Məhkəmə qərarları › İş №2(105)-1948/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1948/2021

17.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1948/2021 17.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X14, Cavabdeh1 və onun vəkili X2 iştirakı ilə Quba Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(027)-67/2021 saylı qətnaməsindən iddiaçı X3 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(027)-67/2021 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) iddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə iddiası təmin edilməmişdir. İddiaçı X9 apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(027)-67/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 30 iyun 2014-cü il tarixdə verilmiş 1405 nömrəli arxiv arayışına əsasən Quba rayonu Rustov kənd sovetinin Bağçaəli məhəlləsi üzrə 1948-1950-ci illərə aid təsərrüfatbaşına kitabında vətəndaş X25 adına qeydə alınmış və ataları X21 onlara miras qalmış Quba rayonu Rustov İnzibati Ərazi Dairəsinin Bağçaəli kəndində 60 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin yaşayış evinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və ödədiyi 10 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X7 alınaraq ona barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü ildə Quba şəhərində doğulmuş, X13 və anası X1r. 05 iyun 1991-ci ildə X22 ilə ailə quraraq Məmmədova soyadını qəbul etmişdir. X13 10.09.1992-ci ildə, anası X4 04.12.1995-ci ildə ölmüşdür. Atası və anasının ondan başqa X16 adlı vərəsəsi vardır. Onların başqa bacı və qardaşları yoxdur. X6 Quba rayonu, Rustov İnzibati Ərazi Dairəsinin Bağçaəli məhəlləsində 60 kv.m torpaq sahəsində tikilmiş fərdi yaşayış evi olmuşdur. Həmin vaxtı yaşayış evindən ibtidai məktəb kimi istifadə etmişlər, sonradan yeni məktəb binası tikilmiş, atasına məxsus evi onlara geri qaytarmışlar. Quba RİHB-nın Rustov İƏD üzrə nümaydəliyi tərəfindən verilmiş 30 iyun 2014-cü il tarixli arayışdan görünür ki, Quba rayonu, Rustov İƏD-nin Bağça-əli kəndində köhnə, istifadəsiz, mərhum atası X28 məxsus binadan uzun müddət ibtidai məktəb kimi istifadə olunmuşdur. Həmin evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlaka mülkiyyət hüququ ilə onlara verilməsə də, həmin torpaq sahəsindən faktiki olaraq onlar istifadə edirlər, torpaq sahəsi onların istifadəsindədir. Həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları atasının məxsus fərdi yaşayış evində ölçmə işləri apararkən, qonşu olan Cavabdeh1 və arvadı Cavabdeh2 ora gələrək, fərdi yaşayış evinin ölçmə işlərinin aparılmasına imkan verməmiş, onlara mane olmuşlar, evin ikinci mərtəbəsinə çıxan pilləkənı götürmüşlər. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən onlara ünvanlanmış 29.12.2015-ci il tarixli məktubdan fərdi yaşayış evinə maneələr yarandığından ölçmə işlərinin aparılmasından imtina edilmişdir. Ona görə də hazırda onlara məxsus evə çıxarışı ala bilmirlər. Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 01 iyul 2014-cü il tarixdə verilmiş məktubdan görünür ki, İddiaçı 10.09.1992-ci ildə vəfat etmiş X26 qanun üzrə vərəsələri sırasına daxildir. İddiaçı X9 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edib, Cavabdeh1 və Cavabdeh2 30 iyun 2014-cü il tarixdə verilmiş 1405 nömrəli arxiv arayışına əsasən Quba rayonu Rustov kənd sovetinin Bağçaəli məhəlləsi üzrə 1948-1950-ci illərə aid təsərrüfatbaşına kitabında ataları X25 adına qeydə alınmış Quba rayonu Rustov İnzibati Ərazi Dairəsinin Bağçaəli kəndində 60 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqları həyata keçirilməsinə və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı X9 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 30 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 1255-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 217.4-cü madələrinin tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı X9 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun vəkili X10 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı X8, Cavabdeh2 və maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçı X9, Cavabdeh2 və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Quba RİHB-nın Rustov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 05.12.2013-cü il tarixli arayışından görünür ki, Rustov İƏD Bağça-Əli kəndində köhnə, istifadəsiz ev X11 məxsusdur. Həmin bina uzun müddət ibtidai məktəb kimi istifadə edilmişdir. Hal-hazırda həmin bina istifadəsizdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 10.09.1992-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04.12.1995-ci il tarixdə vəfat etmişdir. Arxiv arayışından görünür ki, Quba rayonu, Rustov kənd Sovetinin Bağçaəli məhəlləsi üzrə 1948-1950-ci illərə aid təsərrüfatbaşına kitabında vətəndaş X28 aid səhifədə “həyətyanı torpaqları cəmi” qrafasında 1948-1950-ci illərdə torpaq sahəsinin olmadığı göstərilmişdir. Onun öhdəsində tikili altında 60 (altımış) kv.m torpaq sahəsi olduğu qeyd edilmişdir. Quba rayonu Rustov bələdiyyəsi tərəfindən həyətyani məqsədlə X28 ayrılmış torpaq sahəsinin mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivi Quba rayon filialının 30.06.2014-cü il tarixli, 1405 saylı arxiv arayışlarına əsasən Bələdiyyə Fonduna ayrılmış torpaq sahəsindən həyətyanı məqsədlə X25 mülkiyyətinə ayrılmış torpaq sahəsi ilə bağlı tərtib olunmuş torpaqayırma sənədləri mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlandığı üçün onun adına “torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması məqsədə müvafiqdir. Quba rayonu, Rustov İƏD üzrə nümayəndəliyinin 30.06.2014cü il tarixli arayışından görünür ki, X25 adında Rustov İƏD-də həyətyanı torpaq sahəsi yoxdur. Onun öhdəsində 60 kv.m-dən ibarət torpaq sahəsində tikili vardır. Quba rayonu, Rustov İƏD üzrə nümayəndəliyinin 10.12.2018ci il tarixli arayışından görünür ki, X23 10.09.1992-ci il tarixdə vəfat etdikdən sonra onun vərəsələri –Şeydayeva (Nuriyeva) Gülnarə Sirac qızı və Məmmədova (Nuriyeva) Nərminə Sirac qızı qalmışdır. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X24 arasında 05.06.1991-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra Nərminə Nuriyevaya “Məmmədova” soyadı verilmişdir. 22.09.2014-cü il tarixli arxiv arayışından görünür ki, Quba rayonu Rustov kənd X15 İcraiyyə Komitəsinin Baxçaəli kəndi üzrə 1938 -1939-cu illərə aid təsərrüfatbaşına kitabında vət. X29 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1 yaşayış evi və şəxsi istifadəsində 0,37 ha həyət ətrafı torpaq sahəsi olduğu qeyd edilmişdir. Quba rayonu Rustov kənd X15 İcraiyyə Komitəsinin 1948-1950-ci illərə aid Yektar kəndi üzrə təsərrüfatbaşına kitabında vət. X30 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1878-ci ildə tikilmiş yaşayış evi 2,2 peyə binası və şəxsi istifadəsində 1948-1949-cu illərdə 2500 kv. m. həyətyanı torpaq sahəsi olduğu yazılmışdır. Quba rayonu Rustov kənd X15 İcraiyyə Komitəsinin 1960- 1962ci illərə aid Baxça-əli kəndi üzrə təsərrüfatbaşına kitabında vət. X30 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1925-ci ildə tikilmiş yaşayış evi və şəxsi istifadəsində 0,07 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Quba rayonu, Rustov İƏD üzrə nümayəndəliyinin 12.10.2020ci il tarixli arayışından görünür ki, Cavabdeh1 mülkiyyətində Rustov kənd İnzibati ərazi dairəsinin Baxçaəli kəndində 17 nömrəli təsərrüfatbaşına kitabın 96-cı səhifəsinin 1325 saylı şəxsi hesabla 0,21 hektar həyətyanı torpaq sahəsinin ərazisində 1918-ci ildə tikilmiş ümumi sahəsi 47,0 kvadrat metr, yaşayış sahəsi 32,0 kvadrat metr olan fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi Cavabdeh1 mərhum atası X12 miras qalmışdır. Rustov Bələdiyyə sədri Aydın Kazımov, Bağça-Əli kənd sakini Firuz Nuriyev və ərizəçi Cavabdeh1 tərəfindən 14.11.2019-cu il tarixdə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktın surətindən görünür ki, Cavabdeh1 məxsus Quba rayonu Baxçaəli kəndində yerləşən, 0.21 ha həyətyanı məqsədilə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinə yerində baxış keçirilmiş və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.Torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş kadastr planında göstərilən kordinatlar və ölçülər faktiki göstərilən topraq sahəsinin kordinatlarından və ölçülərindən fərqlidir. Lakin vətəndaş Aqrar islahat qərarı ilə əldə etdiyi torpaq sahəsini həmin vaxtdan etibarən faktiki istifadə vəziyyətində olduğu kimi istifadə edir və torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur. Yuxarıda göstərilən uyğunsuzluqların aradan qaldırılması məqsədilə və torpaq sahəsində qonşular arasında heç bir mübahisənin olmadığını nəzərə alaraq göstərilən koordinatlar daxilində Quba rayonu Baxçaəli kəndində yerləşən, 0.21 ha torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi məqsədəuyğun hesab edirlər. **********834 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 11.12.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Bağçaəli kəndində yerləşən 0,21 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. X27 notariat qaydasında təsdiqlənmiş ərizəsindən görünür ki, onların ata və baba evləri bacısının iddia ərizəsində qeyd etdiyi ərazidə deyil, 3 km aralıda başqa ərazidə mövcud olmuş, lakin yaşayış olmadığından uçulub dağılmışdır. Ərizəsinin nəzərə alınaraq obyektiv qərar qəbul edilməsini xahiş edir. X38, X17 və X31 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş ərizədən görünür ki, Azərbaycan Sovet Sosialist Respublikasının müvafiq icra orqanı tərəfindən Quba rayonu, Rustov kəndinin Baxçaəli ərazisinin sakini, mərhum X18 qanuni istifadəsinə verilmiş Rustov kəndinin Baxçaəli ərazisində yerləşən 2 mərtəbəli binanın ½ hissəsində, 2007-ci ilə qədər kənd ibtidai məktəbi istifadə etmişdir. Onlar həmin ibtidai məktəbdə 2007-ci ilə qədər müəllim vəzifəsində işləmişlər. Xaçmaz Layihə-Tədqiqat İdarəsinin 06.10.2021-ci il tarixli, A-249 nömrəli arayışı ilə müəyyən olunur ki, GPS aləti vasitəsi ilə torpaq sahəsinin faktiki istifadə vəziyyətinin və iddia olunan torpaq sahəsinin koordinatları naturada təyin olunmuş, mübahisə predimeti olan torpaq sahəsinin naturadan alınan koordinatları kameral şəraitdə ƏMDX elektron baza xəritə və ortofoto üzərində dəqiqləşdirdikdən sonra məlum olmuşdur ki, məhkəmə tərəfindən iş materiallarına əlavə olunan iddiaçının ilkin torpaqayırma sxemləri qeyri-dəqiq olduğundan və torpaqayırma sxemlərində göstərilən torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etmək mümkün olmadığından mübahisə predmeti olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilib-edilməməsinin araşdırılması mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2-1(118)-1241/2021 nömrəli qərardadı ilə müəyyən olunur ki, İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı Quba rayon Aqrar İslahat Komissiyasının 01.11.1997-ci il tarixli, 14 saylı qərarının Cavabdeh1 aid hissədə ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, iddiaçı Cavabdeh1 və Cavabdeh2 30 iyun 2014-cü il tarixdə verilmiş 1405 nömrəli arxiv arayışına əsasən Quba rayonu Rustov kənd sovetinin Bağçaəli məhəlləsi üzrə 1948-1950-ci illərə aid təsərrüfatbaşına kitabında X6 adına qeydə alınmış Quba rayonu Rustov İnzibati Ərazi Dairəsinin Bağçaəli kəndində 60 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqları həyata keçirilməsinə və hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış alınmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını məhkəmədən xahiş edir. Lakin məhkəmə araşdırması zaman cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə iddianın təmin ediməməsi üçün əsas olan mötəbər sübutlar təqdim etmişdir. Belə ki, iş materiallarında olan **********834 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 11.12.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsəsən, Quba rayonu, Bağçalı kəndində yerləşən 0,21 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. Mübahisə predmeti olan torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin cavabdehin atasına məxsus olduğunu həmin tikilinin ibtidai məktəb kimi istifadə olunan zaman orada müəllim vəzifəsində işləyən müəllimlərdə təsdiq etmişlər. Bundan başqa, mübahisə predmetini təşkil edən torpaq sahəsi və onun üzərində yerləşən evin cavabdehin atasına məxsus olduğunu təsdiq edən hüquq müəyyənedici sənədlər mövcuddur. Beləki, Quba rayonu, Rustov İƏD üzrə nümayəndəliyinin 12.10.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 mülkiyyətində Rustov kənd İnzibati ərazi dairəsinin Baxçaəli kəndində 17 nömrəli təsərrüfatbaşına kitabın 96-cı sərməsi in 1325 saylı şəxsi hesabla 0,21 hektar həyətyanı torpaq sahəsinin ərazisində 1918-ci ildə tikilmiş ümumi sahəsi 47,0 kvadrat metr, yaşayış sahəsi 32,0 kvadrat metr olan fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi Cavabdeh1 mərhum atası X12 miras qalmış və hal-hazırda fərdi yaşayış evi Cavabdeh1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının atası vəfat etmiş, hazırkı iş üzrə isə mübahisə predmeti olan fərdi yaşayış evinin və torpaq sahəsinin iddiaçının mərhum atasına məxsus olması, onun mülkiyyətində olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəl predmeti üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakının dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Sadalanan hallara istinad edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə qanuni və əsasılı qətnamə qəbul etmişdir. İddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(027)-67/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar