Məhkəmə qərarları › İş №2(105)-1941/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1941/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1941/2023 26.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(029)-512/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 1200 manat məbləğində borcun tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1200 (bir min iki yüz) manat borc pulun və 32 (otuz iki) manat dövlət rüsumu xərcinin alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2021-ci ilin avqust ayının axırlarında Cavabdeh idarə etdiyi avtomaşını ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomaşını zədələnmişdir. Həmin ilin sentyabr ayında ondan avtomaşını təmir etmək üçün borc pul istəmişdir. Cavabdehə 1200 ( bir min iki yüz ) manat pul vermək üçün o, Əniğoba kəndində yaşayan qardaşı X1 600 (altı yüz) manat məbləğində pulu alaraq, özündə olan 600 (altı yüz) manat pulla birlikdə cəmi 1200 manat pulu Cavabdeh vermişdir. Cavabdeh qızı X6 əri olduğu üçün, ondan pulun verilməsi barədə hər hansı bir sənəd tərtib edilməmişdir. Verilmiş pul vəsaiti ilə Cavabdeh avtomaşını təmir etmiş, lakin borcu qaytarmaqdan yayınmışdır. Ondan 1200 manat borcu geri tələb etdiyi üçün ailəsində münaqişə başlamış, arvadı, yəni qızı X13 ilə evdə davadalaş salmış, onu boşayacağı ilə əvvəl hədələmiş, daha sonra isə 09 mart 2023-cü il tarixdə Mediasiya Şurasına nikahın pozulması barədə təklif göndərmiş, hazırda nikahın pozulması məqsədilə Qusar 1 saylı Mediasiya təşkilatında materiala baxılır. Cavabdeh 1200 manat məbləğində pulun borc verilməsi 14 mart 2023- cü il tarixdə tərtib edilmiş Aktla təsdiqlənir, Aktı imzalamış şahidlərin məhkəməyə çağırılmasını xahiş edir, şahidlərin məhkəməyə gəlməsinə təminat verir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, iddiaçıdan pulu borc kimi deyil, onun evində təmir işləri görməsi müqabilində zəhmət haqqı kimi almışdır. Belə ki, iddiaçının evinin suvaq və s. işlərini görmüş, buna görə də iddiaçı ona pul vermişdir. Onun yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə maddi zərər vurulsa da o, günəmuzd fəhlə işləməklə pulunu toplayıb avtomobilini təmir etmişdir. Həmçinin avtomobilin xərci iddiaçı göstərdiyi kimi deyil, cəmi 550 manat təşkil etmişdir. İddiaçı hazırkı iddianı onun qızından boşandığına görə qisas almaq məqsədilə ona qarşı irəli sürmüşdür. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, İddiaçı gəlinidir. Cavabdeh isə iddiaçının kürəkənidir. 2021-ci ilin avqust ayında Cavabdeh avtomobilini vurub əzdiyi üçün iddiaçıdan borc pul istəmiş, iddiaçı həmin şəxsə 1000 manat nağd qaydada, 200 manat isə pensiya kartından çıxarıb vermişdir. İddiaçı pulu evdə vermiş, həmin vaxt o, da evdə olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı onun bacısıdır. 2021-ci ilin avqust ayında bacısı Fəridə onun evinə gələrək ondan 600 manat pul istəmiş, o, da həmin pulu toplayıb Fəridəyə vermişdir. Həmin vaxt o, Fəridənin pulu ondan nəyə görə aldığını bilməmiş, 1 həftə sonra isə bacısının həmin pulu kürəkəni Vahidə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş avtomobilini bərpa etdirmək məqsədilə vermişdir. Qusar Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(029)-512/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 1200 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 32 manat məbləğində pul tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Anar Qasımov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(029)-512/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı olan qayınanası İddiaçı vermiş olduğu tarixsiz iddia ərizəsində qeyd etmişdir ki, o, 2021-ci ilin avqust ayının axırlarında idarə etdiyi avtomaşını ilə yol nəqliyyat hadisəsi törətdikdən sonra, yəni 2021-ci ilin sentyabr ayında, maşının təmiri məqsədilə ondan borc pul istəmişdir və o da öz növbəsində Qusar rayonunun Əniğoba kəndində yaşayan qardaşı X1 600 (altı yüz) manat məbləğində pul alaraq, özündə olan 600 (altı yüz) manat pulu da əlavə edib, cəmi 1200 manat məbləğində pulu ona borc vermişdir. İddiaçı, doğma qızı X7 həyat yoldaşı olmasını nəzərə alaraq, borc pulun verilməsi barədə hər hansı bir sənədi ondan tələb etmədiyini qeyd etmiş, guya ona verdiyi 1200 manat borc pul ilə avtomaşınını təmir etsə də, borc pulu ona qaytarmaqdan yayındığını iddia ərizəsində bir daha şərh etmişdir. Daha sonra borc verdiyi 1200 manatı tələb etdiyinə görə, cavabdeh şəxs kimi onun, iddiaçının qızı olan həyat yoldaşını, yəni X14 ilə münaqışə yaradaraq, sonuncunu boşayacağı barədə hədələdiyini, daha sonra 09 mart 2023-cü il tarixdə Mediasiya Şurasına nikahın pozulması barədə təklif göndərdiyini, hal-hazırda nikahın pozulması məqsədilə Qusar 1 saylı Mediasiya Təşkilatında müraciətinə baxıldığını, ona borc olaraq 1200 manat pulun verilməsi barədə 14 mart 2023-cü il tarixli aktla da təsdiqləndiyini, həmin aktı imzalamış şəxslərin məhkəməyə çağırılmasını xahiş etməklə, şahidlərin məhkəməyə gəlməsinə təminat verdiyini qeyd etmişdir. Lakin keçirilmiş məhkəmə iclasında o, qayınanası İddiaçı, idarə etdiyi avto nəqliyyat vasitəsinin təmiri ilə əlaəqdar borc olaraq pul almadığını, eləcə də iddiaçının yaşadığı mənzildə təmir işlərini həyata keçirərək zəhmət haqqı olaraq qayınanasından müəyyən məbləğdə pul aldığını şərh etmişdir. Belə ki, idarə etdiyi avtomaşının təmiri üçün, o, özü 550 (beş yüz əlli) manat məbləğində pul sərf etsə də, iddiaçının qızından boşanacağına görə ondan qisas almaq məqsədi ilə, məhz onun iddiaçıdan 1200 (min iki yüz) manat məbləğində borc pul alaraq qaytarmadığını irəli sürmüşdür. Bu məqsədlə də o, məhkəmə iclasında, iddiaçının ona qarşı irəli sürdüyü, həqiqətləri özündə əks etdirmədiyi iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra məhkəmə iclasında, iddiaçının gəlini olan və şahid qismində ifadəsi alınmış X10, qaynanası İddiaçı fərqli olaraq, onun 2021-ci ilin avqust ayında, idarə etdiyi avtomaşınının təmiri üçün Fəridədən borc olaraq pul istədiyini, iddiaçının, yəni qaynanası İddiaçı ona 1000 manat məbləğində nəğd pul verdiyini, 200 manat məbləğində pulun isə pensiya kartından çıxararaq onun yanında verdiyini göstərmişdir. Göründüyü kimi İddiaçı iddia ərizəsində qeyd etdiyi faktlarla, onun gəlini olan X5 ifadəsi arasında həqiqəti əks etdirməyən ziddiyyətlərin olmasına baxmayaraq, işə baxan hakim şahidə suallar verərək, həmin ziddiyyətləri aradan qaldırmamışdır. Ona borc olaraq 1200 manat pulun verilməsi barədə 14 mart 2023-cü il tarixli aktı imzalamış şəxslərin məhkəməyə çağırılaraq ifadələrinin alınması təmin edilməmişdir. Çünki iddiaçı ərizəsində bildirmişdir ki, o borc olaraq ona verdiyi 1200 manat məbləğində pulun 600 manatını qardaşı X2 almış, digər 600 manat məbləğində pulu isə özündə olan puldan verdiyini bildirmişdir. Halbuki iddiaçı iddia etdiyi 1200 manat məbləğində pulun borc olaraq ona verməsini, özünün qeyd etdiyi hallardan başqa, digər sübutlarla, şahid ifadələri ilə də sübut etməli idi. Yuxarıda qeyd etdiyi kimi, iddiaçının evində təmir işlərini apararkən ona iddiaçının oğlu, yəni qaynı X16 da köməklik göstərmişdir. Buna baxmayaraq məhkəmə iclasında Elmar Tağıyevin ifadəsi alınmamışdır. O, iddiaçının evində təmir işlərini görüb, ümumilikdə ondan 700 (yeddi yüz) manat məbləğində zəhmət haqqı almışdır. Lakin idarə etdiyi avtomaşının təmiri üçün iddiaçıdan borc olaraq pul almamışdır. Bütün qeyd edilənlərə baxmayaraq işə baxan hakim, iddiaçının evində işləyərək zəhmət haqqı kimi aldığı 700 manat məbləğində pul ilə iddiaçının ona böhtan ataraq 1200 manat məbləğində pul borclu olmağı arasında yaranmış şübhə doğuran xüsusatları məhkəmə iclasında araşdıraraq obyektiv hüquqi qiymət vermədən, 12 iyul 2023-cü il tarixdə iddianın təmin edilməsi barədə 2(029)- 512/2023 saylı qətnamə çıxarmışdır. Qusar rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən, baş vermiş yol nəqliyyat hadısəsi ilə bağlı araşdırma aparılaraq, 15 avqust 2021-ci il tarixdə saat 18:45 radələrində Qusar rayonunun Köhnə Xudat kənd yolunda, idarə etdiyi ağ rəngli VAZ 2106 markal, ** BS *** dövlət nömrə nişanlı avtomaşınla, Qusar rayonu Yasab kənd sakini X4 idarə etdiyi VAZ 2101 markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşınla toqquşma nəticəsində yol nəqliyyat hadisəsi baş verdiyi, hadisə zamanı Q.Aydabəyovun dərəcəsi təyin olunmayan bədən xəsarətləri aldığı və onun barəsində 31 avqust 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, AR İXM-nin 327.2-ci maddəsilə təqsirli olunmağı ilə əlaqədar toplanmış materiallar, Qusar rayon Polis Şöbəsinin DYPB-ə, qanuni tədbir görülməsi üçün göndərilmişdir. Ondan qisas almaq istəyən İddiaçı doğma qızı, yəni həyat yoldaşı X14, 23 mart 2023cü il tarixdə, Qisar rayon Polis Şöbəsinə ərizə yazaraq döyülməsi barədə qeyd etsə də, Qusar RPŞ-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən aparılmış araşdırma zamanı, şikayət ərizəsində yazılanlar öz təsdiqini tapmadığına görə, 03 aprel 2023-cü il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd etdiyi faktlar bir daha onu göstərir ki, ona qarşı iddia ərizəsi yazmış qaynanası İddiaçı ümumiyyətlə borcu olmamış və ondan borc olaraq pul almamışdır. O, Qusar Rayon Məhkəməsinin barəsində çıxarmış olduğu 2(029)-512/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən narazıdır və həmin qətnamə qanunlara deyil, İddiaçı xidmət göstərmişdir. Odur ki Qusar rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh 700 manat və dövlət rüsumu üçün ödənilmiş 20 manat pul alınaraq İddiaçı verilməli, iddia digər hissədə təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh iddianın əsassız olduğuna dair gətirdiyi dəlillərə münasibətdə məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə bu nəticəyə gəlmişdir ki, cavabdeh bağlanmış borc müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, cavabdeh özü də apellyasiya şikayətində, “iddiaçının evində təmir işlərini görüb, ümumilikdə ondan 700 (yeddi yüz) manat məbləğində zəhmət haqqı almış, lakin idarə etdiyi avtomaşının təmiri üçün iddiaçıdan borc olaraq pul almamışdır” qeyd etmişdir. Bundan başqa məhkəməyə təqdim etdiyi əl yazısında da iddiaçının evində suvaq vurub pul aldığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçıdan 700 manat pul aldığını və həqiqətən də 2021-ci ilin avqust ayında yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə maddi zərər vurulduğunu etiraf etsə də, bildirmişdir ki, iddiaçıdan pulu onun mənzilində apardığı təmir işlərinə görə almış, avtomobilinə vurulmuş maddi zərəri isə öz hesabına, günəmuzd işləyib ödəmişdir. Məhkəmə Kollegiyası məhz evin təmirinə görə qaynanası olmuş iddiaçıdan pulun alınmasına dair cavabdehin dəlilini məntiqə uyğun hesab etmir. Məhkəmə cavabdehin iddianı qismən etiraf etməsini nəzərə alır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, həmin faktın sübut etmə vəzifəsindən iddiaçı azaddır və belə olan halda məhz cavabdeh aldığı pulu borca deyil onun üçün gördüyü təmir işlərinə görə aldığına, eləcə də günəmuzd işləməyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh 700 manat və dövlət rüsumu üçün ödənilmiş 20 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(029)-512/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 700 manat və dövlət rüsumu üçün ödənilmiş 20 manat pul alınaraq İddiaçı verilməli,iddia digər hissədə təmin edilməməlidir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(029)-512/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 700 manat və dövlət rüsumu üçün ödənilmiş 20 manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar