Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-194/2021 30.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Əhmədiyyə oğlu və cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Əhmədiyyə oğlunun cavabdeh “xxxx” MMC-yə qarşı “mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olması səbəbindən ödənilmiş artıq pul məbləğinin qaytarılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-93/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-93/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx” MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində «xxxx» MMC tərəfindən inşa edilmiş 12 nömrəli binanın 3 otaqdan ibarət 60 saylı mənzilinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 6708 (altı min yeddi yüz səkkiz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın "xxxx” MMC-dən alınaraq İddiaçı verilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən ekspertizaya görə 100 (yüz) manat ekspertiza xərcinin "xxxx” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi SAP (XİİS) hesabı- X2, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE******************** qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx” MMC apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-718/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olması və buna görə ödənilmiş artıq pul məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx” MMC ilə onun arasında xx.xx.2011-ci ildə bağlanmış C-036 nömrəli müqavilə üzrə ona satılmış mənzilin sahəsinin düzgün göstərilməməsi və buna görə artıq ödədiyi 6880 manat pul məbləğinin və 30 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X3 izahatında apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, "xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli, C-036 saylı müqavilə əsasında Abşeron rayon, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilmiş 12 saylı yaşayış binasının, ümumi sahəsi 93 kv.m olan, 3 otaqlı 60 saylı mənzil vahid əmlak dəyərini təşkil edən 39990 manat ödənilmək şərti ilə satılmışdır. Tərəflər arasında münasibətlər xx xxxxxxx 2011-ci il tarixli, C-036 saylı müqavilə əsasında yaranmışdır. Həmin müqavilə qüvvədədir və ləğv edilməmişdir. Tərəflər arasında xx xxxxxx 2016-cı il tarixdə mənzilin təhvil veriulməsi və digər münasibətlərlə bağlı razılaşma protokolu imzalanmış, bunun əsasında mənzil alıcıya təhvil verilmişdir. Həmin razılaşma protokolunun ümumi müddəasında Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilmiş 12 saylı yaşayış binasının 3 otaqlı 60 saylı mənzilini eyvan, sanitar qobşağı, mətbəx, dəhliz, yığıncaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla 93 kv.m. ümumi sahəsini yoxlayıb təhvil alanın istifadəsinə verilir. Təşkilatın nümayəndəsi tərəfindən təkrar ekspertizanın keçirilməsi barədə vəsatət təqdim edilsə də, vəsatətə hüquqi münasibət bildirilməmişdir. Ekspert rəyinin tədqiqat prosesinin təsvirində tədqiqat obyekti olan 60 saylı mənzilin ayrı-ayrılıqda tikinti sahələrinin ölşüləri göstərilməklə kifayətlənmişdir. Halbuki Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının xx xxxxxx 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları'nın 3.8-ci bəndində göstərilmiş qaydada hesablanma aparılmamışdır. Həmin müddəaya görə, mənzillərin ümumi sahəsi-yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağ, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0,3;, şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) – 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Ekspert 7 saylı və 9 saylı tikilinin sahələrini 0.3 əmsalı ilə hesablayarkən həmin sahələrin nədən ibarət olmasını və sahənin eskiz layihəsini göstərməmişdir. Oxşar mübahisələr üzrə ekspert tədqiqat obyektinə dair müvafiq eskiz sxemi rəyə əlavə etməlidir. Həmçinin ekspert tərəfindən tikili sahələrinin kv.metr müəyyən etdiyi halda otaqların ölçülərini göstərməmişdir. "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.2-ci bəndinə görə yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Həmin Qaydaların 3 5-c bəndinə görə, dayaqlar üstündə yerləşmiş binanın altındakı sahə, həmçinin bınanın altındakı keçidlər tikinti sahəsinə daxil edilir. Vəsatətə əlavə edilmiş 10604 saylı Ekspert rəyində hazırki mübahisə predmeti ilə eynilik təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri. M.Hüseynzadə küçəsində AAAF-lnşaat MMC tərəfindən inşa edilmiş 12 saylı binanın 3 otaqdan ibarət, 20 saylı mənzilin ümumi sahəsim müəyyən edən ekspert 9 adda otaqların sahəsini, eyni zamanda tam aydın şəkildə açıqlamasını göstərmişdir. Hazırki ekspert rəyində isə arakəsmələri nəzərə alıb-almaması göstərilməmişdir. Həmin ekspert rəyi ilə razı deyil. Belə ki, hazırki işlə eynilik təşkil edən başqa işlərdə də məhkəmə qərarları əsasında ekspertiza təyin edilən zaman tikinti altı ümumi sahəsi müəyyən edilməsi göstərilmişdir. Yaşayış binaları üzrə satış zamanı ümumi sahənin hesablanmnası binanın çöl divarlarından başlanaraq aparılır. Bu barədə mənzil satışı zamanı alıcıya bildirilir. Ekspert tədqiqat zamanı mənzilin faktiki ölçülərinin eksizlayihə ilə müqayisəli tədqiqatını aparmamışdır. Bu da obyektivliyə şübhə yaradır. Keçirilmiş ekspertizanın rəyinə əsasən iddiaçının iddiası təkzib edilir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-718/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Əhmədiyyə oğlu apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, xx xxxxxxx 2011-ci ildə cavabdeh «xxxx» MMC ilə onun arasında mənzilin alqı-satqısına dair bağlanmış C-036 nömrəli müqaviləyə əsasən cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa etdiyi 12 nömrəli binanın 3 otaqdan ibarət, ümumi sahəsi 93 kv.metr göstərilən 60 saylı mənzilini 39990 manata, yəni mənzilin hər kv.metrini 430 manata almış və bu günədək "xxxx” MMCyə mənzilin müqavilə ilə şərtləndirilmiş dəyərini tam olaraq ödəmişdir. Lakin, mənzilin təmiri zamanı müəyyən etmişdir ki, mənzilin faktiki sahəsi 93 kv.metr yox, 77 kv.metr, yəni müqavilədə razılaşdırılmış sahədən 16 kv.metr azdır. Bununla əlaqədar "xxxx” MMC-yə müraciət etmişdir. "xxxx” MMC-də mənzilin sahəsinin təxminən 9 kv.metr az olduğunu təsdiqləyərək, bunu mənzilin sahəsi ölçülərkən divarların tutduğu sahənin nəzərə alınmaması ilə əlaqələndirmişlər. Cavabdehə dəfələrlə şifahi müraciət etsə də qeyd etdiyi problem həllini tapmamışdır. O, sözügedən evin proyektində heç bir dəyişiklik etməmişdir. Ona evə dair layihə verilməmişdir. Ev çöl hissədən ölçülsə belə mənzilin sahəsi müqavilədə qeyd olunduğundan kəskin fərqlənməməli idi. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan C-036 nömrəli, xx xxxxxxx 2011-ci il tarixli müqavilədən görünür ki, satıcı “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış, müqaviləyə əsasən “xxxx” MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa etdiyi 12 nömrəli binanın 3 otaqdan ibarət, ümumi sahəsi 93 kv.metr göstərilən 60 saylı mənzilini 39990 manata alıcı İddiaçı satmışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 15640 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının xx xxxxxx 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində «xxxx» MMC tərəfindən inşa edilmiş 12 nömrəli binanın 60 saylı mənzilininin ümumi sahəsi 77,4 kv.metr müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən iddiaçıya satılmış Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində «xxxx» MMC tərəfindən inşa edilmiş 12 nömrəli binanın 3 otaqdan ibarət 60 saylı mənzilinin ümumi sahəsi 93 kv.metr olduğu göstərilsə də AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 15640 saylı ekspert rəyinə əsasən sözügedən mənzilin ümumi sahəsinin 77,4 kv.metr olduğu müəyyən edilməsini, belə olduğu halda hər kv.metr sahənin 430 manat (39990 AZN ÷ 93 m2) təşkil etdiyini, iddiaçıdan artıq alınmış 6708 manat pul vəsaitinin (39990- (77,4 m2 × 430 AZN) ) “xxxx” MMC tərəfindən iddiaçıya geri qaytarılmalı olmasını müəyyən etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 646.1, 646.2, 568.1, 649, MPM-nin 119.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı geçikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 649-cu maddəsinə əsasən satılmış daşınmaz əşyanın uyğunsuzluğu müqaviləyə uyğun olmamasından savayı həmin əşyaya aid artıq mövcud olmayan hüquqların daşınmaz əmlakın dövlət reyestrində göstərildiyi halda da baş verir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, müqavilənin mənzilin sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsinin nədən ibarət olması, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı (mənzilə daxil olan bütün sahələrin: divaraltı, sanitar qovşaq, balkon, şaxta daxil olmaqla) formalaşmış işgüzar adətləri nəzərə alınmalıdır. Belə ki, mübahisəli mənzilin ölçülərinin tikinti altı ümumi sahəsinin nə qədər olması, mənzilin otaqlarının mövcud olçülərinin layihə-plan sxeminə uyğun gəlib-gəlməməsi, podrat müqaviləsi üzrə yaşayış sahəsinin tikintisi zamanı təhvil veriləcək sahə hesablanarkən mənzilə daxil olan bütün sahələr- divaraltı, sanitar qovşaq, balkon, şaxta daxil olmaqla- nəzərə alınıb-alınmamasının müəyyən edilıməsi üçün iş üzrə ekspertiza təyin etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, 10/2170 saylı ekspert rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa etdiyi 12 saylı binanın 3 otaqdan ibarət, ümumi sahəsi 93 kv.metr göstərilən 60 saylı mənzilin ölçülərinin tikinti altı ümumi sahəsi 92,9m2 (11,45x8,55) - 5,0) təşkil etdiyi müəyyən edilir. Göründüyü kimi, mübahisələndirilən mənzilin sahəsinin 92,9 m2 olması iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə təsdiq edilir. Bununla da iddiaçının iddia etdiyi kimi, mənzilin sahəsinin 77 kv.metr olması və müqavilədə göstəriləndən 16 kv.metr az olması ekspert rəyi ilə təkzib edilir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsassız olduğundan və ekspert rəyi ilə təkzib edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iddia tələbi təmin edilmədiyi üçün iş üzrə keçirilmiş ekspertizanın dəyəri iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-93/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-93/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Əhmədiyyə oğlunun cavabdeh “xxxx” MMC-yə qarşı “mənzilin sahəsinin alqısatqı müqaviləsində göstərildiyindən az olması səbəbindən ödənilmiş artıq pul məbləğinin qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri üçün 100 (yüz) manat pul İddiaçı Əhmədiyyə oğlundan tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba , köçürülsün. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-194/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-194/2021
30.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver