Məhkəmə qərarları › İş №2(105)-1966/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1966/2021

07.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1966/2021 07.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər-iddiaçılar Cavabdeh1 və Cavabdeh2, iddiaçı X4, Cavabdeh3 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(060)-534/2021 saylı qətnaməsindən cavabdehlər-iddiaçılar Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(060)-534/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan övladı X3 ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilmiş, Cavabdeh1, Cavabdeh2 və X4 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmiş, cavabdehlər-iddiaçılar Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh3 və yetkinlik yaşına çatmayan övladı X3 ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 43 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla, 10/936 saylı, 22 avqust 1973-cü il tarixli orderlə həyat yoldaşı mərhum Novruzov Əmrulla Ağarəhim oğluna məxsus olmuş, mənzil özəlləşdirilməmişdir. Həyat yoldaşı Novruzov Əmrulla Ağarəhim oğlu 28.12.2018-ci ildə vəfat etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 onun övladlarıdır. Cavabdeh1 30 ilə yaxındır və Cavabdeh3 isə 1994-cü ildən ünvan 1 ünvanında yerləşən 43 saylı mənzildə yaşamırlar. Cavabdehlərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır, uzun müddətdir onlarla heç bir əlaqəsi yoxdur. Cavabdeh2 isə onun nəvəsidir və heç zaman həmin mənzildə yaşamamışdır. Bundan başqa, mənzildə Cavabdeh3 yetkinlik yaşına çatmayan övladı X9 da qeydiyyatdadır və heç zaman həmin mənzildə yaşamamışdır. Cavabdehlərin həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. O, cavabdehlərə görə adambaşına hesaba alınan kommunal xidmət haqlarını ödəməli olur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində Cavabdeh2 cavabdeh qismində göstərsə də xahiş etdi hissədə onun adının qeyd olunmadığını, iddianın həm də Cavabdeh2 qarşı yönəldiyini nəzərə alaraq sonuncuya münasibətdə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək onun Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 50 saylı binadakı 43-cü mənzilə övladı - xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 və həyat yoldaşı X10 ilə birlikdə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı onun doğma anasıdır. Hazırda ona məxsus əmlaklar həmin mənzildədir. O, göstərilən ünvanda 1973-cü ildən yaşayır. Özü ailəlidir, xx.xx.1996-cı il təvəllüdlü Şəbnəm adlı qızı vardır. Cavabdeh qərəzli olaraq onu ailəsi ilə birlikdə həmin ünvana buraxmır. Həyat yoldaşı doğuşdan sonra evdə bir müddət yaşasa da, söz-söhbət və dava-dalaşdan sonra ağır nevratik stressə düşmüş, hazırda Sumqayıt şəhər Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır, müalicə və müayinə olunur. O, ağır infeksiya ilə heç yerdə işləmir, günəmuzd işlədiyi iş yerləri də bağlanmışdır. Kirayədə müvəqqəti yaşadığı evdən evin sahibi çıxarmış, hazırda müvəqqəti bir ailəyə sığınmışdır ki, evə köçürülənə qədər ona vaxt versin. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdehlər-iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh1 mübahisəli evdə uzun illər yaşamış, həmin evdə ailə qurmuş, övladı Cavabdeh2 bu evdə dünyaya gəlmişdir. Bacısı cəzaçəkmə məntəqəsində nikaha daxil olaraq yenidən evə qayıtmış, həmin gündən də evdə davadalaş salmaqdan başqa iş görməmişdir. Məhkəmə işin faktiki hallarını araşdırmadan iddiaçının xeyrinə qətnamə qət etmişdir. Cavabdeh1 ömrü boyu tanışlarının yanında və kirayələrdə yaşamağa məhkum olunmuşdur. Anasının psixi durumundan istifadə edən bacısı onları evdən qovmaqla məşğul olmuşdur. Cavabdeh3 mübahisəli mənzildə uzun illər yaşamış, həmin mənzildə toy edib ailə quraraq yaşamış, Emin Novruzov və Əfsanə Novruzova adlı övladları vardır. Ailədə olan dava-dalaş nətisəsində nikahı pozulmuş, iİkinci dəfə X2 ilə ailə həyatı qurmuş, birgə nikahlarından Nailə adlı uşaqları anadan olmuşdur. Bacısının yenidən ailədə dava-dalaşı və söz-söhbəti başlamış, onları evdən qovmuşdular. Hazırda şəraitsizliyə dözməyən həyat yoldaşı ilə aralarında olan nikah pozulmuşdur. Bacısı qərəzli olaraq anasının xəstəliyindən və imkansızlığından istifadə edib onları evə buraxmır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdehlər-iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər. İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı X13 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı-cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər X5 İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 10/936 saylı, 22.08.1973-cü il tarixli orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr, 50 saylı evin 43 saylı mənzili 6 nəfər ailə tərkibində (özü, arvadı, qızı və 3 oğlu) Novruzov Əmrulla Ağarəhim oğluna verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Novruzov Əmrulla Ağarəhim oğlu 28.12.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı MKS tərəfindən verilmiş 49 saylı, 17 yanvar 2020-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr, 50 saylı evin 43 saylı mənzilində İddiaçı, Nümayəndə, X14, Cavabdeh1, Cavabdeh3, X11, X7, Cavabdeh2, X16, X9, Novruzov Əmrulla Zaur oğlu və X15 qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı MKS-nin sahə ustası və qonşular tərəfindən tərtib edilmiş 02 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr, 50 saylı evin 43 saylı mənzilində qeydiyyatda olan Cavabdeh1 və onun qızı Cavabdeh2, Cavabdeh3 və qızı 28 ilə yaxındır həmin ünvanda yaşamırlar. İş materiallarında olan ünvan 2ə 2 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 55 saylı, 11 noyabr 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Sumqayıt şəhər Yeni yaşayış massivində 4A məhəllədə kirayədə yaşayır, ailə tərkibi arvadı X6 və Cavabdeh2 ibarətdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək əmələ gəldiyindən hazırki mübahisəli mənzil hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci və 6-cı hissələrinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən, nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və ya daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 1982-ci il 08 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddənin 2-ci hissəsində göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut etmək üçün ilk növbədə həmin şəxsin qeydiyyatda olduğu mənzili tərk edərkən məhz hansı yaşayış sahəsinə köçməsini və həmin yaşayış sahəsində hansı hüquqla, yəni mülkiyyətçi kimi, icarədar kimi və yaxud mülkiyyətçi və ya icarədarın ailə üzvü kimi yaşamasının müəyyən edilməsi zəruridir. İş materialları ilə sübuta yetirilmişdir ki, Cavabdeh1 və Cavabdeh3 1996-cı ildən daimi yaşamaq üçün mübahisəli mənzildən başqa evə köçmüşlər, 20 ildən artıqdır Cavabdeh1 və Cavabdeh3 özlərinə başqa yaşayış yeri seçmişlər, mübahisəli mənzillə əlaqələrini kəsmişlər. Həmçinin Cavabdeh2 Cavabdeh1 qızı olmaqla qısa müddət ərzində valideynləri ilə birlikdə mübahisəli mənzildə yaşamış, daha sonra mənzildən atası ilə birlikdə köçüb getmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 12-ci mkr, 30 saylı evin 14 saylı mənzilində yaşayır. Birinci instansiya məhkəməsində Cavabdeh3 izahatında göstərmişdir ki, özünə məxsus daimi yaşayış yeri vardır. Bundan başqa, 20 ildən artıq bir vaxtda cavabdehlər mübahisəli mənzilə köçməklə bağlı mübahisə açmamış, mənzilə köçürülmələri barədə iddia qaldırmamış, yaşayış sahəsinə ehtiyaclarının olmasını və bu ehtiyacı həmin mənzildən istifadə etməklə qarşılamaq niyyətlərini göstərməmişlər. Bu isə cavabdehlərin mənzilə ehtiyaclarının aradan qalxdığını və başqa yaşayış yerlərinin olması qənaətinə gəlməyə əsas verən hal kimi qiymətləndirilməlidir. Həmçinin onların mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırıldıqdan sonra Cavabdeh1 mənzilə köçürülməsi barədə iddia qaldırmışdır. Cavabdeh3 isə mənzilə köçürülməsi barədə iddia belə qaldırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qeydiyyatda olduqları mənzili tərk edib, uzun müddət mübahisəli mənzildə yaşamadıqlarından, bu mənzillə bağlılıqlarını itirdiklərindən və daimi yaşayış yerləri olduqlarından, bununla da 1982-ci il 08 iyul tarixli qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulan əsaslar olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər-iddiaçılar Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(060)-534/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar