Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1915/2024 26.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı mülki iş üzrə (Açar sözlər: ərizənin qəbulundan imtina, iddianın yolverilməzliyi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2024cü il tarixli, 2(060)-7786/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər X2 və Cavabdeh2 və cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları – xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X5 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanına olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(060)- 7786/2024 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul etməkdən imtina olunması qərara alınmışdır.
3. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(060)- 7786/2024 nömrəli qərardadının ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(060)- 7786/2024 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) şikayət təmin edilməsin, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7786/2024 saylı, 21 noyabr 2024-cü il tarixli qərardadından verdiyi şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
6. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İşə baxan məhkəmə belə nəticəyə gəlib ki, cavabdehlərin mənzilə istifadə hüquqları yoxdur. Ona görə də inzibati məhkəməyə müraciət olunmalıdır. Məhkəmənin mövqeyi ilə razı deyil. Belə ki, həmin şəxslərin mənzildə istifadə hüquqları olub və uzun müddətdir ki, yaşmadıqlarından və mənzili daimi olaraq tərk etdiklərindən onların istifadə hüquqlarının itirilməsi ilə bağlı o, Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, hazırkı tələblə və hazırkı məhkəməyə müraciət etməkdə haqlıdır. Ona görə də qərardad ləğv olunmalıdır. Məhkəmənin gəldiyi nəticə ilə qəti şəkildə razılaşmır. Məhkəmənin bu cür nəticəyə gəlməsi süründürməçilikdən başqa bir şey deyil. Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
8. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(060)-7786/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(060)- 7786/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir Madə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(060)- 7786/2024 nömrəli qərardadı ləğv edilməli, qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1 və 151.2-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İnzibati icraat haqqında” Qanuna “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə istinad etməklə onunla əsaslandırmışdır ki, iddiaçının inzibati orqana (Sumqayıt şəhər Polis İdarəsinə) müraciət etməklə istifadə hüququ olmayan şəxslərin qeydiyyatının ləğv olunmasını tələb etmək hüququ mövcuddur. İnzibati orqan tərəfindən iddiaçının bu tələbindən imtina olunduğu halda, inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq (Sumqayıt İnzibati Məhkəməsinə) hüququ izah edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq əvvəla qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi cavabdehlər X2 və Cavabdeh2 və cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları – xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X5 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanına olan istifadə hüquqlarının itirilmiş hesab edilməsidir. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən istifadə hüququ olmayan şəxslərin qeydiyyatından bəhs etmişdir. Halbuki onların istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi, eləcə də olduğu halda itirilmiş hesab edilməsi mülki məhkəmə icraatı qaydasında baxılan mübahisələrə aiddir. Belə olan halda, qeyd edilən əsasla iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməməsi iddiaçını məhkəmə müdafiəsindən istiadə hüququndan məhrum etmiş olar. Yuxarıda sadalananlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin qeyd olunan əsasla qəbul edilməsindən imtina edilməsi barədə mövqeyi işin faktiki halına uyğun olmadığı kimi, tərəfin qanunla müəyyən edilmiş məhkəmə müdafiəsi hüququnun da məhdudlaşdırılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məhkəmə qərardadını qəbul etməkdə haqlı olmamış, iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamamış, nəticədə əsaslı olmayan qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərardadı ləğv edilməli olsa da, apellyasiya instansiya məhkəməsi hazırkı halda iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul etməkdə haqlı deyildir. Belə ki, qeyd olunmalıdır ki, iddianın mümkünlüyü məsələsi yalnız mübahisələndirilən halla bağlı deyildir. İddianın icraata qəbul edilməsi üçün digər əsasların da mövcudluğu tələb olunur və bu hallar araşdırılaraq qiymət verilməlidir. Hazırkı halda birinci instansiya məkəməsinin mübahisələndirilən qərardadı ilə prosessual qanunvericilikdə nəzərədə tutulan digər əsaslara qiymət verilməsi görünmür. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilərək iddianın mümkünlüyü məsələsinə qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7786/2024 nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır.
11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(060)-7786/2024 nömrəli qərardadı ləğv olunsun. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.