Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1996/2021 27.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, ilkin İddiaçı, ilkin iddia üzrə cavabdeh Nurəddinova (Məmmədova) Günel Şakir qızının iştirakı ilə, İlkin İddiaçı cavabdehlər Cavabdeh1 və Nurəddinova (Məmmədova) Günel Şakir qızına qarşı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair ilkin, qarşılıqlı iddiaçılar Cavabdeh1, Nurəddinova (Məmmədova) Günel Şakir qızının qarşılıqlı cavabdeh İddiaçı qarşı istifadə hüququnun müəyyən edilməsinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(027)- 240/2021 nömrəli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) ilkin iddianın qismən təmin edilməsi, İddiaçı Quba rayonu, Bərqov kəndində yerləşən mərhum xalasının əri X6 və xalası X1 miras qalmış 0,23 ha torpaq sahəsi və fərdi yaşayış evinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın alınmasına cavabdehlər Cavabdeh1 və Nurəddinova (Məmmədova) Günel Şakir qızı tərəfindən yaradılan maneələr aradan qaldırılması, ilkin iddia qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh1 və Nurəddinova (Məmmədova) Günel Şakir qızının Quba rayonu Bərqov kəndində yerləşən yaşayış evinə istifadə hüquqları müəyyən edilməsi qət edilmişdir. İlkin İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlkin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Bərqov kəndində yerləşən mərhum xalasının əri X6 və xalası X1 miras qalmış 0,23 ha torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsi və fərdi yaşayış evinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın alınmasına, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, ona Quba rayonu, Bərqov kəndi ərazisində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi və üzərində 1960-cı ildə tikilmiş 141 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən fərdi yaşayış evində xalası X3 və X6 ilə birlikdə yaşamışdır. Onların nikahında uşaqları olmamış, onlara o baxıb. X8 əri Səməd Güləliyev özünə məxsus evi və torpaq sahəsini 13 iyul 2009-cu il tarixli vəsiyyətnamə ilə ona bağışlamış və özü 24 dekabr 2009-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra həmin torpaq sahəsini və fərdi yaşayış evini X10 idarə etməyə başlamışdır. X10 14 iyun 2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ondan miras qalmış evə və torpaq sahəsinə faktiki sahiblik edib. Quba Rayon Məhkəməsinin 2(027)-979/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli qətnaməsilə 14 iyun 2015-ci il tarixdə vəfat etmiş X2 onun- İddiaçı xalası olmasına dair qohumluq faktının müəyyən edilməsi qət edilmişdir. Beləliklə X10 və əri Səməd Güləliyevin uşaqları olmadığından, X8 qanun üzrə, onun əri Səməd Güləliyevin vəsiyyət üzrə vərəsəsidir. Bununla bağlı Quba Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət edib, 27 iyul 2020-ci il tarixli və 05 oktyabr 2020-ci il tarixli məktublara əsasən X8 qanun üzrə, onun əri Səməd Güləliyevin isə vəsiyyət üzrə vərəsələri sırasına daxil olmağı barədə məktub verilmişdir. Bundan sonra həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış üçün müraciət edib. Lakin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini ölçmək istədikdə orada yaşayan cavabdehlər buna mane olub, heç bir səbəb göstərmədən mübahisə yaratmışlar. Bu səbəblə də Daşınmaz əmlakdan çıxarış verilməsinə imtina edilmişdir. Qeyd edib ki, cavabdehlərin xalası və xalasının ərinə məxsus torpaq sahəsi və evə heç bir bağlılığı və aidiyyatı yoxdur. Belə ki, X10ya və onun əri Səməd Güləliyeviə maddi imkanlarını yaxşılaşdırmaq üçün cavabdehləri həmin evdə kirayəşin saxlamışlar. Bir müddət sonra onlar çıxıb getmişlər. Xalası öldükdən bir müddət sonra yenidən zor gücünə həmin evdə yerləşərək yaşamağa başlamışlar. Onları torpaq sahəsi və evdən çıxmaları üçün dəfələrlə xəbərdarlıq etsə də, bunun heç bir nəticəsi olmamışdır. Faktiki olaraq cavabdehlər ona mülkiyyət hüququ əsasında məxsus olan evə dair qanunsuz iddialar irəli sürməklə onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaradırlar və bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlib. Qarşılıqlı iddiaçılar Cavabdeh1 və Nurəddinova (Məmmədova) Günel Şakir qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi üzrə İddiaçı qarşı ilkin iddia tələbinin qismən rədd edilməsi, Quba rayonu Bərqov kəndində yerləşən 1993-cü ildən hal-hazıradək yaşadığları yaşayış evinə onların istifadə hüququnun müəyyən edilməsinə dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o,1993-cü ildə Şakir Məmmədovla ailə qurub və birgə nikahdan qızı Günel doğulub.1 il sonra Ş.Məmmədov ilə münasibətləri pozulduğundan ondan ayrılıb. Quba rayonu Bəqrov kənd sakini X4 övladı olmadığından və həyat yoldaşı X3 yataq xəstəsi olduğundan, 1994-cü ildə S.Güləliyev ilə nikah rəsmi qeyd etdirmədən ailə qurub və qızı Güneli də özü ilə aparıb. Ailə qurarkən Səməd Güləliyevə məxsus Quba rayonu Bərqov kəndində yerləşən yaşayış evinə köçərək, Səməd Güləliyev və onun birinci həyat yoldaşı Mazədə Güləliyeva ilə bir ailədə yaşayıb. Səməd və Mazədə övladları olmadığı üçün qızı Güneli öz övladları kimi hesab ediblər. Mazədə yataq xəstəsi olduğundan ona ölən günə qədər baxıb qulluq edib. Səməd Güləliyev 2009-cu ildə, Mazədə Güləliyeva isə 2014-cü ildə vəfat ediblər. Onların hər ikisi yataq xəstəsi olmuş, onlara ölən günə kimi özü və qızı Günel baxaraq qulluq ediblər. Biz- Təranə və Cavabdeh2lar Səməd Güləliyev və Mazədə Güləliyeva ilə bir ailədə yaşayaraq eyni təsərrüfatı idarə etdiklərindən, Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli 03 nömrəli qərarı ilə onlara Quba rayonu Bərqov kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2,16 ha torpaq sahəsi verilmiş və adına JN 0049 Kod 30310038 saylı Torpağa Mülkiyyət Hüququna X13 verilib, hətta həmin həmin Dövlət Aktında onun- (Cavabdeh1) soyadı Səməd Güləliyevin soyadı ilə “Güləliyeva” kimi qeyd olunmuşdur. Qeyd edib ki, onların həmin evdə istifadə hüququ var. 1994-cü ildən hal-hazıra kimi həmin evdə yaşayırlar. Evin bütün təmir işlərini onlar aparıb və bütün kommunal xərcləri (qaz, su və işıq) Səməd Güləliyevin ölümündən sonra ödəyib, hətta təbii qazın verilməsi üçün quraşdırılmış sayğac onun adına qeydə alınıb. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin İddiaçı Quba Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ilkin iddia tələbinin qismən təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuz qəbul edilmiş, məhkəmə mühüm əhəmiyyəti olan faktiki halları tam və tərəflər arasında olan münasibətləri aydınlaşdırmadan qətnamə çıxarmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Nurəddinova (Məmmədova) Günel Şakir qızı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə ilkin iddia üzrə digər Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən edilməsini ilkin İddiaçı fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi olmuş mərhum Səməd Güləliyevin vəsiyyət üzrə vərəsəsi olduğunu və mirası qəbul etməsi ilə həmin əmlaka mülkiyyət hüququnun yaranması və cavabdehlərin onun bu hüquqlarının həyata keçirilməsinə maneənin yaradılması ilə, qarşılıqlı iddia tələbinin təmin edilməsini isə onların həmin evə istifadə hüquqlarını əldə etməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüququ əsası kimi Mülki Məcəllənin 152.1, 157.4, Konstitusiyanın 13., 29, 43-cü maddələrinə və köhnə Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni ilkin iddiaçı ilkin iddianın təmin edilməyən, qarşılıqlı iddianı isə təmin edilmiş hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla hesab edir ki, ilkin iddiaçı qətnaməni ilkin iddianın təmin edilməyən və qarşılıqlı iddiaya dair hissədə mübahisələndirildiyindən, apellyasiya şikayətinə mübahisələndirilən hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, ilkin iddia tələbi maneələrin aradan qaldırılması və evdən çıxarılma, qarşılıqlı iddia tələbi isə istifadə hüququnun müəyyən edilməsi barədədir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, mübahisəli Quba rayonu, Bərqov kəndində yerləşən 0,23 ha torpaq sahəsi və fərdi yaşayış evi mərhum X5 məxsus olmuş və sonuncunun ölümündən sonra həmin torpaq sahəsi və evə dair ilkin iddiaçıya 13 iyul 2009-cu il tarixdə vəsiyyətnamə verilmişdir. Hazırki iş üzrə ilkin iddiaçı tərəfindən qətnamə qarşılıqlı iddia tələbi və ilkin iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi ilkin iddia tələbinin mübahisələndirilən, yəni mənzildən çıxarılma hissəsinə özündən asılı etdiyindən, ilkin olaraq qarşılıqlı iddia tələbinə hüquqi qiymət verilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil ilkin olaraq mərhum Səməd Güləliyevə məxsus olmuş və qarşılıqlı iddiaçılar həmin mənzilə 1993-cü il tarixdən məhz sonuncunun razılığı əsasında köçərək, hazırkı vaxta qədər həmin mənzildə yaşamışlar. Eyni zamanda torpaq islahatı zamanı təsərrüfat başçısı olmuş mərhum Səməd Güləliyev və onun ailə üzvləri kimi (təsərrüfatına üzvü) qarşılıqlı iddiaçılar Təranə və Cavabdeh2lara birgə pay torpaq sahəsi verilmişdir. Bu hal məhkəmə kollegiyasının sorğusuna əsasən X12 filialı tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərdə, eləcə də mülki işin materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0049 saylı kod 30310038 saylı Dövlət Aktında da öz təsdiqini tapmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçılar həmin fərdi yaşayış evinə 1993-cü ildən fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi Səməd Güləliyevin razılığı ilə hər hansı bir qeyri şərt göstərilmədən köçürüldüyündən, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinin tələblərinə uyğun olaraq mübahisəli yaşayış evinə istifadə hüquqları yaranmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İlkin iddia tələbinin mənzildən çıxarılması barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun müəyyən edilməsi ilə bağlı Təranə və Cavabdeh2ların qarşılıqlı iddia tələbləri təmin edildiyindən, başqa sözlə desək sonuncular həmin evdə qanuni əsaslarla yaşadıqlarından və onların bu hüquqları itirilmədiyindən, ilkin iddia tələbinin mənzildən çıxarılması hissəsində də təmin etməməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İlkin İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1996/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1996/2021
27.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver