Məhkəmə qərarları › İş №2(105)-1928/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1928/2022

23.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1928/2022 23.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(012)- 4690/2018 nömrəli qərardadından Cavabdeh şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli, 2(012)-4690/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 4 saylı evin 53 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir, Cavabdeh bu qətnamədən xx.xx.2022-ci il tarixində apellyasiya şikayəti vermiş, həmçinin şikayətə əlavə etdiyi ərizəsinə apellyasiya şikayətinin verilməsinə dair buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(012)-4690/2018 nömrəli qərardadı ilə Cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Bundan sonra sözügedən qərardaddan cavabdeh tərəfindən verilən şikayət Abşeron Rayon Məhkəməsinin iş üzrə 14 iyul 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün mülki iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən edilmiş müddəti keçirməklə şikayət verildiyindən, məhkəmə kollegiyası şikayətin mümkünlüyü məsələsini yazılı icraat qaydasında müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(012)- 4690/2018 nömrəli qərardadı Cavabdeh tərəfindən 01 iyul 2022-ci il tarixdə məhkəmə qəbzini şəxsən imza etməklə qəbul edilmişdir. Cavabdeh tərəfindən həmin qərardaddan verilən şikayət məhkəməyə 14 iyul 2022-ci il tarixdə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda qeyd edilən qərardaddan şikayət vermə müddətinin axımı məhz 01 iyul 2022-ci il tarixdən başlayaraq 10 gün müddətinə, yəni 11 iyul 2022-ci il tarixədək davam edir. Göründüyü kimi hazırkı halda iş materiallarından aydın olur ki, sözügedən qərardaddan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət Cavabdeh Həsən oğlu tərəfindən ötürülmüş və müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizə məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, həmin qərardaddan verilmiş şikayəti mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir, halbuki sadalanan hallardan görünür ki, cavabdeh qərardaddan şikayət verilməsi müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin verilməsi müddəti ilə bağlı məsələni müzakirə etməmiş, nəticədə müddət axımını nəzərdə tutan prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 361, 365, 366, 399, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(012)- 4690/2018 nömrəli qərardadından Cavabdeh şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar