Məhkəmə qərarları › İş №2(105)-1936/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1936/2022

11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1936/2022 11.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 2(077)-383/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Şuşa Rayon Məhkəməsinin 2(077)-383/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 11000 manat məbləğində borc pul və 2000 manat maddi ziyan olmaqla, cəmi 13000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.(hakim C.Səfiyeva) Cavabdeh bu qətnamədən apellyasiya şikayəti verərək qətnamənin 2000 manat maddi ziyan hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİ N H A L L A R İ İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ilə məhkəməyə müraciət edərək,Cavabdeh 13000 (bir on üç min) manat pulun 11000 (bir on bir min) manatını və taksi xidmətindən istifadə etməyi ilə bağlı ona vurduğu 7000 (yeddi min) manat zərər olmaqla,ümumilikdə 18000 (bir on səkkiz min) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı birinci Qarabağ müharibəsi iştirakçısı və 2-ci qrup əlildir. Müharibənin doğurduğu fəsadlar nəticəsində səhhətində ciddi problemlər yaranmış və 16 aprel 2019-cu il tarixdə onurğa beynindən əməliyyat olunmuşdur. Xəstəliyə qədər təmir-tikinti işlərində işləmiş, lakin əməliyyatdan sonra iş qabiliyyətini itirmişdir. Cavabdeh Şuşalı kimi tanımış və sinif yoldaşı olmuşlar. Onun əməliyyatdan sonra vəziyyətini bilən Cavabdeh ona köməklik edə biləcəyini bildirmişdir. Belə ki, cavabdeh Bakı şəhərində yerləşən ‘28 Mail" ticarət mərkəzində obyektləri olduğunu bildirmiş və şərikli iş qurmağı təklif etmişdır. Digər sinif yoldaşları Loğman Əzimovdan 40000 manat, Xəyyam Əsədovdan 4000 euro və Pərviz adlı digər sinif yoldaşından 10000 ABŞ dolları alaraq iş qurmağını deməklə onu inandırmışdır. Cavabdehə pulu olmadığını bildirmiş, lakin cavabdeh ona avtomobilini satmağı təklif etmişdir. Cavabdehə inandığına görə 11 oktyabr 2019-cu il tarixdə avtomobilini satmış, satışdan əldə olunan 13000 manat məbləğində pulu “28 Mail” ticarət mərkəzinin yaxınlığında yerləşən “Böyükfırat” restoranında Cavabdeh vermişdir. Cavabdeh isə öz növbəsində hər ay ona 1000 manat məbləğində pul verəcəyini, bundan başqa ona verdiyi 13000 manatın hər ay verəcəyi 1000 manata aidiyyəti olmadığını və istədiyi vaxt 13000 manatı ona qaytaracağını vəd etmişdir. Cavabdeh 2019-cu ilin noyabr və dekabr aylarında 1000 manat olmaqla, ümumilikdə 2000 manat məbləğində pulu ona qaytarmışdır. Lakin həmin vaxtdan sonra müxtəlif bəhanələr gətirərək aylıq ödənişi ödəməmişdir. Buna görə də, iş qurmaqla bağlı planlarının yalan olduğunu başa düşdüyündən verdiyi pulun 11000 manatını geri istəmiş, lakin hazırkı vaxtadək cavabdeh müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışdır. Qeyd edilən pulu qaytarmadığına görə onun müalicələri yarımçıq qalmış və səhhəti daha da pisləşmişdir. Həmçinin cavabdehə pul vermək üçün avtomobili satdığından 22 aydır ki, müalicələrə getmək üçün taksi xidmətindən istifadə etmiş və ümumilikdə 7000 manat məbləğində xərc çəkmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəmə qətnaməsi ilə qismən razıdır. Həmin qətnamə maddi ziyana görə 2000 manat pulun tutulması hissəsində əsassızdır. Belə ki, iddiaçı ona maddi ziyanın vurulduğunu və ya cavabdeh tərəfindən vurulduğunu sübut etməmişdir. Belə olan halda məhkəmə həmin pulun ondan tutulmalı olmasını heç bir hüquqi əsaslandırma aparmadan təmin etmişdir. Hesab edir ki, bu hal onun hüququnun pozulmasına və əsassız yerə əlavə ödəniş etməsinə səbəb olur ki, buna qanun yol vermir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, pandemiya səbəbindən ödəmə qabiliyyətini itirmişdir, hazırda səhətində problem vardır, uşağı da xəstədir, 6-8 ay möhlət verilərsə qalan borcu ödəyər. Apellyasiya baxışı zamanı İddiaçı şikayətlə razılaşmadı, əlavə olaraq bildirdi ki, şikayət tam formal xarakter daşımaqla, qətnamənin icrasının gecikdirilməsinə xidmət edir. Bu səbəbdən şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi barədə çıxarışdan görünür ki, İddiaçı ikinci dərəcəli əlildir. Yenə işdə olan Azərbaycan Respublikası DİN-nin Nəsimi Rayon Polis İdarəsinin 22- Şöbəsinin xx.xx.2021-ci il tarixli, 086-41199-3221 saylı məktubu ilə X2 Cavabdeh ilə arasında yaranmış münasibətlərin məhkəmə aidiyyəti olması nəzərə alınaraq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, 016-133989-1221 saylı məktubundan görünür ki, İddiaçı adına xx.xx.2012-ci il tarixdə “Mercedes Benz E220CDİ” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2019-cu i alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanı dəyişdirilmədən X1 adına rəsmiləşdirilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbinin təmin edilməyən hissəsindən iddiaçı tərəfindən, iddianın təmin edilmiş 11 000 manat hissəsindən cavabdeh tərəfindən şikayət verilmədiyindən məhkəmə kollegiyası, AR MPM-in 372.6-cı maddəsinə əsasən həmin hissələrdə araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin 2(077)-383/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər orta məktəbdə sinif yoldaşı olmaqla əvvəldən tanışdırlar. İddiaçının müharibə əlili olduğu üçün səhhətində müxtəlif problemlər olduğunu bilən Cavabdeh ona köməklik edə biləcəyini bildirmişdir. Belə ki, cavabdeh ticarətlə məşğul olduğunu və bununla gəlir əldə etdiyini, iddiaçının da maddi vəsaiti hesabına gəlir əldə edə biləcəyinə onu inandırmışdır. Bundan sonra, cavbadehə müvafiq pulun verilməsi məqsədi ilə iddiaçı özünə məxsus avtomobili satmış, satışdan əldə olunan 13000 manat məbləğində pulu Cavabdeh vermişdir. Cavabdeh isə öz növbəsində hər ay ona 1000 manat məbləğində pul verəcəyini, bundan başqa ona verdiyi 13000 manatın hər ay verəcəyi 1000 manata aidiyyəti olmadığını və istədiyi vaxt 13000 manatı ona qaytaracağını vəd etmişdir. Cavabdeh 2019-cu ilin noyabr və dekabr aylarında 1000 manat olmaqla, ümumilikdə 2000 manat məbləğində pulu ona qaytarmışdır. Lakin həmin vaxtdan sonra müxtəlif bəhanələr gətirərək aylıq ödənişi ödəməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmiş, qətnamənin maddi ziyanin tutulması hissəsindən cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, daha öncə qeyd edildiyi kimi cavabdeh iddia tələbinin əsas dəlilləri ilə razılaşmış, qətnamədən yalnız maddi ziyanın əvəzinin təmin edilməsi hissəsində şikayət vermişdir. Başqa sözlə, hazırkı tələb üzrə cavabdehin düzgün müəyyən edilməsi, öhdəliyin tam yerinə yetirilməməsi işin artıq mübahisəsiz halıdır. Hazırda mübahisə yalnız iddia tələbinin maddi ziyan hissəsi ilə bağlıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından aydın olur ki, tərəflər arasında yazılı müqavilə olmamış, bağlanmış şifahi müqavilədə isə borcun qaytarılması ilə bağlı konkret müddət müəyyən edilməmişdir. Mülki Məcəllənin 427.2-ci maddəsinin tələblərinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Hazırkı halda cavabdehin apellyasiya şikayətinin yeganə dəlili qətnamə ilə müəyyən edilmiş 2000 min manat maddi ziyan hissəsi ilə bağlıdır ki, kollegiya həmin dəlili əsassız hesab edərək, qeyd edir ki, daha öncə də qeyd olunduğu kimi cavabdeh yuxarıda sadalanan hallar əsasında iddiaçıya 13000 min manat borclu olduğunu qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin 7000 min manat taksi xidməti ilə əlaqədar hissəsində iddianı qismən təmin edərək, cavabdehdən, həmin tələb üzrə 2000 min manat pulun tutularaq, iddiaçıya ödənilməsini təmin etmişdir ki, kollegiya bu mövqeylə razılaşır və qeyd edir ki, məlum olduğu kimi iddiaçı müharibə əlilidir, sağlamlığı ilə əlaqədar müntəzəm olaraq müailəcə alır və məhz hazırkı mübahisənin yaranmasına əsas səbəb belə onun maddi vəziyyətinin yaxşılacağı təqdirdə sağlamlığının bərpa olacağına ümid etməsidir ki, bunun nəticəsində o avtomobilini satmış və pulu cavabdehə vermişdir. Belə olan halda keçən müddət ərzində (xx.xx.2019-cu ildən- xx.xx.2021-ci ilədək, cavabdehə pulun verilməsi tarixindən, hazırkı tələblə məhkəməyə müraciət edildiyi vaxt) onun müalicə, habelə digər məqsədlər üçün taksi xidmətindən istifadə etməsi realdır və məhkəmənin həmin tələbə dair öz qətnaməsində müəyyən etdiyi 2000 manat məbləğ isə ağlabatan və ədalətli məbləğ olmaqla işin faktiki hallarina da uyğundur. Beləliklə apellyasiya kollegiyası sadalanan maddi hüquq normlarının məzmunundan çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə işin faktiki hallarına uyğundur. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini məhkəmə iclasında əsaslı şübhələrdən kənar sübutlarla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin 2(077)-383/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar