Məhkəmə qərarları › İş №2(105)-1910/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1910/2023

23.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1910/2023 23.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən və yaşayış sahəsindən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 İddiaçı nümayəndəsi Nümayəndə (sonuncu iclasda iştirak etmir) iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı daşınmaz əmlakdan çıxarılma tələbinə dair Abşeron Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(012)-487/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:

1. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli ev və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2015-ci il tarixli 193 inventar nömrəli texniki pasport tərtib olunmuşdur.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 03 fevral 2023-cü il tarixli 3-21-3-32/2-1111/2023 nömrəli mütəxəssis rəyindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa və xx.xx.2015-ci il tarixli 193 inventar nömrəli texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli evin və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsinin ölçülərinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşdüyü, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli ev və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsinin 66 kv.m hissəsinin digər şəxslər tərəfindən faktiki olaraq istifadə olunduğu, həmin torpaq sahəsinin 66 kv.m hissəsində digər şəxslərin faktiki istifadələrində olan fərdi yaşayış evinin mövcud olduğu müəyyən olunmuşdur.

3. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1143 saylı rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 03 fevral 2023-cü il tarixli 3-21-3-32/2-1111/2023 nömrəli mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa və xx.xx.2015-ci il tarixli 193 inventar nömrəli texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli evin və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsinin ölçülərinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşdüyü, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa və xx.xx.2015-ci il tarixli 193 inventar nömrəli texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli ev və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsinin 66 kv.m hissəsinin digər şəxslər tərəfindən faktiki olaraq istifadə olunduğu, həmin torpaq sahəsinin 66 kv.m hissəsində digər şəxslərin faktiki istifadələrində olan eni 6 metr, uzunluğu isə 11 metr olan fərdi yaşayış evinin mövcud olduğu müəyyən olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh X5 qarşı məhkəmədə iddia qaldıraraq, onun ünvan 1 ünvanında yerləşən 0,046 ha torpaq sahəsindən və oradakı fərdi yaşayış evindən əmlakı ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli ev və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsi onun şəxsi mülkiyyətindədir. 3 il bundan öncə həyat yoldaşı Nümayəndə əvvəldən tanıdığı Əmiraslanov Əvəz, Səfərov Yalçın və Habil adlı şəxslərlə birgə üç və ya dörd otaqlı evlər tikib satırdılar. Torpaq sahələri çox olduğundan istəmişlər ki, həmin evdən birini övladları X3 üçün tiksinlər. Həyat yoldaşı öz tanışı Əmiraslanov Əvəzlə görüşüb 17000 manat pul vermişdir ki, övladı üçün həmin evi tiksin. Həmin vaxt Əvəzin işləri çox olduğundan evin tikintisini şərik işlədikləri Habil adlı şəxsə həvalə etmiş və həyat yoldaşına ona 17000 manat pulu Habilə verdiyi bildirmişdir. Qeyd edilən məbləğin verilməsini Habil şəxsən təsdiq etmişdir. Həmin vaxtlar 17000 manatdan əlavə yoldaşıyla birgə gördükləri işə görə onlara çatası 18000 manat da qazanc var idi. Onlar isə 35000 manat pulun evin inşası üçün kifayət edəcəyini düşünmüşlər. 18000 manat qazanc onlara verilməmişdir. Habil evi tikməyə başlamış, təxminən 4 aydan sonra ev hazır olmuşdur. Bir müddət keçəndən sonra, övladlarını bu evə köçürmək istəmişlər. Lakin aydın olub ki, gecə ilə tanımadıqları şəxslər oğlu üçün tikilən evə köçüblər. Evə köçən şəxsdən bunun səbəbini soruşduqda, evi Habildən pul verərək aldıqlarını bildirmişlər. Habildən bu işə aydınlıq gətirməsini istəmişlər, o isə bəhanə gətirmişdir ki, həmin şəxslərə ev tikib verəcəkdir. Bir müddət keçəndən sonra, həmin şəxslər evdən köçdülər. Lakin sonradan başqa bir ailə mübahisəli evə köçmüşdür. Hazırda mülkiyyətində olan torpaq sahəsində və fərdi yaşayış evində qanunsuz olaraq cavabdeh X7 məskunlaşmışdır. O, cavabdehə dəfələrlə ona məxsus torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamış və fərdi yaşayış evini tərk etməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

6. Məhkəmə gedişatında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X4 artıq mübahisəli əmlakdan çıxdığını bildirərək onun əsl cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 əşyaları ilə birlikdə mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 0,046 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılması, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin (hakim M.Abbasova) 22 iyun 2023-cü il tarixli, 2(012)- 487/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 əşyaları ilə birlikdə ünvan 2 ünvanında yerləşən 0,046 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin torpaq sahəsi və fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılması, ünvan 2 ünvanında yerləşən 0,046 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılması qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsində və fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşayırlar. İş üzrə cavabdehlər mübahisəli evi Məhbubə Əliyeva adlı şəxsdən dəyərini ödəməklə aldıqlarını bildirsələr də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. İşdəki hüquq müəyyənedici sənədlərdən görünür ki, mübahisəli daşınmaz əmlakın mülkiyyətçisi İddiaçıdır. İddiaçı onlardan mülkiyyətçisi olduğu əmlakdan çıxmalarını tələb etsə də, nəticəsi olmamışdır. Yekun olaraq məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 əşyaları ilə birlikdə iddiaçının mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 0,046 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmalı, həmin torpaq sahəsi və fərdi yaşayış evi cavabdehlər tərəfindən boşaldılmalı, qeyd edilən daşınmaz əmlak iddiaçıya təhvil verilməlidir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 60-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.1, 157.4-cü maddələri, İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 217.3, 217.4, 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-487/2023 saylı, 22 iyun 2023-cü il tarixli, qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları müəyyən edilmədən əsassız qətnamə qəbul edilmişdir. Cavabdehlər yalnız qətnamənin qəbul edildiyi tarixə aid məhkəmə iclasından məlumatlı olmuşlar. xx.xx.2023cü il tarixində məhkəmə iclasına iştirak etmişlər və heç bir araşdırma aparılmadan məhkəmə iddianı təmin etmişdir. Cavabdehlər hazırda yaşadıqları Abşeron rayon, Xırdalan şəhəri O.Sarıvəlli küçəsində yerləşən 0.046 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini X7 və onun kürəkəni X8 32000 manata almışlar. Həmin əmlakın alqısatqısının rəsmiləşdirilməməsinə səbəb evi aldıqları şəxsin üzərinə düşən öhdəlikləri icra etməməsi, həmin aktın rəsmiləşdirilməsindən qərəzli şəkildə boyun qaçırmaları olmuşdur. Əgər ədalətli məhkəmə araşdırması aparılsaydı, çəkişmə prinsipinə əməl edilməklə məhkəmə icraatı təmin edilsəydi bu hallar üzə çıxarılardı. Lakin işə baxan məhkəmə bu kimi diqqətəlayiq halları nəzərə almamış mübahisəyə tətbiq edilməli olmayan maddi hüququ normalarını tətbiq etmiş və yalnız iddiaçının mövqeyinə uyğun qətnamə çıxarmışdır. Qətnamənin qəbul edilmə tarixi 22 iyun 2023-cü il olsa da 23 iyul 2023-cü il tarixinədək elektron məhkəmə informasiya sisteminə qətnamə yüklənməmişdir. Bu da qətnamədən şikayət verilmə müddətinin süni şəkildə uzadılmasına, prosessual pozuntuya yol açmışdır. İş materiallarından göründüyü kimi iddiaçı cavabdeh X4 əsl cavabdehlə ( apellyator və onun iki nəfər ailə üzvləri) əvəz edilməsi barədə ərizə verərək ərizəsində də göstərmişdir ki, cavabdeh X7 (kürəkəni, Cəlilabad rayonu Prişib, indiki Göytəpə qəsəbəsində yerləşən hərbi hissədə MAXE işləyən X11 ilə birlikdə) iş məhkəmənin icraatında olan zaman həmin evi satmışdır. Bununla belə X4 əməlində dələduzluq cinayətinin tərkib əlamətləri olsa da, məhkəmə bu barədə prossesual normalardan istifadə edərək məlum olan cinayət barədə müvafiq prokurorluq orqanına məlumat verməmişdir. Bu məlumatı iddiaçı özü də, gizlətməklə cavabdehlərlə işbirliyində olmuşdur. İşə baxan məhkəmə səthi araşdırma aparmaqla, iddia tələbinə uyğun formal əsaslandırılmış qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən torpaq sahəsinə baxış keçirilmədən qərar qəbul edilmiş torpaq vergiləri, ödənişləri barədə, torpağın faktiki istifadəçiləri barədə məlumat əldə edilməmişdir. Mübahisəli fərdi yaşayış evinin kim tərəfindən kimə satılması, bu alqı-satqının neçə dəfə baş verməsi və s kimi hallar dəqiqləşdirilməmişdir. O, həmin yaşayış evinin dəyərini ödəməklə əldə etdiyi kimi həm də, orada əlavə təmir-tikinti işləri görmüş, müəyyən xərc çəkmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli ev və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsi onun həyat yoldaşı hazırkı iddiaçının şəxsi mülkiyyətindədir. O, əvvəldən tanıdığı Əmiraslanov Əvəz, Səfərov Yalçın və Habil adlı şəxslərlə birgə üç və ya dörd otaqlı evlər tikib satırdılar. İddiaçıya məxsus torpaq sahələrində övladları üçün ev tikilməsi məqsədi ilə ki, o, öz tanışı Əmiraslanov Əvəzlə görüşüb 17000 manat pul vermişdir ki, övladı üçün həmin evi tiksin. Daha sonra evin tikinti 17000 manat pulun verilməsi müqabilində Habilə həvalə edilmişdir. Bundan əlavə şərikli gördükləri işdən ona çatası 18000 manat pulu da evin tikintisinə sərf edilməsi üçün öz şəriklərindən razılaşmaya uyğun olaraq almamışdır. Ev tikilib hazır olduqdan sonra evi tikən şəxsin xahişi ilə bir müddət evdə onun qızının yaşamasına iddiaçı tərəf etiraz etməmişdir. Lakin bir müddət sonra onlara bəlli oldu ki, sözügedən evdə Məhbubə Əliyeva adlı şəxs yaşayır. Ondan evi tərk etməsi, evin iddiaçıya məxsus olması tələb ediləndə isə o evi Habildən pulunu ödəməklə aldığını bildirdi. Məhbubə Əliyevaya qarşı hazırkı iddia tələbi üzrə mülki iş məhkəmənin icraatında olan zaman sonuncu evi hazırkı cavabdehlərə satmışdır. O, Cavabdeh2 evin mübahisəli olduğunu və evlə bağlı məhkəmə mübahisənin mövcudluğunu bildirsə də, cavabdeh dəyərini ödəməklə ev aldığını bildirdi. Hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus evdə yaşamaları, sonuncunun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, lakin vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 16.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 2(012)-487/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsini tam həcmdə mübahisələndirmişdir.

20. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin 2(012)-487/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin izahatını, iş materialları ilə birgə nəzərdən keçirib, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikilinin cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onların torpaq və yaşayış sahəsindən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir.

23. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətinin “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

24. İddiaçının bu tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddələri təşkil edir. Qeyd edilən maddələrdə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

25. Qeyd olunan şərtlərin birinci və ikincisinin hazırki işdə mövcud olması mübahisə olunmur. Üçüncü şərt isə əlavə araşdırmanı tələb edir.

26. Araşdırılan işin faktiki hallarından müəyyən olunur ki,, ünvan 2 ünvanında yerləşən 0,046 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.

27. İşin faktiki hallarından həmçinin müəyyən edilir ki, sözügedən torpaq sahəsinin üzərində iki fərdi yaşayış evi inşa edilmiş, həmin evlərdən birinin, yəni ümumi sahəsi 92.6 kv.m olan 3 otaqlı fərdi yaşayış evi sənədləşdirilərək iddiaçının adına hüquqmüəyyənedici sənəd verilmiş, digər fərdi yaşayış evi isə iddiaçya məxsus torpaq sahəsinin üzərində inşa edilməsinə baxmayaraq, həmin evə münasibətdə sənədləşmə işi aparılmamışdır

28. İddia ərizəsində göstərilənlərə əsasən qeyd edilən torpaq sahəsində iddiaçı və onun əri yeni ailə quran övladları üçün əlavə fərdi yaşayış evi inşa etmək qərarına gəlmiş və bu məqsədlə tanışları Əvəz adlı şəxsə 17000 min manat pul vermişlər. Daha sonra Əvəz həmin pulu iddiaçının ərinin də tanışı olan Habil adlı şəxsə verdiyi bildirmiş, Habil də həmin faktı təsdiq etmişdir. İddiaçının əri sonuncu ilə gördüyü işlərdən gəlir kimi əldə etdiyi ona çatası 18000 min manat vəsaiti də götürməmiş və ümumilikdə 35000 min manat məbləğə övladları üçün fərdi yaşayış evinin tikilməsinə razılaşmışlar. Təxminən 4 ay sonra fərdi yaşayış evinin tikinti-təmiri başa çatmış və iddiaçı tərəf həmin evə köçmək istədikdə məlum olub ki, evdə tanımadıqları ailə məskunlaşıb. Səbəbini evin tikintisini həvalə etdikləri Habil adlı şəxsdən soruşduqda, həmin ailə üçün ev tikdiyini və qısa zamanda onların oradan çıxacağını bildirmişdir. Lakin bir müddət sonra həmin evə başqa ailə köçmüşdür. Yəni fərdi yaşayış evi onlara təhvil verilməmişdir. Hazırda həmin evdə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 yaşayırlar. Cavabdehlər həmin evi tərk etdmədikləri üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, işə baxan məhkəmə iddianı təmin etmiş, narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişlər.

29. Cavabdeh tərəfin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evini onlar Məhbubə Əliyevadan (onun kürəkəni Vüqar Abbasovun vasitəçiliyi ilə) 32000 min manat ödəməklə alqı-satqı yolu ilə əldə etmişlər. Başqa sözlə hazırkı iş üzrə iddiaçını onlar ümumiyyətlə tanımamışlar. Fərdi yaşayış evini almış, orada müəyyən xərclər çəkmiş və hazırda orada yaşayırlar. Alqı-satqının rəsmiləşdirilməsindən isə qarşı tərəf boyun qaçırdığından sənədləşmə prosesi baş tutmamışdır.

30. Araşdırılan işdən müəyyən edilir ki, hazırda mübahisələndirilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olduğundan, həmin fərdi yaşayış evinə dair gələcək “qanuni gözlənti” hüququ da məhz iddiaçıya məxsusdur. Yəni ilkin olaraq iddiaçının gələcəkdə məhz həmin sənədləri hüquqları qeydə alan orqana təqdim etməklə öz adına mübahisəli evə dair çıxarış əldə etməsi istisna olunmur. Məhz bu kontekstdən, yəni mülkiyyət, o cümlədən gözlənilən mülkiyyət hüququna daha üstün mövqedən yanaşıldıqda, cavabdehlərin hərəkəti iddiaçının mülkiyyət hüququnu pozulması kimi qiymətləndirilməlidir.

31. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, sonuncuların mübahisəli daşınmaz əmlaka dair heç bir mülkiyyət hüquqları olmadığı kimi hər hansı formada istifadə hüquqlarının olması da istisna edilir. Belə ki, cavabdehlər mübahisəli daşınmaz əmlakı dəyərini hazırkı iş üzrə ilk cavabdeh Məhbubə Əliyevaya ödəyərək əldə etdiklərini bildirsələr də, bu faktı təstiq edəcək hər hansı mötəbər, əsaslı şübhələrdən kənar sübut növü məhkəməyə təqdim etməmişlər.

32. Digər tərəfdən, tərəflər arasında belə razılıq olsa da belə, bunun Mülki Məcəllənin 139.1, 144.1-ci maddələrində müəyyən olunmuş qaydada rəsmiləşirilməsinə dair sübutlar işdə mövcud deyildir.

33. Həmin dəlillərə münasibətdə kollegiya bir daha qeyd edir ki, əvvəla daşınmaz əmlak özlüyündə sənədsiz (daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan) əmlak olduğundan onun notarial qaydada alqı-satqı müqaviləsinin obyekti olması mümkün deyildir. Bununla belə həmin əmlakı cavabdehlərə satdığı deyilən Məhbubə Əliyeva adlı şəxsin belə qeyd edilən fərdi yaşayış evinə dair hər hansı hüququ mövcud olmadığından, sonuncu bu əmlak barəsində sərəncam vermək hüququna da malik olmamışdır.

34. Yəni hazırkı halda apellyatorların apellyasiya şikayətində istinad etdikləri əsas dəlilinə (mübahisəli əmlakın X1 dəyəri ödənilməklə alınmasına) dair kollegiya qeyd edir ki yuxarıda qeyd olunanlara əsasən cavabdehlərin bu əsasla iddiaçıya məxsus fərdi yaşayış evindən çıxmamaları əsassızdır.

35. Kollegiya cavabdeh tərəfə onu da izah edir ki, mübahisəli əmlak cavabdehlərə hər hansı hüququ olmayan şəxs tərəfindən satılmışsa, həmin əsasla dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə cavabdeh tərəf ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Lakin qeyd edilən hal onlara qarşı hazırkı iddia tələbinin rədd edilməsi üçün əsas deyildir.

36. Nəzərə alınmalıdır ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmaqla və ya onun iradəsinə uyğun hətta başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin torpaq sahəsində inşa edilmiş tikilidən kənar şəxsin çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malikdir.

37. Əks yanaşmada, yəni mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat işlərinin aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan birimülkiyyətçinin iradəsidir. Bu baxımdan mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin əmlak mənafeləri gözardı edilməməlidir

38. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan daşınmaz əmlaka mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehlərin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

39. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(012)-487/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar