Məhkəmə qərarları › İş №2(105)-1997/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1997/2021

16.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1997/2021 16.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabadeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili X2 iştirakı ilə Quba Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(027)-116/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(027)-116/2021 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı Cavabdeh qarşı torpağın özgəsinin qanunsuz sahibliyindən alınaraq qaytarılması tələbinə dair ilk iddia təmin edilib, Quba rayonu, Fətəlixan küçəsi ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq İddiaçı verilməsi və Cavabdeh İddiaçı və Quba bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin və mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(027)- 116/2021 saylı qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ona ünvan 1 ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi verilmiş və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən ********** qeydiyyat nömrəli, 25 aprel 2019-cu il qeydiyyat tarixli çıxarış verilmişdir. Cavabdehin həyətyanı torpaq sahəsi ona məxsus torpaq sahəsilə qonşuluqda yerləşir. Həmin torpaq sahəsinə mütamadi olaraq gedib gəlmədiyindən Cavabdeh ona məxsus 0,04 ha həyətyanı torpaq sahəsini öz həyətyanı torpaq sahəsinə birləşdirib, qanunsuz zəbt edərək istifadə edir. Onu öz mülkiyyətində olan torpaq sahəsinə buraxmayaraq, həmin torpaq sahəsindən istifadə etməyinə imkan vermir, onun həmin torpaq sahəsinə olan mülkiyyət hüquqlarını pozur. Cavabdeh torpaq sahəsindən çıxmasını dəfələrlə təklif etsə də, onu eşitmir və torpaq sahəsindən könüllü olaraq çıxmaq fikrində deyildir. Cavabdeh təqsiri üzündən həmin torpaq sahəsindən istifadə edə bilmir, mülkiyyətinə verilmiş torpaq sahəsinə olan hüquqlarını məhdudlaşdıraraq, ona həm maddi, həm də mənəvi ziyan vurur. Ona görə də, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən ********** qeydiyyat nömrəli, 25 aprel 2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən ona məxsus Quba rayonu, Fətəlixan küçəsi ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsalandırmışdır ki, O, Quba bələdiyyəsi və İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın və torpaq sahəsinin planı və ölçüsünü 29 iyun 2020-ci il tarixində almışdır. Mübahisəli torpaq sahəsi 1985-ci ildən onun icarəsində olub, 1999-cu il tarixdə Quba rayon X1 aparılan torpaq islahatı ilə əlaqədar, mərhum atası X6 və ailə üzvlərinə dövlət tərəfindən 1 hektar torpaq sahəsinin ayrılması barədə Dövlət Aktı tərtib edilmişdir. Həmin torpaq sahəsinin 0,036 hektarı onun icarəçisi olduğu torpaq sahəsində Aqrar İslahat Komissiyası tərəfindən ayrılaraq, həyətyanı sahəsinə əlavə olunmuşdur. Bu barədə 05 noyabr 1999-cu il tarixində X8 X5 komissiyasının üzvləri tərəfindən müvafiq akt tərtib edilmişdir. Ayrılan torpaq sahəsi naturada təhkim olunub və bundan sonra bələdiyyə büdcəsinə köçürülməli olan torpaq vergisi onlar tərəfindən köçürülüb. Elə həmin tarixdən sözügedən 0,036 hektar torpaq sahəsi 21 il ərzində sahibliyində və istifadəsində olmuş və həmin torpaq sahəsində ağaclar əkib becəriblər. İddia ərizəsinə əlavə olunan çıxarışlardan və torpaq sahəsinin planı və ölçüsündən göründüyü kimi Quba Bələdiyyəsi bu torpağa dair Çıxarışı 14 oktyabr 2014-cü ildə almış, İddiaçı bu torpaq sahəsini 03 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Quba Bələdiyyəsi və İddiaçı arasında bağlanmış 03 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin predmetini təşkil edən ilkin torpaq sahəsinin planı və ölçüsündəki əsas döngə nöqtələrinin koordinatları ilə, sonrakı torpaq sahəsinin planı və ölçüsünddəki əsas döngə nöqtələrinin koordinatları arasında fərq vardı. Bu ziddiyyət satılan torpaq sahəsinin eyni ərazidə yerləşmədiyini göstərir. Həmçinin satılan torpaq sahəsi onun həyətyanı torpaq sahəsinin hasarı ilə əhatə olunur və yuxarıda qeyd etdiyi kimi onların icarəsində, sonradan istifadəsində olmuşdur. Ona görə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı, 11 oktyabr 2014-cü il qeydiyyat tarixli çıxarışın, Quba Bələdiyyəsi və İddiaçı arasında 03 aprel 2019-cu il tarixində bağlanmış alqısatqı müqaviləsinin və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı, 25 aprel 2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apelyasiya şikayətlərini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 29 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili M.Z.Mahmudov apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabadeh İddiaçı apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* reyestr nömrəli, 11.10.2014-cü il qeydiyyat tarixli çıxarış əsasında Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi Quba bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Quba bələdiyyəsinin 29 mart 2013-cü il tarixli, 4/26 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün müsabiqəyə (hərraca) Quba bələdiyyəsinə 400 kv.metr torpaq sahəsi ayrılmışdır. Quba bələdiyyəsi və İddiaçı arasında bağlanmış 03 aprel 2019-cu il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinə əsasən Quba bələdiyyəsi mülkiyyətində olan 0,04 ha torpaq sahəsini 2000 manata İddiaçı satmışdır. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli, 25.04.2019-cu il qeydiyyat tarixli çıxarış əsasında ünvan 2 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin tərtib etdiyi ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli, 25.04.2019-cu il qeydiyyat tarixli, torpaq sahəsinin planı və ölçüsü əsasında ünvan 2 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin kadastr planı tərtib edilmişdir. Bağ sahəsinin icaryə verilməsinə dair müqavilənin surətindən görünür ki, Quba rayonu ərzisində yerləşən 0,50 ha torpaq sahəsi X6 icarəyə verilmişdir. Quba bələdiyəsinin 28 noyabr 2001-ci il tarixli məktunundan görünür ki, Quba bələdiyyəsi X4 Quba rayonu ərazisində götürdüyü 0,40 ha torpaq sahəsi üzrə icarə müqaviləsinin 10-17-ci maddələrinin şərtlərini yerinə yetirmədiyinə görə icarə müqaviləsinin ləğv olunması barədə məlumat verilmişdir. İddiaçı məxsus Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsinin Cavabdeh istifadəsində və sahibliyində olan torpaq sahəsinin daxilində olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq , ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasn mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia ərizəsini təmin edib, Quba rayonu, Fətəlixan küçəsi ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq İddiaçı verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olur ki, Cavabdeh İddiaçı və Quba bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin və mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı və Quba bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin və mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması üçün əsaslar vardır. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan iddia tələbləri üzrə işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə ayrıca qərardadla xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı və Quba bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin və mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi üzrə tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin həmin hissəsində apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384.0.4, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(027)-116/2021 saylı qətnaməsi qismən – «Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin və mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin» hissəsində ləğv edilsin və iş üzrə həmin hissədə ayrıca qərardad çıxarılsın. Quba Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(027)-116/2021 saylı qətnaməsi – «İddiaçı Cavabdeh qarşı torpağın özgəsinin qanunsuz sahibliyindən alınaraq qaytarılması tələbinə dair ilk iddia təmin edilib, Quba rayonu, Fətəlixan küçəsi ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq İddiaçı verilsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar