Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-200/2021 20.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(029)-32/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(029)-32/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rafiq Kazımov) İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ona məxsus Qusar şəhərində Qusar-Köhnə Xudat yolunun Piroğlanov küçəsi ilə kəsişdiyi ərazidə 30 kv.metr kommersiya məqsədi ilə alınmış torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin aidiyyəti üzrə ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, onun Qusar şəhərində Qusar-Köhnə Xudat yolunun Piroğlanov küçəsinin kəsişdiyi yerdə 30 kv.metr kommersiya təyinatlı torpaq sahəsi vardır, bu torpaq sahəsində hər hansı tikinti işləri aparmamışdır. Həmin torpaq sahəsi ona Qusar rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 saylı sərəncamına əsasən satılmışdır. Torpaq sahəsində hər hansı tikinti işləri aparmadığından istifadə edən Cavabdeh həmin torpaq sahəsini zəbt edərək özünün torpaq sahəsinə birləşdirmişdir. O, Cavabdeh özünə məxsus torpaq sahəsini qaytarmasını tələb etsə də, cavabdeh həmin torpaq sahəsini ona qaytarmamışdır. Bununla əlaqədar dəfələrlə yerli icra hakimiyyəti orqanlarına, bələdiyyəyə və Qusar rayon Polis şöbəsinə müraciət etmiş, lakin mübahisə mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsini əsassız və qeyri-qanuni hesab edir. Belə ki, mübahisəli torpaq sahəsi ona Qusar rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 saylı sərəncamı ilə satılmış, sərəncam veriləndən sonra torpaq sahəsi onun sahibliyinə keçmişdir. Torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş, tələb etməyinə baxmayaraq cavabdeh torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Torpaq sahəsi ona satılmamışdan əvvəl, yerquruluşu planı tərtib edilmiş (Qusar şəhərinin baş planından çıxarış qaydasında), torpaq sahəsinin satılması həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və X8, X10 və Bərpası Müəssisəsi ilə razılaşdırılmışdır. Cavabdeh məhkəmədə verdiyi izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsinin yanında Qusar bələdiyyəsinin 23 noyabr 2005-ci il tarixli, 12/4 saylı qərarı ilə satılmış 240 kv.metr torpaq sahəsi, həmin yerdə 93 saylı qeydiyyat vəsiqəsinə əsasən 300 kv.metrdən ibarət yanacaq doldurma məntəqəsi və qeyri-yaşayış binası ona məxsusdur. Məhkəmə qətnamədə göstərir ki, ona məxsus torpaq sahəsinin hansı sərhədlər daxilində olmasını müəyyən etmək mümkün olmamışdır, o, öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmənin qətnaməsi ilə müəyyən edilən yuxarıda qeyd edilən hallar onun tərəfindən məhkəməyə təqdim edilən və işdə olan digər sübutlarla ziddiyyət təşkil edir. Məhkəmə onun tərəfindən təqdim edilmiş və işdə olan digər sübutlara obyektiv qiymət vermədən və iş üzrə mühüm əhəmiyyətə malik halları aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Ona məxsus olan 30 kv.metr torpaq sahəsinin cavabdehə məxsus olan 240 kv.metr torpaq sahəsinə və yanacaqdoldurma məntəqəsinə heç bir aidiyyəti yoxdur. Bundan əlavə, Qusar bələdiyyəsi tərəfindən təsdiq edilmiş 1:500 miqyasda olan Qusar şəhərinin baş planından aydın görünür ki, ona məxsus 30 kv.metr torpaq sahəsi cavabdehə məxsus 240 kv.metr torpaq sahəsindən 6 metr məsafədə yerləşir. Cavabdehə məxsus 300 kv.metr torpaq sahəsi isə bilavasitə Ş.Piroğlanov küçəsi ilə paralel yerləşməklə ona məxsus torpaq sahəsindən ayrıdır. Həmçinin yerquruluşu planından aydın görünür ki, ona məxsus torpaq sahəsi M.Kərimova məxsus olan 8 m x 4 m ölçülərdə 32 kv.metr torpaq sahəsi ilə həmsərhəddir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan xxxx MMC-nin Xaçmaz LTİ-nin mütəxəssisi tərəfindən verilmiş rəydə göstərilir ki, mübahisəli torpaq sahəsinin koordinatları qeyd olunmadığına görə torpaq sahəsinin hansı sərhədlər daxilində olmasını müəyyən etmək mümkün olmamışdır. Qətnamədən belə başa düşülür ki, 17 fevral 2020-ci il tarixli, 2367 saylı ekspert rəyi həmin mütəxəssis rəyi əsasında verilmişdir. Bundan əlavə, Qusar rayon İcra Hakimiyyəti başçısının 02.11.1998-ci il tarixli sərəncamında ona satılmış torpaq sahəsinin Qusar- Köhnə Xudat yolunun Ş.Piroğlanov küçəsi ilə kəsişdiyi ərazidə olduğu göstərilmişdir. Qusar bələdiyyəsinin Cavabdeh torpaq sahəsinin satılmasına dair 23.11.2005-ci il tarixli, 12/4-19 nömrəli qərarında da 240 kv.metr torpaq sahəsinin Qusar-Köhnə Xudat yolu ilə Ş.Piroğlanov küçəsinin kəsişdiyi yerdə, dövlət meşə fondu torpaqları ilə həmsərhəd olan ərazidən satıldığı göstərilmişdir. Həm ona, həm M.Kərimova, həm də cavabdehə məxsus 240 kv.metr torpaq sahələri dövlət meşə fondu torpaqlarının qonşuluğundadır. Qeyd edilən hallara görə belə nəticəyə gəlmək olur ki, həm ona, həm də cavabdehə satılmış torpaq sahələri eyni ərazidən satılmışdır və işdə olan sənədlərə əsasən ona satılmış torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinə heç bir şübhə qalmır. Məhkəmənin qətnaməsi isə işdə olan digər sübutlar nəzərə alınmadan, yalnız ekspert rəyi ilə əsaslandırılaraq qəbul edilmişdir. 17 fevral 2020-ci il tarixli, 2367 saylı ekspert rəyi obyektiv deyildir, keçirilmiş ekspertiza nəticəsində iş üçün əhəmiyyətə malik hallar aydınlaşdırılmamışdır və iş üzrə Azərbaycan Respublikasının MPM-nin 102 və 206-cı maddələrində nəzərdə tutulmuş qaydalara uyğun olaraq, təkrar ekspertiza təyin edilməlidir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. 15 oktyabr 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı mağaza binasının tikintisi üçün Qusar K-Xudat yolunun H.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdən 30 kv.metr torpaq sahəsi satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X6 17 mart 2009-cu il tarixli, 82 nömrəli rəyinin surətindən görünür ki, Qusar şəhər sakini İddiaçı 02 noyabr 1998-ci il tarixdə Qusar rayon İcra Hakimiyyəti başçısının 166 saylı sərəncamına əsasən Qusar-Köhnə Xudat yolunun Piroğlanov küçəsi ilə kəsişdiyi yerdən ölçüləri 5 x 6 metr olmaqla, cəmi 30 kv.metr torpaq sahəsi ayrılmışdır. X10 və Bərpası Müəssisəsinin 06.03.2009-cu il tarixli, 98 saylı arayışına əsasən həmin sahənin dövlət meşə fonduna aid olmadığı bildirilir. Ona görə də 5 saylı Ərazi Ekologiya və X8 həmin sahədə ticarət obyektinin tikintisinə “Ətraf mühitin mühafizəsi haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” qanunların tələblərinin pozulmaması şərtilə etiraz etmir. İş materiallarında olan X10 və Bərpası Müəssisəsinin 06 mart 2009-cu il tarixli, 98 nömrəli arayışının surətindən görünür ki, Qusar şəhəri, Z.Tağıyev küçəsi 109 nömrəli evin sakini İddiaçı 02 noyabr 1998-ci il tarixdə 166 nömrə ilə verilmiş sərəncama əsasən Qusar-Köhnə Xudat yolunun Piroğlanov küçəsi ilə kəsişdiyi yerdə 5 x 6 metr ölçüdə ayrılmış sahə dövlət meşə fondundan kənarda yerləşir. İş materiallarında olan Qusar rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış 19 fevral 2009-cu il tarixli, 94-32 nömrəli məktubun surətindən görünür ki, Qusar rayon İcra Hakimiyyətinin 02 noyabr 1998-ci il tarixli, 166 saylı sərəncamı ilə satın aldığı 30 kv.metr torpaq sahəsində, Köhnə-Xudat yolunun H.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdə ticarət obyektinin sanitariya norma və qaydalarına uyğun olaraq layihələndirilib tikilməsinə Qusar rayon Gigiyena və Epidemiologiya Mərkəzi etiraz etmir, tikinti işləri başa çatdıqdan sonra istismara qəbulu və fəaliyyəti Qusar rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmalı, obyekt layihədə nəzərdə tutulmuş təyinatı üzrə istifadə olunmalıdır. İş materiallarında olan Qusar rayon Polis şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısının 30 iyun 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, X2 və X3 ərizəsi əsasında toplanmış 22.06.2016-cı il tarixli, HK/1-212 nömrəli material üzrə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və aralarında olan mübahisə mülki xarakterli olduğundan, bununla əlaqədar rayon məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İş materiallarında olan X11 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qusar şəhərində Piroğlanov küçəsində yerləşən yanacaq doldurma məntəqəsi 300,00 kv.metr qeyri-yaşayış binası mülkiyyət hüququ əsasında Qusar rayon dövlət notariat kontorunda alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına 09 sentyabr 2005-ci il tarixdə reyestr kitabında 57ci səhifədə 93 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Qusar bələdiyyəsinin 23 noyabr 2005-ci il tarixli, 12/4-19 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan ötrü Qusar şəhərinin baş planına uyğun olaraq Qusar-K/Xudat yolu ilə Piroğlanov küçəsinin kəsişdiyi yerdə DMF torpaqları ilə həmsərhəd olan ərazidən 240,0 kv.metr torpaq sahəsi 2400 000 manata satılmışdır. İş üzrə keçirilmiş ekspertizanın 17 fevral 2020-ci il tarixli, 2367 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nin Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsasən, Qusar RİHB-nın 02 noyabr 1998-ci il tarixli, 166 saylı sərəncamına və Qusar şəhərinin baş planından çıxarışda İddiaçı Qusar şəhərində Qusar-Köhnə Xudat yolunun Piroğlanov küçəsinin kəsişməsində yerləşən 30 kv.metr kommersiya təyinatlı torpaq sahəsinin verilməsi və həmin torpaq sahəsinin hansı ölçülərdə olması əks olunmuşdur. Lakin həmin torpaq sahəsinin koordinatları qeyd olunmadığından mübahisəli torpaq sahəsinin hansı sərhədlər daxilində olmasını dəqiq müəyyən etmək mümkün olmamışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 05 aprel 2021-ci il tarixli, 10/182 saylı rəyindən görünür ki, “xxxx” MMC-nin 16 mart 2021-ci il tarixli, 20 nömrəli mütəxəssis rəyinə əsasən, Qusar rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 nömrəli sərəncamı əsasında İddiaçı mağaza binasının tikintisi üçün torpaq sahəsi Qusar-Köhnə Xudat yolunun H.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdən 30 kv.metr torpaq sahəsi ilə üst-üstə düşür və həmin torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Mütəxəssis rəyinə əsasən, X11 İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh mülkiyyətində olan Qusar şəhərində Piroğlanov küçəsində yerləşən yanacaq doldurma məntəqəsi 300.00 kv.metr qeyri-yaşayış binasına dair 07 noyabr 2008-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündə göstərilən torpaq sahəsi naturada onun mülkiyyətində olan həmin torpaq sahəsi ilə üst-üstə düşür və Cavabdeh istifadəsində faktiki olaraq 0,11 ha torpaq sahəsi vardır. Mütəxəssis rəyinə əsasən, Qusar rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 nömrəli sərəncamı əsasında İddiaçı mağaza binasının tikintisi üçün torpaq sahəsi Qusar-Köhnə Xudat yolunun H.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdən satılmış 30 kv.metr torpaq sahəsi bütövlüklə Cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İşin mübahisə edilməyən hallarından görünür ki, Qusar rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 nömrəli sərəncamına əsasən İddiaçı mağaza binasının tikintisi üçün Qusar K-Xudat yolunun H.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdən 30 kv.metr torpaq sahəsi satılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, bu isə iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 05 aprel 2021-ci il tarixli, 10/182 saylı rəyi ilə müəyyən olunmuşdur ki, “xxxx” MMC-nin 16 mart 2021-ci il tarixli, 20 nömrəli mütəxəssis rəyinə əsasən, Qusar rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 nömrəli sərəncamı əsasında İddiaçı mağaza binasının tikintisi üçün torpaq sahəsi Qusar-Köhnə Xudat yolunun H.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdən 30 kv.metr torpaq sahəsi ilə üst-üstə düşür və həmin torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Mütəxəssis rəyinə əsasən, X11 İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh mülkiyyətində olan Qusar şəhərində Piroğlanov küçəsində yerləşən yanacaq doldurma məntəqəsi 300.00 kv.metr qeyri-yaşayış binasına dair 07 noyabr 2008-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündə göstərilən torpaq sahəsi naturada onun mülkiyyətində olan həmin torpaq sahəsi ilə üst-üstə düşür və Cavabdeh istifadəsində faktiki olaraq 0,11 ha torpaq sahəsi vardır. Mütəxəssis rəyinə əsasən, Qusar rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 nömrəli sərəncamı əsasında İddiaçı mağaza binasının tikintisi üçün torpaq sahəsi Qusar-Köhnə Xudat yolunun H.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdən satılmış 30 kv.metr torpaq sahəsi bütövlüklə Cavabdeh tərəfindən istifadə olunur. Göründüyü kimi, Qusar rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 nömrəli sərəncamına əsasən İddiaçı mağaza binasının tikintisi üçün Qusar K- Xudat yolunun H.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdən satılmış 30 kv.metr torpaq sahəsi bütövlüklə Cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat Cavabdeh tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, 89 manat tutularaq Kapital bankın 1 saylı Xətai filialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (hesab AZ23AİİB********************, VÖEN **********) hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(029)-32/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia təmin edilsin. Cavabdeh İddiaçı Qusar şəhərində Qusar-Köhnə Xudat yolunun Piroğlanov küçəsi ilə kəsişdiyi ərazidə 30 kv.metr kommersiya məqsədi ilə satılmış torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi İddiaçı qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, 89 (səksən doqquz) manat tutularaq Kapital bankın 1 saylı Xətai filialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (hesab AZ23AİİB********************, VÖEN **********) hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-200/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-200/2021
20.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver