Məhkəmə qərarları › İş №2(105)-1961/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1961/2022

06.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1961/2022 06.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı mənzildən çıxarılma və digər tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-3782/2022 nömrəli qərardadından İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən 14 saylı mənzildə yaşayan digər şəxslərin həmin mənzildən çıxarılması, həmin mənzilin tam şəkildə boşaldılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-3782/2022 nömrəli qərardadı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı mənzildən çıxarılma və digər tələbinə dair mülki iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə xitam verilmişdir. (hakim E.Abdullayev) Hazırda həmin qərardaddan narazı qalan iddiaçı "xxxx" ASC şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)-3782/2022 saylı qərardadı ilə qeyd olunan mülki iş üzrə icraata xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-868/2020 saylı 16 mart 2020-ci il tarixli qətnaməsi ilə mənzilin boşaldılması bir dəfə icra olunmuşdur, bu səbəblə də eyni predmet və eyni əsasla İddiaçı BOKT ASC-nin yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi mümkünsüzdür. Hesab edirlər ki, məhkəmənin bu mövqeyi düzgün deyildir. Belə ki, Cavabdeh onlara məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 55 saylı evin, 14 saylı mənzilin qapısını sınıdıraraq qanunsuz olaraq mənzilə daxil olmuşdur. O, hal hazırda da onlara məxsus mənzildə ailə üzvləri ilə birlikdə yaşayır və mənzili mülkiyyətçisinə verməkdən imtina edir. Bu səbəbdən də cavabdehin mənzilə qanunsuz olaraq daxil olması yeni əsasdır. Odur ki, məhkəmənin mülki iş üzrə icraata xitam verməsi iddiaçının öz mülki hüquqlarını müdafiə etmək imkanından məhrum edir. Bu səbəbdən şikayət təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-3782/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(060)-3782/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. İşin faktiki hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-868/2020 nömrəli 16 mart 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh və digərlərinin Sumqayıt şəhəri, 10-cu mikrorayon, 55 saylı evin, 14 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə mənzildən çıxarılması qət edilmişdir. Göründüyü kimi, iddiaçının hazırkı tələbi sözügedən qətnamə ilə təmin edilmiş, iddiaçı ikinci dəfə eyni cavabdehə qarşı eyni predmet və əsasla iddia irəli sürmüşdür ki, yuxarıda qeyd olunan normanın tələbi baxımından bu yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq izah edir ki, hazırki iş üzrə icraata xitam verilməsi, iddiaçının bundan əvvəl eyni tələb üzrə çıxarılmış qətnamənin icrasını yenidən tələb etmək hüququnu istisna etmir. Buna görə də, tələbkar həmin qətnamənin icrası ilə əlaqədar aidiyyatı icra və probasiya şöbəsinə müraciət etməlidr. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki işin icraatına qeyd olunan əsasla xitam verərkən düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-3782/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar