Məhkəmə qərarları › İş №2(105)-20/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-20/2024

21.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-20/2024 21.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, Cavabdeh, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X2 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində inşa edilmiş şəxsi yaşayış evinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(012)-126/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, X4 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddiaçılar İddiaçı1, İddiaçı2, X2 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində inşa edilmiş şəxsi yaşayış evinin sökülmə tələbinə dair mülki iş üzrə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(105)-307/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, V.H.Allahverdiyeva, S.İddiaçı2 və X.İddiaçı2 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(012)-126/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı1 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli, 2(102)-3472/2021 nömrəli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 307/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı2, X4 və İddiaçı3 Vahid qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. İddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində xüsusi mülkiyyət hüququ əsasında 0,34 ha torpaq sahəsinə malikdirlər və mülkiyyət hüququ Dövlət reyestrindən verilmiş çıxarışla təsdiq edilmişdir. Eyni zamanda Torpağa mülkiyyət hüququna dair JN-1874 saylı Dövlət Aktı da mövcuddur. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyətlərindədir. Lakin cavabdeh və digər şəxslər həmin torpaq sahəsini zəbt ediblər və həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Bu səbəbdən onlar özlərinə məxsus torpaq sahəsindən istifadə edə bilmirlər, torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. Cavabdehin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar Abşeron Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində xüsusi mülkiyyət hüququ əsasında 0,34 ha torpaq sahəsinə malikdirlər və mülkiyyət hüququ Dövlət reyestrindən verilmiş çıxarışla təsdiq edilmişdir. Eyni zamanda Torpağa mülkiyyət hüququna dair JN-1874 saylı Dövlət Aktı da mövcuddur. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyətlərindədir. Lakin cavabdeh və digər şəxslər həmin torpaq sahəsini zəbt ediblər və həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Bu səbəbdən onlar özlərinə məxsus torpaq sahəsindən istifadə edə bilmirlər, torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. Cavabdehin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı1 vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində cavabdehlər İddiaçı2, X3 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçıların onlara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olumasına dair müvafiq sübutlarını təqdim etməməsi ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsasını Mülki Məcəllənin 152.1., Torpaq Məcəlləsinin 68, 111-ci maddəsinə istinad etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, bu nəticədən narazı qalan iddiaçılar qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyini nəticəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmaması, apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə tənqidi yanaşmayaraq iş üzrə təkrar ekspertizanını keçirilməsini və ekspert qarşısında suallar qoyaraq fərqli tətqiqat metodlarının tədbiq edilməsi ilə qeyd edilən uyğunsuzluğun müəyyən edilməsini müzakirə etməməsi, zərurət yaranarsa Alternativ Ekspertiza müəssisələrinə müraciət edərək qeyd edilən halın müəyyən olunmasını təmin etməməsi ilə əlaqələndirmişdir. Həmin həmçinin təkrar məhkəmə tikinti texniki ekspertiza keçirilməsini müzakirə etməklə, ekspertiza ilə ilk növbədə tərəflərin torpaq sahələrinin hər birinin ayrı-ayrılıqda yerdə sərhədlərinin müəyyən edilməsinin təmin olunması bundan sonra digər hərəkətlər yerinə yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Torpağın mülkiyyət hüququna dair dövlət aktına və sonradan verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə Abşeron rayon Saray qəsəbəsində torpaq sahəsinə iddiaçıların mülkiyyət hüquqlarının qeydə alınması, eləcə də həmin ərazidə 0,10 ha ölçüdə torpaq sahəsinin isə cavabdehin adına mülkiyyət hüquqlarının qeydə alınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və üzərində aparılmış tikililərin sökülməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli və yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalı, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Nəzərə alınmalıdır ki, qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Tərəflərin ədalət məhkəmə araşdırılması hüququnun təmin etmək məqsədilə 04 avqust 2023-cü il və 30 oktyabr 2023-cü il tarixlərdə Məhkəmə kollegiyası tərəfindən məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10/4534 nömrəli və 3-16-16/2-10/7210 nömrəli ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mümkün olacaqdır. Göründüyü kimi iddiaçılar ilk növbədə cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahəsinin onlara məxsus olduğunu Mülki Məcəllənin 157.2. və Mülki Prosessual Məcəllənin 77.1. maddələrinə əsasən sübut etməli olduğu halda, bu halı təsdiq edən tutarlı sübutlar təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı hazırda həmin ərazidə əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır və işlərin vəziyyəti barədə məhkəmə kollegiyası tərəfindən sorğu verilmiş, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması (dürüstləşdirilməsi) işləri yekunlaşdırılmamışdır. Mövcud vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların iddia ərizəsində qeyd etdikləri hallar iş materialları və ekspert rəyləri ilə təkzib olunduğundan, eləcə də iddiaçılara məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapmadığından, iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı həmçinin o da vurğulanmalıdır ki, dürüstləşmə işlərinin yekun nəticəsinə uyğun olaraq iddiaçılar onlara məxsus torpaq sahəsini zəbt etmiş şəxsə qarşı iddia qaldırmaq hüququnu istisna deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya və apellyasiya instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan (50+50+50=150) 150 (yüz əlli) manat iddiaçılardan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçılar İddiaçı1, İddiaçı2, X4 və İddiaçı3 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, X2 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində inşa edilmiş şəxsi yaşayış evinin sökülməsinə dair iddia tələbi rədd edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, X4 və İddiaçı3 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 150 (yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar