd belə yoxdur, halbuki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhz “əmək vəzifələrini kobud şəkildə” pozulması məsələsinə istinad edilmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmalıdır. Lakin məhkəmə qərarında heç bir əsaslandırma və ya hər hansı bir sənədə, sübuta istinad edilməmişdir. Əmək Məcəlləsinin 296-cu maddəsinin 2-ci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə bu maddəni tətbiq edir, lakin müddətin keçməsinin ondan asılı olmayan səbəbdən baş verməsini qeyd etmir. Halbuki, o məhkəməyə bu məsələ ilə bağlı həm mediasiya sənədini, həm də Nizami Rayon Məhkəməsinin Qərardadını təqdim etmişdir.

19. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Lakin məhkəmə qətnaməsində iddiaçının şikayətetmə müddətini buraxması barədə üzürlü sübutları (mediasiya və Nizami Rayon Məhkəməsinin Qərardadı) kimi hallar araşdırılmamışdır. Cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən heç bir sənədi və ya sübutu məhkəməyə təqdim etməmişdir.

20. Məhkəmə iddianın əsaslı olmasını göstərən və məhkəməyə təqdim edilən heç bir sübuta istinad etməmişdir. Məhkəmə sübutlara obyektiv qiymət verməmiş, eyni zamanda qərəzli mövqe tutmuşdur. Belə ki, yalnız cavabdeh tərəfin fikri və etirazlarının nəzərə alınması prosessual hüquq pozuntusudur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. İddiaçı apellyasiya şikayətinə etiraz olaraq aşağıdakıları məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyirlər. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən yük avtomobili sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. Apellyasiya şikayətində iddiaçının qeyd etdiyindən fərqli olaraq, iş materiallarından göründüyü kimi, iddiaçının barəsində dəfələrlə intizam tənbeh tədbirləri tətbiq edilmişdir. Belə ki, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 009 saylı əmrindən görünür ki, X6 yük avtomobili sürücüsü olaraq çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilmiş, işçi həmin əmrlə tanış edilərək bu barədə müvafiq qeydlərini və imzasını icra etmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 010 saylı əmrindən görünür ki, X6 yük avtomobili sürücüsü olaraq çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş, işçi həmin əmrlə tanış edilərək bu barədə müvafiq qeydlərini və imzasını icra etmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 011 saylı əmrindən görünür ki, X6 yük avtomobili sürücüsü olaraq çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş, işçi həmin əmrlə tanış edilərək bu barədə müvafiq qeydlərini və imzasını icra etmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 012 saylı əmrindən görünür ki, X6 yük avtomobili sürücüsü olaraq çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, işçi həmin əmrlə tanış edilərək bu barədə müvafiq qeydlərini və imzasını icra etmişdir. Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin daxili nəzarət-təftiş yoxlaması nəticəsində aşkar edilmiş pozuntularla bağlı İddiaçı prosedur qaydalarını pozması aşkar edilmiş və işçinin barəsində dəfələrlə intizam tənbeh tədbirlərinin tətbiq edilməsi nəzərə alınaraq, onun işdən çıxarılması barədə rəhbərliyə təqdimat verilmişdir. Belə ki, Daxili Nəzarət və İnventarizasiya şöbə müdiri R.Məmmədov, X12 müdiri (Nəqliyyat) R.Musayev və X7 K.Mirzəliyev tərəfindən imza edilməklə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC-də yük avtomobili sürücüsü vəzifəsində çalışan İddiaçı vəzifə səlahiyyətlərini icra edən zaman prosedur pozuntusu etmişdir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin müştərilərinə mal tədarükü edən zaman “X15” müştərisinə 1 qutu “Mech.Xoz.72.5 10x1kg Domashneye Spred” 47 manat dəyərində mal idarə etdiyi yük maşınında olmasına baxmayaraq müştəriyə təhvil verməmiş və anbara artıq mal qismində geri qaytarmış, məhsulun aid olduğu uçot sənədinin müştəridə olan hissəsinə “geri” yazaraq möhürü ilə təsdiq etmiş, lakin şirkətə təhvil verilən hissəsinə “kəsr” və ya “artıq” kimi qeydiyyat aparmamışdır. Cavabdeh MMC-nin İnsan Resursları və X2 (İdarə Heyətinin üzvü) Pərviz Qasımova həmin Cəmiyyətin Daxili Nəzarət və İnventarizasiya Şöbəsinin müdiri X5 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, öz vəzifə öhdəliyini pozmuş İddiaçı haqqında ciddi tədbirlərin təminata uyğun göstərişlərin verilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin müştərilərindən olan “X15” müştərisinə aid ********** nömrəli qaimədə müştəridə qalan nüsxədə “Mech.Xoz.72.5 10x1kg Domashneye Spred” bir qutu məhsula “geri” sözü yazmış, möhür vurmuş, fakturanı Mingəçevir depoya təhvil verən nüsxəsinə diqqətsizlik edərək “geri” sözü yazmadan anbara artıq mal kimi təhvil vermişdir. 47 manat dəyərində malı idarə etdiyi yük maşınında olmasına baxmayaraq müştəriyə təhvil verməmiş və anbara artıq mal qismində geri qaytarmış, məhsulun aid olduğu uçot sənədinin müştəridə olan hissəsinə geri yazaraq möhürü ilə təsdiq etmiş, lakin şirkətə təhvil verilən hissəsinə kəsr və ya artıq kimi qeydiyyat aparmamışdır. Səhvini başa düşərək qeyd olunan halın təkrar olunmayacağına təminat vermişdir. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 001 KX saylı əmrindən görünür ki, Cavabdeh MMC-nin X1 Departamenti X6 Yük avtomobili sürücüsü ştatında işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xx.xx.2023-cü il tarixdən xitam verilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi 3 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi qərara alınmış, əmrin verilməsi üçün əsas xx.xx.2022-ci il tarixli akt və təqdimat olmuşdur. xx.xx.2023-cü il tarixli əmək haqqı üzrə çıxarışdan görünür ki, İddiaçı hesabına 155.83 manat son haqqhesab ödənilmişdir. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, HR- 5384 saylı məktubdan görünür ki, İddiaçı əmək kitabçasını təhvil almaq üçün Cəmiyyətin İnsan Resursları Şöbəsinə yaxınlaşması təklif olunmaqla, gəlib götürə bilməyəcəyi təqdirdə əmək kitabçasının hansı ünvana göndərilməsi barədə yazılı ərizə ilə müraciət etmək təklif olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MMC ilə bağladığı xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən, yük avtomobili sürücüsü vəzifəsinə işə qəbul edilmiş, işlədiyi müddətdə iddiaçının barəsində dəfələrlə intizam tənbeh tədbirləri tətbiq edilmiş, daxili nəzarət-təftiş yoxlaması nəticəsində aşkar edilmiş sonuncu pozuntuya görə Cavabdeh MMCnin xx.xx.2023-cü il tarixli, 001 KX saylı əmrinə əsasən isə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. -- Hazırda işçinin mübahisələndirdiyi həmin xx.xx.2023-cü il tarixli, 001KX saylı Əmr xx.xx.2023-cü il tarixdə iddiaçıya poçt vasitəsilə rəsmi qaydada çatdırılmış, iddiaçı isə iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. "xxxx" MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə haqlı olaraq, yuxarıda qeyd olunan və iddianın rədd edilməsi üçün əsas olan və müəyyən edilmiş işin hallarından savayı, iddia müddətini də tətbiq etməklə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin hazırki mübahisə ilə bağlı xx.xx.2023-cü il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. İlk növbədə qeyd olunmalıdır ki, bu sənədlər gecikdirilmiş sübutlar olduğundan qəbul edilməməli və qətnamə qəbul edilərkən nəzərə alınmamalıdır. İddiaçı həmin sübutları birinci instansiya məhkəməsinə təqdim etməmiş, habelə təqdim edə bilməməsinin səbəblərinin üzrlü olması barədə hazırki məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən yeni sübutların təqdim edilməsi və nəzərə alınması məsələsi AR MPM-in 372.2-ci maddəsinin dispozisiya şərtləri baxımından həll edilməlidir. Digər tərəfdən, hətta iddiaçının təqdim etdiyi həmin gecikdirilmiş sübutları apellyasiya məhkəməsi nəzərə alarsa belə, yenə də həmin sənədlər iddia müddətinin ötürüldüyünü təsdiq edir. Belə ki, iddiaçının mübahisələndirdiyi Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 001KX saylı Əmri xx.xx.2023-cü il tarixdə iddiaçıya poçt vasitəsilə rəsmi qaydada çatdırılmış, iddiaçı bunu birinci instansiya məhkəməsində özü şəxsən etiraf etmişdir. Gecikdirilmiş sübutlardan göründüyü kimi, hazırki əmək mübahisəsi üzrə Mediasiya Təklifi xx.xx.2023-cü il tarixdə bizə göndərilmiş, bununla da xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (iddia müddəti hesabından) 20 gün vaxt keçmişdir. “Mediasiya haqqında” AR Qanunun 21.5, 21.6, 32.4.2, 32.1.9, 35.1, 35.2-ci maddələrinin tələblərindən göründüyü kimi, iddia müddətinin axımı Mediasiya Təklifi göndərildiyi andan dayanır və mediasiya sessiyası ilə bağlı müvafiq Arayış verildiyi andan bərpa olunur. Mediasiya prosesinin yekunu olan Mediasiya Arayışı xx.xx.2023-cü il tarixdə verildiyindən, həmin tarixdən iddia müddətinin axımı bərpa edilmiş və iddiaçının xx.xx.2023-cü il tarixdə hazırki iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etdiyini nəzərə alaraq, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (iddia müddəti hesabından) 11 gün vaxt keçmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərardadı (iddia ərizəsinin geri qaytarılması barədə) iddiaçıya xx.xx.2023-cü il tarixdə çatdırılmışdır (iş vər. 17 -19). Bundan sonra isə iddiaçı xx.xx.2023-cü il tarixdə hazırki iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası nəzərə almalıdır ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (iddia müddəti hesabından) 26 gün vaxt keçmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırki əmək mübahisəsini həll etmək üçün 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, 57 gündən sonra məhkəməyə müraciət etmiş (təfsilatı ilə yuxarıda qeyd etdiyim kimi, 20 gün + 11 gün + 26 gün = 57 gün) və birinci instansiya məhkəməsinə iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə hər hansı müraciəti olmamış, məhkəmə də iddia müddətini bərpa etməmişdir. İddia müddətinin bərpa edilməsi barədə iddiaçının müraciəti olmadığı halda, hazırki halda iddia müddətini bərpa etmək düzgün deyil, çünki iddia müddətinin bərpası və ya iddia müddətinin tətbiqi barədə müraciətlər məhz birinci instansiya məhkəməsinə edilməlidir. İddiaçı şəxsən birinci instansiya məhkəməsində iştirak etmiş, hüquq və vəzifələri barədə bildirişləri almış, hüquqlarını şəxsən müdafiə etmiş, peşəkar hüquqi yardımla təmin olunması üçün də hər hansı tədbirlər görməmişdir.AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. "xxxx" MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə haqlı olaraq, yuxarıda qeyd olunan və iddianın rədd edilməsi üçün əsas olan və müəyyən edilmiş işin hallarından savayı, iddia müddətini də tətbiq etməklə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin hazırki mübahisə ilə bağlı xx.xx.2023-cü il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

25. Maddə 35. (İ, İİ və Vİİ hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

26. 71-ci maddəsinin İİ hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

27. 71-ci maddəsinin İİİ hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır

28. 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi

29. 296-cı maddəsinin İİ hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

31. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

32. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

33. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

“E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarınauyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı

34. İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı

35. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

44. Apellyasiya şikayətindən görünür ki, İddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3134/2023 nömrəli qətnaməsi tam mübahisələndirilmişdir.

45. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. İddiaçı işə bərpa edilməsinə dair iddia tələbini irəli sürmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən tələb üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır.

48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır.

49. Hazırkı iş üzrə tərəflər arasında yaranmış münasibətlər işçinin işə bərpa ilə bağlı olduğundan, həmin mübahisələrə 1 aylıq iddia müddəti tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, işçi qanunla müəyyən edilmiş müddət ərzində aidiyyət üzrə məhkəməyə müraciət etmədiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

50. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır.

51. Kollegiya hesab edir ki, həmin tələb üzrə iddia müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir, çünki iddiaçı işdən azad olma barədə əmri xx.xx.2023-cü il tarixdə rəsmi almışdır (iddiaçı bunu birinci instansiya məhkəməsinin iclasında etiraf etmişdir).

52. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 4 ay sonra xx.xx.2023-cü il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab olunmalıdır.

53. İddiaçının apellyasiya şikayətinin xx.xx.2023-cü il tarixdə Nizami Rayon Məhkəməsinə müvafiq iddia tələbi ilə müraciət edilməsi, lakin Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılmasə ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

54. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

55. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

56. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən işlədiyi təşkilatda əmək funksiyaların icrasının kobud pozulması halı öz təsdiqini tapdığından, mübahisələndirilən əmrin əsaslılığına birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymət maddi hüquq normalarına uyğun olmuşdur.

57. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

58. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3134/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar