Məhkəmə qərarları › İş №2(105)-1967/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1967/2021

26.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1967/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X6 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdeh: Cavabdeh, Cavabdehin vəkili: Vəkil iştirakları ilə, İddiaçı "xxxx" LTD MMC-nin Cavabdeh qarşı torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddiaçı "xxxx" LTD MMC-nin Cavabdeh qarşı torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddianın rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyərləri 150 (bir yüz əlli) manatın iddiaçı "xxxx" LTD X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: "xxxx" LTD X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt- Novxanı avtomobil yolunun kənarında yerləşən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 13.06.2000-ci il tarixli, 467 saylı sərəncamı ilə "xxxx" MMM-nin adına ayrılmış 9 ha (doqquz ha) torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin hal-hazırda zəbt edərək fəaliyyət göstərdiyi torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 13.06.2000ci il tarixli, 467 saylı sərəncamı ilə “Xəzər-Sünbül LTD MMM”-nin 05.01.2000-ci il tarixli, 07/03 saylı müraciət məktubu və Uğur kiçik müəssisəsinin 25.11.1999-cu il tarixli razılıq məktubu nəzərə alınaraq Uğur kiçik müəssisəsinə çimərlik yaratmaq məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 05.08.1999-cu il tarixli, 555 saylı sərəncamı ilə ayrılmış sahədən 9 ha (doqquz ha) torpaq sahəsi ayrılıb (dənizkənarı sahə) “Xəzər- Sünbül'’ LTD MMM-nə verilmişdir. Sərəncama əsasən həmin ərazini qəbul etməyi, qorumağı və onun sanitar vəziyyətinə nəzarət "xxxx" LTD MMM-yə tapşırılmışdır. Ayrılmış torpaq sahəsinin 1 ha (bir ha) hissəsi cavabdeh tərəfindən qanunsuz zəbt edilərək hasarlandığından və ərazidə özbaşına tikililər inşa edildiyindən, istirahət mərkəzi kimi istifadə edildiyindən orada sərəncama uyğun olaraq abadlaşdırma işləri də apara bilmirlər. Dəfərlərə cavabdehdən ərazinin boşaldılmasını tələb etsə də, o tələblərinə məhəl qoymaraq ərazini tərk etmir. Hətta bununla bağlı tərəflərindən Sumqayıt şəhər Prokurorluğuna və Polis İdarəsinə də müraciət edilmişdir. Belə olan halda pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edirlər ki, iddia tələbləri əsaslı oldğundan təmin edilməli və müvafiq sərəncamla onlara ayrılmış ərazi cavabdehin qanunsuz istifadəsindən alınmalıdır. Göründüyü kimi, ümumi torpaq sahəsinə mülkiyyət hüquqları tanınsa da, torpaq sahəsinin tərəflərindən zəbt edilmiş hissəsində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Belə ki, onlar həmin ərazidən istifadə edə bilməməklə yanaşı ərazidə heç bir abadlaşdırma işləri də apara bilmir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı Xəzər-Sünbül LTD MMC-nin direktoru S.Gözəlli apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət olan bütün halların aydınlaşdırılmaması yolu ilə qəbul edildiyindən ləğv edilməlidir. Onların adına verilmiş texniki pasportdan da görünüdyü kimi, mülkiyyətlərində olan torpaq sahəsinin koordinatları dəqiqdir. Cavabdehin zəbt etdiyi torpaq sahəsi isə onların torpaq sahəsinin hüdudları daxilində yerləşir. Ekspert onların torpaqlarının koordinatlarının müəyyən olunmadığını bildirmişdir. İş üzrə ekspertiza rəyi qərəzli olmuş və məhkəmə həmin rəyə istinad edərək qanunsuz qətnamə qəbul etmişdir. Təkrar ekspertizanın keçirilməsi ilə bağlı verdikləri vəsatət isə təmin edilməmişdir. Bu da onların Konstitusion hüquqlarının pozulması deməkdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(060)-41/2021 saylı qətnaməsini ləğv edilib, işin yenidən araşdırmaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə iddiaçının nümayəndəsi və 3-cü şəxslərin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinin qanunsuz tutulmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi S.Gözəllinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 13.06.2000-ci il tarixli, 467 nömrəli sərəncamının surətindən görünür ki, “Uğur” kiçik müəssisəsinin çimərlik yaratmaq məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 05 avqust 1999-cu il tarixli 555 №-li sərəncam ilə ayrılmış sahədən 9 ha (doqquz ha) ayrılıb "xxxx" LTD X3 verilmişdir. "xxxx" LTD MMM-ə mehmanxana kompleksi tikintisi və abadlaşdırma işləri aparılması məqsədilə “Uğur” kiçik müəssisəsinə ayrılmış sahəyə bitişik ərazidə 1 ha (bir ha) sahə ayrılmışdır. İşdə olan Sumqayıt Şəhər İcra Hakmiyyəti Başçısının rəyin surətindən görünür ki, Mehmanxana kompleksi tikintisi və abadlaşdırma işləri aparılması məqsədilə “Uğur” k/mnə ayrılmış sahəyə bitişik ərazidə 1 (bir) ha sahə ayrılması məqsədəuyğundur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən müəyyən edilir ki, Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı yolunun sol tərəfində yerləşən 5.8 ha əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ üzrə "xxxx" LTD X2 adına 22.05.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olan 25.08.2004-cü il tarixli, 130 №-li “torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilənin surətindən görünür ki, Sumqayıt şəhər Bələdiyyəsi Sarı qaya çimərlik ərazisində 600 (altı yüz) kv.m torpaq sahəsi 01.07.2000-01.07.2025-ci illər müddətində çimərlik ərazisində əhaliyə mövsümi ticarət xidməti Cavabdeh icarəsinə verilmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin 18.07.2014-cü il tarixli, №02/605 saylı arayışından görünür ki, Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə aid olan Sumqayıt- Novxanı avtomobil yolunun kənarındakı ərazisində sahibkarlıq məqsədi ilə 3324 kv.m torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Torpaq sahəsi Sumqayıt bələdiyyəsinin mülkiyyətinə aiddir. İşə əlavə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01.06.2020-ci il tarixli rəyindən görünür ki, torpaq sahəsinə aid texniki kadastr sənədlərini (döngə nöqtələrinin koordinatları) olmaması və Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısının 13.06. 2000-ci il tarixli, 467 saylı sərəncamına əsasən "xxxx" LTYD MMC-nin adına Sumqayıt-Novxanı avtomobil yolunun kənarında ayrılmış 9 ha torpaq sahəsinin qoşmasına əlavə edilmiş sxem yerquruluşu qaydalarına uyğun tərtib olunmadığından, Cavabdeh Sumqayıt-Novxanı avtomobil yolunun kənarında ayrılmış 1 ha torpaq sahəsi "xxxx" LTD MMC-nin adına ayrılmış torpaq sahəsinin daxilində olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.02.2021-ci il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısının 13.06.2000-ci il tarixli, 467 saylı sərəncamına əsasən "xxxx" LTD MMM-nin adına Sumqayıt-Novxanı avtomobil yolunun kənarında ayrılmış 9,0 ha torpaq sahəsinin qoşmasına əlavə edilmiş sxem yerquruluşu qaydalarına uyğun tərtib olunmadığından və torpaq sahəsinə aid texniki kadastr sənədlərinin (döngə nöqtələrinin koordinatlarını əks etdirən rəsmi sənədlər) olmaması səbəbindən Cavabdeh Sumqayıt- Novxanı avtomobil yolunun kənarında ayrılmış 1,0 ha torpaq sahəsinin "xxxx" LTD MMMnin adına ayrılmış 9,0 ha torpaq sahəsinin daxilində olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. İşin hallarından müəyyən edilir ki, iddiaçı özünə məxsus olan torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğunu iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları, öz istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmədiyindən onun cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmaması məsələsinin aydınlaşdırılması zəruridir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunan normalardan və iş üzrə təyin edilmiş ekspert rəylərindən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsi tədqiq edilmiş sübutlarla, eləcə də mütəxəssis və ekspert rəyi ilə təsdiqini tapmamışdır. “Torpaq qanunverciliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 saylı qərarında (7-ci bənd) məhkəmələrə izah edilmişdir ki, torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət Aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Qanunvericilik aktlarının sadalanmış tələblərindən də göründüyü kimi torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, iddiaçının torpaq sahəsi üzərində daimi istifadə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş 22.05.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış üzrə 5,8 ha olan torpaq sahəsi üzərində tanınmışdır. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona məxsus olan 9 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv olunmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı "xxxx" LTD MMC-nin direktoru Solmaz Gözəllinin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 01 aprel 2021-ci il tarixli 2(060)-41/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar