Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-193/2024 25.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt Regional Vəkil Bürosuna qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4705/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt Regional Vəkil Bürosuna qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt Regional Vəkil Bürosuna qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt Regional Vəkil Bürosuna ərizə ilə müraciət edərək işə qəbul olunmuşdur. Lakin iddiaçıya işə qəbul olunduğu barədə nə əmr, nə də işə qəbul olunmasını təsdiq edən ikitərəfli imzalanmalı olan müqavilə təqdim olunmamışdır. Büroda bütün əmrlər və əmək müqavilələri büronun mühasibi tərəfindən hazırlanırdı. İddiaçı büroda hansı vəzifəyə qəbul olunmasından belə xəbərsiz olmuşdur. İddiaçı büronun mühasibindən dəfələrlə əmək müqaviləsini ona verilməsini və ya göstərilməsini xahiş etsə də, mühasib ona bunu yalnız büronun rəhbəri Nümayəndə göstərişi əsasında verə biləcəyini bildirmişdir. Mühasib iddiaçıya yalnız bunu bildirdi ki, o, büroya referent-xəzinədar vəzifəsinə qəbul edilmişdir. İddiaçı sonradan öyrənmişdir ki, emas.sosial.gov.az-a ancaq əmək müqaviləsinin (xxxxxxx000105) nömrəsi daxil edilmişdir. İddiaçı bildirir ki, iki ilə yaxın müddətdə büronun müdiri Nümayəndə və kollektiv arasında münasibətləri normal olmuşdur. Cari ilin mart ayının əvvəllərindən isə nədənsə büronun müdiri Nümayəndə iddiaçıya onun həyat yoldaşına büroda olanlar barədə guya məlumatlar verdiyini iddia etmişdir. İddiaçı Nümayəndə bütün bu iradların, ona verilən xəbərlərin əsassız olduğunu bildirsə də, büro rəhbəri iddiaçıya artıq bir yerdə işləyə bilməyəcəklərini bildirmişdir. Bütün bu əsassız dediqodular, şaiyələr axırda iddiaçı ilə büro rəhbəri arasında münaqişəyə səbəb olmuşdur. Bundan sonra, iddiaçı ilə Sumqayıt Regional Vəkil Bürosu arasında olan xx.xx.2023-cü il tarixində xxxxxxx000105 saylı əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Çox maraqlıdır ki, büro rəhbəri Nümayəndə xx.xx.2023cü il tarixli xxxxxxx000200 saylı əmək müqaviləsinə əsasən İddiaçı işə qəbul etmiş və həmin gün də işdən azad edərək müqaviləyə xitam vermişdir. xx.xx.2023-cü il tarixində yenidən büro rəhbəri Nümayəndə iddiaçını yenidən dörd gün müddətində işə qəbul edir və xx.xx.2023- cü il tarixində xxxxxxx000300 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsaslanaraq xitam verir. Büro rəhbəri heç bir əsas olmadan iddiaçını müvafiq maddə ilə işdən azad etməklə iddiaçını himayəsində azyaşlı övladı olan gənc bir qadının işləməsi üçün ömürlük qarşısına əsassız bir sədd çəkmişdir. İddiaçı xx.xx.2022-ci il təvəllüdlü bir qızı vardır. Belə ki, qanunverici güzəştli normanı müəyyən edərkən ana və uşaqların sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatların gücləndirilməsi, eləcə də, bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış edib. Çox maraqlıdır ki, iddiaçının iki ilə yaxın bir müddətdə çalışdığı büroda əgər ciddi bir nöqsanı vardısa nəyə görə ona bu barədə irad tutulmamış və ya töhmət verilməmişdir. Büro rəhbərliyi indiyə qədər büroda olan hər hansı bir çatışmazlıqlardan indiyə qədər niyə xəbər tutmamışdır. Bütün bu anlaşılmazlıqlardan sonra iddiaçı əmas.sosial.gov.az-a daxil olaraq öyrənmişdir ki, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Nümayəndə Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozaraq İddiaçı xəbəri olmadan işlədiyi dövrdə (xx.xx.2021-xx.xx.2023) dəfələrlə işdən azad edib və yenidən işə qəbul edib. Bütün bu hallardan yəni verilən bütün bu əmrlərdən və saxta bağlanan və xitam verilən əmək müqavilələri barədə iddiaçının heç bir məlumatı olmamış və onun tərəfindən imzalanmamışdır. Müqavilələr bunlardır: 1. xx.xx.2021-ci il tarixli, xxxxxxx000105; 2. xx.xx.2021-ci il tarixli, xxxxxxx000101; 3. xx.xx.2021-ci il tarixli,xxxxxxx000100; 4. xx.xx.2022-ci il tarixli,xxxxxxx000102; 5. xx.xx.2022-ci il tarixli,6BAYVXS000103; 6. xx.xx.2023-cü il tarixli,6BAYVXS000104; 7. xx.xx.2023-cü il tarixli,6BAYVXS000200;8.xx.xx.2023-cü il tarixli, xxxxxxx000300. “Əmrin ləğv edilməsi haqqında” iddia tələbinin verilməsi müddəti ötürülməmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 7 saylı əmrlə işdən azad olunmuşdur. xx.xx.2023-cü il Sumqayıt Şəhər Məhkəməsi aidiyyat məsələsi ilə əlaqədar olaraq iddianı geri qaytarmışdır. (Cavabdeh qismində Nümayəndə qoyulmuşdur) Sonra iddiaçı Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi tərəflərin mediasiya prosesi ilə bağlı iştirakı olmadığından mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya prosessində iştirak etsə də, cavabdeh həmin prosesə gəlməmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Nümayəndə tərəfindən imzalanmış xxxxxxx000300 saylı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 07 №-li əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4705/2023 nömrəli 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ona görə əsassızdır ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmamasını iddiaçının iddia müddətinin ötürülməsini əsas göstərmişdir. Maraqlıdır ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2023-cü il tarixli əmrə əsasən işdən azad olmasını və bundan sonra xx.xx.2023-cü il tarixdə hazırkı tələblə (cavabdeh Nümayəndə qarşı) Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi (aidiyyətə görə) geri qaytarılmış, sonradan iddiaçının həmin tələblə, həmin cavabdehə qarşı Qubadlı Rayon Məhkəməsinə müraciət etmiş, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmış, baxılmamış saxlanılmanın səbəbi isə tərəflərin mediasiyaya müraciət etməməsi olmuşdur. Bundan sonra iddiaçı tərəfindən mülki iş Qubadlı Rayon Məhkəməsinin icraatında olarkən xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya prosesi barədə təklif daxil olmuş, xx.xx.2022- ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuş və iddiaçı iddia ərizəsi ilə cavabdeh Sumqayıt Regional Vəkil Bürosuna qarşı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı iddia tələbi ilə vaxtında məhkəməyə müraciət etmiş, yəni hərəkətsizlik göstərməmişdir. Sadəcə savadsızlığı ucbatından iddianı Sumqayıt Regional Vəkil Bürosuna qarşı deyil onun hal-hazırkı müdiri Nümayəndə qarşı qaldırmışdır. Odur ki, yuxarıda qeyd edilən faktiki hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. Cavabdeh-işəgötürən Sumqayıt Regional Vəkil Bürosu göstərilən hallara münasibətdə iddiaçının çalışdığı büroda ciddi bir nöqsanı vardısa ona irad tutulması və ya töhmət verilməsi barədə ilkin olaraq heç bir tədbir görməməsi də diqqətçəkən məqamlardandır. Həmçinin birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi məsələsinə münasibətdə isə onu qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 382.1-ci maddəsində göstərildiyi kimi iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və s.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Burada iddiaçının gənc olması, yenicə universitet bitirməsi və ən əsası himayəsində azyaşlı övladının olması, həyat yoldaşının işsiz olması və bütün bu məsələləin ailənin sosial durumunun iddiaçının özünün iş tapmasında yaranan çətinliklər məhkəmə tərəfindən nəzərə alınmamış və iddiaçıya münasibətdə humanizm prisipləri pozulmuşdur. Prosessual hüquq normaları pozulmuş, bu isə cavabdeh şəxsin hüquqlarını pozan qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddia müddətini ötürməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, bu nəticəni mübahisələndirmişdir. İddiaçının 01 aprel 2021-ci il tarixdə Sumqayıt Regioanl Vəkil Bürosunda “referent xəzinədar” vəzifəsində çalışması və işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi əmrin ləğv edilməsi barədədir. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. Əmək Məcəlləsinin 300-cü maddəsinin dispozisiya şərtlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir. Lakin hazırkı işdə işəgötürən tərəfindən qeyd olunan halların pozulması ilə müqaviləni ləğv etməsi müəyyən edilmir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 72-ci maddəsinin «a» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli əmrlə işdən azad olunmuş, xx.xx.2023-cü il tarixdə hazırki tələblə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Daha sonra iddiaçı həmin tələblə Qubadlı Rayon Məhkəməsinə müraciət etmiş, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılması qərara alınmış, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya prosesi barədə təklif daxil olub, xx.xx.2022ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuş, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddia müddətinin axımının kəsilməsinin əsasları Mülki Məcəllənin 380.1. maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Müəyyənləşdirilmiş qaydada iddia iddia müddəti ərzində irəli sürülməlidir ki, iddia müddətinin axımı kəsilməsin. Göstərilən əsas üzrə iddia müddətinin axımının kəsilməsi üçün iddia qanunla müəyyənləşdirilmiş qaydada irəli sürülməlidir. İddianın müəyyənləşdirilmiş qaydada irəli sürülməsi qaydaları Mülki Prosessual Məcəllənin Xİİ fəslində cəmləşdirilmiş maddələrində müəyyən edilmişdir. İddia irəli sürülməsi dedikdə, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi başa düşülür. “Qanunla müəyyən edilmiş qaydada iddia qaldırması” o deməkdir ki, iddiaçı iddia qaldırması ilə bağlı qanunvericilikdə qoyulmuş qaydalara–aidiyyət və məhkəmə aidiyyəti qaydalarına, iddianın verilməsi şərtlərinə (o sıradan iddia ərizəsinin forması və məzmununa, dövlət rüsumunun ödənilməsi), prosessual qanunvericilikdə nəzərdə tutulan başqa tələblərə əməl etməlidir. Şübhəsizdir ki, belə iddia iddia müddəti ərzində irəli sürülməlidir ki, iddia müddətinin axımı kəsilsin. Qeyd olunan normalara əməl etmədən irəli sürülmüş iddia müəyyənləşdirilmiş qaydada irəli sürülmədiyindən, iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia müddətinin axımı davam edir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yuxarıda qeyd edilən dəlili iddia müddətinin axımının kəsilməsi üçün əsas ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Əmək Məcəlləsinin 296-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). İşdən göründüyü kimi iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-193/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-193/2024
25.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver