Məhkəmə qərarları › İş №2(105)-1994/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1994/2023

30.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1994/2023 30.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin nümayəndələri Vəkil və X3 iştirakları ilə, İddiaçı cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(067)-2035/2023 nömrəli qətnaməsindən cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin onun işdən azad olunması barədə 07 aprel 2023-cü il tarixli, 19-amp saylı əmrinin ləğv edilməsi, onun Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə baş aqronom vəzifəsinə işə bərpa olunmağı, məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1948-ci ildə anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu “meyvə-tərəvəzçilik və üzümçülük” ixtisası üzrə bitirmiş və Dövlət İmtahan komisiyasının qərarı ilə ona “Alim aqronom” ixtisası verilmişdir. O, 15 yanvar 2020-ci il tarixdə Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsində baş aqronom vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi müddətdə işin öhdəsindən layiqincə gəlmiş, heç bir əmək intizamının pozulmasına yol verməmişdir. 07 aprel 2023-cü il tarixdə cavabdeh tərəfindən verilmiş 19-amp əmri ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi göstərilmişdir (Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda). Hesab edir ki, cavabdehin göstərilən əmri qanunsuz və əsassızdır. İşə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi üçün o, qanunvericiliyin tələbinə uyğun olaraq Mediasiya Şurasına müraciət etmiş, mediasiya prosesinin keçirilməsi mediator X6 həvalə edilmiş, mediasiya prosesində cavabdeh tərəfi iştirak etmədiyi üçün mediator N.M.Əliyev 08 iyun 2023-cü il tarixli, MŞQ/MT-027/2023-00742 nömrəli arayış ilə mediasiya prosesinə xitam vermişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Bundan da əlavə o, həmin idarəyə 15 yanvar 2020-ci il tarixdə baş aqromon vəzifəsinə işə qəbul olunarkən onun artıq 72 yaşı var idi. Sual olunur əgər cavabdeh idarədə işçiləri Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işdən çıxarırsa, nə üçün 2020-ci ildə o, 72 yaşında həmin idarəyə işə qəbul olunmuşdur? O, ali təhsilli mütəxəssisdir, alim aqronom ixtisası vardır. Hesab edir ki, cavabdeh idarədə alim aqronom ixtisası olan baş aqronoma xüsusi ehtiyac vardır. O, işlədiyi müddətdə öz biliklərini və təcrübəsini Xaçmaz şəhərində yaşıllıqların bərpası və inkşafı üçün tətbiq etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanları təsdiq edərək, iddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi öz-özünü maliyyələşdirən bir idarədir. 07 aprel 2023-cü il tarixli qərar ilə isə onun işinə xitam verilmişdir. Xitam verilməsinin səbəbi isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “e” bəndi göstərilmişdir. Düşünür ki, bu əmr qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, cavabdehin işinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi əsasında işinə xitam verilmişdir. Həmin maddədə isə qeyd olunan yaş həddi məsələsidir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, hazırda həmin idarədə baş mütəxəsəssis olaraq çalışır və Fikrət müəllimi tanıyır. Fikrət müəllim qanunla nəzərdə tutulmuş şəkildə, yaş həddində görə işdən kənarlaşdırılıb. Artıq idarədə 2 nəfər yaş həddinə görə işdən kənarlaşdırılıb və cavan kadrlara üstünlük verilir. Yaş həddi tamamlanan başqa işçilər də var. Onlar da işdən kənarlaşdırılacaq. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsində mütəxəssis olaraq çalışır və Fikrət müəllimi 2020-ci ildən tanıyır. Həmin ildən idarədə işləyib və onun əmri ilə nəzərdə tutulmuş şəkildə, yaş həddiə görə işdən kənarlaşdırılıb. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən büdcədən maliyyələşmə olduğu üçün işinə xitam verilib. Fikrət müəllimi 73 yaşında işə götürən o, olmamışdır. Fikrət müəllim dövlət büdcəsindən maliyyələşdirilib. Xaçmaz Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(067)-2035/2023 nömrəli qətnaməsi ilə iddianın təmin olunması, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin 07 aprel 2023-cü il tarixli, 19-amp saylı əmrinin ləğv edilməsi və İddiaçı Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsinə baş aqronom vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün "07 aprel 2023-cü il” tarixdən hesablanmaqla İddiaçı Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqının ödənilməsi qət edilmişdir (hakim Vüsalə Qasımova). Qətnamədən narazı qalan cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(067)-2035/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyillər. Belə ki, məhkəmə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının aparatının məhkəməyə ünvanladığı məktubundan müəyyən etmişdir ki, Xaçmaz Kommunal Təsərüfatı İdarəsi təsərrüfat hesablı idarə olduğundan özü-özünü maliyyələşdirir, dövlət büdcəsindən maliyyələşmir. Bildirmişlər ki, hazırda Xaçmaz Mənzil Kommunal Təsərüfatı idarəsində 130 işçi dövlət büdcəsindən maliyyələşərək əmək haqqı alır. İdarənin öz-özünü maliyyələşdirməsinə baxmayaraq göstərilən idarədə həmçinin dövlət büdcəsindən maliyyələşən vəzifələr vardır. Məhz iddiaçının göstərdiyi baş aqronom vəzifəsi də dövlət büdcəsindən maliyyələşir. Onu müəyyənləşdirmək üçün Xaçmaz rayonu üzrə Maliyyə idarəsinə sorğu vermək kifayət edərdi. Məhkəmənin əsaslandığı Xaçmaz Rayon İcra Hakimiyyətinin məktubu həmin məsələni müəyyən etmək üçün sübut deyil. Çünki Büdcədən ayrılan vəsaitlər Maliyyə idarələri tərəfindən həyata keçirilir. Həmçinin məhkəmə Xaçmaz Mənzil Kommunal Təsərüfatı İdarəsinin Əsasnaməsinə əsaslanaraq idarənin müstəqil balansa, xərclər smetasına, banklarda hesablaşma hesabına və digər hesablara malik olmasını göstərmişdir. Lakin həmin əsasnamənin 4.2-ci maddəsinə əsasən idarənin əmlakının yaranma mənbələrinə kapital qoyuluşu, büdcədən ayrılmalar və dotasiyalar olması göstərilmişdir. Məhkəmə həmin əsasnamədə olan büdcədən ayrılmalar sözünə diqqət yetirməmiş, kifayət qədər araşdırma aparmadan formal cümlələrlə qətnamənin çıxarılması üçün əsas olmayan sübutlara əsaslanaraq iddianı təmin etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və iddiaçı tərəfindən cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və sübutları tam araşdırmamışdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Sübutlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin iddianın tam araşdırılması üçün sübutlar düzgün tədqiq edilməmişdir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin məhkəmə zəruri əlavə sübutları (Maliyyə idarəsinə sorğu) təqdim etməyi tərəflərə təklif etməmişdir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin nümayəndələri Vəkil və X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin xx.xx.2023cü il tarixli 5 saylı xəbərdarlıq məktubundan müəyyən olunur ki, İddiaçı yaş həddi ilə bağlı xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisəsinin işçisi çalışmanın yaş həddinə çatdığı üçün əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Quba-Xaçmaz regional şöbəsinin məhkəməyə ünvanladığı 01 iyul 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin dövlət büdcəsindən maliyyələşən müəssisə olub-olmamasını müəyyən edilməsi X8 Xidmətinin səlahiyyətləri xaricindədir. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Aparatının birinci instansiya məhkəməsinə ünvanladığı məktubundan müəyyən olunur ki, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi təsərrüfat hesablı idarə olduğundan özü-özünü maliyyələşdirir. Dövlət büdcəsindən maliyyələşmir. Bununla bağlı Mənzil Kommunal Təsərrüfatı İdarəsinin xx.xx.2021-ci ildə təsdiqlənmiş əsasnaməsi də vardır (Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Əsasnaməsi məktuba əlavə edilmişdir). İş materiallarında olan Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Əsasnaməsindən müəyyən olunur ki, idarə müstəqil balansa, xərclər smetasına, banklarda hesablaşma hesabına və digər hesablara malikdir. İdarənin ayrıca əmlakı vardır, üzərində idarənin adı göstərilmiş möhürə, müvafiq ştampa və blanklara malikdir. Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən xitam verilməsi əsassız hesab edilməlidir. Çünki cavabdeh dövlət büdcəsindən deyil,özü-özünü maliyyələşdirən idarədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Əsasnaməsinin 2.3-cü bəndinin tələblərini nəzərə almadan müvafiq araşdırma aparmamış, cavabdehin iddia tələbinə qarşı əsaslı dəlillərinə hüquqi qiymət verməmişdir. Həmin əsasnamənin 2.3-cü bəndinə əsasən idarənin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Qanunvericiliyinə zidd olmayan mənbələr hesabına həyata keçirilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Xaçmaz rayonu üzrə X9 rayon Vəkil Bürosunun vəkili Vəkil ünvanladığı 18 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Xaçmaz Rayon Mənzil Kommunal təsərrüfatı İdarəsində işçilərə əmək haqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən pul vəsaiti ayrılır. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı və iş materiallarına əlavə edilmiş Xaçmaz Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin təsərrüfat fəaliyyətindən maliyyələşən işçilərin ştat cədvəlindən müəyyən edilmişdir ki, hazırda Xaçmaz Mənzil Kommunal Təsərüfatı idarəsində çalışan işçilər dövlət büdcəsindən maliyyələşərək əmək haqqı alırlar. İdarənin özü özünü maliyyələşdirməsinə baxmayaraq göstərilən idarədə həmçinin dövlət büdcəsindən maliyyələşən vəzifələr vardır. Məhz iddiaçının göstərdiyi baş aqronom vəzifəsi də dövlət büdcəsindən maliyyələşir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Quba-Xaçmaz regional şöbəsinin İddiaçı ünvanladığı 01 may 2023-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasının vahid büdcə təşkilatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 440 nömrəli qərarının “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə”sinin 8.2.4-cü paraqrafı (“Yaşıllaşdırma” paraqrafına yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, yaşıllaşdırma sahəsində xidmətlərin göstərilməsi, müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işlərin, o cümlədən yaşayış məntəqələrində landşaft quruluşu işlərinin yerinə yetirilməsinin təmin edilməsi, park ərazilərində xüsusi dizayn işlərinin (torpaq sahələrinin hazırlanması, aqrotexniki tədbirlərin görülməsi, mövsümi güllərin və ağacların alınması və əkilməsi) görülməsi və bu qəbildən olan digər xərclər daxildir) nəzərə alınmaqla Xaçmaz RİH və Xaçmaz MKTİ tərəfindən təsdiq olunmuş ştat cədvəlinə əsasən İdarənin bir vahid baş aqronom ştatı üzrə əmək haqqının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin maddənin tələbləri baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbinin dəlillərinin əsassız olduğunu bildirərək cavabdeh təşkilat üzrə baş aqronom ştatının dövlət büdcəsindən maliyyələşən ştat vahidi olduğunu bildirmiş, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən tam araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Xaçmaz Rayonu üzrə Maliyyə şöbəsinin rəisi tərəfindən Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-23-26/2-145/2023 nömrəli məktubda Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsində işçilərə əmək haqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən pul vəsaiti ayrıldığı göstərilmişdir. Eləcə də işə əlavə olunmuş Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Şəhər İnzibati Ərazi X2 Azərbaycan Respublikası Vəkillər Kollegiyası Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Vəkil ünvanladığı 05 oktyabr 2023-cü il tarixli, 80 saylı məktubda da Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 03 saylı sərəncamı ilə nəzarətlərində olan Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin baş aqronom ştatının dövlət büdcəsindən maliyyələşən ştat vahidi olduğu göstərilmişdir. Həmçinin işə əlavə olunmuş Xaçmaz Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi Emin Ağayevə ünvanladığı 05 oktyabr 2023-cü il tarixli, 123 saylı məktubdan görünür ki, Xaçmaz MKTİ-nin dövlət büdcəsindən küçələrin süpürülməsi, yaşıllıqlara qulluq edilməsi, küçələrin işıqlandırılması və xidmət göstərilməsi üçün 130 ştat vahidi təsdiq edilmişdir. Yaşıllıq sahəsinə ayrılmış baş aqronom ştatı da dövlət büdcəsindən maliyyələşən ştat vahididir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiasını təmin etməkdə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(067)-2035/2023 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar