Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1973/2022 17.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Zahid qızına qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(067)-675/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) İddiaçı Cavabdeh Zahid qızına qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Xudat şəhəri S.Rüstəm küçəsi 12 ünvanında yerləşən evin və evin yerləşdiyi 0,042 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarət mirasın X2 09 oktyabr 2020-ci il tarixdə vəfatından sonra oğlu 04 fevral 2010-cu il təvəllüdlü X4 onun, yəni anası Əliyeva (Babayeva) Pərvin Cavanşir qızının vasitəsilə qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə Elnur Babayev ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X5 vardır. Xaçmaz Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ilə onunla Elnur arasında bağlanmış nikah pozulmuş, oğlu Turan onun himayəsində saxlanılmaqla Elnur Babayevdən onun xeyrinə hər ay 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə sabiq əri Elnur Babayevlə birgə nikah dövründə əldə etdikləri Xudat şəhəri S.Rüstəm küçəsi 12 ünvanında yerləşən yaşayış evi aralarında bölünərək, evin 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə Elnur Babayevin mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamə əsasında reyestrdən çıxarış almışdır. Elnur Babayev onun rəsmi nikahda ola-ola cavabdehlə də qeyri-rəsmi ailə qurmuşdur. Xudat şəhəri S.Rüstəm küçəsi 12 ünvanında yerləşən yaşayış evi onunla Elnur Babayevin birgə mülkiyyəti olduğundan cavabdehi də həmin evə gətirib saxlamışdır. Onların da birgə yaşayışlarından 1 uşaqları olmuşdur. Elnur Babayev xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun ölümü ilə bağlı evin ona məxsus olmuş 1/3 hissəsinə vərəsəlik açılmışdır. Oğlu Turan atası Elnurdan miras qalmış əmlakı həmin evdə yaşamaqla valideyni olaraq onun vasitəsi ilə faktiki olaraq qəbul etmiş, həmçinin cavabdehlə birgə yaşayışlarından doğulmuş uşağı Xumar da anası olan cavabdeh vasitəsi ilə mirası faktiki olaraq qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə prosesual hüquq normalarının tələblərini pozaraq işin hallarını tam və obyektiv araşdırmamış, məhkəmə iclasında verdiyi izahatı məhkəmə iclas protokolunda və qətnamədə təhrif olunmuş formada əks etdirməklə işdə olan sübutlara düzgün qiymət verməmiş, nəticə etibarı ilə iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini iddiaçı mirası faktiki olaraq qəbul etməməsi, miras əmlakı faktiki olaraq qəbul etməsini təsdiq edəcək sübutları da məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, İddiaçı ilə Elnur Babayev xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuş, bu nikahlarından xx.xx.2010cu il təvəllüdlü X5 anadan olmuş, məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və məhkəmənin xx.xx.2018-ci il tarixli digər qətnaməsinə əsasən isə İddiaçı Elnur Babayev arasında Xudat şəhəri S.Rüstəm küçəsi 12 ünvanında yerləşən yaşayış evinin bölünərək, evin 2/3 hissəsinə iddiaçının, 1/3 hissəsinə isə Elnur Babayevin mülkiyyət hüququ tanınmış və sonuncu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşdən göründüyü kimi mərhum X1 ünvan 1 ünvanında 0,0420 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi miras qalmış və onunla İddiaçı birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 onun vərəsəsidir. Sonuncu da xx.xx.2021-ci il tarixdə də öz qanuni nümayəndəsi vasitəsi ilə notariat ofisinə mirasın qəbulunun (formal üsulu) notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulan müddətdən sonra yazılı müraciət etmiş və həmin orqan tərəfindən vərəsəlik işi ilə bağlı mübahisənin olması əsası ilə iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (Mülki Məcəllənin 1243.1., 1243.2., 1243.3. maddələri). Mülki Məcəllənin 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Qanunun mənasına görə mirası yalnız fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Lakin vərəsələr sırasında fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslərin olması mümkündür. Belə şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Məhdud fəaliyyət qabiliyyətli şəxslər sırasına 7 yaşından 18 yaşınadək olan yetkilik yaşına çatmayan şəxslər daxildir. Vərəsələr sırasında belə şəxslər olarsa, onlardan 14 yaşınadək olan yetkinlik yaşına çatmayanların mirasını onların valideynləri, övladlığa götürənlər və ya qəyyumları vasitəsilə qəbul edirlər. Mülki Məcəllənin 28.3., 29.1., 33.1., 33.5, 33.7-ci maddələrinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Himayəçilər isə himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar. İşdən göründüyü kimi miras əmlak hesab edilən daşınmaz əmlak, yəni ünvan 1 ünvanında yerləşən mübahisəli yaşayış evi 2/3 hissədə Turan Babayevin anası İddiaçı mülkiyyətində real bölgü aparılmadan vahid əmlak şəkilində mövcud olmaqla Turan Babayev anası İddiaçı ilə birlikdə istifadə olunur və mərhum atası E.Babayevin ölümündən sonra miras qalmış həmin evin 1/3 hissəsini məhdud fəaliyyətli şəxs kimi anası İddiaçı vasitəsi ilə qəbul etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun Mülki Məcəllənin 1246-cı maddəsi ilə bağlı xx.xx.2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Məhz bu baxımdan Konstitusiya Məhkəməsi həmin qərarında bir daha vurğulamışdır ki, birtərəfli əqd olaraq miras əmlakdan imtinanın da yalnız məhkəmənin icazəsi ilə mümkünlüyünü müəyyənləşdirərkən qanunverici məhz fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mənafelərinin qorunması, qəyyum və himayəçilər tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısının alınması düşüncəsindən çıxış etmişdir. Nəzərə almaq lazımdır ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericilikdə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla həyata keçirilir. Mirasın qəbulu özü əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bir şəxsin – vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir. Mirasın qəbul edilməsi həmçinin könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehlə yanaşı İddiaçı da yetkinlik yaşına çatmayan oğlu Turan Babayevin adından mərhum atası Elnur Babayevdən miras qalmış əmlakı faktiki idarə edərək qəbul etdiyindən və bunu şəksiz nümayiş etdirdiyindən, Mülki Məcəllənin 1243.2, 1244-cü maddələrinin tələbləri baxımından Turan Babayevin həmin miras əmlakı qeyriformal üsulla anası İddiaçı vasitəsilə qəbul etməsi faktı müəyyən olunmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxıımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. X1 miras qalmış ünvan 2 ünvanındakı 0,0420 ha torpaq sahəsində yerləşən evin 1/3 hissəsinə 04 fevral 2010-cu il təvəllüdlü X4 anası İddiaçı vasitəsilə mirasın qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1973/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1973/2022
17.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver