Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1939/2023 23.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Əhmədov Elman Məmməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(028)-450/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: İddiaçı cavabdeh X17 ilə 11 fevral 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahından iki övladları - xx.xx.2010-cu il təvəllüdlü X18 və xx.xx.2012-ci il təvəllüdlü X9 anadan olmuşdur. Qubadlı Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(028)-447/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə X14 arasında 11 fevral 2010-cu ildə İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD nümayəndəliyində qeydə alınmış nikahın pozulması, xx.xx.2010-cu il tarixdə doğulmuş X18 və xx.xx.2012-ci il tarixdə doğulmuş X4 Cavabdeh yanında qalması, İddiaçı hər ay 100 manat sabit pul məbləğində alimentn xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2010-cu il tarixdə doğulmuş X18 və xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi qət edilmişdir. Mübahisəli evdə qaz, su, elektrik enerjisindən istifadəyə görə istehlakçı kimi cavabdehin adı göstərilmişdir. Abşeron RİHB-nin Masazır kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən iddiaçıya verilmiş 01 avqust 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən Abşeron rayon Masazır kəndində yaşayır. X3, X1 və X10 tərəfindən tərtib edilmiş və notarial qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi həqiqətən də 1952-ci il tarixdə anadan olmuş və 2013-cü il tarixdə vəfat etmiş X24 tərəfindən 2000-ci ildə 0,16 ha torpaq sahəsində inşa edilmişdir. Həmin fərdi yaşayış evində adları qeyd olunan X19, X23, X20 və X14 hal-hazırda yaşamağa davam edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Masazır kəndində yerləşən sənədsiz fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə aralarında olan söz-söhbət səbəbindən mübahisəli Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi evdə yaşamır. Cavabdeh onu evdən qovmuşdur və evə buraxmır. Hesab edir ki, qeyd edilən evdə onun da haqqı vardır. Çünki o, həmin evin inşası üçün böyük əziyyət çəkmişdir. Cavabdeh tərəfindən həmin evə buraxılmaması isə qanunsuzdur. Cavabdeh onun da zəhməti olduğu evdən onu uzaqlaşdırmaq və özü tək başına evə yiyələnmək istəyir. Mübahisəli ev nikah dövründə əldə olunsa da, sənədsiz olduğu üçün o, həmin evdən payını müəyyən edə bilməmiş, ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin vəkili və nümayəndəsi X5 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, tərəflərin xx.xx.2010-cu il təvəllüdlü Mahir Hacıyev və 21 08.2012-ci il təvəllüdlü Seymur Hacızadə adlı övladları olmuşdur. İddiaçı rəsmi ailə münasibətinə daxil olduqdan sonra cavabdehin atası Abbas Abbasov tərəflərə öz evində yaşamağa icazə vermişdir. Bir müddət normal ər-arvad münasibətlərində yaşasalar da, sonradan cavabdehin onkoloji xəstəliyə tutulması səbəbindən iddiaçı ilə münasibətləri pisləşməyə başlamışdır. İddiaçı həyat yoldaşına qayğı və diqqət göstərmək əvəzinə tez-tez dava-dalaş salmış və hətta fiziki zorakılıq da etmişdir. Ona görə də Qubadlı Rayon Məhkəməsinin 2(028)-447/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin rəsmi nikahları pozulmuşdur. Mübahisə predmeti olan yaşayış evi cavabdehin valideynləri X24 və X11 məxsus olmuş, 2000-ci ildə tikilmiş, həyətyanı torpaq sahəsi 16 sotdan ibarət olmuş, yaşayış sahəsinin bir giriş qapısı mövcud olmuşdur. İddiaçının tələbi hüquqa və ədalətə, eləcə də məhkəmə praktikasına tamamilə ziddir. Mübahisəyə tətbiq ediləcək normanın müəyyən edilməsi üçün faktın törədildiyi an nəzərə alınır və hüquqi tənzimləmə bu vəziyyətə əsasən həyata keçirilir. Mövcud mübahisəyə əsas hesab ediləcək fakt iddiaçının xx.xx.2010-cu il tarixdə cavabdeh ilə ailə münasibətlərinə daxil olması ilə yaranmışdır. İddiaçının mübahisəli evdən istifadə hüququnun mövcudluğunun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinin şərh edilməsinə dair" Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı hesab edir ki, mübahisənin predmeti olan yaşayış sahəsi və ev sənədsiz olduğundan tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3558/2021 nömrəli iş üzrə çıxardığı qərarının aşağıdakı bəndləri həmin məsələnin hansı normayla həll edilməsini daha düzgün olmasını göstərir: Belə ki, məzmunundan göründüyü kimi Mənzil Məcəlləsinin 68-69-cu maddələri dövlət və ya bələdiyyə mənzil fonduna aid mənzillərdə kirayəçinin, onun ailə üzvlərinin və digər şəxslərin istifadə hüququ əldə etməsini və bununla bağlı məsələləri tənzimlədiyi halda, həmin Məcəllənin 30-cu maddəsi xüsusi mülkiyyətdə olan mənzillərdə istifadə hüququnun əldə edilməsi və bununla bağlı məsələləri tənzimləyir. Nəzərə alınmalıdır ki, özbaşına fərdi yaşayış evlərinin inşa edilməsi dövlət orqanlarının və ya bələdiyyələrin deyil, ayrı-ayrı şəxslərin öz vəsaiti hesabına aparılır, eyni zamanda son nəticədə bu tikililərə Mülki Məcəllənin 180.3-cü maddəsində nəzərdə tutulmuş hallarda ona inşa etmiş şəxsin mülkiyyət hüququ tanına bilər. Göstərilənlərə əsasən mübahisə predmeti olan tikili qanunsuz tikili olduğundan və qanunvericilikdə qanunsuz tikiliyə istifadə hüququnu tanınmasını və həmin tikiliyə köçürülməni tənzimləyən normalar mövcud olmadığından hazırkı mübahisəyə qanunun analogiyası üzrə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Qubadlı Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(028)450/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Vladimir Ruvinov). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Məhkəməyə iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanması barədə hər hansı razılaşma təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 27.1 və 180-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat: İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aralarında olan rəsmi nikah Qubadlı Rayon Məhkəməsinin 2-(028)-447/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Cavabdehlə aralarında olan söz-söhbət səbəbindən həmin evdə yaşamır. Cavabdeh onu evdən qovmuşdur və Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə buraxmır. Bunun üçün məcbur olub Qubadlı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən sənədsiz fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş edir. Düşünür ki, qeyd edilən evdə onun da haqqı vardır. Çünki həmin evin inşası üçün böyük əziyyət çəkib. Cavabdeh tərəfindən həmin evə buraxılmaması qanunsuzdur. Sənədsiz olduğu üçün həmin evi yarıyarı böldürə bilmir. Ona görə də köçürülmə hüququnun təmin edilməsini və istifadə qaydalarının müəyyən edilməsini məhkəmədən xahiş edir. Çünki cavabdeh bildirir ki, ev onundur və yalnız o, yaşaya bilər. Cavabdeh onun da əziyyəti olan evdən onu uzaqlaşdırmaq və özü evə təkbaşına yiyələnmək istəyir. Mübahisəli ev nikah dövründə əldə olunsa da sənədsiz olduğu üçün 1/2 payını məhkəmə ilə müəyyən edə bilmir. Məcburdur ki, hazırki tələb ilə bağlı məhkəməyə müraciət edərək, övladları ilə birlikdə həmin evə köçürülərək istifadə qaydaları müəyyən edilməlidir. Ona görə ki, Abşeron rayonu, Masazır kəndində yerləşən sənədsiz fərdi yaşayış evi inşa edilən torpaq sahəsini onun qaynatası Sahibə pul müqabilində vermişdir. Belə ki, onların arasında şifahi razılaşmaya görə həmin torpaq sahəsini Sahibə verən zaman qaynatası və qaynı toydan sonra yığılan 6000 manat pula və qaynının evini tikmək üçün aralarında razılıq əldə olunmuşdur. Fotoşəkillərdə göstərilən 3 ev, birincisi qaynatasının, sonrakı ev qaynının və sonuncu ev isə ona məxsusdur. Belə ki, həmin evi 2012-2013-cü illərdə özü tikmiş və həmin ildən də ailəsi ilə evdə yaşamağa başlamışdır. Evin işıq, su və qaz xəttləri keçmiş həyat yoldaşı X7, telefon xətti və internet xx.xx.2020-ci il tarixdən onun adınadır. Vəsatətə əlavə etdiyi arayışdan görünür ki, telefon xətti və internet xx.xx.2020-ci il tarixdən onun adına çəkilmişdir. Qaz xətti ilə əlaqədar onu qeyd edir ki, Abonentin saldosundan görünür ki, həmin evə qaz xətti 2013-cü ilin avqust ayından ailə tərkibi 3 və qaçqın sayı 1 nəfərdən ibarət olan qaz xətti çəkilmişdir. Abonentin saldosundan görünür ki, qaz Abonentin saldosu X12 adınadır. Həmin Abonentin saldosunda ailə tərkibinin 7, qaçqın sayının isə 9 olduğu göstərilmişdir. Abonentin saldosu onun evindən əvvəl 2011-ci ildə qaynatasının tikdiyi evə aiddir. Yəni onu demək istəyir ki, qaynatasının evi onun evindən əvvəl tikilmişdir. Öz əziyyəti ilə tikdiyi mübahisəli evə dair sərf olunan materialların və digər avadanlıqların bəzilərinin qaimə fakturalarını məhkəməyə təqdim etmişdir. Cavabdeh və onun ailəsinin dedikləri həqiqət əks etdirmir. Onlar onun əziyyəti ilə tikdiyi evə tək başına yiyələnmək istəyirlər. Evi tikmək üçün anasının və yaxın qohumlarının adına banklardan kredit götürmüşdür. Ona görə də mübahisəli evə o, köçürülməli və evdən istifadə qaydaları müəyyən olunmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli 2(105)-336/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lalə Rəhimli). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab etmişdir ki, şikayətin dəlilləri iddiaçı tərəfindən sübuta yetirilməmişdir və dəlillərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri: İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi və ya iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mühahisəli ev tərəflərin birgə nikahda olduqları müddətdə tikilmiş və sonradan həmin evə köçüb xeyli müddət yaşamışlar. Apellyasiya instansiya məhkəməsi iddiaçının mübahisəli evi tikməsini və orada yaşamasını nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi qətnaməsini apellyasiya şikayətinin dəlillərinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinə istinad etsə də, həmin maddənin tələbinə düzgün hüquqi qiymət verməmiş və iddianı təmin etməmişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddəsinə istinad etsə də, mübahisəli evin özbaşına tikili olmasını və mülkiyyət hüququ üzrə dövlət reyestrindən qeydiyyatdan keçməməsini diqqətdən qaçırmışdır. Apellyasiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş və subutları kifayət qədər araşdırmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Bu barədə olan prosessual normaların tələblərini kobut surətdə pozmuşdur Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2023-cü il tarixli, 2(102)-2538/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)- 336/2023 nömrəli iş üzrə, 21 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim Əhməd Nurməmmədov, hakimlər Zəki Babayev və Abiddin Hüseynov). Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflərin izahatları və təqdim olunmuş fotşəkillərdən görünür ki, mübahisənin predmeti olan yaşayış evi hasara alınmış 0,16 ha torpaq sahəsində yerləşir, torpaq sahəsi zəbt olunmuş ərazidir, hüquq müəyyənedici sənədləri yoxdur, həmin sahədə daha iki ev vardır, hər üç yaşayış evi tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan inşa edilmişdir. Evlərin 0,16 ha həyətyanı torpaq sahəsinə bir giriş darvazası qoyulmuşdur. İddiaçı evlərdən ikisinin qayınlarına, bir evin isə keçmiş arvadı ilə ona məxsus olduğunu göstərməsini, Abşeron Rayon Məhkəməsində işə baxılan zaman dindirilən şahidlər X21, X6 və X2 bu faktı təsdiq etmələrini, yaşayış evinə elektrik, qaz, telefon və digər kommunakasiya xətlərinin çəkilməsinin tərəflərin rəsmi nikahından sonra olması və cavabdehin və iddiaçının adına rəsmiləşdirilməsini apellyasiya instansiyası məhkəməsi nəzərə almamış, həmin sübutlara qiymət verməmiş, bu sübutları qəbul etməməsini əsaslandırmamış, nəhayət cavabdehin özünün izahatında da iddiaçı ilə nikah bağlanarkən evin yarımçıq tikili olması və nikahdan sonra inşasının başa çatdırıldığını göstərməsini diqqətdən qaçırmışdır. Apellyasiya məhkəməsi qətnaməsində 0,16 ha həyətyanı torpaq sahəsində 3 ədəd yaşayış evinin olduğunu göstərsə də, əsassız olaraq həmin evlərin hamısının eyni yaşayış sahəsinə aid olduğunu, həyətyanı sahəyə qoyulmuş darvazanın isə həmin yaşayış sahəsinə giriş qapısı olduğunu qeyd etmiş, məhkəmənin özü tərəfindən müəyyən edilmiş işin hallarına (0,16 ha həyətyanı torpaq sahəsində 3 ayrı-ayrılıqda yaşayış evinin olması) zidd nəticəyə gəlmişdir. İddiaçının yaşayış evinin yerləşdiyi sahəyə baxış keçirilməsi haqda iddiaçının vəsatətinin birinci instansiya məhkəməsi tərəfindən təmin olunmaması ilə razılaşmış, bunun təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə almamışdır. İddiaçının mübahisəli yaşayış evinin inşasında pul vəsaiti qoyması və şəxsən tikinti aparması ilə iştirakı sübuta yetirildiyi halda belə, Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə görə iddiaçının keçmiş ailə üzvü kimi həmin evdə yaşayış sahəsinə köçürülməsinin istisna olunması barədə apellyasiya instansiyası məhkəməsi qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu məsələnin həlli zamanı da məhkəmə səhvə yol vermiş, nəzərə almamışdır ki, yaşayış evi özbaşına tikili olsa da, evin tikintisində iddiaçının iştirakı onun həmin əmlaka faktiki sahibliyinin əmələ gəlməsinə səbəb olur, özbaşına tikili olsa belə, cavabehlə bərabər səviyyədə həmin əmlaka sahiblik etmək hüququna malik olur. Özbaşına tikilidə yaşayan şəxs(lər)in eyni əsaslarla orada yaşayan digər şəxs(lər)i onun iradəsinə zidd olaraq yaşayış sahəsindən çıxarması və ya başqa qaydada yaşamasına mane olması Mülki Məcəllənin 164.1-cü maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq sayılır və həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən pozuntuya məruz qalan şəxs(lər)in pozucudan pozuntulara son qoymağı tələb etmək, pozuntuların davam edəcəyindən ehtiyat olunduqda isə onlara son qoyulması üçün məhkəmə iddia qaldırmaq hüququ tanınır. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat, Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 33-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.1 və 6.1.1-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin prinsipidir. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilərək iddiaçı cavabdehlə birgə yaşamış olduğu Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. İşə yenidən baxılarkən məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən olundu ki, tərəflərin izahatları və təqdim olunmuş fotşəkillərdən də göründüyü kimi mübahisə predmeti olan yaşayış evi hasara alınmış 0,16 torpaq sahəsində yerləşir, torpaq sahəsi zəbt olunmuş ərazidir, hüquq müəyyənedici sənədləri yoxdur, həmin sahədə daha iki ev vardır, hər üç yaşayış evi tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan inşa edilmişdir. Evlərin 0,16 ha həyətyanı torpaq sahəsinə bir giriş darvazası qoyulmuşdur. Həmin üç evdən ikisi iddiaçının qayınlarına, bir ev isə iddiaçı ilə keçmiş arvadı olan cavabdehə məxsus olmuş, qeyd edilən hallar birinci instansiya məhkəməsində işə baxılan zaman dindirilən şahidlər X21, X6 və X2 ifadələri ilə təsdiq edilmiş, yaşayış evinə elektrik, qaz, telefon və digər kommunikasiya xətlərinin çəkilməsi tərəflərin rəsmi nikahından sonra olmuşdur. Cavabdeh öz izahatında da iddiaçı ilə nikah bağlanarkən evin yarımçıq tikili olması və nikahdan sonra inşasının başa çatdırıldığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış evi özbaşına tikili olsa da, evin tikintisində iddiaçının iştirakı onun həmin əmlaka faktiki sahibliyinin əmələ gəlməsinə səbəb olur. Belə ki, mübahisəli ev özbaşına tikili olsa belə, iddiaçı cavabehlə bərabər səviyyədə həmin əmlaka sahiblik etmək hüququna malik olur. Özbaşına tikilidə yaşayan şəxs(lər)in eyni əsaslarla orada yaşayan digər şəxs(lər)i onun iradəsinə zidd olaraq yaşayış sahəsindən çıxarması və ya başqa qaydada yaşamasına mane olması Mülki Məcəllənin 164.1-cü maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq sayılır və həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən pozuntuya məruz qalan şəxs(lər)in pozucudan pozuntulara son qoymağı tələb etmək, pozuntuların davam edəcəyindən ehtiyat olunduqda isə onlara son qoyulması üçün məhkəmə iddia qaldırmaq hüququ tanınır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilərək iddiaçı cavabdehlə birgə yaşamış olduğu Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(028)-450/2022 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə yaşamış olduğu Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1939/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1939/2023
23.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver