Məhkəmə qərarları › İş №2(105)-1967/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1967/2023

21.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1967/2023 21.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (eyni zamanda Cavabdeh1 nümayəndəsi) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2232/2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərkimya Təmir Tresti Mənzil Məişət komissiyasının və HİK-lə birlikdə iclasının 03 nömrəli xx.xx.1995-ci il tarixli protokolundan görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzil İddiaçı və onun ailə üzvlərinə verilmiş və bununla əlaqədar o ev növbəsindən çıxarılmışdır.

2. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 175 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzil İddiaçı və onun 4 nəfərlik ailə üzvünə ayrılmışdır.

3. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzil Azərkimya Təmir Trestinin 03 saylı, xx.xx.1995-ci il tarixli protokolu ilə İddiaçı ayrılmışdır.

4. İşdə olan 255 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 ailəsi ilə birlikdə 1994-cü ildən məcburi köçkün kimi Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12də yerləşən 2 otaqlı 12 saylı mənzildə məskunlaşmışdırlar.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Hüseyn qızına və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 Hüseyn qızının və Cavabdeh3 Sumqayıt şəhəri, 347-ci məhəllə, ev 12, mənzil 12-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1995-ci ildə Sumqayıt şəhər “Azərkimya” İB-nin TTİ tərəfindən gənc mütəxəssis kimi ona Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzil order əsasında verilmişdir. O, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən vaxt Zəngilan rayonundan məcburi köçkün olan cavabdehlər - Cavabdeh2 5 nəfərlik ailəsi ilə onun mənzilini özbaşına zəbt etmişlər. Hazırda onun 2 qızı ailə quraraq mənzili tərk etmişlər. Xəbərdarlıqlara baxmayaraq cavabdehlər onun mənzilindən çıxmaq istəmirlər. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Daha sonra Cavabdeh2, Cavabdeh1 Hüseyn qızı və Cavabdeh3 İddiaçı qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı olunun adına Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli sərəncamına əsasən Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 12 saylı mənzilə dair xx.xx.2008-ci il tarixdə verilmiş 175 saylı orderin etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdirlər.

8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2232/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh2, Cavabdeh1 Hüseyn qızının və Cavabdeh3 cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilmişdir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ərizəsində qeyd etmişdir ki, ona 1995-ci ildə mənzilə dair order verilmişdir. O, orderin surətini əldə etmişdir. Order iddiaçıya 2008-ci ildə verilmişdir. Onlar isə mübahisəli mənzildə 1994-cü ildən yaşayırlar. Həmin mənzilə xeyli xərc çəkmişdirlər. Onlar mənzildə məskunlaşdıqdan sonra iddiaçı həmin mənzilə dair order almışdır. Halbuki, Prezidentin fərmanına əsasən məcburi köçkünlərin məskunlaşdıqları evlərə dair order verilə bilməzdi. Onlar həmin evdə yaşamağa başlamazdan əvvəl mənzil heç kimə məxsus olmayıb, yalnız evlə təmin edildikdən sonra mənzildən çıxmağa razıdırlar. Belə ki, onların yaşamaq üçün başqa yaşayış yerləri yoxdur. 2008-ci ildə onlar mənzildə yaşadıqları halda həmin mənzilin iddiaçıya verilməsini düzgün hesab etmir.

10. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 01/1077 nömrəli məktubundan görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkünlər - Cavabdeh2, Cavabdeh1 Hüseyn qızının və Cavabdeh3 sıx məskunlaşma obyekti olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 12 saylı evin 12 nömrəli mənzilində müvəqqəti məskunlaşdıqları və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmadıqları, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin boş mənzil fondu olmadığı üçün sözügedən ailənin başqa yaşayış sahəsi ilə təmin edilməsinin mümkünsüz olması, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq, 1992- 1998-ci illərdə məskunlaşdıqları mənzillərdən çıxarılması hallarına yol verilmədiyi, ərazilər işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirildiyi, növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlərin, o cümlədən Cavabdeh2 ailəsi də yaşadığı mənzilləri və ictimai binaları tərk edərək öz doğma yurdlarına köçürüləcəkləri bildirilmişdir.

11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2232/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 Hüseyn qızının və Cavabdeh3 Sumqayıt şəhəri, 47-ci məhəllə, 12 saylı evin 12 saylı mənzilindən çıxarılması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 157.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin boş mənzil fondu olmadığı üçün sözügedən ailənin başqa yaşayış sahəsi ilə təmin edilməsinin mümkünsüz olması, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərancamının 2-ci bəndinə əsasən, məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq, 1992-1998-ci illərdə məskunlaşdıqları mənzillərdən çıxarılması hallarına yol verilmədiyi, ərazilər işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirildiyi, növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlərin, o cümlədən onların yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək öz doğma yurdlarına köçürüləcəkləri bildirilmiş, lakin məhkəmə onların mənzildən hansı hallarda çıxarıla biləcəyi barədə Fərmanın göstərişlərinə əməl etməyərək bu qanunsuz qətnaməni çıxarmışdır. İşdə olan 255 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, onlar 1994-cü ildən məcburi köçkün kimi Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzildə məskunlaşmışdırlar. 1994-cü ildən məskunlaşdıqları mənzildən çıxarılmaqları nəticəsinə gələn məhkəmə qətnamədə göstərmişdir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi olduğundan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına” əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 2012-2014-cü illərdə yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə və digər icra orqanlarına həvalə edildiyindən hazırkı qətnamə Zəngilan rayonundan məcburi köçkün olan Cavabdeh2, Cavabdeh1 Hüseyn qızının və Cavabdeh3 Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsasdır. Lakin məhkəmə bir məqamı unudur ki, qeyd etdiyi qanun qəbul olunduğu vaxtdan xeyli müddət keçsə də icra edilməmiş və onlar başqa yerdən yaşayış sahəsi ilə təmin olunmamışdırlar, bu halda mənzildən çıxarılmaqları mümkünsüzdür, bunun üçün əvvəlcə köçürüləcəkləri ünvan bəlli olmalıdır ki, onlar da həmin mənzilə köçürülsünlər, lakin məhkəmə bu məsələ həll olunmadan mənzildən çıxarılmaqlarına qərar vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (eyni zamanda Cavabdeh1 nümayəndəsi) apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

19. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 17. Mülki hüquqların müdafiəsi 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.

22. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu (....) 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

24. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları (...) 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. (...) 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. İşdən görünür ki, Azərkimya Təmir Tresti Mənzil Məişət komissiyasının və HİK-lə birlikdə iclasının 03 nömrəli xx.xx.1995-ci il tarixli protokoluna əsasən, Sumqayıt şəhəri, 47ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzil İddiaçı və onun ailə üzvlərinə verilmiş və bununla əlaqədar o ev növbəsindən çıxarılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin xx.xx.1996cı il tarixli 123 nömrəli məktubunun surətindən görünür ki, göstərilən ev hazır olmadığı və dövlət komissiyası tərəfindən hələ qəbul olunmadığı üçün İddiaçı order verilməmiş, İcra hakimiyyəti zəmanət vermişdir ki, İddiaçı iş yerini dəyişib-dəyişməməsindən asılı olmayaraq, trestin yuxarıda göstərilən protokoluna əsaslanaraq, 12 №-li təzə istifadəyə verilən bina hazır olduqdan sonra ona 47-ci məhəllə, ev 12, mənzil 12-yə order veriləcəkdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 175 nömrəli orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzil İddiaçı və onun 4 nəfər ailə üzvünə ayrılmışdır. Cavabdeh2 ailəsi ilə birlikdə 1994-cü ildən məcburi köçkün kimi Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzildə məskunlaşmışdırlar.

35. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.

36. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.

37. Məhkəmə kollegiyası Mülki Məcəllənin yuxarıda sadalanan normalarına əsasən qeyd edir ki, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

38. Mübahisəli mənzilin iddiaçının qanuni sahibliyində olması, lakin cavabdehlər mənzildə məskunlaşdıqları üçün həmin mənzilə köçə bilməməsi mülki iş materialları və işin araşdırılmış halları ilə istisna edilmədiyindən, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehlər mübahisəli mənzildə 1994-cü ildən məskunlaşsalar da, mənzilin əmlak hüququ olan şəxsin razılığı olmadan həmin mənzildən hazırda istifadə edirlər ki, bu da iddiaçının həmin hüququna müdaxilədir.

39. Məhkəmə kollegiyası cavabdeh tərəfin yeni yaşayış sahəsi ilə təmin olunduqdan sonra mənzildən çıxarılmaları ilə bağlı apelyasiya şikayətinin dəlili ilə əlaqədar qeyd edir ki, əmlakdan qeyri-müəyyən müddətə istifadə iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz edir. Çünki ədalətli məhkəmə araşdırması yalnız iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini ehtiva etmir, həmçinin qəbul edilmiş yekun məhkəmə aktının icrasını da özündə birləşdirir. Qətnamənin icrasının qeyri-müəyyən müddətə təxirə salınması həmin iş üzrə məhkəmənin gəldiyi nəticəni səmərəsiz etməklə hüquqların məhkəmə qaydasında müdafiəsinin həyata keçirilməsində qeyri-müəyyənlik yaradır.

40. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

42. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2232/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar