Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1967/2022 24.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququnun itirilməsi» barədə ərizəsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-3524/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 134 saylı binadakı 100-cü mənzilə olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 134 saylı binadakı yaşayış sahəsi 20,50 kv.m. bir otaqlı 100-cü mənzil onun mülkiyyətinə verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin ünvanda yaşamırlar və faktiki olaraq onun mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 134, mənzil 100-də qeydiyyatda qalmışlar. Dəfələrlə cavabdehlərə bu barədə xəbərdarlıq etsə də, cavabdehlər buna məhəl qoymur. Bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilə olan istifadə hüququna xitam verilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehlər yaşayış yerini dəyişmişlər və mübahisəli mənzildə yaşamırlar. Cavabdehlərin həmin mülkiyyətə hüquqları qalmamışdır. Ona görə də hesab edir ki, məhkəmə cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verməklə cavabdehlərin pasport qeydiyyatından çıxarılması barədə qətnamə qət etməkdə haqlıdır. Cavabdehlər daimi yaşamaq üçün başqa yaşayış sahəsinə gediblər. Ona görə də cavabdehlərin bu yaşayış sahəsində istifadə hüququ yoxdur Sumqayıt şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-3524/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 134-də yerləşən 100 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-3524/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni qət edərkən maddi hüquq normalarını düzgün tətbiq etməyərək əsassız və qanunsuz qətnamə qət etmişdir . Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki iş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil-Kommunal sahəsinin möhürü ilə təsdiq edilmiş “akt”dan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 134-ün sakinləri Ç.Əsədova, S.Hüseynova, Y.Xəlilova və sahə ustası N.Ağayeva Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 134, mənzil 100-də qeydiyyatda olduqlarını, lakin həmin mənzildə yaşamadıqlarını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 134, mənzil100-də qeydiyyatdadırlar.Təqdim olunmuş arayış və aktdan görünür ki, alqı-satqı müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq mənzilin keçmiş sakinləri olan cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Halbuki həmin mənzilin alqı-satqı müqavilələrində iştirak etməmişlər və həmin mənzilin satılmasına dair heç bir razılıq verməmişlər . Həmin mənzilə onların istifadə hüquqları olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Göründüyü kimi həmin mənzildən yaşayış sahəsinə istifadə hüququmuz olmadığı halda məhkəmə mövcud olmayan hüquqa xitam verməklə əsassız və qanunsuz qətnamə qət etmişdir. İddiaçı apellyasiya şikayətinə münasibət ünvanlayaraq göstərmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 134 saylı binadakı 100-cü mənzilə olan istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdi. Məhkəmə də göstərmişdir ki, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 134 saylı binadakı yaşayış sahəsi 20.50 kv.m bir otaqlı 100-cü mənzil onun mülkiyyətinə verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin ünvanda yaşamırlar və faktiki olaraq onun mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 134 saylı binadakı yaşayış sahəsi 20.50 kv.m bir otaqlı 100-cü mənzildə qeydiyyatda qalmışlar. Dəfələrlə cavabdehlərə bu barədə xəbərdarlıq etsə də, cavabdehlər buna məhəl qoymurlar. Cavabdehlər yaşayış yerini dəyişmişlər və mübahisəli mənzildə yaşamırlar. Cavabdehlərin həmin mənzilə hüquqları qalmamışdır. xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən də görünür ki, X1 onun mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 134, mənzil 100-ü, 17000 (on yeddi min) manat məbləğində ona satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı X1 xx.xx.2021-ci il tarixə kimi qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil-Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş aktdan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 134-ün sakinləri Ç.Əsədova, S.Hüseynova, Y.Xəlilova və sahə ustası N.Ağayeva Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 134, mənzil 100-də qeydiyyatda olduqlarını, lakin həmin mənzildə yaşamadıqlarını öz imzaları ilə təsdiq etmişlər. Arayış və aktdan da görünür ki, alqı-satqı müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq mənzilin keçmiş sakinləri onun mülkiyyətimdə olan mənzildə qeydiyyatda qalmışlar. Göstərilənləri nəzərə alaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3524/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, Cavabdeh2 məhkəmə iclasında gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh2 iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası digər cavabdehin iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 134, mənzil 100-ü 17000 (on yeddi min) manata İddiaçı satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı X1 xx.xx.2021-ci il tarixə kimi qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 134, mənzil 100 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrində xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil-Kommunal sahəsinin möhürü ilə təsdiq edilmiş “akt”dan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 134-ün sakinləri Ç.Əsədova, S.Hüseynova, Y.Xəlilova və sahə ustası N.Ağayeva Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 134, mənzil 100-də yaşamadıqlarını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 134, mənzil 100-də qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi - Sumqayıt şəhəri, 5-ci mikrorayon 134 saylı evin 100 nömrəli mənzilinin keçmiş mülkiyyətçisinin alqı-satqı müqaviləsinə əsasən həmin mənzili alıcı İddiaçı üçüncü şəxslərin hüquqlarından azad verməyi və müqavilə notarial qaydada təsdiq olunduğu tarixdən razılaşdırılmış müddətdə satmağı və mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürməsini, lakin mənzilin keçmiş mülkiyyətçisi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 134-də yerləşən 100 saylı mənzildə yaşamadıqlarından və özlərinə məxsus əmlaklarını götürüb daimi yaşamaq üçün başqa yerə getdiklərindən, onların Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 134-də yerləşən 100 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməsi qəanətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 134 saylı binadakı 100-cü mənzilə olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırda iddiaçının cavabdehlərin Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 134 saylı binadakı 100-cü mənzilindən istifadə hüquqlarının itirilməsini tələb etməsi iddiaçıya onların mənzildən qeydiyyatdan çıxarılmasına görə əhəmiyyətlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin mahiyyəti cavabdehlərin iddiaçının mənzildə formal olaraq qeydiyyatda qalmalarının mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasından ibarətdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi iddiaçıya məxsus bir otaqlı mənzil üzrə yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslərin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir, bu barədə inzibati orqan tərəfindən imtina edildikdə bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırki vəziyyətdə isə İddiaçı cavabdehlərə qarşı «istifadə hüququnun itirilməsi» barədə iddia tələbinə mülki məhkəmə icraatında baxılmalı deyil, çünki Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir və həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)- 3524/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 134 saylı binadakı 100-cü mənzilə olan istifadə hüquqlarının itirilməsi barədə iddia tələbinə mülki məhkəmə icraatında qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. - 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. - 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən izah edir ki, iddiaçıya ona məxsus mənzil üzrə cavabdehlərin qeydiyyatına xitam verilməsi ilə əlaqədar həmin qeydiyyatı aparmış müvafiq inzibati orqana müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 261, 262, 263, 264, 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-3524/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 134 saylı binadakı 100-cü mənzilə olan istifadə hüquqlarının itirilməsi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan bir otaqlı mənzil üzrə cavabdehlərin qeydiyyatına xitam verilməsi üçün həmin qeydiyyatı aparmış inzibati orqana müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1967/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1967/2022
24.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver