Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1942/2021 22.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, 3-cü şəxs Şamaxı rayonu, Qəleybuğurd kənd bələdiyyəsinə qarşı zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz istifadəyə son qoyulması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(074)-18/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(074)-18/2021 saylı qətnaməsi ilə iddia qismən qismən təmin edilmiş, İddiaçı məxsus Şamaxı rayonu, Qəleybuğurd Bələdiyyəsi ilə arasında bağlanmış 23.01.2018-ci il tarixli, 3M-11 saylı icarə müqaviləsinə əsasən, icarəsində olan ünvan 1ində yerləşən 66,94 ha torpaq sahəsi mütəxəssis rəyinə əlavə olunmuş sxemə əsasən zəbt olunmuş 0,11 ha hissəsindən Cavabdeh Bəşarəddin oğlunun çıxarılması, cavabdehin həmin sahadən qanunsuz istifadəsinə son qoyulması, iddianın qalan hissəsinin rədd edilməsi, Cavabdeh Bəşarəddin oğlundan 100,20 manat və 66,60 manat pul alınıb Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Kapitalbankın 1 saylı Xətai filialına, kod 200071VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2Z, Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN **********, hesab № AZ 23AİİB******************** hesabına və 200 manat ekspertiza xərcinin alınıb X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. (hakim E.Z.Hümbətov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(074)-18/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh Bəşarəddin oğlu, 3-cü şəxs Şamaxı rayonu, Qəleybuğurd kənd bələdiyyəsinə qarşı “zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz istifadəyə son qoyulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Qəleybuğurd Bələdiyyəsi ilə arasında bağlanmış 23.01.2018-ci il tarixli 3M-11 saylı içarə müqaviləsi əsasən, icarəsində olan ünvan 1ində yerləşən 66,94 ha torpaq sahəsinin, zəbt edilmiş 2 hektarından Cavabdeh Bəşarəddin oğlunun məcburi olaraq çıxarılması və onun həmin sahadən qanunsuz istifadəsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamədən aşkar görünür ki, məhkəmə öz qətnaməsinin yalnız 2-ci səhifəsində, 1-ci abzasda onun adından ümumi şablon şəkildə iki cümlə yazaraq həqiqətin təmin edilməsini pozmuşdur. Onun sübut və dəlilləri, geniş izahatları qətnamədə yazılmamış və torpağın sənədlərinə dair eyni ifadələr qətnamənin müxtəlif səhifələrində təkrar-təkrar yazılmaqla diqqəti əsas məsələdən yayındırma cəhdlərinə aşkar yol verilmişdir. Aşkar görünür ki, Şamaxı rayonu, Qəleybuğurd Bələdiyyəsi iddiaçı ilə guya 23.01.2018-ci ildə icarə müqaviləsi bağlaması adı ilə uzun illərdən bəri ona məxsus torpaq sahəsinin bütünlüklə ondan alınması kimi qanunsuz əməllər törətmişlər. Mülki iş materiallarına şübhə doğuran belə sənədlərin daxil edilməsi yolverilməzdir. İş materiallarında olan JN-0037 Kod 41010005 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli qərarı ilə 1,26 ha torpaq sahəsi ona və ailə üzvlərinə verilmişdir. Məhkəməyə təqdim olunmuş Kadastr və Yerquruluşu layihə-Tədqiqat Mərkəzi MMC-nin 14 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyindən aşkar olunmuşdur ki, iddiaçının icarəsində olan 66.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona JN-0037 (Kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında verilmiş 1,26 ha torpaq sahəsi ilə sənəd üzrə üst- üstə düşmür. Bu fakt qətnamənin 3-cü səhifəsinin 1-ci abzasında aydın formada yazılmışdır. Ardınca guya onun istifadəsində olan 1,26 ha torpaq sahəsindən 0,11 ha torpaq sahəsi hissəsinin iddiaçıya məxsus olmasının yazılması məhkəmənin qanunu pozaraq hazırki mübahisəyə qeyri- ciddi yanaşdığını göstərir. Eyni fikirlər qətnamənin 4-cü səhifəsinin 7-ci abzasında da təkrarlanmışdır. Təkrarən vurğulayır ki, məhkəmə qətnaməsində bir tərəfdən yazır ki, iddiaçı ilə cavabdehə məxsus torpaq sahələri sənəd üzrə üst-üstə düşmür, digər tərəfdən isə əksinə yazır ki, cavabdeh iddiaçıya məxsus 0,11 ha torpaq sahəsindən istifadə edir.. Beləliklə Şamaxı Rayon Məhkəməsi hazırki mübahisəyə baxarkən maddi hüquq normalarını pozmuşdur, iş üçün əhəmiyyətli bütün faktiki hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış, qətnamədə göstərilən dəlillər işin hallarına uyğun deyildir. Məhkəmə öz qətnaməsində əsaslandığı qanunları və normativ hüquqi aktları səhv təfsir etmişdir. Doğrudan da iş üzrə mövcud olan faktlar qətnamədə qeyri-mötəbər, ziddiyyətli sübutlarla əlaqələndirilmişdir. Belə ki, 2001-ci ildən etibarən 17 ildir ki, qanunla müəyyən edilmiş qaydada istifadəsində olan 1,26 ha torpaq sahəsinin dolayı yollarla 0,11 ha hissəsinin əlindən alınması təkcə Mülki Məcəllə və Torpaq Məcəlləsi ilə təsbit olunmuş hüquqlarının pozulması deyil, həm də birbaşa cinayət əməlləridir. İş üzrə sənədlərdən, o cümlədən iddiaçı və Qəleybuğurd Bələdiyyəsi sədrinin izahatlarından aşkar görünür ki, onlar saxta sənədlər tərtib edərək 17 ildir ki, ona məxsus olan 1,26 ha torpaq sahəsini bütünlüklə ələ keçirməyə cəhd etmişlər. Lakin bu dəfə hələlik onun 0,11 ha torpaq sahəsini birinci instansiya məhkəməsində qopardıqlarını düşünürlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları - müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və o cümlədən hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlərdir. Göründüyü kimi mübahisələndirilən torpaq sahəsi 2001-ci ildən qanunla müəyyən edilmiş qaydada bizim ailəmizin istifadəsinə verilmişdir. 17 ildən sonra Şamaxı rayon, Qəleybuğurd Bələdiyyəsi saxta sənədlər tərtib edərək iddiaçı ilə birləşib (yəqin ki, rüşvət müqabilində) torpağımı bütünlüklə əlindən almaq istəmişdir. Onlar hələlik ona məxsus torpaq sahəsinin 0,11 ha hissəsində öz çirkin məqsədlərinə qismən nail olmuşlar. Qətnamədən aydın görünür ki, həm Şamaxı rayon Qəleybuğurd Bələdiyyəsinin sədri, həm də onunla birləşmiş iddiaçı öz tələblərini sübut edə bilməmişlər. Çünki aşkar edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə ona məxsus 1,26 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Sözügedən ərazidə vətəndaşlara məxsus torpaq sahələrinin sərhədləri tanınır. Bu səbəbdən ona məxsus torpaq sahəsinin çəpərlənməməsi də iddiaçının uydurma tələbinin əsaslı olması üçün səbəb deyildir. Bundan əlavə, məhkəmə iddiaçının ona vurduğu maddi ziyana görə (cəmi doqquz min manat) məhkəməyə hazırlıq iclasında təqdim etdiyi qarşılıqlı iddia tələbinə dair qətnamə çıxarmamışdır. Bildirir ki, İddiaçı sözügedən mübahisəli ərazidə onun əkin sahəsinə mal-heyvanları gətirərək ona dəfələrlə maddi ziyan vurmuşdur. O belə hərəkətləri qəsdən törətdiyini bildirməkdən çəkinməmiş, Qəleybuğurd kənd Bələdiyyəsi ilə əlbir olaraq qanun-qayda ilə ona məxsus torpağı ələ keçirmək üçün mənim bezib həmin ərazini tərk etməyi üçün hər cür çirkin üsullara əl atmışlar. Şamaxı Rayon Məhkəməsinin bu qətnaməsində məhkəmə araşdırmasının bir nəticəsi digərini təkzib edir. Odur ki, bir-birinə zidd ifadələrdən tərtib olunmuş belə qətnamə həqiqətin təmin edildiyini özündə ehtiva etmir. Bu səbəbdən hazırki qətnamə tamamilə ləğv edilməli və iddia tələbi bütünlüklə rədd edilməlidir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-18/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsini ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə, ekspertiza üçün 166,80 manat pulun ondan tutulmamasına, iddiaçının son üç ildə vurduğu maddi ziyana görə ona dəymiş 9 (doqquz) min manat pulun iddiaçıdan alınaraq ona verilməsinə, apelyasiya şikayəti üçün ödədiyi dövlət rüsumunun şikayətim təmin olunduğu halda iddiaçıdan tutularaq ona ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İddiaçı və 3-cü şəxs ünvan 1 bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edlən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Seriya RX № ******* saylı Çıxarışdan görünür ki, Şamaxı rayonu, Qəleybuğurd kəndi ərazisində yerləşən 66,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 23.01.2018-ci il tarixli 3M-11 saylı icarə müqaviləsi əsasında 15 il müddətinə İddiaçı icarəsindədir. İş materiallarında olan 23 yanvar 2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 66,94 ha torpaq sahəsini X1 Abdul Məmməd oğluna 18.01.2033-cü il tarixədək icarəyə vermişdir. İş materiallarında olan JN-0037 Kod 41010005 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Cavabdeh, X2, X5, X4 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli qərarı ilə 1,26 ha torpaq shəsi verilmişdir. İş materiallarında olan Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 09 sentyabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı icarəsində olan ünvan 1i ərazisində yerləşən 66,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh Bəşarəddin oğlu tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Məlumat üçün bildirilir ki, Şamaxı Rayon Məhkəməsinin mülki işə əlavə etdiyi RX- ******* nömrəli Çıxarışa əlavə olunan plan ölçü sənədi təqdim edilməmişdir. Aparılmış çöl-ölçmə işlərinə əsasən cavabdehin naturada faktiki istifadə etdiyi torpaq sahəsinin və elektron kadastr məlumat bazasında olan JN-0037 nömrəli Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 37V çevrədəki 0.32 ha torpaq sahəsinin sxemi tərtib edilərək rəyə əlavə olunmuşdur. Cavabdeh Bəşarəddin oğlu naturada faktiki istifadə etdiyi torpaq sahəsində hər hansı çəpərləmə, tikinti işləri aparmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 oktyabr 2019-cu il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 26 aprel 2019-cu il tarixli **********78 saylı mütəxəssis rəyinə əsasən, iş üzrə İddiaçı icarəsində olan ünvan 1i ərazisində yerləşən 66,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh Bəşarəddin oğlu tərəfindən zəbt olunubolunmamasını müəyyən etmək mütəxəssisin səlahiyyətinə aid olmadığı bildirilmişdir. Məlumat üçün bildirimişdir ki, Şamaxı rayon Məhkəməsinin mülki işə əlavə etdiyi RX-1209014 nömrəli Çıxarışa əlavə olunan plan ölçü sənədi təqdim edilməmişdir. Aparılmış çöl-ölçmə işlərinə əsasən cavabdehin naturada istifadə etdiyi torpaq sahəsinin və elektron kadastr məlumat bazasında olan JN-0037 nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 37 V cevrədəki 32 ha torpaq sahəsinin sxemi tərtib edilərək rəyə əlavə olunmuşdur. Cavabdeh Bəşarəddin oğlunun naturada faktiki istifadə etdiyi torpaq sahəsində hər hansı çəpərləmə, tikinti işləri aparmadığı müəyyən olunmuşdur. İş materiallarında olan Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 14 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı icarəsində olan 66.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh Bəşarəddin oğluna JN-0037 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında verilmiş 1.26 ha torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşmür. İddiaçı icarəsində olan ünvan 1i ərazisində yerləşən 66.94 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə verilmiş RX №1209014 saylı çıxarışa əlavə olunmuş “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən konfiqurasiyası yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğundur. Cavabdeh Bəşarəddin oğluna JN-0037 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akti” əsasında verilmiş 1,26 ha torpaq sahəsi dövlət aktında göstərilən konfiqurasiyası yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğun deyil. İddiaçı icarəsində olan ünvan 1i ərazisində yerləşən 66.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş RX № ******* saylı çıxarışda göstərilən torpaq sahəsinin 0.11 ha hissəsi cavabdeh tərəfindən naturada istifadə olunur. Naturada aparılmış çöl-ölçmə işlərinin nəticəsində tərtib olunmuş sxem əlavə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı icarərəsində olan 66.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh Bəşarəddin oğluna JN- 0037 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında verilmiş 1.26 ha torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşmür. İddiaçı icarəsində olan ünvan 1i ərazisində yerləşən 66.94 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə verilmiş RX №1209014 saylı çıxarışa əlavə olunmuş “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən konfiqurasiyası yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğundur. Cavabdeh Bəşarəddin oğluna JN-0037 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akti” əsasında verilmiş 1,26 ha torpaq sahəsi dövlət aktında göstərilən konfiqurasiyası yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğun deyil. İddiaçı icarəsində olan ünvan 1i ərazisində yerləşən 66.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş RX № ******* saylı çıxarışda göstərilən torpaq sahəsinin 0.11 ha hissəsi cavabdeh tərəfindən naturada istifadə olunur. Birinci instansiya məhkəməsi iş materiallarına və ekspert rəyiunə istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111, Mülki Məcəlləsinin 152, 1457.2, 213.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. İş materiallarından müəyyən edilir ki, Şamaxı rayonu, Qəleybuğurd kəndi ərazisində yerləşən 66,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 23.01.2018-ci il tarixli 3M-11 saylı icarə müqaviləsi əsasında 15 il müddətinə İddiaçı icarəsindədir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, İddiaçı icarəsində olan 66.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh Bəşarəddin oğluna JN-0037 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında verilmiş 1.26 ha torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşmür. İddiaçı icarəsində olan ünvan 1i ərazisində yerləşən 66.94 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə verilmiş RX №- 1209014 saylı çıxarışa əlavə olunmuş “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən konfiqurasiyası yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğundur. Cavabdeh Bəşarəddin oğluna JN-0037 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akti” əsasında verilmiş 1,26 ha torpaq sahəsi dövlət aktında göstərilən konfiqurasiyası yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğun deyil. İddiaçı icarəsində olan ünvan 1i ərazisində yerləşən 66.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş RX № ******* saylı çıxarışda göstərilən torpaq sahəsinin 0.11 ha hissəsi cavabdeh tərəfindən naturada istifadə olunduğu müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin 0,11 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilərək istifadə edilməsi iş materiallarıdna olan mütəxəssis rəyi ilə təsdiqini tapmışdır və məhkəmə haqlı olaraq iddianı qeyd edilən hissədə təmin etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ekspert və mütəxəssis xərcinin də cavabdehdən tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, cavabdehin dəlilləri iş materiallarında olan rəylə təkzib edlir. Bundan əlavə cavabdeh apelyasiya şikayətində iddiaçının son üç ildə ona vurduğu maddi ziyana görə ona dəymiş 9 (doqquz) min manat pulun iddiaçıdan alınaraq ona verilməsini xahiş etsə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh belə bir tələblə məhkəməyə müraciət etməmiş, iddia ərizəsinə qarşı qarşılıqlı iddia tələbi verməmişdir. Belə olan halda cavabdehin qeyd edilən tələbinə apelyasiya icraatında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Odur ki, apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, cavabdeh iddiaçının torpaq sahəsini zəbt etməməsini, istifadəsində olan torpaq sahəsinin özünə məxsus olmasını bildirsə də, bu dəlillər iş materialları ilə, o cümlədən iş üzrə keçirilmiş ekspert rəyi ilə təkzib olunur. Apelyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Şamaxı Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(074)-18/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1942/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1942/2021
22.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver