Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1973/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqavilələrinin və bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)-2913/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 hüquqi varisi Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X3 və etibarnamə üzrə satıcı qismində çıxış edən İddiaçı arasında 12.08.2008-ci il tarixdə bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsi, 2016-cı il tarixdə bağışlanma müqaviləsi üzrə Cavabdeh1 adına rəsmiləşdirilmiş Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,2068 ha olan torpağa dair reyestrdən çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsinin və 16.01.2019-cu il tarixli, RX 146703 nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Eyni zamanda, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmini tədbiri kimi, Cavabdeh2 adına rəsmiləşdirilmiş Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,2068 ha olan torpağın özgəninkiləşdirilməsi və həmin torpaq sahəsində hər hansı işlərin aparılması ilə əlaqədar müəyyən hərəkətlərin edilməsinin cavabdehlərə və başqa şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisənin predmetini məlum torpaq sahəsilə bağlı əqd təşkil etdiyindən cavabdehlər bu sahəni mübahisəyə baxılanadık kənar şəxsə sata bilrələr. Bu ehtimalın aradan qaldırılması üçün həmin torpaq sahəsinin üzərinə həbs qoyulmalı, bununla bağlı hərəkətlər onlara qadağan edilməlidir. Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)-2913/2021 saylı qərardadı ilə iddianın təmini barədə ərizə təmin edilmiş, cavabdehlər X2 hüquqi varisi Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və başqa şəxslərə Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,2068 ha olan torpağın (qeydiyyat tarixi 16.01.2019-cu il, qeydiyyat nömrəsi **********, RX seriyalı 146703 nömrəli çıxarış) özgəninkiləşdirilməsi və həmin torpaq sahəsində hər hansı işlərin aparılması ilə əlaqədar müəyyən hərəkətlərin edilməsi qadağan olunmuşdur. (hakim H.Əhmədov) Qərardaddan Cavabdeh2 şikayət verərək Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)-2913/2021 saylı qərardadının ləğv edilərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(012)-2913/2021 saylı qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddianın təmini tədbiri barədə ərizənin əsaslı olduğunu və bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Cavabdeh2 məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, 09 aprel 2021-ci il tarixli, 2(012)-2913/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 157-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd olunan qanunun normasının təhlilindən aydın olur ki, iddianın təmin tədbiri qəbul ediləcək qətnamənin icrasını çətinləşdirəcək və ya mümkünsüz edəcək halların aradan qaldırılması-daha dəqiq desək-qətnamənin icrasını təmin etmək məqsədilə tətbiq edilir. Qanunverici, məhkəməyə, hələ yekun qərar qəbul etmədən çıxarılacaq məhkəmə qərarının icrasının mümkünlüyünü realizə etmək üçün belə bir hüquq vermişdir və belə bir hüququnun həyata keçirilməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında prosesin istənilən mərhələsində yol verilir. MPM-in 158.1-158.1.3-cü maddələrinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. İşdən görünür ki, iddiaçı tərəf iddianın təmini tədbiri barədə ərizə verərək hazırda alqısatqı müqavilənin predmeti olmuş, əvvəllər isə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin özgəninkiləşdirilməsi və həmin torpaq sahəsində hər hansı işlərin aparılması ilə əlaqədar müəyyən hərəkətlərin edilməsi barədə qadağa qoyulmasını xahiş edir. Yuxarıda qeyd olunan hüquq normalarına əsasən, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddianın təmini tədbiri biləvasitə gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etmək məqsədi daşıyır. İddianın mahiyyətindən görünür ki, İddiaçı vaxtilə ona məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,2068 ha olan torpaq sahəsinin geri qaytarılmasını tələb edir. Bu torpaq sahəsi isə cavabdehlər tərəfindən istənilən vaxt özgəninkiləşdirilə bilər, yəni ərizənin təmin edilməməsi mübahisə üzrə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə və ya mümkünsüz edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin tədbirinin görülməsi iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmışdır və bu ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanunidir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddianın təmini tədbiri barədə ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)-2913/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1973/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1973/2021
25.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver