Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1919/2023 23.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı “evdən çıxarma” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(067)-132/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 və azyaşlı övladları X4 əmlakları ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən çıxarılması babarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianıçı tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın 01 noyabr 2012-ci il tarixli ******* saylı Xaçmaz ravon Notariat Kontoru tərəfindən təsdiqlənmiş alqı-satqı müqaviləsini əsasən Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 53 mənzil 3-də yerləşən yaşayış evi ona satılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin ******* seriya ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 40.5 kv.metr olan Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 28.3 saylı mənzil onun tam mülkiyyətindədir. Cavabdehlər bir müddət əvvəl qonaq adı ilə gəlib evində qalaraq, qeyri qanuni məskunlaşmışdır. Hal-hazırda onlara evindən çıxmağı, evi boşaltmağı bildirsə də, cavabdehlər buna məhəl qoymurlar. Bu səbəbdən də əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında göstərmişdir ki, Daşınmaz Əmlakın 01 noyabr 2012-ci il tarixli ******* saylı Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən Xaçmaz şəhəri, Vağzal küçəsi ev 53, mənzil 3-də yerləşən yaşayış evi iddiaçıya satılmışdır. DƏDRX-nin 5 saylı Ərazi İdarəsininin xx.xx.2012-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 40.5 kv.metr olan Xaçmaz şəhəri, Vağzal küçəsi ev 53, mənzil 3-də yerləşən yaşayış evi iddiaçının tam mülkiyyətindədir. Cavabdehlər iddiaçının evinə bir müddət əvvəl qonaq kimi gəlib, qeyri-qanuni məskunlaşmışlar. Dəfələrlə cavabdehlərdən evdən çıxmağı, evi boşaldılmasını iddiaçı tələb etsə də, cavabdehlər buna məhəl qoymamışlar. Cavabdehlər Cavabdeh1 və onun övladı X4 iddiaçının mənzilində yaşama səbəbindən əmlakı üzərində mülkiyyətini tam reallaşdıra bilmir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2nın və X4 iddiaçının mülkiiyyətində olan evdən çıxarılmasını xahiş edirik. ARnın Mənzil Məcəlləsinin 30.1-ci maddəsində qeyd olunur ki, yaşayış sahəsi mülkiyyətçinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Beləliklə, cavabdehlər hal-hazırda qanuna zidd həmin evdə yaşamaqdadırlar. Həmçinin iddiaçı daha əvvəl o evdə yaşamışdır. Xahişi odur ki, Cavabdeh1, Cavabdeh2nın və X4 əmlakları ilə iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, Vağzal küçəsi ev 28, mənzil 3-də yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilsin. Birinci instansiya məhkəməsinin iclasında сavabdeh Cavabdeh1 (eyni zamanda X4 qanuni nümayəndəsi) iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o və ailəsi həmin evdə qeydiyyatdadırlar. Qaynanasından xahiş eləmişlər ki, evdə qeydiyyata düşürlərsə, sənədləri göstərsin. Qaynanası demişdir ki, onun vaxtı yoxdur və üstəlik ev sənədləşdirilməyib. Qarşı tərəf sənədlərlə onlara sübut etsin. O, heç bir şəkildə evdən çıxan deyil və evin də satılmağına icazə verən deyil. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iсlasında сavabdeh Cavabdeh2 izahatında göstərmişdir ki, iddianı qəbul etmir və iddianın rədd edilməsini xahiş edir. Xaçmaz Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(067)-132/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 əmlakları ilə İddiaçı məxsus olan Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 28, mənzil 3-də yerləşən yaşayış evindən çıxarılmaları qət edilmişdir (hakim Vüsalə Qasımova). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(067)-132/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, digər Cavabdeh2 Yurik oğlu ilə 2009-cu ildə ailə həyat qurmuşdur. Bir müddət kirayədə qaldıqdan sonra yoldaşının anası X1 təkidi ilə Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 28, mənzil 3-də yerləşən evə köçmüş və onun razılığı ilə həmin evdə qeydiyyata düşmüşdür. Həmin ev qaynanası X6 tərəfindən X3 ona olan borcunun qarşılığı kimi alınmışdır. Amma hansısa səbəbdən Məmmədova Yazbəhər evi öz adına deyil, qardaşı İddiaçı adına almışdır. Xaçmaz Rayon Məhkəməsində onların evdən çıxarılmaları üçün qardaşı-hazırki iş üzrə İddiaçı adı ilə bütün bu işləri təşkil edən Məmmədova Yazbəhərdir. İddiaçı öz iddia ərizəsində guya onun onlardan daha əvvəl həmin evdə yaşadığını qeyd etmiş və onların bir müddət əvvəl həmin evə qonaq gələrək orada qalmağa başladığını bildirmişdir. Əslində isə İddiaçı öz ailəsi ilə birlikdə Xaçmaz rayonunun Uzunoba kəndində daimi yaşayır və o heç vaxt Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 53 mənzil 3-də yerləşən yaşayış evində yaşamayıb. Onun orada yaşamadığını və onun, həyat yoldaşı Cavabdeh2 Yurik oğlunun və qızı X7 orada illərdir daimi yaşadığını həmin evin qonşuluğunda yaşayan qonşuları məhkəməyə gələrək öz izahatları ilə təsdiq edə bilərlər. Yuxarıda qeyd etdiklərinə və iddiaçının öz iddia ərizəsində cavabdehlərə qarşı irəli sürdüyü iddia həqiqəti əks etdirməməsinə və kifayət qədər sübut olmamasına baxmayaraq məhkəmə məsələni birtərəfli və ədalətsiz dəyərləndirərək qanunsuz qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin ******* seriya ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli çıxarışından müəyyən olunur ki, Xaçmaz şəhəri, Vağzal küçəsi ev 28, mənzil 3-də yerləşən yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, 5 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, İddiaçı Xaçmaz şəhəri, Vağzal küçəsi ev 28, mənzil 3də yerləşən yaşayış evini X2 2012-ci ildə 10.000 manata satın almışdır. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddia tələbi cavabdehlərin iddiaçının mənzilindən çıxarılması barədədir. Bu halda iddia tələbi Mülki Məcəllənin 152.5-ci və Mənzil Məcəlləsinin 30-cu maddələrinin tələbləri əsasında həll olunmalıdır. İddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyən edilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan mənzildən cavabdehlərin istifadə etməsinə yol verməmək ixtiyarı vardır. Lakin mülkiyyətçinin bu hüququ, mülkiyyətçi üçün qanunla və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə mümkündür. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qərarını onunla əsaslandırmışdır ki, məhkəmə Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə istinadla qeyd etmişdir ki, cavabdehlər iddiaçının ailə üzvü və digər qohumu olmadığından, onun mübahisəli yaşayış sahəsindən istifadə hüququ mövcud deyildir. Odur ki, cavabdehlər mübahisəli evdə heç bir hüquqi əsas olmadan yaşadığından iddia əsaslıdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı cavabdehlərin mübahisə predmeti olan yaşayış sahəsinə dair sahiblik və ya istifadə hüququnun olması halı müəyyən edilməmişdir. Məhkəmə Cavabdeh1 digər dəlili- 20000 manat pul kompensasiya verilməsi qarşılığında mənzildən çıxacağına qiymət verərək qeyd etmişdir ki, hazırda cavabdehin mübahisəli mənzilə hər hansı hüququ olmadığından onun kompensasiya tələb etmək hüququ da olmamışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş edərək şikayətini – İddiaçı öz ailəsi ilə birlikdə Xaçmaz rayonunun Uzunoba kəndində daimi yaşadığını və onun heç vaxt Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 53 mənzil 3-də yerləşən yaşayış evində yaşamadığını, onun və onun həyat yoldaşı Cavabdeh2 Yurik oğlunun və qızı X4 orada illərdir daimi yaşadığını, həmin evin qonşuluğunda yaşayan qonşularının məhkəməyə gələrək öz izahatları ilə təsdiq edə bilmələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci bəndinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə Kollegiyası Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə istinadla qeyd edir ki, cavabdehlər iddiaçının ailə üzvü və digər qohumu olmadığından, onun mübahisəli yaşayış sahəsindən istifadə hüququ mövcud deyildir. Odur ki, cavabdehlər mübahisəli evdə heç bir hüquqi əsas olmadan yaşadıqlarından iddia əsaslıdır. Eyni zamanda cavabdehlərin mübahisə predmeti olan yaşayış sahəsinə dair sahiblik və ya istifadə hüququnun olması halı müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 mənzildən istifadə hüququnun olmadığı barədə düzgün nəticəyə gəlmişdir. İşin halları onu deməyə əsas verir ki, iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehlərin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu fakt Mülki Məcəllənin 140-cı maddəsində müəyyən olunmuş hüquqi nəticəni törədir. Yəni bu qeydiyyat əsasında, mübahisəli mənzilin üzərində iddiaçının mülkiyyət hüququnun həqiqiliyi və tamamlığı prezumpsiyası tanınır. İddia tələbi iddiaçının mülkiyyətində olan evdən cavabdehlərin çıxarılması barədədir. cavabdehlər də iddiaçının mülkiyyətində olan evdən qanunsuz istifadə edirlər. İddiaçı cavabdehlərin mübahisəli mənzildə yaşamasına etiraz etdiyindən və iddiaçının tələbi ilə cavabdehlər mənzili boşaltmadıqlarından, bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə işin faktiki hallarına və yuxarıda sadalanan maddi hüquq normalarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(067)-132/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1919/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1919/2023
23.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver