Məhkəmə qərarları › İş №2(105)-196/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-196/2022

23.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-196/2022 23.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh1 və onun nümayəndəsi - vəkili Vəkil1, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(012)-85/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinin boşaldılmasına dair iddia ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsində cavabdehlərin inşa etdikləri qanunsuz tikililərin sökülməsi, zəbt etdikləri torpaq sahələrinin boşaldılması və cavabdehlər tərəfindən vurulmuş ziyanın əvəzi olaraq ona 8000 manat məbləğində təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(012)-85/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinin boşaldılmasına dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(105)-334/2021 saylı qətnaməsi (sədrlik edən və məruzəçi hakim T.O.Quliyev, hakimlər G.F.Tağızadə və L.M.Məmmədova) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(012)-85/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və mülki işin təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli 2(102)-3470/2021 saylı qərarı (sədrlik edən və məruzəçi hakim A.Q.Hüseynov, hakimlər Ə.G.Nurməmmədov və İ.K.Xəlilov) ilə iddiaçının kassasiya şikayəti təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərkən ərizəsini onunla əsaslandırmışdır ki, o, 05 noyabr 2013-cü il tarixdə X2 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.3864 ha torpaq sahəsindən 0,15 ha torpaq sahəsini 5500 manata notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən almış, həmin əmlaka Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış almışdır. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 21 noyabr 2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü haqda çıxarışına əsasən ona məxsus torpaq sahəsinin yeri müəyyən edilmişdir. Həmin torpaq sahəsinin 0.0205 ha hissəsi Cavabdeh1, 0.0166 ha-dan ibarət hissəsi Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilmişdir. O, şifahi şəkildə cavabdehlərə ona məxsus qanunsuz zəbt etdikləri torpaq sahəsini boşaltmağı xahiş etsə də, onlar tərəfindən əmlakın boşaldılması ilə bağlı heç bir hərəkət edilməmişdir. Ona görə də, mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsində cavabdehlərin inşa etdikləri qanunsuz tikililərin sökülməsi, zəbt etdikləri torpaq sahələrinin boşaldılması və cavabdehlər tərəfindən vurulmuş ziyanın əvəzi olaraq ona 8000 manat məbləğində təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ : İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 28 fevral 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələləbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1, həmçinin Cavabdeh2 apellyasiya şikayətinə etiraz edib, birinci intansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməməsini, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X1 göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mübahisələndirilən torpaq sahələri üzrə “torpaq sahəsinin planı və ölçüsü”ndəki döngə nöqtələrinin koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə naturada təyin edilmiş, eyni zamanda torpaq sahələrinin coğrafi vəziyyəti təqdim edilmiş sənədlər toplusundakı məlumatlara uyğunsuzluq təşkil edir. Sözügedən torpaq sahələrinin və ərazidə yerləşən qonşu torpaq sahələrinin DWG sürüşmə fərqləri mövcuddur. Bu səbəbdən sənəd üzrə torpaq sahələri üzrə torpaq sahələri ilə faktiki istifadədə olan torpaq sahələri arasında uyğunsuzluqlar mövcuddur. Sürüşmə məsələlərinin kökü dövlət aktlarına, şəhadətnamələrə gedib çıxır. Çünki əvvəllər başqa koordinat sistemi mövcud olmuş, sonradan torpaq reyestrində qeydiyyat aparılarkən baza məlumatları köçürülərkən təzə koordinat sisteminə bütün koordinatlar pay torpaqlarının dövlət aktlarında, şəhadətnamələrində olan koordinatlar əsasında köçürülmüş ki, bu zaman texniki səhvlər baş vermiş və torpaq sahələri koordinat sistemində bir istiqamətdə sürüşübdür. Əgər şəxsin torpaq sahəsinin mövcud olan çıxarışının koordinatları başqa yerə düşürsə bu sürüşmədir. Hazırda bir çox sahələr üzrə koordinatlar faktiki yerlərlə uyğun gəlmədiyindən Azərbaycan Respublikasının Prezidentinin məlum sərəncamına əsasən koordinat sistemində olan uyğunsuzluq və çatışmamazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh3 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmənin növbəti iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh3 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ : Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 110. Torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliyinin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin ii bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ : Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində 0.15 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçı qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində 0.271838 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh3 qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində 0.10 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi, iddiaçı və cavabdehlərin iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. İş materiallarına əsasən RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı kənd təsərrüfatı təyinatlı mülkiyyətində olan 0.15 ha və RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Cavabdeh1 kənd təsərrüfatı təyinatlı mülkiyyətində olan 0.10 ha torpaq sahələrinin aid plan və ölçüləri təqdim olunmuşdur. Kameral şəraitdə elektron kadastr məlumat bazasında iş araşdırılarkən sözügedən ərazidən dövlət aktları əsasında verilmiş ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktikii istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri inşa edərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş evlər torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsinin koordinatlarına uyğun yerləşmə yeri və həmin torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olub-olmamasının araşdırılması mümkün olmamışdır (cild 1, i.v.97-99). Birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi, iddiaçı və cavabdehlərin iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. İş materiallarına əsasən RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı kənd kənd təsərrüfatı təyinatlı mülkiyyətində olan 0.15 ha və RX seriyalı, ******* saylı torpaq sahələrinə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Cavabdeh1 kənd təsərrüfatı təyinatlı mülkiyyətində ola 0.10 ha torpaq sahələrinə aid plan və ölçüləri təqdim olunmuşdur. Kameral şəraitdə elektron kadastr məlumat bazasında iş araşdırılarkən sözügedən ərazidən Dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri inşa edərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş evlər torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin (çıxarış və torpaq sahəsin plan və ölçüsü) ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənib-işlənməməsinin, Cavabdeh1 faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun olub-olmamasının araşdırılması mümkün olmamışdır (cild 1, i.v.112-114). Birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi və cavabdehlərin iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. İş materiallarına əsasən RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.15 ha və RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.271838 ha torpaq sahələrinə aid olan və ölçüləri təqdim olunmuşdur. Vətəndaşların bir qismində kənd təsərrüfatı təyinatlı torpaqlarından kənd təsərrüfatı məhsullarının istehsalı üçün çıxarışlar, digər qismində ləğv edilmiş DTXK-si tərəfindən Dövlət aktları əsasında DƏDRX-də qeydiyyata alınmış çıxarışlar verilmişdir. Kameral şəraitdə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yer quruluşu layihəsinə əsasən iş araşdırılarkən keçmiş DTXK-si tərəfindən verilmiş Dövlət aktı köhnə koordiinat sistemində olduğundan sözegedən ərazidən Dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq mütəxəssis tərəfindən işin araşdırılması mümkün olmamışdır (cild 1, i.v. 146-148). Birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş, Hüquq və Torpaq məsələləri MMC-nin xx.xx.2019-cu il tarixli, 106 saylı məktubuna əlavə olunmuş rəydən görünür ki, İddiaçı 0.15 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri (çıxarış və torpaq sahəsinin plan və ölçüsü) ərazinin pay torpaqlarının bölgü layihəsinə və onun mülkiyyətində olan torpaq sahəsinə uyğun işlənilməmişdir, 12 m cənub tərəfə sürüşdürülmüşdür. Cavabdeh1 faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğundur. Cavabdeh2 faktiki istifadəsinə və Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğundur. Cavabdeh1 ərazi pay torpaqlarının bölgü layihəsinə əsasən İddiaçı torpaq sahəsini zəbt etməmişdir. Cavabdeh2 və arvadı Cavabdeh3 ərazi pay torpaqlarının bölgü layihəsinə əsasən İddiaçı torpaq sahəsini zəbt etməmişdir (cild 1, i.v. 157-159). Göründüyü kimi yuxarıda qeyd edilən 4 mütəxəssis rəyindən 3-ü Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən, biri isə cavabdeh tərəfin təqdim etdiyi müstəqil mütəxəssis rəyindən ibarət olmuş, əvvəlki 3 rəy eyni nəticəni qeyd edərək mübahisə tərəflərinin mülkiyyətində olan torpaq sahələrinin döngə nöqtələri-koordinatları ləğv edilmiş DTXK-si tərəfindən verilmiş Dövlət aktlarındakı köhnə koordiinat sistemində olduğundan sözegedən ərazidən Dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışlara aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından, həmçinin əvvəllər pay torpağı kimi verilmiş torpaq sahələrində tikinti işləri aparıldığından torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur ki, bu səbəbdən də mütəxəssis tərəfindən işin araşdırılmasının mümkün olmaması qeyd edilmişdir. Digər 4-cü - müstəqil mütəxəssis tərəfindən verilmiş rəydə isə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri (çıxarış və torpaq sahəsinin plan və ölçüsü) ərazinin pay torpaqlarının bölgü layihəsinə və onun mülkiyyətində olan torpaq sahəsinə uyğun işlənilməməsi, yəni 12 metr cənub tərəfə sürüşdürülməsi, cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələrinin ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun olduğundan cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsinin zəbt edilməməsi qeyd edilmişdir. Mübahisə üzrə qətnamə qəbul etmiş məhkəmələr məhz yuxarıda istinad edilən mütəxəssis rəylərinə əsaslanaraq iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişlər. Lakin iddiaçının kassasiya şikayəti əsasında qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli 2(102)-3470/2021 saylı qərarında göstərilən hüquqi mövqeyinə, həmçinin tərəflərin iş üzrə ekspertiza təyin edilməklə mübahisəyə son qoyulması barədə vəsatətlərinə əsaslanaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın koordinatlarına uyğun olaraq 0.15 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın koordinatlarına uyğun olaraq 0.10 ha torpaq sahəsinə və Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın koordinatlarına uyğun olaraq 0.271838 ha torpaq sahəsinə dair ilkin sənədlər iş materiallına əlavə olunmadığına görə mütəxəssis rəyində buna münasibət bildirilməmişdir. Tərəflərin mülkiyyətlərinə verilmiş torpaq sahələrinin plan və ölçü sxemlərində qeyd olunan koordinatlara əsasən “Google Yer” proqramı vasitəsilə tərtib olunmuş plan-sxemdən görünür ki, iddiaçının və cavabdehlərin torpaq sahələri arasında 5.44-6 metr eni olan boş sahə mövcuddur və həmin boş sahə (zolaq) baxış zamanı torpaq sahələrinin yuxarı tərəfindən keçən yolun ölçü və konfiqurasiyasına uyğundur. Baxış zamanı əldə olunmuş məlumatlara, mülki iş materiallarına və 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus çıxarışa uyğun sahənin cavabdehlərə məxsus çıxarışla uyğun sahələr tərəfindən tutulmadığı müəyyən olundu. Belə ki, tərəflərin mülkiyyətlərinə verilmiş torpaq sahələrinə dair tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən mübahisəli torpas sahələrinin koordinatları üst-üstə düşmür. Lakin faktiki vəziyyət üzrə İddiaçı məxsus 0.15 ha torpaq sahəsinə dair tərtib olunmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələrinin üzərinə, cavabdehlərin torpaq sahələrinin koordinatları isə həmin sahələrdən aşağıda yerləşən yolun və qonşu sahələrin üzərinə düşür. Bu hal həmin ərazi üzrə torpaq sahələrinin koordinatlarında ümumi sürüşmənin olması ilə bağlıdır və bu sürüşmə ekspert rəyinə əlavə olunmuş sxemdə açız şəkildə öz əksini tapır. Qeyd edilən ekspertiza rəyinin verilməsilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, hazırkı iş üzrə məhkəmə tikintitexniki ekspertizasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli qərardadının icrası ilə bağlı mütəxəssis tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ərazidə ümumi DWG uyğunsuzluğu mövcuddur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Mehdiabad qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Dövlət Aktına əsasən verilmiş İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.15 ha torpaq sahəsinin plan-ölçüsünün döngə nöqtələrinin koordinatları, Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışə əsasən 0.10 ha torpaq sahəsinin plan-ölçüsünün döngə nöqtələrinin koordinatları, Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.271838 ha torpaq sahəsinin plan-ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı, ərazidə yerləşən qonşu torpaq sahələrinin ümumi DWG sürüşmə fərqləri mövcud olduğu üçün sualların cavablandırılması mümkün olmamışdır. Göründüyü kimi, məhkəmə kollegiyasının qərardadına əsasən təyin edilmiş espertizanın keçirilməsi zamanı səlahiyyətli orqanın məktub və mütəxəssis rəyindən də müəyyən olunduğu kimi mübahisəsi aparılan torpaq sahələrinin aidiyyəti olan Abşeron rayonunun Mehdiabad qəsəbəsində pay torpaqları verilərkən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmış, yəni ərazidə yerləşən qonşu torpaq sahələrinin ümumi DWG sürüşmə fərqləri mövcud olmuşdur. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirmə işləri əsasında elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparılmaqla torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. İşin tədqiq edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, sadalanan mütəxəssis rəylərində Abşeron rayonu, Mehdiabad qəsəbəsində dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışlara aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların (sürüşmələr) qeydə alınması barədə nəticələri pay torpağı kimi verilmiş torpaq sahələrində tikililər tikildiyindən torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Tərəflərin mülkiyyətlərinə verilmiş torpaq sahələrinin plan və ölçü sxemlərində qeyd olunan koordinatlara əsasən “Google Yer” proqramı vasitəsilə tərtib olunmuş plansxemdən göründüyü kimi iddiaçının və cavabdehlərin torpaq sahələri arasında 5.44-6 metr eni olan boş sahə mövcuddur və həmin boş sahə (zolaq) baxış zamanı torpaq sahələrinin yuxarı tərəfindən keçən yolun ölçü və konfiqurasiyasına uyğundur. Məhkəmə kollegiyasının iclasında tərəflərin təqdim etdikləri mübahisəli torpaq sahələrinin foto-şəkillərindən da müəyyən olunur ki, iddiaçı və cavabdehlərə məxsus torpaq sahələri qarşı-qarşıya yerləşməklə ekspertin də müəyyən etdiyi kimi aralarından 5.44-6 metr enində yol keçir. Fotolardan müəyyən olunduğu kimi Cavabdeh1 məxsus torpaq sahəsi daş hasara alınmaqla içərisində iki mərtəbəli evin tikilməsi, digər cavabdehlərə məxsus torpaq sahəsi dəmir torla hasara alınması, iddiaçıya məxsus torpaq sahəsinin isə boş sahə kimi cavabdehlərə məxsus sahələrlə üzbəüz yerləşir. Eyni zamanda ekspert rəyində qeyd edildiyi kimi tərəflərin mülkiyyətlərinə verilmiş torpaq sahələrinin arasında olan eni 5.44-6 metr olan boş sahə (zolaq) torpaq sahələrinin yuxarı tərəfindən keçən yolun ölçü və konfiqurasiyasına uyğundur. Bu halla bağlı da iddiaçı münasibət bildirərkən qeyd etdi ki, foto-şəkillərdən də görünən Cavabdeh1 evinin yuxarı tərəfindəki tikililər də səhv tikilərək onlarla üzbəüz yerləşən qonşu torpaqlarının yerlərinə sürüşdüyündən həmin tikililərində sökülməsi zəruridir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə səlahiyyətli orqanın mübahisəli torpaq sahələrilə bağlı məhkəməyə ünvanladığı rəsmi münasibətdə, həmçinin mütəxəssis və ekspert rəyində müəyyən olunmuş işin halına dair nəticəyə uyğun olaraq cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi müəyyən edilmir, bu baxımdan apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmaqla tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş ki, bu da Azərbaycan Respublikasının MPMnin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizası tədqiqatının dəyəri - 50 (əlli) manat İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 372, 382, 384.0.1, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Abşeron Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(012)-85/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri - 50 (əlli) manat İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar