Məhkəmə qərarları › İş №2(105)-1990/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1990/2022

07.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1990/2022 07.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Əmlak Məsələləri Dövlət Komitəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı müqavilələrin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(012)-343/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) qarşı icarə, alqısatqı müqavilələrinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən apellyasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (Mülki Prosessual Məcəllənin 128.1. və 129.2. maddələri). İşdən göründüyü kimi birinci instansiya məhkəməsinin 20 may 2022-ci il tarixli qətnaməsi tərəflərə, o cümlədən İddiaçı1 göndərilmiş, həmçinin 20 iyun 2022-ci il tarixdə İddiaçı1 elektron kabinetinə yerləşdirilmiş, bununla onun şikayət vermə müddəti başlamış və 19 iyul 2022-ci il tarixədək davam etmişdir. Sonradan İddiaçı1 qətnaməni təkrar olaraq 14 iyul 2022-ci il tarixdə qəbzə imza edilməklə şəxsən almışdır. Lakin iddiaçılar tərəfindən apellyasiya şikayəti 12 avqust 2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi İddiaçı1 apellyasiya şikayəti vermə müddəti 20 iyun 2022-ci il tarixdən başlayaraq, 19 iyul 2022-ci il tarixdə bitməsinə baxmayaraq, məhkəmə aktından 12 avqust 2022-ci il tarixdə apellyasiya şikayəti verərkən prosessual müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi isə prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayəti iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilməsinə baxmayaraq, elektron qaydada İddiaçı1 tərəfindən imzalanmışdır. Lakin onun İddiaçı2 adından apellyasiya şikayətini imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə apellyasiya şikayətinə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 361.2. maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa geri qaytarılır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPMnin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar