Məhkəmə qərarları › İş №2(105)-1932/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1932/2022

31.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1932/2022 31.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X11 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı cavabdehin və onun ailə üzvlərinin mülkiyyətində olan mənzilindən çıxarılmaları və qanunsuz sənədlərin etibarsız hesab edilməsi, müstəqil tələb irəli sürən X4 pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinə) qarşı cavabdehin və onun ailə üzvlərinin mülkiyyətində olan mənzilindən çıxarılmaları və qanunsuz sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, 3 №-li yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzildən çıxarılması, "xxxx" MTK ilə X8 arasında Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və onun adına olan xx.xx.2016-cı il tarixli maliyyə arayışı etibarsız hesab edilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs X4 pul tələbinə dair iddiası qismən təmin edilməsi, Abşeron rayonu, Masazır qəsəbəsi, "xxxx" MTK-da yerləşən 3 nömrəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzilə çəkilmiş təmir xərclərə görə 14.994,6 manat məbləğində pul İddiaçı alınaraq X6 verilməsi, pulun verilməsi ilə mənzilin boşaldılması eyni anda icra edilməsi, İddiaçı 75 manat, X1 75 manat ekspertiza xərcinə görə pul tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı cavabdehin və onun ailə üzvlərinin mülkiyyətində olan mənzildən çıxarılmaları dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh və eləcə də onunla birlikdə yaşayan ailə üzvlərinin (arvadı və övladlarının) onun mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, 3 №-li yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 noyabr 2016-cı il tarixli № 03/0052 saylı “Çoxmənzilli yaşayış binasının tikintisi” haqqında fərdi müqaviləyə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsi, 3 №-li yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzil onun mülkiyyətindədir. Həmin mənzilin ümumi dəyəri "xxxx" MTK tərəfindən verilən 27 noyabr 2016-cı il tarixli maliyyə arayışına əsasən tərəfindən tamamilə ödənilmişdir. 2020-ci ildə həmin mənzildə yeni ailə quran tanışı Cavabdeh müvəqqəti yaşamağa icazə vermişdir. Bu razılığı o, Azərbaycanda uzun müddət olmayacağı və mənzilin boş qalmaması səbəbi ilə vermişdir. Lakin, sonradan onun qızı ailə qurub ərə getdikdən sonra və onun ərinin işi ilə əlaqədar Baki şəhərində onların yaşamaq zərurəti yarandıqda, Cavabdeh mənzilin boşaldılmasını tələb etmişdir. Buna baxmayaraq, cavabdeh onun bu tələbinə məhəl qoymamış və bu günə kimi onun mülkiyyətində olan mənzili boşaltmamışdır. Bunun nəticəsində o, mülkiyyətində olan mənzilindən istifadə edə bilmir. Dövlət orqanlarına və "xxxx" MTK-nin rəhbərliyinə etdiyi müraciətlər bir nəticə verməmişdir. Sonradan ilkin iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək bildirmişdir ki, mübahisəli mənzili 27 noyabr 2016-cı il tarixli maliyyə arayışına əsasən onun tərəfindən mənzilin tam dəyəri "xxxx" MTK-ya ödənilmişdir. Həmin mənzildə cavabdehin müvəqqəti yaşamasına icazə vermişdir. Belə ki, sonradan cavabdeh onun Azərbaycan Respublikasında olmadığından sui-istifadə edərək mülkiyyətində olan mənzili ələ keçirmək niyyəti ilə "xxxx" MTK-ya müraciət etmişdir. Onda olan məlumata görə "xxxx" MTK-da səlahiyyəti olmayan şəxs tərəfindən imza atılaraq mülkiyyətində olan mənzil saxta sənədlər əsasında cavabdehə satılmışdır. Mülkiyyətində olan mənzilin İİİ şəxs qismində məhkəməyə cəlb edilmiş X8 tərəfindən hər hansı bir təmir işlərinin görülməsi və eyni zamanda mənzilə ev əşyalarının alınması ilə əlaqədar əvvəlcədən razılaşdırılmış nə şifahi, nə də rəsmi müqavilələri yoxdur. B.Ş.İsayeva özünə məxsus olmayan mənzilə hər hansı bir xərc çəkməsi qanunsuzdur. Odur ki, iddianın təmin edilməsi, üçüncü şəxs X4 qarşılıqlı iddiasının rədd edilməsi, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən cavabdehin adına rəsmiləşdirilmiş qanunsuz sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən X8 pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsi, "xxxx" MTK-da yerləşən 3 nömrəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzilə çəkilmiş təmir xərclərinin - 47574 (qırx yeddi min beş yüz yetmiş dörd) manat pul vəsaitinin, habelə evin əşyalarla təchizatına xərclənmiş 22.300 (iyirmi iki min üç yüz) manat pul vəsaitinin, ümumilikdə 69,874 (altmış doqquz min səkkiz yüz yetmiş dörd) manat vəsaitin yarısının- 34 937 manatın İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, işə mahiyyəti üzrə baxılarkən o, hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Abşeron rayonu, Masazır qəsəbəsi, 3 nömrəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzildə onun oğlu Cavabdeh Talib oğlu ailəsi ilə birlikdə uzun müddətdir ki yaşamaqdadır. İddiaçı hazırda çıxarılmalarını tələb etməsi əsassızdır. Belə ki, mənzil onun vəsaiti hesabına alınmış və təmirinə xeyli vəsait xərclənmişdir. Habelə, mənzil avadanlıqlarla onun hesabına təchiz olunmuşdur. Buna görə də, mənzilin təmirinə və daxili təchizatına xərclənmiş pul vəsaiti İddiaçı alınaraq ona ödənilməlidir. Sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, 3 nömrəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzildə oğlu Cavabdeh Talib oğlu ailəsi ilə birlikdə uzun müddətdir ki yaşamaqdadır. İddiaçı hazırda çıxarılmalarını tələb etməsi əsassızdır. Belə ki, mənzil onun da vəsaiti hesabına alınmış və təmirinə xeyli vəsait xərclənmişdir. Məhkəmə araşdırması zamanı "xxxx" MTK-da yerləşən mübahisələndirilən mənzilə dair vəkil sorğusu verilmiş, sorğuya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda "xxxx" MTK tərəfindən inşa edilmiş bina 3, blok 2, mərtəbə 6da 3 otaqlı, 52 nömrəli mənzilin xx.xx.2018-ci il tarixdə təmirinə başlanılması və təmirin tam şəkildə başa çatdırılması bildirilmişdir. Qeyd olunması zəruridir ki, o, İddiaçı ilə 2017-ci ildə rəsmi qaydada nikaha daxil olmuşlar və mənzil də birgə nikah dövründə təmir olunaraq əşyalarla təchiz olunmuşdur. Odur ki, Abşeron rayonu, Masazır qəsəbəsi, "xxxx" MTK-da yerləşən 3 nömrəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzilə çəkilmiş təmir xərclərinin - 47574 (qırx yeddi min beş yüz yetmiş dörd) manat pul vəsaitinin, habelə evin əşyalarla təchizatına xərclənmiş 22300 (iyirmi iki min üç yüz) manat pul vəsaitinin, ümumilikdə 69,874 (altmış doqquz mın səkkiz yüz yetmiş, dörd) manat vəsaitin yarısının 34,937 (otuz dörd min doqquz yüz otuz yeddi manatın İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, B.İsayeva 27 noyabr 2016cı il tarixli saxta maliyyə arayışını təqdim edərək, mənzilin mülkiyyətçisi oldugunu bildirmişdir. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına istinad etmişdir. Məhkəmə təmirin başa çatdırılma faktını tam araşdırmadan xüsusi önəm verilmişdir və bu öz növbəsində məhkəmənin düzgün olmayan nəticəyə gəlməyə səbəb olmuşdur. Mübahisə predmeti olan mənzil onun tərəfindən B.İsayeva ilə nikaha daxil olmamışdan əvvəl alınıb və təmir edilmişdir. Bu məsələyə məhkəmə obyektiv qiymət verməmişdir. B.İsayeva mənzildən təmir işlərinin İddiaçıla rəsmi nikahda olduqları dövründə olmasına dair heç bir sübut gətirməmişdir. Məhkəmə tərəfindən onun tərəfindən verilmiş şifahi vəsatətlər təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2(012)-251/2022 saylı iddia tələbinin qismən edilməsinə dair qanunsuz, ədalətsiz qətnaməsinin ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs B.Ş.İsayevanın pul tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi və onun iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh, müstəqil tələb irəli surən B.Ş.İsayeva və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, nümayəndənin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin, müstəqil tələb irəli sürməyənin iddia tələbini təmin edərək, mübahisəli mənzilin iddiaçıya məxsus olmasına, cavabdeh tərəfindən həmin mənzilin qanunsuz boşaldılmamasına və orada təmir işlərinin aparılmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli Çoxmənzilli yaşayış Tikinti haqqında fərdi müqavilənin surətindən görünür ki, "xxxx" MTK Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilin tikintisini öz öhdəsinə götürür. Mənzilin 1 kv.m-nin qiyməti 380 manat həcmindədir. Mənzilin ümumi dəyəri 114,6 kv.m-dir. Müqavilənin qiyməti 43320 manatdır. İşdə olan Payçılıq vəziyyəti barədə "xxxx" MTK-dan verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 3 nömrəli binada, 2-ci blokda, 6-cı mərtəbədə 3 otaqlı, sahəsi 114,6 kv.m olan 52 saylı mənzil almışdır. Sifarişli mənzilin ümumi dəyərini tamamilə ödəmişdir. Hazırda sifarişçinin MTK-ya mənzil üzrə borcu yoxdur. İşə əlavə olan "xxxx" MTK ilə X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli Çox mənzilli yaşayış Tikinti haqqında fərdi müqavilənin surətindən görünür ki, "xxxx" MTK Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilin tikintisini öz öhdəsinə götürür. Mənzilin 1 kv.m-nin qiyməti 380 manat həcmindədir. Mənzilin ümumi dəyəri 114,6 kv.m-dir. Müqavilənin qiyməti 43320 manatdır. İş materiallarında olan Payçılıq vəziyyəti barədə "xxxx" MTK-dan verilmiş xx.xx.2016cı il tarixli maliyyə arayışından görünür ki, B.Ş.İsayeva Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 3 nömrəli binada, 2ci blokda, 6-cı mərtəbədə 3 otaqlı, sahəsi 114,6 kv.m olan 52 saylı mənzil almışdır. Sifarişli mənzilin ümumi dəyərini tamamilə ödəmişdir. Hazırda sifarişçinin MTK-ya mənzil üzrə borcu yoxdur. İşə əlavə olan nikahın bağlanması barədə A-02506 saylı arayışdan görünür ki, İddiaçı ilə B.Ş.İsayeva 14 oktyabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, onların bu nikahı Rusiya Federasiyası X2 şəhər VVİ-də 1074 sayla qeydə alınmışdır. İşin materiallarında olan Nikahın ləğvi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə B.Ş.İsayeva arasında 14 oktyabr 2017-ci il tarixdə bağlanan rəsmi nikah X5 Şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli Qətnaməsinə əsasən xitam edilmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci ildə doğulmuş Cavabdeh anası X7r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən B.Ş.İsayeva tərəfindən qarşılıqlı iddianı qəbul etdikdə maddi hüquq normalarını pozmuşdur və həmin iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması; eyni zamanda mövcud olmasını vurgulamış və bu şərtlərə riayət olunmamışdır. Belə ki, mübahisə predmeti olan mənzil İddiaçı tərəfindən B.İsayeva ilə nikaha daxil olmamışdan əvvəl alınıb və təmir edilmişdir. Bu faktı təstiq edən kifayət qədər sübut məhkəməyə təqdim edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxsdən qarşılıqlı iddianı qəbul edərək və qismən təmin etməkdə haqlı olmamışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallardan müəyyən edilir ki, İddiaçı ilə müstəqil tələb irəli sürən 3-cü şəxs B.Ş.İsayeva 14 oktyabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, onlar arasında bu nikah X2 Şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli Qətnaməsinə əsasən xitam edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli Çoxmənzilli yaşayış Tikinti haqqında fərdi müqaviləyə əsasən "xxxx" MTK Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzili onun sahibliyinə vermiş, "xxxx" MTK-dan verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən mənzilin ümumi dəyəri tamamilə ödənilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, olan "xxxx" MTK ilə B.Ş.İsayeva arasında bağlanmış xx.xx.2016-cı il tarixli Çoxmənzilli yaşayış Tikinti haqqında fərdi müqaviləyə əsasən "xxxx" MTK Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzili onun sahibliyinə vermiş, "xxxx" MTK-dan verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən mənzilin ümumi dəyəri tamamilə ödənilmişdir. İlkin iddiaçının və MTK-nın nümayəndəsinin izahatlarından göründüyü kimi əslində mübahisəli mənzilin sahibi İddiaçıdur. B.Ş.İsayeva ilə həmin mənzilə dair bağlanan müqavilələr görünüş üçün bağlanan, səhvən bağlanmış müqavilələrdir. Müəyyən edilmişdir ki, ilkin iddia üzrə Cavabdeh müstəqil tələb irəli sürən 3-cü şəxs B.Ş.İsayevanın oğludur, ilkin iddiaçının özünün razılığı ilə mübahisəli mənzil təmir olunandan sonra, təxminən 2019-cu ildən orada yaşamağa başlamışdır. Hazırda göründüyü kimi ilkin iddiaçı ilə cavabdehin anasının ailə münasibətləri pozulmuş, ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır, belə olan halda, cavabdehin uşaqlarına münasibətdə də iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə bildirir ki, Cavabdeh iddiaçının ailə üzvü hesab edilən şəxslər dairəsinə daxil olmadığından, mübahisəli mənzildən istifadə etməklə bağlı tərəflər arasında qanunla müəyyən edilmiş qaydada yazılı razılaşma olmadığından və hazırda iddiaçı cavabdehin mübahisəli mənzildə qalıb yaşamasını istəmədiyindən iddia mənzildən çıxarılma hissəsində qismən təmin edilməli, Cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır. Cavabdehin ailə üzvlərinin kimliyi müəyyən edilmədiyindən onlara münasibətdə iddia təmin edilməməlidir. Məhkəmə ilkin iddianın digər hissəsinə münasibətdə qeyd edir ki, ilkin iddiaçının və MTK-nın nümayəndəsinin izahatlarından göründüyü kimi əslində mübahisəli mənzilin sahibi İddiaçıdur. B.Ş.İsayeva ilə həmin mənzilə dair bağlanan müqavilələr görünüş üçün bağlanan, səhvən bağlanmış müqavilələrdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi müqavilənin etibarsızlığı hissəsində təmin edilməsi, "xxxx" MTK ilə B.Ş.İsayeva arasında Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli və onun adına olan xx.xx.2016-cı il tarixli maliyyə arayışı etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin müstəqil tələb irəli sürən şəxsin qətnamənin qismən təmin edilməsi hissəsində faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 07 iyun 2022-ci il tarixli 2(012)-251/2022 nömrəli qətnaməsi müstəqil tələb irəli sürən şəxsin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilsin. Müstəqil tələb irəli sürən X4 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilməsin. X1 150 manat ekspertiza xərcinə görə pul tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar