Məhkəmə qərarları › İş №2(105)-1976/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1976/2021

30.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1976/2021 30.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(067)-758/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(067)-758/2021 saylı qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(067)-758/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi ona məxsusdur. Buna baxmayaraq cavabdeh və arvadı Bahar Fəttahova özlərini evin sahibi kimi aparırlar, onu saymırlar, evini dağıdıb korlayırlar, səs-küy salaraq onun istirahətini pozurlar və qonşularla yaşayış qaydalarına da riayət etmirlər.Onun 80-ə yaxın yaşı var, qoca və xəstə adamdır, öz evində qalan ömrünü rahat və sakit yaşamaq istəyir. Cavabdeh onun oğludur. Qərara gəlmişdir ki, cavabdehi vərəsəlikdən məhrum etsin ki, vəfatından sonra ondan qalan miras əmlakdan, o cümlədən yaşayış evinə dair vərəsəlik qaydasında pay ala bilməsin. Ona görə də, Cavabdeh vərəsəlik hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 17 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1138ci maddəsinin və Azərbaycan Respublikası MPM-nin 8,9,14.1, 88, 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 12.11.2019-cu il tarixli, ********** qeydiyyat saylı DƏDRX dövlət reyestrindən çıxarışdan və 05.11.2019-cu il tarixli, **********78-10301 saylı Texniki Pasportdan müəyyən olunur ki, Xaçmaz şəhəri, Cəfər Əzizov küçəsi 9 saylı ev İddiaçı məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbəli vərəsələr hesab olunurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193.-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1203.1.-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2.-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Həmin Məcəllənin 1203.3.-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1176.1.-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin 1176.2.-ci maddəsinə əsasən vəsiyyətnamədə birbaşa göstərilməklə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsini, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13.12.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur”. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar cavabdehlərin vərəsəlik hüququndan məhrum edilməsini şərtləndirən hallara aid deyil. İddiaçı irəli sürdüyü tələblə bağlı müvafiq subyektiv hüquqa malik olmadığı kimi, övladları olan cavabdehlərin ona qarşı yol verdiyini iddia etdiyi əməllər müvafiq məhkəmə tərəfindən də təsdiq olunmamışdır - bu isə iddianın əsaslandırıldığı faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı veridiyi apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(067)-758/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar