Məhkəmə qərarları › İş №2(105)-1975/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1975/2021

01.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1975/2021 01.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış sahəsindənistifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(067)- 872/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan ünvan 1 ünvanında xüsusi mülkiyyətindəki fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanındakı mənzil hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 ər-arvad olmaqla, artıq 20 ilə yaxındır ki, ona məxsus evdən çıxıb getmişlər, ailəvi Bakı şəhərində özlərinə məxsus həyət evində yaşayırlar. Onlardan Elşən oğlu, Kəmalə isə gəlinidir. Onların övladlarının üçü də Bakı şəhərində doğulmuşlar. Cavabdehlərin onun evində heç bir əmlakları yoxdur. Odur ki, cavabdehlər uzun müddət onun evində yaşamadıqlarından həmin mənzildən istifadə hüquqlarını itirmişlər. Cavabdehlərin onun evində pasport qeydiyyatında qalmasına görə o, öz əmlakı üzərində öz istədiyi kimi sərəncam vermək hüquqlarından istifadə edə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, gəldiyi nəticə üçün mühüm faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini iddiaçının cavabdehlərin ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə 20 ilə yaxın müddətdə çıxıb getməkləri və yaşamadıqları hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşdən görünür ki, iddia tələbi cavabdehlərin istifadə hüququnun itirilməsi barədədir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli mənzil 04.06.2016-cı il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir, cavabdehlər Elşən və Kəmalə Nuriyevlər isə İddiaçı oğlu və gəlini olmaqla, həmin mənzildə istifadə hüququ əldə etmişlər. Mülki Prosessual Məcəllənin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2.-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı). Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci bəndinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı). Həmin qərarda həmçinin göstərilmişdir ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Göründüyü kimi iddiaçı cavabdehlərin mübahisəli evə istifadə hüquqlarını tanımaqla onların bu hüquqlarına xitam verilməsini tələb etsə də, sonuncuların həmin evə ehtiyaclarının olmaması, başqa yaşayış yerinin olması və onların bu mənzilə gedibgəlməmələrini təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvinə dair apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar