Məhkəmə qərarları › İş №2(105)-1954/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1954/2023

16.11.2023 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1954/2023 16.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, e-2(060)-2757/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin direktoru Nümayəndə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən əsassız olaraq əldə etdiyi İddiaçı MMC-yə məxsus olan 25389 manat pulun, 2000.00 manat dəymiş zərərin və ödənilmiş 167 manat dövlət rüsumunun, ümumilikdə 27556.00 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC-nin direktoru Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı MMC-dən əsassız olaraq əldə etdiyi İddiaçı MMC-yə məxsus olan 25389 manat pulun, ödənilmiş 167 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödədiyi 500 manat xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (ev ünvanı Sumqayıt şəhəri, 6-cı mkr, ev 8, mənzil 7) 2021-ci ildən etibarən İddiaçı MMC-də sürücü-ekspeditor kimi fəaliyyət göstərmişdir. O, müəssisənin istehsal etdiyi məhsulları apararaq, Cənub bölgəsi üzrə dükanlara satıb pulunu isə yığaraq onlara ödəmişdir. Bu işin müqabilində də ona 5 % olmaqla zəhmət haqqı ödəyirdilər. Qeyd edir ki, onunla bağlı onda etibar qazanması üçün onu onlara təqdim edən onlarda rəhbər vəzifədə olan Şabanov Vüqar olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, onlar bir müddət öncə görmüşdürlər ki, hesabatda uyğunsuzluqlar yaranıb, pul əksikliyi var. Bu işi araşdıranda müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən yeyinti halı baş vermişdir. Bununla bağlı ondan izahat almış və o, özü onlara etiraf etmişdir ki, bu günə kimi əməkdaşlıq etdiyi 19 dükandan aldığı pul vəsaitlərini - 25389 manat məbləğində pulu şəxsi məqsədləri üçün mənimsəmişdir. Onun bu hərəkətləri 3 ay ərzində davam etmişdir. Sonuncu dəfə də 03 oktyabr 2022-ci ildə etdiyi səfərdə, əldə etdiyi və şirkətə verilməli olduğu pulu eyni qaydayla ödəməyərək şəxsi məqsədləri üçün istifadə etmişdir. Həmin dükanların adları və onlardan alınan pul məbləğlərini siyahıya qeyd etmişlər və bunu özü də izahatda təsdiq edir və etiraf edir. Onlarda onun borclu olduğunu göstərən və sübut edən Cavabdeh alınan izahat var ki, onu da idddiaya əlavə etmişlər. Məhkəmədən kənar qaydada pulu geri tələb etsələr də, bu günə qədər də geri qaytarmamışdır. Bu gün məcbur qalıb pulu məhkəmə qaydasında tələb edirlər. Onu da qeyd edir ki, Cavabdeh, ondan öncə də başqa bir şirkət olan Veysəloğlu firmasında da işləmiş və həmin firmaya da eyni qaydada ziyan vurmuşdur, hətta bir-iki gün müddətində həbs də edilmişdir Qeyd etmək istəyir ki, o cavabdeh tərəfindən zərərə məruz qalmış və bunun nəticəsində də onun sahibkarlıq fəaliyyətinə ciddi şəkildə zərər dəymişdir. Ona görə də hesab edir ki, ona dəymiş zərər məbləği tam olaraq cavabdeh tərəfindən ödənilməlidir. Birinci instansiya məhkəməsində iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi-Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəf pulu mənimsədiyi barədə ərizəni hədə-qorxu altında yazdığını bildirsə də, hədənin nədən ibarət olduğunu bildirmir, bununla bağlı hər hansı bir orqana müraciət etməsi barədə məhkəməyə sübut təqdim etməyib. Cavabdeh tərəfin yad insana məxsus evin əlindən çıxmaması üçün təxminən 26000 manat məbləğində borcu öz üzərinə götürməsi inandırıcı deyil. Bu baxımdan məhkəmə fərziyələrə inanıb qərar qəbul edə bilməz. Əlavə olaraq onu da bildirir ki, qarşı tərəf şirkətin qanuna uyğun şəkildə işləməməsini iddia edirsə, bununla bağlı aidiyyatı orqanlara müraciət edə bilər. Bu məsələ, hazırkı iddianın predmeti deyil. Bu iddianını predmeti cavabdehin mənimsədiyi puldur. Həmin pulun ödənilməsi üçün cavabdehə şərait də yaradılmış, lakin o, pulu ödəməkdən imtina etdiyi üçün iddiaçı məhkəməyə müraciət etməli olub. Onu da məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin qeyd etdiyi qaimənin olmaması, cavabdehin əmək müqaviləsi əsasında işlməməsi də hazırkı iddia tələbi ilə heç bir əlaqəsi yoxdur. Bununla bağlı cavabdeh Əmək Müfəttişliyinə və ya Vergilər Nazirliyinə müraciət edə bilər. İddiaçı tərəf kimi, bu məsələdə onlar yalnız cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etmirlər. Belə ki, cavabdehin qeyd edilən məbləğdə malı mənimsədiyinə dair izahatı var. Bundan başqa cavabdeh əsassız olaraq həmin pulu əmək haqqının əvəzi olaraq götürdüyünü bildirir. Cavabdeh tərəf məhkəməyə ziddiyyətli ifadələr verir, ən əsası isə izahatında qeyd etdikləri ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Mənimsədiyi pulun etiraf edilməsi barədə ərizəni təzyiq göstərilməsi nəticəsində yazmışdır. Belə ki, qarşı tərəf ailəsini, uşaqlarını hədələyirdi. Onun guya mənimsədiyi məbləğ 25300 manatdır. Əslində o, iddiaçı tərəflə gətirdiyi malın 5%-ni və 1500 manat əmək haqqı alacağı barədə razılaşmışdılar. Buna baxmayaraq ona 1500 manat əmək haqqı verilmirdi, o, da gətirdiyi malın 5%-ni və əlavə vəsaitlər götürürdü. Bildirir ki, rəhbərliyin də bu barədə məlumatı var idi. Belə ki, 36000 manatdan 25000 manat məbləğində pul götürmüş və onlara da məlumat vermiş və ona 10000 manatı qaytardıqdan sonra işinə davam edə biləcəyini demişdilər. Qeyd edir ki, bu söhbətlər oktyabr ayının axırı olub. O, həmin ödənişi edə bilməmiş və özünə məxsus maşını Etibarın qardaşı oğlu Ülvinin adına keçirtmişdir. Hətta bunu etibarnamə ilə yox, birbaşa mülki qaydada müqavilə əsasında etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, əgər işlədiyi yerdə pul mənimsəyən insan olasaydı, o əldə etdiyi pulun hamısını mənimsəyərdi. Məhkəmənin nəzərinə çatdırır ki, onunla iddiaçı arasında əmək müqaviləsi bağlanmamışdır, o, qeyri-rəsmi işləyirdi, hətta ona vəd edilən əmək haqqı da verilmirdi. Qeyd edir ki, o, əldə etdiyi pulu almadığı əmək haqqının əvəzi olaraq götürmuşdür. Əlavə olaraq onu da bildirir ki, qaynatasının dostu Vüqar Şabanov zavodda icraçı direktor işləyir, əslində bu işi elə V.Şabanov ona təklif edib. Həmin vaxt ona şəxsi maşının olmalı olduğu bildirilmiş və o, qaynatasınının köməkliyi ilə özünə maşın almışdır. Bildirir ki, məhz həmin maşını Ülvinin adına keçirmişdir. Ülvi Etibarın qardaşı oğlu və onun yaxın dostudur. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, ona mənimsəmə olduğu barədə məlumat verilməmiş, sadəcə 10000 manatı qaytarmalı olduğunu bildirmişdilər. 9 oktyabrda ona mağazalarda mənimsəmə etdiyini bildiriblərsə, dekabr ayına kimi onu işdə saxlamaqları sual doğurur. Belə ki, onu həmin vaxt işdən çıxara bilərdilər. Daha sonra dekabr ayında bununla əlaqədar Polis Bölməsinə və Prokurorluğa müraciət etmişdilər, mənimsəmə məsələsini o zaman öyrənmişdir. Qeyd edir ki, o, özü ona edilən hədə-qorxu ilə bağlı heç yerə müraciət etməmişdir. Halbuki Etibar pulu ödəməyi üçün lazım gələrsə, iki qız övladını girov saxlaya biləcəyini də demişdir. Bununla bağlı şahidləri də var. Eyni zamanda ona 25000 manat mənimsədiyini qeyd etmədiyi halda V.Şabanovun evini əlindən alacaqları ilə onu hədələmişdilər. Əlavə olaraq onu da bildirir ki, bundan əvvəl özəl şirkətdə, ondan da əvvəl “Veysəloğlu” şirkətində işləmişdir. “Veysəloğlu” şirkətində işləyəndə geri qaytarma prosesində təxminən 14000 manat dəyərində problem yaranmışdı və oradan öz istəyi ilə çıxmışdı. Lakin o məsələ öz həllini tapmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, e-2(060)-2757/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 25389 (iyirmi beş min üç yüz səksən doqquz) manat məbləğində pul və 167 (bir yüz altmış yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, e-2(060)-2757/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İş materiallarından görünür ki, aralarında əmək müqaviləsi olmasa da, Cavabdeh İddiaçı MMC-də işçi kimi işləmişdir. Yəni tərəflər arasında faktiki olaraq əmək münasibətləri olmuşdur. Bu iddiaçının verdiyi iddia ərizəsində də öz əksini tapmışdır. Belə ki, iddia ərizəsində göstərilir ki, «cavabdeh X3 "xxxx" MMC-də sürücü-ekspeditor kimi fəaliyyət göstərmidir. O, müəssisənin istehsal etdiyi məhsulları apararaq, cənub bölgəsi üzrə dükanlara satıb pulunu isə yığaraq onlara ödəyirdi. Bu işin müqabilində də onlar ona 5 % olmaqla zəhmət haqqı ödəyirdilər... .Onlarda onun onlara borclu olduğunu göstərən və sübut edən cavabdeh-X1 alınan izahat var» Məhkəmə də öz qətnaməsində Cavabdeh İddiaçı MMC-nin işçisi olmasını təsdiq etmişdir. Qətnamədə qeyd edilir ki, cavabdeh İddiaçı MMC-də işlədiyi müddət ərzində əməkdaşlıq etdikləri 19 mağazada aldığı pul vəsaitlərini - 25389 manat məbləğində pulu şəxsi məqsədləri üçün mənimsəmişdir. Bu hal Cavabdeh tərəfindən yazılmış və imzalanmış iltizamla öz təsdiqini tapır. İddianı təmin edən birinci instansiya məhkəməsi qətnamənin bu hissəsində tərəflər arasında olan münasibətlərin əmək münasibətləri olmasını, qətnamənin digər hissəsində isə qənaətinə görə tərəflər arasında mülki hüquqlar və vəzifələr hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsi əsasında əmələ gəlməsini göstərir. Məhkəmə iddianı təmin edərkən yeganə sübut kimi Cavabdeh iddiaçıya 25389 manat borcu olması barədə 01 sentyabr 2022-ci il tarixli iltizamnaməsini əsas götürmüşdür. İddiaçı Cavabdeh işçi olmasını inkar etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli Plenumunun qərarında göstərilir ki, Mülki Məcəllənin 2.3-cü maddəsinə müvafiq olaraq, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Maddənin məzmunundan göründüyü kimi, mülki qanunvericilik əmək münasibətlərində yalnız subsidiar olaraq tətbiq edilə bilər… .Əmək münasibətlərinin prinsipləri, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi, əməyin mühafizə edilməsi qaydaları, məşğulluq məsələləri və s. dövlət tərəfindən tənzimlənir. Əmək Məcəlləsinin 14-cü maddəsi ilə əmək münasibətləri sahəsində dövlət hakimiyyəti orqanlarının vəzifələri də qanunverici tərəfindən müəyyən edilmişdir. Həmin qərara görə Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək hüququnun prinsiplərindən biri kimi əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir. Məhkəmə tərəflər arasında yaranmış münasibəti mülki hüquq münasibəti hesab etməklə Cavabdeh borcunun olması verdiyi iltizamnaməni mülki hüquqi müqavilə hesab etmişdir. Cavabdehla İddiaçı MMC-də arasında olan münasibət faktiki olaraq əmək münasibətləridir. Onlar arasında hər hansı bir mülki müqavilə bağlanmamışdır. Ona görə də yaranımş münasibətlərə mülki qanunvericilik tətbiq oluna bilməzdi. Məhkəmə iddianı təmin edərkən qanunsuz olaraq MM-nin 14.2.7, 386.1, 1091 və 1092-ci maddələrinə əsaslanmışdır. İddianı təmin edən birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibəti mülki hüquq münasibəti hesab etməklə Cavabdeh borcunun olması verdiyi iltizamnaməni mülki hüquqi müqavilə hesab etmişdir. Halbuki qeyd edilən qərara görə əmək münasibətləri mövcud olduğu halda belə bir müqavilənin bağlanması yolverilməzdir və iddianın təmin edilməsi üçün əsas ola bilməzdi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh əməkdaşlıq etdikləri 19 mağazadan əldə etdiyi 25389 manat məbləğində pulu şəxsi məqsədləri üçün istifadə etdiyini etiraf etmişdir. Cavabdeh mənimsədiyi malların adlarını və məbləğini qeyd edərək ümumilikdə 25389 manat məbləğində pul mənimsədiyini bildirərək siyahı tərtib etmiş və imzalamışdır. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh İddiaçı MMCdə işlədiyi müddət ərzində əməkdaşlıq etdikləri 19 mağazada aldığı pul vəsaitlərini - 25389 manat məbləğində pulu şəxsi məqsədləri üçün mənimsəmişdir. Bu hal Cavabdeh tərəfindən yazılmış və imzalanmış iltizamla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrumolanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək Cavabdeh 25389 (iyirmi beş min üç yüz səksən doqquz) manat məbləğində pulun və 167 (bir yüz altmış yeddi) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəflər arasında yaranmış münasibəti mülki hüquq münasibəti hesab etməklə Cavabdeh borcunun olması barədə verdiyi iltizamnaməni mülki hüquqi müqavilə hesab etmişdir. Cavabdehla İddiaçı MMC arasında olan münasibət faktiki olaraq əmək münasibətləridir. Onlar arasında hər hansı bir mülki müqavilə bağlanmamışdır. Ona görə də yaranımş münasibətlərə mülki qanunvericilik tələb oluna bilməzdi. Məhkəmə iddianı təmin edərkən qanunsuz olaraq MM-nin 14.2.7, 386.1, 1091 və 1092-ci maddələrinə əsaslanmışdır. İddianı təmin edən birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibəti mülki hüquq münasibəti hesab etməklə Cavabdeh borcunun olması barədə verdiyi iltizamnaməni mülki hüquqi müqavilə hesab etmişdir. Halbuki qeyd edilən qərara görə əmək münasibətləri mövcud olduğu halda belə bir müqavilənin bağlanması yolverilməzdir və iddianın təmin edilməsi üçün əsas ola bilməzdi. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Belə ki, cavabdehin satdığı mallara görə həmin satılmış malların dəyərinin 5%-i məbləğində ona haqq verilməsi tərəflər arasında əmək münasibətlərinin mövcudluğunu təsdiq etmir. Bundan əlavə, cavabdeh özünə məxsus avtomobillə iddiaçıya xidmət göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində yuxarıda qeyd olunan dəlillər öz təsdiqini tapmamış, cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Buna görə apellyasiya şikayətinin qeyd olunan dəlilləri əsassızdır. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh 25389 manat məbləğində pul mənimsəməsinə dair izahatın onun tərəfindən yazılması, imzalanması və ya məzmununu mübahisələndirməmiş, lakin həmin izahatı hədə-qorxu altında yazdığını, həmin pulun əslində onun əmək haqqı olduğunu, borcunun əvəzində özünə məxsus avtomobili iddiaçı tərəfə verdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında cavabdehin iddiaçıya məxsus pulu mənimsəməsini etiraf etməsi barədə özünün sərbəst iradəsinə əsaslanaraq yazılan izahat ərizəsindən ibarət sübutun mötəbərliyini şübhə altına alan hər hansı əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, e-2(060)-2757/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar