Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1933/2023 15.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması ) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3607/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 3875.19 manat borc və ödənilmiş 59.15 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00665 olan Cavabdeh1 X1 etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 3875.19 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan borcu bu günə qədər ödəməyərək "xxxx" ASCyə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbinin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur.
3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin e2(012)-3607/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Habil Əhmədov).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" ASC X1yə görə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə abonent Cavabdeh2 qarşı tələb irəli sürməli olduğu halda, Cavabdeh1 qarşı tələb irəli sürmüş, cavabdehin abonentin vərəsəsi olub-olmamasına dair mötəbər sübutunu məhkəməyə təqdim etməmiş, başqa sözlə, iddia tələbini sübuta yetirə bilməmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəlləsinin 135.1,136.4, 139.1, Mülki Məcəllənin 1133.1, 1151.1, 1306.1, MPM-nin 54.1, 54.2, 119.1, 124.2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 1.2, 8.2, 8.4, 8.5, 8.14-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin e2(012)-3607/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Şikayətin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı cavabdeh "xxxx" ASC-yə dəvət olunmuş, borc barədə ona məlumat verilmişdir. Əslində isə məhkəmə qətnaməsi ilə özünün birtərəfli mövqeyini nümayiş etdirərək, təqdim edilmiş sübutları yox kimi hesab etmiş və daha sonrakı abzası ilə yuxarıda qeyd etdiyi fikri təkzib etmişdir. Əslində isə məhkəmənin “yox bildiyi” borc haqqında bildiriş xx.xx.2023-cü il tarixində Elektron Məhkəmə Sisteminin “digər sənədlər” qrafasına yüklənmişdir. Məhkəmə araşdırması zamanı xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş cavabdeh X4 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, "xxxx" ASCyə çağırılmış, borcu barədə ona məlumat verilmişdir. 1000 manata yaxın borcundan ödəniş etmiş, lakin sonradan maddi imkansızlıq səbəbindən ödənişlərini edə bilməmişdir. 4000 (dörd min) manata yaxın borcunun olması barədə məlumatı vardır. Cavabdehin izahatından göründüyü kimi o, iddiaçı "xxxx" ASC qarşısında borcu olduğunu, həmin borcdan hissə-hissə ödəniş etdiyini və hal-hazırda maddi imkanının normal olmadığı üçün borcunu ödəyə bilmədiyini etiraf etmişdir. Məhkəmə araşdırması zamanı X1yə görə debitor borcunun yaranması məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 tərəfindən inkar edilməsə də və qeyd olunan hal iddia tələbinin təmin olunmasına əsas olsa da məhkəmə iddiaçının cavabdehə qarşı tələb irəli sürməyə subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir. İlkin olaraq, elektrik enerjisinin istifadə olunduğu ünvan eynilik təşkil etsə də abonent kodunun Cavabdeh2 adına olması hazırki işin mübahisəsiz tərəfidir kimi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, "xxxx" ASC-nin elektron məlumat bazasında abonent kimi Cavabdeh2 adı qeyd edildiyinə görə, hətta "xxxx" ASC-nin Cavabdeh1 ilə elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlamağına baxmayaraq, ona (Cavabdeh1) qarşı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Lakin məhkəmə bu məqamda da Cavabdeh1 bağladığı müqavilə "xxxx" ASC qarşısında bütün öhdəlikləri və vəzifələri öz öhdəsinə götürdüyünü nəzərə almamışdır. Üstəlik cavabdehin öz borcunu etiraf etdiyi halda. İddiaçı "xxxx" ASC-nin debitor borcun tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ vardır və bu hüquq "xxxx" ASC-nin müstəsna hüququdur. Çünki elektrik enerjisinin satışı ilə məşğul olan "xxxx" ASC istehlak edilmiş elektrik enerjisinin dəyərini abonentdən – müqavilə bağladığı şəxsdən tələb etmək hüququna malikdir. Burada da Səhmdar Cəmiyyət qarşısında qanuni müqavilə bağlayaraq hüquq və vəzifələr daşıyan şəxs Cavabdeh1 olduğundan məhkəmə qarşısında həmin şəxs cavabdeh qismində qoyulmuşdur. Hansı ki, cavabdeh olaraq Cavabdeh1 "xxxx" ASC qarşısında borcunun olduğunu etiraf etmişdir. Bundan başqa xüsusilə qeyd edilir ki, hazırki işlə oxşar, yəni müqavilədə bir şəxsin, "xxxx" ASC-nin məlumat bazasında isə digər şəxsin ( və ya vəfat etmiş şəxsin) adı olmaqla "xxxx" ASC-nin iddiaçı olduğu şəhər və rayon məhkəmələrində, həmçinin Abşeron Rayon Məhkəməsində müxtəlif hakimlər (hətta hazırki şikayət edilən qətnaməni qəbul etmiş hakim Habil Əhmədovun icraatında olmuş) tərəfindən baxarılaraq "xxxx" ASC-nin debitor borc tələbi və ya “X1 Qaydaları”nın pozulması ilə bağlı iddiasının təmin edildiyi və hazırda qanuni qüvvəsini almış onlarla məhkəmə qətnaməsi vardır. Məhkəmə araşdırması zamanı abonent Cavabdeh2 vəfat etməsi və Cavabdeh1 həqiqətən Cavabdeh2 vərəsəsi olub-olmamasına dair zəruri sənədlər iddiaçı tərəfindən təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, cavabdehə aid olan sənədlərin iddiaçıdan istənilməsi doğru deyil. Məhkəmənin iddiaçıdan gözlədiyi, cavabdehə məxsus sənəd iddiaçıda ola bilməz. Halbuki, məhkəmə üçün qaranlıq qalan bu məsələyə - Cavabdeh2 vəfat etməsi barədə şəhadətnaməni, həmçinin cavabdehin Cavabdeh2 vərəsəsi olması barədə sənədi məhkəmə iclasında iştirak edən cavabdehin özündən tələb edərək aydınlıq gətirə bilərdi. Bununla bir daha məhkəmə öz qərəzli və birtərəfli mövqeyini açıq-aşkar sərgiləmişdir. İddiaçı olaraq "xxxx" ASC borcun olması barədə “abunə haqqında məlumat”ı (saldo), “abonentin hərəkət cədvəli”ni (maliyyə cədvəli), borc barədə “bildiriş”i Elektron Məhkəmə Sisteminə yükləyərək məhkəməni borc barədə kifayət qədər məlumatlandırmışdır. Təqdim edilmiş sənədlər məhkəmə tərəfindən cavabdehin borcunun olması faktının tanınması üçün kifayət edəcək qədər mötəbər sübut kimi tanınmalı idi. Lakin birinci instansiya məhkəməsi bu faktı da görməzdən gələrək iddiaçıya dəymiş ziyanın geri qaytarılmasının qarşısını qəbul etdiyi qətnaməsi ilə almağa çalışmışdır. Bundan başqa məhkəmə qəbul etdiyi qətnaməsi ilə debitor borcun geri qaytarılmasına maneə törədərək bu cür halların, yəni elektrik enerjisinin istehlakçısının istifadə etdiyi elektrik enerjisinin haqqını geri qaytarmamaqda geniş vüsət almasına dolayısı ilə şərait yaratmış olur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, abonentlərlə müqavilələr hər il yenilənir. Cavabdehin atası ölmüşdür. Ümumi 3875 manat borc olub, həmin borcdan 2304 manat cavabdehin atasının yaşadığı dövrdə, qalan 1571 manat isə atası öldüyü tarixdən sonrakı tarixədək yaranmış borcdur. Ümumi borcdan 1000 manat məbləği cavabdeh 2023-cü ilin may ayında ödəniş etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin e2(012)-3607/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. 11.. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. 12 Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425-ci maddəsinə müvafiq olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427-ci maddəsinə müvafiq olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
14. Azərbaycan Respublikası «Elektroenerqetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydalarının 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Həmin Qaydalarının 9.10-cu maddəsinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Həmin Qaydalarının 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödənilməlidir.
16. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını, şikayətin dəlillərini yoxlayaraq qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin e2(012)-3607/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
19. İş materiallarında olan "xxxx" ASC ilə abonent Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 566358 saylı elektrik enerjisinin alqı-satqısına dair müqavilənin surətindən görünür ki, tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “X1 Qaydaları”nı rəhbər tutmuşlar.
20. Abunə kodu **********00665 saylı saldodan görünür ki, abonent Cavabdeh2 barəsində yekun olaraq X1yə görə 3875.19 manat borc hesablanmışdır. 21.Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, M.Mirqasımov küçəsi 7 saylı evdə qeydiyyatdadır.
22. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" ASC X1yə görə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə abonent Cavabdeh2 qarşı tələb irəli sürməli olduğu halda, Cavabdeh1 qarşı tələb irəli sürmüş, cavabdehin abonentin vərəsəsi olub-olmamasına dair mötəbər sübutunu məhkəməyə təqdim etməmiş, başqa sözlə, iddia tələbini sübuta yetirə bilməmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməyərək qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Mirqasımov küçəsi 7 saylı evə elektrik enerjisinin verilməsi ilə əlaqədar "xxxx" ASC ilə abonent Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 566358 saylı elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmışdır.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçı "xxxx" ASC-nin X1yə görə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə abonent Cavabdeh2 qarşı tələb irəli sürməli olması barədə gəldiyi nəticəni qismən əsaslı hesab etsə də, həmin şəxsin öldüyü tarixdən sonrakı tarixlər üzrə yaranmış borcu tələb etməsinə cavabdehin abonentin vərəsəsi olub-olmamasına dair sübutun təqdim edilməməsi əsası ilə tam təmin etməməkdə haqlı olmamışdır.
25. Bununla bğalı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin atası öldüyü tarixdən sonra həmin evdə yaşaması, daha sonra iddiaçı təşkilatla aralarında elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması özü-özülüyündə onun atasının ölümündən sonrakı dövrlər üçün yaranmış borca görə cavabdehlik daşımasını təsdiq edir.
26. İş materialları ilə müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Mirqasımov küçəsi 7 saylı evə X1yə görə 3875.19 manat borc yaranmışdır.
27. İş materialları ilə müəyyən edilir ki, daha əvvəl abonent kimi cavabdehin atası Cavabdeh2 ilə müqavilə bağlanmış, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə ölmüş, həmin tarixdən sonra da qeyd edilən ünvanda Cavabdeh1 yaşamış, X1 etmişdir.
28. Eyni zamanda birinci instansiya məhkəməsinin iclasında iştirak edərkən Cavabdeh1 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, "xxxx" ASC-dən borcu barədə ona məlumat verilmişdir. 1000 manata yaxın borcundan ödəniş etmiş, lakin sonradan maddi imkansızlıq səbəbindən ödənişlərini edə bilməmişdir. 4000 manata yaxın borcunun olması barədə məlumatı vardır.
27. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeydiyyatda olduğu və yaşadığı fərdi yaşayış evində istfiadə edilmiş elektrik enerjisinə görə borcun yaranması işin mübahisə edilməyən halıdır.
29. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən borc məbləği ilk əvvəl Cavabdeh2 ilə bağlanmış müqavilə əsasında, daha sonra isə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə əsasında yaranmış, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə ölmüş, həmin tarixdən sonra da qeyd edilən ünvanda Cavabdeh1 yaşamış, X1 etmişdir. Cavabdeh1 ilə iddiaçı təşkilat arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmasına baxmayaraq onun atası Cavabdeh2 öldüyü tarixdən, xx.xx.2020-ci il tarixdən sonrakı dövrlər ərzində elektrik enerjisindən istfiadə edilməsinə görə yaranmış borcun ondan tələb edilməsi qanunvericiliyə uyğundur. Həmçinin cavabdeh iddiaçı təşkilata borcunun yarandığını, 1000 manat ödəniş etməsini bildirməklə borcunu etiraf etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi izahatında bildirdi ki, yaranmış ümumi 3875 manat borcun 2304 manat cavabdehin atasının sağ olduğu dövrdə, qalan 1571 manat isə atası öldüyü tarixdən sonrakı tarixədək yaranmış borcdur..
31. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh atasının öldüyü gündən sonrakı tarixlərdə yaranmış borca cavabdehlik daşıdığından xx.xx.2020-ci il tarixdən sonrakı dövr ərzində istifadə edilmiş elektrik enerjisinin dəyəri olaraq 1571 borcun ödənilməsi də onun tərəfindən aparılmalıdır.
32. Məhkəmə kollegiyası MPM-nin 119-cu maddəsinə istinadən qeyd edir ki, iddia tələbi qismən əsaslı olduğundan ödənilmiş tələbin təmin edilmiş hissəsinə uyğun olaraq 59,15 manat dövlət rüsumunun 9 manat hissəsə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
33. Beləliklə, məhkəmə kollegiyası iş üzrə iddiaçının apellyasiya şikayətində göstərilmiş dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olsa da, iddianın tam təmin edilməsi üçün əsas hesab edilə bilməz..
34. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3607/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1571 (min beş yüz yetmiş bir) manat borc və ödənilmiş 9 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin e2(012)-3607/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1571 (min beş yüz yetmiş bir) manat borc və ödənilmiş 9 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.