Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1937/2022 31.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 qarşı kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(060)-776/2020 saylı qətnaməsindən Maraqlı şəxs1 tərəfindən verilmiş şikayətin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı bank "xxxx" ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiasının qismən təmin edilməsi qət edilmişdir. Maraqlı şəxs1 qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. (Mülki Prosessual Məcəllənin 357.1. maddəsi) Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. (Mülki Prosessual Məcəllənin 357.2. maddəsi) Qanunun mənasına görə birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan işdə iştirak edən şəxslər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Göründüyü kimi qanunvericilik birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş aktlarından şikayət verə bilən şəxslərin dairəsi konkret olaraq müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. İşdən görünür ki, Maraqlı şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, məhkəmə isə onun ipoteka predmetinə tutmanın yönəldiyi Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 33-də yerləşən 42 nömrəli mənzildə qeydiyyatda olmasını əsas gətirərək, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs hesab edilməsi qənaətinə gəlmiş, şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Lakin apellyasiya şikayəti verən şəxsin mübahisəli mənzildə qeydiyyatda olması qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs hesab edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məhkəmə aktı ilə Maraqlı şəxs1 hüquqlarının pozulması ilə nəticələnməklə sonuncunun hüquq və vəzifələrinə dair hər hansı bir məsələni həll etməmişdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il qərarında göstərmişdir ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. Həmçinin həmin qərarda göstərmişdir ki, belə hüquqa malik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs1 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun olaraq verilməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmədən şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsi, şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsindən Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1937/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1937/2022
31.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver