Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1998/2021 27.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı və vəkili X5, Cavabdeh, maraqlı şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(027)-547/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(027)-547/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh və ailə üzvlərinin mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan ********** qeydiyyat nömrəli, ******* reyestr nömrəli, 20.06.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu, Yenikənd kəndində yerləşən yaşayış evindən çıxarılması qət edilmişdir (hakim R.T.Həsənov). Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh və ailə üzvlərinin mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXdan ********** qeydiyyat nömrəli, ******* reyestr nömrəli, 20.06.2018-ci il tarixli çıxarışa əsasən ona məxsus Quba rayonu, Yenikənd kəndində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirirdi ki, Quba Rayon Məhkəməsinin qətnaməsi qəbul edilərkən məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş, iş üçün əhəmiyyətli olan hallar düzgün araşdırılmamışdır. Bildirir ki, hal-hazırda iddiaçının mülkiyyətində olan ev ata yurdudur. O, həmin evdə anadan olmuş və burda yaşayır. Bu onun dörd nəfər ailə üzvünün daimi yaşayış yeridir. Onun digər yaşayış yeri yoxdur. İddiaçı isə neçə ildir ki, mülkiyyətinə keçirməyə nail olduğu evdən onları hər vasitə ilə çıxarmağa çalışır. Bu tələblə 2019-cu ildə də məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilsə də Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-2601/2019 saylı, 01 iyul 2019-cu il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilmişdir. Hal-hazırda iddiaçı yenidən əsassız olaraq bu tələblə çıxış edir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürüldüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(027)-547/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(027)-547/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X8 apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(027)-547/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X7 apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(027)-547/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs X6 apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(027)-547/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçıkarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-863/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı məxsus olan Quba rayonu, Yenikənd kəndində yerləşən sahəsi 137.7 kv.m olan evinin otaqlarını boşaltması və həmin evin 1-ci mərtəbəsində yerləşən 16.2 kv.m olan otağında istifadə hüququ saxlanılmaqla istifadə etməsi, İddiaçı Quba rayonu, Yenikənd kəndində yerləşən sahəsi 137.7 kv.m olan evə köçürülməsi qərara alınmışdır. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin 03.08.2016-cı il tarixli və 18.06.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 3(027)-659/2016 saylı, 24.08.2016-cı il tarixli qərarından görünür ki,Cavabdeh Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 manat miqdarında cərimə olunmuşdur. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 01.07.2019-cu il tarixli, 2(105)-2601/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 2(027)863/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsi Cavabdeh İddiaçı məxsus olan Quba rayonu, Yenikənd kəndində yerləşən sahəsi 137.7 kv.m olan evin otaqlarını boşaltması və həmin evin 1-ci mərtəbəsində yerləşən sahəsi 16.2 kv.m olan otağından istifadə hüququ saxlanılmaqla həmin otaqdan istifadə edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə iddianı təmin edərkən ona istinad etmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı tələbində Cavabdeh və ailə üzvlərinin mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan ********** qeydiyyat nömrəli, ******* reyestr nömrəli, 20.06.2018-ci il tarixli çıxarışa əsasən ona məxsus Quba rayonu, Yenikənd kəndində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh ilə iddiaçı arasında yaranmış mübahisələr Quba RPŞ-nin əməkdaşlarının müdaxiləsi nəticəsində həll olunmuş və cavabdehin əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan Quba rayon Məhkəməsinin 3(027)-659/2016 saylı, 24.08.2016-cı il tarixli qərarı ilə 300 manat məbləğində inzibati tənbeh növündə cərimə edilmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ona məxsus olan fərdi yaşayış evindən istifadə edə bilmir. Belə olduğu halda, iddiaçının həmin ev üzərində yaranmış mülkiyyət hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulur. Məhkəmə iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublkası Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, Quba Rayon Məhkəməsinin 2(027)-863/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsinə əsasənCavabdeh İddiaçı məxsus olan Quba rayonu, Yenikənd kəndində yerləşən sahəsi 137.7 kv.m olan evinin otaqlarını boşaltması və həmin evin 1-ci mərtəbəsində yerləşən 16.2 kv.m olan otağında istifadə hüququ saxlanılmaqla istifadə etməsi, İddiaçı Quba rayonu, Yenikənd kəndində yerləşən sahəsi 137.7 kv.m olan evə köçürülməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 01.07.2019-cu il tarixli, 2(105)-2601/2019 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 2(027)863/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsi Cavabdeh İddiaçı məxsus olan Quba rayonu, Yenikənd kəndində yerləşən sahəsi 137.7 kv.m olan evin otaqlarını boşaltması və həmin evin 1-ci mərtəbəsində yerləşən sahəsi 16.2 kv.m olan otağından istifadə hüququ saxlanılmaqla həmin otaqdan istifadə edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi qərara alınmışdır. Bundan başqa iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evi tam X1, torpaq sahəsi isə X3, İddiaçı və X2 ümumi birdə mülkiyyətindədir. Yəni iş materiallarından müəyyən olunur ki, mübahisəli ev hazırkı iş üzrə iddiaçının deyil, onun atası X1 mülkiyyətindədir, torpaq sahəsi isə birgə mlkiyyətdədir. Eləcə də iş materiallarından görünür ki, cavabdeh maraqlı şəxs Sabir Teyyubovun oğludur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq hüququ olmamışdır. Həmin iddianı qaldırmaq hüququ X4 məxsusdur. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində Cavabdeh və ailə üzvlərinin mübahisəli evdən çıxarılmasını qeyd etsə də ailə üzvlərinin konkret kimlər olması barədə qeyd etməmişdir. Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirməlidir. Yəni məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. Həmin hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da nümayiş etdirilmiş və qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədlərini müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Xarici cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasından görünür ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməsi üçün 3 dispozitiv şərtin olması vacibdir:1) şəxsin həminəmlaka mülkiyyət hüququ olmalı;2) həmin əmlak başqasının sahibliyində, həmçinin istifadəsində olmalı; 3) başqasının həmin əmlaka sahibliyi və istifadəsi qeyri-qanuni olmalıdır. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə işin hallarını tam araşdırmamış, yekunda səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsası kimi istinad etdiyi halları, sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Bununla da məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin ləğvi üçün əsas hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(027)-547/2021 saylı qətnaməsi ilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(027)-547/2021 saylı qətnaməsi ilə qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1998/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1998/2021
27.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver