Məhkəmə qərarları › İş №2(105)-196/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-196/2024

08.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-196/2024 08.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), X12 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçılar İddiaçı1 (sonuncu iclasda iştirak etmir), İddiaçı2, onların vəkili eyni zamanda İddiaçı1 nümayəndəsi Vəkil2 və İddiaçı3, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2023cü il tarixli, 2(060)-4874/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi fərdi evdə yaşayan İddiaçı3 qaynatası Cavabdeh onu döyməsi barədə aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilməsi və Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır.

2. Sumqayıt Bələdiyyəsi Yeni Yaşayış Massivi 2A məhəllə üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 və iki azyaşlı övladları ilə birlikdə Sumqayıt şəhəri, “Yaşıl Dərə” Yeni yaşayış massivi 2A, ev 55-də qeydiyyatsız yaşayırlar. 3 Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2006-cı il tarixli qətnaməsindən “Çıxarış”ın surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında 30 avqust 1987-ci il tarixdə Laçın rayon VVADQ şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir.

4. İş materialları ilə müəyyən edilir ki, İddiaçı2 ilə İddiaçı3 28 mart 2018-ci il tarixdə nikaha daxil olmuş, bu nikahdan xx.xx.2018- ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X7 doğulmuşdur.

5. Yeni Yaşayış Massivi 2A məhəllə üzrə 1 saylı Məhəllə Komitəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı1, İddiaçı2 ailəsi ilə birgə 2004-cü ildən Yaşıl Dərə Yeni yaşayış massivi 2 A məhəlləsində yerləşən fərdi evdə məcburi köçkün kimi məskunlaşmışlar.

6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4641/2014 nömrəli, 30 iyul 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı mənzilə yaşayış hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya icraatı zamanı təqdim edilmiş:

7. Yeni Yaşayış Massivi 2A məhəllə üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2024-cü il tarixli, 02 nömrəli arayışının məzmunundan görünür ki, X8 2023-cü il tarixədək ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda qeydiyyatsız yaşayıb.

8. AR DSX-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X4 2015-2020-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır. xx.xx.2015 giriş-xx.xx.2015 çıxış, xx.xx.2015 girişxx.xx.2016 çıxış, xx.xx.2016 giriş-xx.xx.2016 çıxış, xx.xx.2016 giriş-xx.xx.2016 çıxış, xx.xx.2017 giriş-xx.xx.2017 çıxış,xx.xx.2018 giriş-xx.xx.2018 çıxış, xx.xx.2020 giriş.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların hazırda Cavabdeh yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi 2a ünvanında yerləşən 55 saylı fərdi yaşayış evinə ailə üzvləri ilə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

10. İddia tələbi belə əsaslandırılıb ki, İddiaçı1 cavabdehlə 1987-ci ildə ailə həyatı qurmuş və onların birgə nikahlarından 2 övladları anadan olmuşdur. Cavabdehlə birgə nikah dövründə Laçın rayonundan məcburi köçkün düşməklə bir müddət müxtəlif ünvanlarda kirayələrdə yaşamış və 2004-cü ildə isə birgə vəsait hesabına cavabdehin hazırda yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, 2a ünvanında yerləşən 55 saylı fərdi yaşayış evini inşa etməklə bu evdə yaşamışlar. Lakin cavabdeh onu yola verməmiş və tez-tez aralarında mübahisələr olmuş və bu səbəbdən də məhkəmə qətnaməsinə əsasən aralarındada bağlanmış nikah ləğv edilmişdir. Qeyd edilən evin həyətində o, boşandıqdan sonra öz şəxsi vəsaiti ilə mağaza tikərək sahibkarlıqla məşğul olmuş, lakin cavabdeh buna da imkan verməmişdir. Cavabdeh yalnız onunla deyil, oğlu digər İddiaçı2la və onun həyat yoldaşı İddiaçı3 ilə də yola getməmiş, mütəmadi olaraq bu evdə dava-dalaş salmış və sonuncu dəfə xx.xx.2023-cü ildə cavabdeh hamını bu evdən qovmuş və bildirmişdir ki, «ev mənimdir, heç birinizin bu evdə yaşamağa haqqı yoxdur». Halbuki bu evi onlar birgə vəsaitləri hesabına tikmiş yaşamış, onların bütün əmlakları həmin evdədir və məcburi köçkün kimi də bu evdə məskunlaşmışlar. Digər İddiaçı2 da bu həyətdə evlilik dövründə əlavə tikililər inşa etmiş, lakin cavabdeh onları bu evdən qovaraq bütün evə sahib çıxmağa çalışır, onların isə bu evdən başqa digər daimi yaşayış yerləri yoxdur.

11. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Gülnarə Tağızadə) 20 sentyabr 2023-cü il tarixli, 2(060)-4874/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 azyaşlı uşaqları X13 və X14 oglu ilə Cavabdeh yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi 2a ünvanında yerləşən 55 saylı fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 cavabdehlə uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi Sumqayıt şəhəri, “Yaşıl dərə” yeni Yaşayış massivi 2-ci məhəllə ünvanında yerləşən 55 saylı fərdi yaşayış evində yaşadığından, özünün və oğlu İddiaçı2, gəlini İddiaçı3 nəvələri ilə birlikdə oraya köçürülmələrini tələb etməkdə haqlı olmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da ailə üzvləri ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə Cavabdeh İddiaçı1 tərəfindən ona qarşı mənzil tələbi ilə bağlı 2014-cü ildə iddia qaldırması, həmin iddia məhkəmə tərəfindən rədd edilməsi və hazırda yenidən məhkəməyə müraciət edilməsinin düzgün olmamagı barədə dəlili ilə razılaşmamış və həmin hissədə qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4641/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı “mənzilə yaşayış hüququnun tanınması” tələbi təmin edilməmişdir. Həmin qətnamə ilə iddiaçı tərəfindən mənzilə köçürülmə barədə tələb irəli sürülməmişdir. Yekun olaraq məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 2004-ci ildə özlərinə məxsus olan əmlaklarını mübahisəli evə yerləşdirərək orada məskunlaşmaları, ümumi təsərrüfat aparmaları, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşamaları və başqa yerdə yaşayış yerlərinin olmaması əsaslarını nəzərə alaraq iddia tələbini təmin etmişdir.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 27.1, 180, 228.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 2 saylı Qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununa, “İnsan Hüquqları və X5 Haqqında Konvensiya” nın müvafiq maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(060)-4874/2023 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İddia tələbini təmin edərkən məhkəmə iş materiallarında olan Sumqayıt şəhəri, Yeni Yaşayış Massivi 2A məhəllə üzrə 1 saylı Məhəllə Komitəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli akta istinad edərək, İddiaçı1 və İddiaçı2, ailəsi ilə birgə 2004-cü ildən Yaşıl Dərə Yeni yaşayış massivi 2 A məhəlləsində yerləşən fərdi evdə məcburi köçkün kimi məskunlaşmalarını əsas götürmüşdür. Lakin, işə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4641/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı “mənzilə yaşayış hüququnun tanınması” tələbi təmin edilməmişdir. Bundan başqa cavabdeh tətəfindən iddia tələbinə rəsmi şəkildə edilmiş etiraz ərizəsinə əlavə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 19 saylı Mənzil-Kommunal sahəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 752 saylı ailə tərkibi barədə arayışdan və qonşuların iştirakı ilə tərtib edilmiş aktdan da görünür ki, iddiaçı və cavabdehin, ailə üzvləri ilə birlikdə 2002-2006-cı illərdə ünvan 6 ünvanında məcburi köçkün kimi məskunlaşaraq yaşadıqları, iddiaçı G.Quliyevanın isə 2006-cı ildən cavabdeh ilə bir yerdə yaşamadığı, qeyd olunan mübahisəli fərdi yaşayış evində hazırda cavabdehin tək yaşadığı əks olunmuşdur. İşə əlavə edilmiş ərizənin surətindən görünür ki, digər İddiaçı2, xx.xx.2014-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinə ünvanladığı ərizəsində anası G.Quliyevanın 2006-ci ildə onların və onun xəbəri olmadan məhkəmə qərarı ilə boşanaraq çıxıb getdiyini, yüngül həyat tərzi keçirdiyini və anasının hərəkətlərini qeyrətinə sığışdıra bilmədiyinə görə analıq statusunun onun üzərindən götürülməsini, yaşadığı evin cavabdehin (atasının) zəhməti və vəsaiti hesabına tikildiyini qeyd edərək anası tərəfindən atasına qarşı haqsızlığa son qoyulmasını xahiş etmişdir. G.Quliyeva boşandıqdan sonra Türkiyə, Rusiya və Ukraynada yaşamışdır. Lakin işə baxan məhkəmə tərəfindən qeyd edilən xüusatlar araşdırılmadan, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4641/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə isə heç bir hüquqi qiymət verilmədən iddia tələbi təmin edilmişdir. Bundan əlavə iddiaçılardan İddiaçı2, arvadı İddiaçı3 ilə birlikdə mübahisəli yaşayış sahəsini könüllü olaraq tərk edib getmişlər. İddiaçı1, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 60-cı maddəsinin 2-ci hissəsində qeyd edilən istina hallarından hər hansı birinin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı1 Cavabdeh ilə nikahları ləğv edildiyi 2006-cı il tarixdən etibarən mübahisəli mənzildə yaşamamış, 2014-cü il tarixdə isə mübahisəli mənzilə yaşayış hüququnun tanınmasına dair iddiası məhkəmə qətnaməsi ilə təmin edilməmişdir. İş materiallarına iddiaçı tərəfindən təqdim edilən Sumqayıt Bələdiyyəsi YeniYaşayış Massivi 2A məhəllə üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışı (həmin arayışda İddiaçı1, İddiaçı2 və İddiaçı3 və iki azyaşlı övladları ilə birlikdə Sumqayıt şəhəri,“Yaşıl Dərə” Yeni yaşayış massivi 2A, ev 55-də qeydiyyatsız yaşadıqları qeyd edilmişdir) mötəbər sübut deyildir. Belə ki, cavabdeh tərəfindən təqdim edilən Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 19 saylı Mənzil-Kommunal sahəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 752 saylı ailə tərkibi barədə arayış və qonşuların iştirakı ilə tərtib edilmiş akt, iddiaçının bu faktını təkzib edib, şübhə altına almışdır. Beləliklə işə baxan məhkəmə heç bir ciddi araşdırma aparmadan, əsassız iddianı təmin etməklə, onun hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavadehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, cavabdehlə iddiaçı birgə nikah dövründə Laçın rayonundan məcburi köçkün olaraq 2007-ci ilə kimi müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 19 saylı Mənzil-Kommunal sahəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 752 saylı ailə tərkibi barədə arayışdan da görünür ki, cavabdeh və ailə üzvləri 2002-2006-cı illərdə ünvan 6 ünvanında məcburi köçkün kimi məskunlaşaraq yaşamışlar. Qonşuların iştirakı ilə tərtib edilmiş aktdan da görünür ki, G.Quliyeva 2006-cı ildən cavabdehlə bir yerdə yaşamır, Qeyd olunan mübahisəli fərdi yaşayış evində hazırda cavabdeh tək yaşayır. Sumqayıt Şəhər Məhkəməsinin 2-175-2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə G.Quliyeva ilə cavabdeh arasında 30 avqust 1984-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. G.Quliyeva həmin vaxtdan çıxıb Türkiyəyə getmişdir. Daha sonra mübahisəli evə istifadə hüququnun tanınması barədə məhkəmədə iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia tmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. 2006-cı ildə tərəflər arasındakı nikah pozulduqdan sonra cavabdeh Rusiyada yaşayan qardaşının maddi dəstəyi hesabına mübahisəli evi istismara yararlı vəziyyətə gəirmiş və orada yaşamışdır. Hazırkı mübahisəyə qədər həmin evdə cavabdeh oğlu və gəlini ilə birlikdə yaşamışdır. Hazırkı iddianın təmin edilməsinə isə qəti şəkildə etiraz edir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(060)-4874/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbuıl edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçıların vəkili, eyni zamanda digər İddiaçı1 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət tam əsassızdır və formal müıahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsi iş üzrə qanuni və ədalətli qətnamə qəbul etmişdir. Mübahisəli ev İddiaçı1 ilə cavabdeh tərəfindən 2003-2004-ci illərdə inşa edilmiş və həmin vaxtdan tərəflər ailə üzvü kimi bu ünvanda yaşamışlar. Daha sonra 2006-cı ildə İddiaçı1 ilə Cavabdeh arasında nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Buna səbəb ailədaxili münasibətlərin pozulması olmuşdur. Lakin tərəflər yenə də mübahisəli evdə yaşamışlar. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı1 mübahisəli evdən istifadə hüququnun tanınmasına dair iddiasının rədd edilməsinin əsasını isə evin mülkiyyət sənədinin olmaması təşkil etmişdir. İddiaçı1 2015-2020-ci illərdə Türkiyədə xəstə baxıcısı kimi işləmiş və bu illərdə 2-3 aylıq ara ilə Azərbaycana qayıtmışdır. Ölkəyə qayıtdıqda isə mübahisəli evdə yaşamışdır. Digər İddiaçı2 isə daimi şəkildə həmin evdə yaşamışdır. 2017-ci ildə evlənmiş və İddiaçı3 da bu evə gəlin köçmüşdür. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi 19 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli, 752 saylı arayışı isə cavabdehin yanlış məlumatları əsasında tərtib olunmuşdur. Bunu yenə həmin MKS-in xx.xx.2023-cü il tarixli arayışı və 122 saylı aktı təsdiq edir. Cavabdeh 2023cü ilin yay aylarında sonuncu münaqişə zamanı iddiaçıları evi tərk etməyə məcbur etmiş və bir daha evə buraxmamışdır. İddiaçıların bütün əşya əmlakları həmin evdədir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, şikayət tam əsassızdır və formal müıahizələrdən ibarətdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Mübahisəli ev 2003-2004-ci illərdə inşa edilmiş və həmin vaxtdan tərəflər ailə üzvü kimi bu ünvanda yaşamışlar. 2006-cı ildə Cavabdehla aralarındakı nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Lakin tərəflər yenə də mübahisəli evdə yaşamışlar. Həmin ünvanda iddiaçının adına VÖEN açılmış və iddiaçı fərdi sahibkar kimi fəaliyyət göstərmişdir. O, 2015-2020-ci illərdə Türkiyədə xəstə baxıcısı kimi işləmiş və bu illərdə mütəmadi olaraq Azərbaycana qayıtmışdır. Ölkəyə qayıtdıqda isə mübahisəli evdə yaşamışdır. Oğlu İddiaçı2 isə daimi şəkildə həmin evdə yaşamışdır. 2017-ci ildə evlənmiş və İddiaçı3 da bu evə gəlin köçmüşdür. Cavabdeh 2023cü ilin yay aylarında sonuncu münaqişə zamanı iddiaçıları evi tərk etməyə məcbur etmiş və bir daha evə buraxmamışdır. Onların bütün əşya əmlakları həmin evdədir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, şikayət əsassızdır. O, mübahisəli evdə 2004-cü ildən 2023-cü ilin yayınadək (sonuncu münaqişə tarixi) yaşamışdır. Həmin ünvandan 2005-ci ildə hərbi xidmətə getmiş, 2006-cı ildə hərbi xidmətdən həmin evə qayıtmışdır. 2017-ci ildə ailə həyatı qurmuş və bu evə gəlin gətirmişdir. Cavabdeh 2023-cü ilin yay aylarında sonuncu münaqişə zamanı iddiaçıları evi tərk etməyə məcbur etmiş və bir daha evə buraxmamışdır. Onların bütün əşya əmlakları həmin evdədir. Həmin evə ehtiyacları vardır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, şikayəti qəbul etmir. Cavabdeh onun qaynatasıdır. 2017-ci ildə ailə həyatı qurmuş və bu evə gəlin köçmüşdür. Cavabdeh 2023-cü ilin yay aylarında sonuncu münaqişə zamanı onu psixi təzyiqlə evi tərk etməyə məcbur etmişdir. Onların bütün əşyaları həmin evdədir. Həmin evə ehtiyacları vardır. Ona görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyasının

43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”.

23. Azərbaycan Respublikası Mənzil Məcəlləsi 1982-ci il redaksiyalı (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş)

Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanma köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123.1. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

25. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir.

26. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(060)-4874/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İddia tələbinin mahiyyətindən görünür ki, tələb qeydiyyata alınmamış yaşayış evinə köçürülmə barədədir.

31. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”.

32. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.

33. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı tərəf köçmək istədiyi evdə yaşayıb və keçmiş əri güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır.

34. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

35. İşin faktiki hallarına görə iddiaçılar tələbinin əsası kimi ona istinad edirlər ki, mübahisəli fərdi yaşayış evi iddiaçı Gülxar Quluyev ilə cavabdehin nikahda olduqları vaxt 2004-cü ildə onların hər ikisinin birgə vəsaiti hesabına tikilib, istifadəyə yararlı vəziyyətə salınmışdır.

36. Cavabdeh tez-tez ailədaxili münaqişələr yaratdığından tərəflər arasında rəsmi nikah 2006-cı ildə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. İddiaçı bundan sonra da mübahisəli evdə yaşamışdır. İddiaçıların iddiasına görə İddiaçı1, həm digər İddiaçı2, yoldaşı İddiaçı3 iki azyaşlı övladları ilə birlikdə xx.xx.2023-cü il tarixədək mübahisəli mənzildə yaşamışlar. Lakin qeyd edilən tarixdə cavabdeh onları məcburi şəkildə evdən çıxartmışdır.

37. Araşdırılan işin faktiki halları ilə müəyyən olundu ki, iddiaçı G.H.Quliyeva Cavabdeh ilə 1987-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onlar Laçın rayonundan məcburi köçkün düşmüşlər. 1992-ci ildən 2004-cü ilədək müxtəlif ünvanlarda kirayə yaşamışlar. Daha sonra 2004-cü ildə hazırkı mübahisə predmetini təşkil edən fərdi yaşayış evini birgə vəsait hesabına inşa etmiş, tərəflər arasında mübahisə yaranan xx.xx.2023-cü il tarixinədək həmin ünvanda yaşamışlar.

38. Tərəflərin birgə nikahından olan övladları (digər iddiaçı) İddiaçı2 2018-ci ildə ailə həyatı qurmuş və sonuncunun arvadı (digər iddaçı) İddiaçı3 sözügedən yaşayış evinə gəlin köçməklə, həmin evdə birlikdə təsərrüfat idarə etmişlər. Sonuncuların birgə nikahdan dünyaya gələn iki azyaşlı övladları xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X7 da məhz bu ünvanda yaşamışdır.

39. İşin mübahisəsiz halından görünür ki, tərəflər keçmiş ər-aravad və oğul-gəlin münasibətində olmaqla, “ailə üzvü” statusuna malik olan şəxslərdəndirlər. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı X8 ərindən boşandıqdan sonra da oğlu və gəlini ilə birlikdə həmin ünvanda yaşamaqda davam etmişdir.

40. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya belə nəticəyə gəlir ki, iddiaçıların evdən çıxarılması və sonuncuların evə buraxılmaması heç də könüllü deyil, cavabdehlə münasibətlərin pozulması səbəbindəndir.

41. Bundan əlavə təqdim olunmuş sənədlərdə müəyyən edilir ki, iddiaçı X8 mübahisəli yaşayış evindən iddiaçının qeyd etdiyi kimi heç də daimi olaraq çıxıb getməmiş, onun ölkədən çıxması da göründüyü kimi müvəqqəti xarakterli olmuşdur. Bundan əlavə müəyyən olunur ki, hətta X8 hərdən xarici ölkəyə gedib-gəlsə də, digər iddiaçılar daimi olaraq həmin evdə yaşamaqla, təsərrüfatı idarə etməkdə davam etmişlər.

42. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya həm də qeyd edir ki, iddiaçıların yаşаyış sаhəsinə olan ehtiyаcı heç də kənarda hansısa yaşayış sahəsi ilə təmin оlunmadığına görə, onlar hazırda mübahisələndirilən yаşаyış sаhəsi ilə ehtiyаclаrını təmin etmək məcburiyyətindədirlər. Əks halda cavabdehin davranışı iddiaçıların maneəsiz və toxunulmaz yaşamaq hüquqlarının pozulmasına və sonuncuların hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də onların «nаrаhаt» оlmаsı üçün əsаs olan amillərdəndir.

43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılardan Gülxar Quliyeva və Əzər Əhmədov yaşayış evi tikildiyi ilk gündən, İddiaçı3 isə gəlin köçdüyü tarixdən mübahisəli ünvanda fasiləsiz olaraq ailə üzvləri ilə birlikdə yaşamaqla təsərrüfat aparması həm iddiaçıların, həm də cavabdeh tərəfin etirazı tam sübuta yetir. Beləliklə də, iddiaçılar qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri qaydasında mübahisəli yaşayış sahəsindən istifadə etmək, yaşamaq hüququ əldə etmişdir.

44. Kollegiya belə qənaətə gəlir ki, iddiaçılar əvvəldən sözügedən yaşayış sahəsinin sаkinləri olmuş, daimi olaraq həmin evdə yaşamaqla təsərrüfat idarə etmişlər. Lakin son vaxtlar cavabdehin müdaxiləsi ilə rastlaşdıqlarından, onların orada yaşaması və evə daxil olmları qeyri-mümkün hala çevrilmişdir.

45. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirən kollegiya belə qənaətə gəlir ki, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş və, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı tərəf uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir.

46. Kollegiya onu da qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və iddia üzrə cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddia üzrə cavabdeh (o cümlədən apellyatora) münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.

47. Kollegiya həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.

48. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının və onun uşaqlarının evə köçürülməsi barədə qətnamənin qəbul olunması, mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu baxımdan kollegiya, iddiaçı tərəfin tələbini əsaslı hesab edərək, onların azyaşlı uşaqlarla birlikdə evə köçürülməsini mümkün hesab edir.

49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(060)-4874/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar