Məhkəmə qərarları › İş №2(105)-1913/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1913/2021

13.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1913/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı nümayəndə və vəkili X2, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə və Zəngilan rayon 31 saylı tam orta məktəbinə qarşı əmrin ləğv eilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(034)-169/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Zəngilan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(034)-169/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə və Zəngilan Rayon 31 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır (hakim G.K.İmanova). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(034)-169/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı işə bərpa olunmaya dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zəngilan rayon 31 saylı tam orta məktəbinin 11.09.2020-ci il tarixli, 195 saylı əmrinin etibarsız hesab edilməsi ilə ləğv edilməsi, Cavabdeh tabeliyində olan 3 saylı tam orta məktəbinə əvvəlki vəzifəsinə bərpa olunması və 14.09.2020-ci il tarixdən etibarən məhrum olduğu əmək haqqının ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərmişir ki, o, xx.xx.1983-cü il tarixində Füzuli rayonu, Arayatılı kəndində anadan olmuşdur, lakin Füzuli rayonunun işğal olunması səbəbi ilə məcburi köçkün olaraq Əli Bayramlı (indiki Şirvan) şəhərində məskunlaşmışdır. 2001-ci ildə Əli X3 daxil olaraq 02.07.2004-cü ildə ingilis dili ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İxtisas Komissiyasının 02.07.2004-cü il tarixli qərarı ilə ona ibtidai siniflərdə ingilis dili müəllimi, müəssisələrdə tərcüməçi ixtisası verilmişdir. 15.09.2004-cü il tarixində Zəngilan Rayon 3 saylı tam orta məktəbin 32 saylı əmri ilə həmin məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir. Məktəb direktorunun 15.09.2016-cı il tarixli, 35 saylı əmrinin 3-cü paraqrafına əsasən Zəngilan Rayon 3 saylı tam orta məktəb Zəngilan Rayon 31 saylı tam orta məktəbə dəyişdirildiyinə görə işdən azad edilmişdir. 15.09.2016-cı il tarində Zəngilan Rayon 31 saylı tam orta məktəbin 39 saylı əmri ilə həmin məktəbə ingilis dili müəllimi təyin edilmiş, lakin 11.09.2020-ci il tarixli, 195 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a" bəndinə əsasən xitam verilmişdir. Onun işdən azad olunmağı ilə eyni vaxtda azad olunan işçilərin işlə təmin olunmasına baxmayaraq, onun Cavabdehnə təqdim edilmiş Zəngilan Rayon 3 saylı tam orta məktəbdə işlə təmin olunmağına dair müraciətinə 13.11.2020-ci il tarixli, 287 saylı məktubla rədd cavabı verilmişdir. Cavabdeh həmin cavabı onunla əsaslandırmışdır ki, Zəngilan Rayon 31 saylı tam orta məktəbin pedaqoji və texniki işçilərinin 3 saylı tam orta məktəbdə işlə təmin olunmasına dair Təhsil Nazirliyinə müraciət edilmiş, lakin Təhsil Nazirliyindən göndərilən cavab məktubunda 3 saylı tam orta məktəbdə işlə təmin olunacaq işçilərin siyahısında onun adı mövcud olmamışdır. Halbuki o da ləğv edilən Zəngilan Rayon 31 saylı tam orta məktəbin işçisi olmuş, həmin məktəbin ləğv olunması ilə də onun əmək qanunvericiliyi ilə qorunan hüquqları bərpa edilməli, sözügedən məktəbdə işlə təmin edilməli idi. O, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilməyinə baxmayaraq, ixtisaslaşmış, 16 illik iş təcrübəsinə malik müəllimin yeni iş yeri ilə təmin edilməsi yönündə müvafiq icra hakimiyyəti orqanları tərəfindən hec bir ümidverici addım atılmamışdır. Belə ki, 15.09.2004-cü il tarixdən pedaqoji fəaliyyətə başlamış, heç bir fasilə olmadan və iş mühitində heç bir problemlə qarşılaşmadan bu fəaliyyətini 16 il davam etdirmişdir. Lakin son olaraq fəaliyyət göstərdiyi Zəngilan Rayon 31 saylı tam orta məktəb Təhsil Nazirliyi tərəfindən ləğv edilmiş, sözügedən təhsil müəssisəsində işləyən digər şəxslər Zəngilan Rayon 3 saylı tam orta məktəbinə işə qəbul olunmuş, lakin işə qəbul edilən şəxslərin siyahısında onun adı mövcud olmamışdır. Bununla bağlı Cavabdehnə müraciət edilməsinə baxmayaraq, sözügedən müəssisədən 13.11.2020-ci ıl tarixli cavab məktubunda qeyd edildiyi kimi rədd cavabı almışdır. Bildirir ki, o, bununla yanaşı işlə təmin edilməyi məqsədi ilə Cavabdehnə dəfələrlə müraciətlər etmiş, lakin hər dəfə olduğu kimi müraciətləri cavabsız qalmışdır. Hətta o, Zəngilan Rayon 3 saylı tam orta məktəbdə işlə təmin olunma istəyindən də imtina edərək yalnız pedaqoji fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirmişdir. Bütün olanlarla yanaşı Cavabdeh tərəfindən müəssisənin ləğv olunması nəticəsində 16 illik peşə fəaliyyətindən və daimi qazanc mənbəyindən məhrum edilərək işsiz qalan bir vətəndaşa heç bir yardım əli uzadılmamışdır. Həmçinin onu da qeyd etmişdir ki, müəssisənin ləğv edilməsi işçinin təqsiri üzündən devil, işəgötürənin fəaliyyəti ilə bağlı olduğundan, bu əsaslarla əmək münasibətlərinə xitam verilərkən işçinin qanunla qorunan hüquq və mənafeləri qorunmalı və təmin edilməli, həmin müəssisə ləğv edildikdən sonra işçi işsiz qalmamalı, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqları gözardı edilməməli, müvafiq icra hakimiyyəti orqanları tərəfindən öz ixtisas dərəcəsinə uyğun iş tapılmasında lazımi köməklik göstərilməli idi. Lakin qeyd etdiyi heç bir proses hələ də həyata keçirilməmişdir. Məhkəmə cavabdeh tərəfin ifadəsinin rəhbər tutularaq qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh tərəf əsaslanmasında onun digər ingilis dili müəlliminə nisbətdə çox aşağı keyfiyyətli peşə fəaliyyətinə malik olduğunu vurğulamışdır. Belə bir sual yaranır ki, əgər o, pedaqoji fəaliyyətini yerinə yetirmək üçün kifayət qədər ixtisaslı olmamışamsa və adi qiymətləndirmə ilə bunun fərqinə varılması mümkün idisə, nə üçün 16 il ərzində bununla bağlı cüzi bir problem belə yaşanılmamış, onun peşə fəaliyyətinin qiymətləndirilməsi bu illər ərzində həyata keçirilməmiş, əgər həyata keçirilməsi ilə bağlı faktlar mövcud olmuşdursa, nə üçün onun pedaqoji fəaliyyətə yarasız olmağı isbat edilərək vəzifədən azad edilməmişdir. Bu sualların heç biri məhkəmə iclası zamanı öz cavabını tapmadığı, qeyd edilənlərə dair heç bir sübut və faktlar müvafiq məhkəməyə təqdim edilmədiyi və hakim tərəfindən dəyərləndirilmədiyi halda məhkəmə cavabdehin vermiş olduğu izahatı öz mülahizəsi kimi qətnamədə qeyd etmişdir. Həmçinin müvafiq məhkəmə onun tələbinə, bu tələbi əsaslandıran hallara səthi yanaşıb onun pozulmuş hüquqlarının bərpa olunması yönündə heç bir addım atmamış, beləliklə də qanunvericiliyin məhkəmələrin üzərinə qoyduğu “həqiqətin müəyyən edilməsi, işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi”vəzifələrini icra etməmişdir. Belə ki, Zəngilan Rayon Məhkəməsi onun sözügedən hər iki təhsil müəssisəsində, 2004-2016-cı illərdə Zəngilan Rayon 3 saylı tam orta məktəbdə, 2016-2020-ci illərdə isə Zəngilan Rayon 31 saylı tam orta məktəbdə çalışdığı müddəti, iş təcrübəsi, əmək funksiyası və vəzifə borcunu (öhdəliklərini) layiqincə yerinə yetirməyini və müəssisədaxili intizam qaydalarını pozmamağını nəzərə almayaraq əsassız olaraq iddianı təmin etməmişdir. Digər qevd edəcəyi hal isə odur ki, Zəngilan Rayon 3 saylı tam orta məktəbdə 31 saylı tam orta məktəbin bütün işçilərinə - təmizlikçisindən tutmuş kifayət qədər ixtisaslı və təcrübəli müəllimlərinə kimi hər kəsə vakant yerin olması, yalnız onun ixtisası üzrə vakant vəzifənin olmaması təsadüfdən çox onun isdən azad edilməyi üçün planlı səkildə atılmış addımlara bənzəyir. Həmçinin Zəngilan Rayon 3 saylı tam orta məktəbdə müəllimlərin yerləşdirilməsindən öncəki dövrdə də vakant yerlərin mövcud olması barəsində heç bir məlumat təqdim edilməmişdir. Məhz 31 saylı tam orta məktəb ləğv edildikdən sonra, orada təhsil alan şagirdlərin məhz 3 saylı tam orta məktəbə yerləşdirilməsi zamanı sözügedən vakant yerlərə ehtiyac olmuşdur, bu zaman belə bir sual yaranır ki, 3 saylı tam orta məktəbdə təhsil alan şagirdələrin sayında kifayət qədər çox artım olduğu üçün əlavə müəllim heyətinə də ehtiyac duyulmurmu. Bu müəllim heyətinə ehtiyac duyulurdusa, nə üçün yalnız ona imtina cavabı verilmişdir. 3 saylı tam orta məktəbdə təhsil alan şagirdlərin sayı artsa da məktəbin ərazi və bina olaraq sahəsində heç bir dəyişiklik edilməmişdir, onda nə üçün 31 saylı tam orta məktəbin təmizlikçilərinə belə 3 saylı tam orta məktəbdə ehtiyac duyulmuşdur. Qeyd etdikləri bütün bu baş verənlərin məhz ona qarşı edilmiş qərəzli və planlı hərəkətlərin aşkar şəkildə görünməsinə kifayətdir. Hakimin isə mövqeyi məhz haqsızlıqla qarşılaşmış sıravi vətəndaşdan otrü deyil, ədalətdən və vicdandan uzaq işlərini həll edən dövlət orqanlarından ötrü olmuşdur. Ədalətin təcəssümü hesab etdiyi məhkəmələr belə Zəngilan Rayon Məhkəməsinin təcəssümündə problemləri ədalətsizliklə həll etməyə başlamışlar. Zəngilan Rayon Məhkəməsi faktın aydınlaşdırılması məqsədi ilə Zəngilan Rayon 3 saylı tam orla məktəbdə vakant vəzifənin olub-olmamasına və ya onun orada yerləsdirilməyinin mümkünsüzlüyünə dair 23.02.2021-ci il tarixli sözügedən qətnamədə heç bir sübuta əsaslanmamışdır. Belə ki, həmin qətnamədə yer alan yalnız cavabdehin izahatı olmuş və öncəki əsasda da qeyd edildiyi kimi məhkəmə cavabdehin söylədiyi fikirləri öz mülahizəsi kimi təqdim edərək qərəzli qərar qəbul etmişdir. Məhkəmə yalnız öz mülahizəsini irəli sürmüş, müvafiq mülki işdə nə sübuta yetirilmiş faktlar əsas kimi təqdim edilmiş, nə də lazımi sübutların əldə edilməsi məqsədi ilə təşəbbüs irəli sürülmüşdür. Bu da onu göstərir ki, müvafiq məhkəmə sözügedən mülki iş üzrə qərəzli qərar qəbul edilməsinə fokuslanmış, bu baxımdan heç bir sübuta ehtiyac duyulmamışdır. Zəngilan Rayon Məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericinin ona verdiyi mühüm vasitələrdən istifadə etməmiş, qeyd etdiyi halları araşdırmadan, heç onlara hüquqi qiymət vermədən, yalnız cavabdehlərin irəli sürmüş olduğu müddəalar əsasında yaranan mülahizə və ehtimallara əsaslanmaqla qətnamə qəbul etmişdir. Bununla da işin tam, hərtərəfli və obyektiv tədqiqinə şərait yaradılmamış, onun əmək hüquqlarının çox kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Onunla eyni təhsil müəssisəsində çalısan həm pedaqoji, həm də texniki işçilərin demək olar ki, hamısının həmin təhsil müəssisəsi ləğv edildikdən sonra işlə təmin olunmasına baxmayaraq, onun müxtəlif əsassız bəhanələr gətirilərək işsiz qalmağına səbəb olmaq birbaşa ona qarşı olan ayrı-seçkilik faktıdır. Qeyd etdiklərinə əsasən apelyasiya şikayətinin təmin edilməsini, Zəngilan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(034)- 169/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək bildirirmişir ki, Cavabdeh qismində qoyulmasının səbəbi budur ki, işçini işə götürən də, işdən azad edən də Təhsil şöbəsidir. Bundan əlavə əvvəllər də məktəbin ləğv edilmə halı yaşanıb. 3 saylı məktəbin əvəzinə 31 saylı məktəb yarananda da, 31 saylı məktəbin əvəzinə 3 saylı məktəb yarananda da bütün məktəb kollektivi tam şəkildə köçürülüb. Amma iddiaçı onlara məlum olmayan səbəblərdən işlə təmin edilməyib. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə təsdiq olunur ki, iddiaçı qiymətləndirmə imtahanında maksimum bal olan 60 baldan 52-ni toplayıb. Qarşı tərəf iddiaçının əmək müqaviləsinə xitam verərkən müvafiq vakant yerin olmamasını əsas gətirmişdir. Lakin bununla razılaşmır. Bütün məktəb kollektivini işlə təmin edib bir müəllimi kənarda saxlamaq birbaşa olaraq ayrı-seçkilikdir. Məktəbin ləğvi müəllimin təqsiri deyil. Bu zaman hər bir şəxsə yeni iş yeri təklif olunmalı idi. Əgər vakant yer yox idisə və hansısa kadr işsiz qalacaqdısa məktəb ümumiyyətlə ləğv oluna bilməzdi. Vakansiyanın olmaması əsasını da cavabdeh sözdə deyir amma əsaslandıra bilmir. İddiaçı 16 illik müəllimdir. Qiymətləndirmədən müvəffəqiyyətlə keçib. Pedaqoji fəaliyyəti dövründə, intizam və ya inzibati məsuliyyətə cəlb olunmayıb. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Zəngilan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(034)-169/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasınn iclasında Cavabdeh nümayəndəsi X6 apelyasiya şikayətini qəbul etməyərək bildirirmişdir ki, cavabdeh məktəb Təhsil Nazirliyinin əmri ilə ləğv olunub. Bu məktəb Şirvan şəhərində Cavabdeh tabeliyində olan iki məktəbdən biridir. Hər iki məktəb eyni binada yerləşib. Sadəcə kifayət qədər şagird kontingenti olmadığından bir məktəb ləğv edilib. İşçilərin işlə təmin olunması üçün Təhsil Nazirliyinə ünvanlanmış məktubda iddiaçının da adı qeyd olunub. Lakin Təhsil Nazirliyi iddiaçının işlə təmin etməyib. Subordinasiya baxımından onlardan üstün olan orqanın qərarı onlar tərəfindən sadəcə olaraq icra olunur, həmin qərarı müzakirə etmək səlahiyyətləri yoxdur. Müəllimləri işlə təmin etmək və ya işdən azad etmək prosesi elektron formada Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. İddiaçı ilə hər hansı kompromis onların səlahiyyəti deyil. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(034)-169/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə üzrə cavabdeh Zəngilan rayon 31 saylı tam orta məktəbin və maraqlı tərəf Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələrinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan BB-P№ 004929 saylı diplomun surətindən məlum olur ki, İddiaçı 2001-ci il tarixdə X1 daxil olmuş və 02.07.2004-cü il tarixdə ingilis dili üzrə tam kursu bitirmişdir. İş materiallarında olan əmək kitabçasının sürətindən görünür ki, iddiaçı 15.09.2004cü il tarixində 32 saylı əmrlə 03 saylı Zəngilan rayon ümumi orta məktəbinə xarici dil müəllimi təyin edilmişdir. 15.09.2016-cı il tarixli, 39 saylı əmrlə Zəngilan rayon 31 saylı tam orta məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir. 11.09.2020-ci il tarixli, 195 saylı əmr ilə Zəngilan rayon 31 saylı tam orta məktəbin ingilis dili müəllimi onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən 14.09.2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Zəngilan RTŞ-nin 13.11.2020-ci il tarixli, 287 saylı məktubundan məlum olur ki, Təhsil Nazirliyinin 06.08.2020-ci il tarixli, A-360 saylı əmrinə əsasən 2020-2021-ci il tədris ilinin əvvəlindən Zəngilan rayon 31 saylı tam orta məktəbinin fəaliyyəti dayandırılmışdır. Bununla əlaqədar olaraq həmin məktəbdə işləyən müəllimlərlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Zəngilan rayon 31 saylı tam orta məktəbdə fəaliyyət göstərmiş müəllimlərin Zəngilan rayon 3 saylı tam orta məktəbə yerləşdirilməsi barədə tərəflərindən Təhsil Nazirliyinə məktub ünvanlanmışdır. Təhsil Nazirliyindən daxil olmuş 29.09.2020-ci il tarixli, 05-09.713/13 saylı məktuba əsasən iddiaçının Zəngilan rayon 3 saylı tam orta məktəbə yerləşdirilməyinə müsbət cavab verilməmişdir. Həmçinin müəllimlərin işə qəbulu və yerdəyişməsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır, 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işcidə, digər nüsxəsi isə işə götürəndə saxlanılır. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə, tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən qüvvəyə minir. Həmin Məcəllənin 70-ci maddəsinə “a” bəndinə əsasən müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Müəyyən olunmuşdur ki, iddiaçı 2004-cü ildə X8 texnikumunu bitirdikdən sonra Zəngilan rayon 3 saylı tam orta məktəbində xarıci dil müəllimi kimi pedaqoji fəaliyyətinə başlamışdır. 15.09.2016-cı ildə Zəngilan rayon 3 saylı tam orta məktəbindən işdən azad olunaraq həmin tarixdən 39 saylı əmrlə Zəngilan rayon 31 saylı tam orta məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 06.08.2020ci il tarixli, A-360 saylı əmri ilə 2020-2021-ci il tədris ilinin əvvəlindən Zəngilan rayon 31 saylı tam orta məktəbi ləğv edilmiş və 11.09.2020-ci il tarixli, 195 saylı əmr ilə Zəngilan rayon 31 saylı tam orta məktəbin işçiləri ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən 14.09.2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarından göründüyü kimi Cavabdeh məktəbin ləğvi ilə bağlı işən azad olunmuş müəllimlərin başqa məktəbə yerləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmişdir. Ləğv olunmuş Zəngilan rayon 31 saylı tam orta məktəbin müəllimləri Zəngilan rayon 3 saylı tam orta məktəbdə ixtisası üzrə işlə təmin olunmuşlar, lakin Zəngilan rayon 3 saylı tam orta məktəbdə ingilis dili müəlliminin vakant yeri olmadığına görə iddiaçının iş yeri ilə təmin olunması mümkün olmamışdır. «Azərbaycan Respublikasının Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi» Qaydalarının 3.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi mərkəzləşdirilmiş müsabiqə yolu ilə proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh hərəkətləri qanunvericiliyin tələblərinə tam uyğun olduğundan iddiaçının iddiası əsasızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməsi ilə onların hüququnun pozulmasını əsaslandıran sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçının hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbində onların hüququnun pozulmasına dair heç bir sübut və əsas göstərilməmişdir. İş materiallarından görünür ki, iddiaçı Zəngilan rayon 31 saylı tam orta məktəbinin 11.09.2020-ci il tarixli 195 saylı əmrinin etibarsız hesab edilməsi ilə ləğv edilməsi, Cavabdeh tabeliyində olan 3 saylı tam orta məktəbinə əvvəlki vəzifəsinə bərpa olunması və 14.09.2020-ci il tarixdən etibarən məhrum olduğu əmək haqqının ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı iddiasını əsaslandıra bilməmişdir. Belə ki, iddiaçı tərəfindən qeyd edlən əmrin qanunsuz olduğuna dair heçbir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, həmin əmrin ləğv olunması üçün heç bir əsas yoxdur. Ona görə ki, qeyd edilən əmr qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbi əmrin ləğv edilməsinə dair hissədə təmin olunmadığına görə iddia digər hissələrdə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apelyant apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsə dəşikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Apelyasiya şikayətində cavabdeh tərəfindən torpağın qanunsuz olaraq zəbt edildiyi qeyd edilsə də iş materialları ilə təkzib olunur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti isə təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Zəngilan Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(034)-169/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar