Məhkəmə qərarları › İş №2(105)-1940/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1940/2021

22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1940/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(027)-3793/2017 saylı qətnaməsindən maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.Pənahov) ərizənin təmin edilməsi, X2 məxsus olmaqla, ondan miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktının təsdiq edilməsi, həmin yaşayış evinə və torpaq sahəsinə faktiki ölçüləri üzrə Ərizəçi mülkiyyət hüquqlarının müəyyən olunması, həmin yaşayış evinə dair tərtib edilmiş texniki pasport və digər sənədlərdə Qulu kimi göstərilən adın X2 məxsus olması faktın müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, əri X2 məxsus olmaqla, ondan miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi üzrə mirası qəbul etməsi faktının müəyyən edilərək, həmin yaşayış evinə və həyətyanı torpaq sahəsinə vərəsəlik üzrə onun mülkiyyət hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi MPM-nin 53-cü maddəsinə əsasən tələbini artıraraq, əri X2 məxsus olmaqla, ondan miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi üzrə mirası qəbul etməsi faktının müəyyən edilərək, həmin yaşayış evinə və həyətyanı torpaq sahəsinə vərəsəlik üzrə onun mülkiyyət hüququnun müəyyən olunması, tərtib edilmiş texniki pasportun və digər sənədlərin X2 məxsus olması barədə hüquqi faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasporta əsasən əri X2 məxsus olmuşdur. Yaşayış evi köhnə və yaşayış üçün yararsız olduğundan, əri həmin evi sökərək yerində yeni yaşayış evi tikmişdir. Həmin yaşayış evinə dair ərinin adına 1987-ci ilin sentyabr ayında texniki pasport tərtib olunmuşdur. Yaşayış evinə dair bütün vergi və kommunal xərcləri əri ödəmişdir. Həzrətqulu Novruzov 28 noyabr 2016-cı il tarixdə ölmüşdür. Ərinin ölümündən sonra miras qalmış yaşayış evini və həyətyanı torpaq sahəsini faktiki olaraq idarə etməklə qəbul etmişdir. Qanunun tələblərini bilmədiyindən, qanunla müəyyən edilmiş müddətdə vərəsəlik şəhadətnaməsini almaq üçün notariat orqanına müraciət etməmişdir. Buna görə də, həmin əmlaka dair hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında fərdi yaşayış evinin miras qoyan X1 mülkiyyətində olmasına dair heç bir sənəd yoxdur və həmin daşınmaz əmlak üzərinə mülkiyyət hüququna malik deyildir. Birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, işə obyektiv, tam və hərtərəfli baxmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını, məruzəçini dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməli və ərizənin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini həmin faktın müəyyən olunmasının qanunla müəyyən edilmiş müddət ərzində miras əmlakdan pay tələbi barədə notariat orqanına müraciət etməsə də, həmin müddət ərzində miras əmlakı faktiki idarə etməyə başlamaqla mirası qəbul etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək nəticəni qanuniliyini və əsassızlığını mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, ərizəçi əri X2 məxsus olmaqla, ondan miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi üzrə mirası qəbul etməsi faktının müəyyən edilərək, həmin yaşayış evinə və həyətyanı torpaq sahəsinə vərəsəlik üzrə onun mülkiyyət hüququnun müəyyən olunması, tərtib edilmiş texniki pasportun və digər sənədlərin X2 məxsus olması barədə hüquqi faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayıbsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən edilə bilər (MPM-nin 307.1., 307.2.11. maddələri). Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi şərtləri ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyəti olan faktlar olması və ərizəçinin həmin hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tələb edilən faktın təsdiqi ilə bağlı təqdim edilmiş sübutlara prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; İstinad edilən prosessual hüquq normasından göründüyü kimi, işdə iştirak edən şəxslərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda, məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqin tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin mərhum əri Həzrətqulu Novruzov 2016cı il tarixdə vəfat etmiş və həmin vaxt iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsini arzuladığı yaşayış evi ərinin mülkiyyətində olmamışdır. Qanunvericiliyin tələbi baxımından əmlak miras kütləsinə o zaman daxil ola bilər ki, miras açılarkən həmin əmlak miras qoyanın mülkiyyətində olsun. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-nin 307.2.5. maddəsində şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir. Lakin birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin qeyd olunan tələbinə əhəmiyyət verməmiş, X1 X6 ilə eyni şəxs olması faktı müəyyən etməklə, prosessual qanunvericiliyin tələbini kobud şəkildə pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməli və ərizənin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1., 392, 393, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi mirasın qəbul edilməsi, yaşayış evinə və həyətyanı torpaq sahəsinə vərəsəlik üzrə mülkiyyət hüququnun tanınması, X3 ilə X4 eyni şəxs olması faktının müəyyən olunması barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar