Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2002/2023 21.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X24 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçı, eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2, İddiaçı3, Cavabdeh2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(060)-4471/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə məcburi köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı3, İddiaçı2 və onun ailə üzvləri X7 və azyaşlı övladları 24 may 2013-cü il təvəllüdlü X33 oğlu və 2018-ci il təvəllüdlü X25 ilə birlikdə Sumqayıt şəhəri, 47ci məhəllə ünvanında yerləşən, 14 saylı evin, 3-cü mənzilinə məcburi köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbini onunla əsaslandırmışlar ki, Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən, 14 saylı evin, 3-cü mənzili mülkiyyət hüququ ilə ona yəni, İddiaçı1 məxsusdur. Bunu onun adına (İddiaçı1) verilmiş xx.xx.2009cu il tarixli, MA Seriyalı ******* N-li Çıxarış təsdiq edir. İddiaçı2 onun oğlu, İddiaçı3 isə qızıdır. Mülkiyyətçisi olduğu mənzildə Qubadlı rayonundan məcburi köçkün olan X17 və onun ailə üzvləri məskunlaşmışdır. Sumqayıt Şəhər Məhkəməsinın 02 iyul 2010-cu il tarixli, 2(060)-1820/2010 saylı qətnaməsi ilə Qubadlı rayonundan məcburi köçkün olan X11 və onun ailə üzvlərinin onun, yəni İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3-dən çıxarılması qət edilmişdir. Cavabdehlərdən Cavabdeh2 X11 nəvəsi, Cavabdeh1 nəvəsinin həyat yoldaşı və 2006-cı il təvəllüdlü X21 isə nəticəsidir. X17 vəfat etmişdir. Cavabdehlər mülkiyyətində olan mənzildə sonradan məskunlaşmışlar. X11 oğlu X22 mülkiyyətində ayrıca mənzil olduğundan mülkiyyətçisi olduğu mənzili tərk etmişdir. Əvəzində isə cavabdehləri qeyri-qanuni olaraq xüsusi mülkiyyətində olan mənzilə köçürmüşdür. Cavabdehlər onların sözügedən ünvanda yaşamaqlarına imkan vermir. Onlar sözügedən mənzildə pasport qeydiyyatındadırlar, digər yaşayış yerləri yoxdur. İllərdir ki, kirayədə yaşayırlar. Artıq cana doyublar, maddi imkanları yoxdur ki, kirayədə yaşasınlar. Özü də birinci dərəcəli müddətsiz əlildir. Mülkiyyətçisi olduğu mənzildə onlara cavabdehlər yaşamağa imkan vermir. Qeyd edir ki, oğlu İddiaçı2 ailəlidir. Himayəsində 2 azyaşlı övladı var. Hesab edir ki, onların, yəni İddiaçı1, İddiaçı3, İddiaçı2 və onun ailə üzvləri X16 və azyaşlı övladları 24 may 2013-cü il təvəllüdlü X33 oğlu və 2018-ci il təvəllüdlü X25 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən, 14 saylı evin, 3-cü mənzilinə məcburi köçürülmələri barədə qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
3. Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(060)-4471/2023 saylı qənaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və onun ailə üzvləri X7 azyaşlı övladları 24 may 2013-cü il təvəllüdlü X33 oğlu və 22 may 2018-ci il təvəllüdlü X25 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən, 14 saylı evin, 3 saylı mənzilinə köçürülməsi qət edilmişdir (X13).
4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 xüsusi mülkiyyətindədir, ona məxsus qeyd edilən mənzildə Qubadlı rayonundan məcburi köçkünlər - X17 və övladı X22 ailə üzvləri ilə birgə müvəqqəti məskunlaşmışdırlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)1820/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Qubadlı rayonundan məcburi köçkün olan X11 və onun ailə üzvlərinin İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3-dən çıxarılması qət edilmişdir. Həmin mənzildə hazırda iş üzə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məskunlaşmışlar.
5. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasınını 13, 29,33, 43-cü maddəsinə, Mənzil Məcəlləsinin 1, 3, 9.1, 9.2.1, 9.2.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 152.1, 152.5-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(060)-4471/2023 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə iş üzrə obyektiv araşdırma aparmamışdır. İddiaçılar qeyd edirlər ki, onların digər bir yerdə yaşayış yerləri yoxdur, illərdir ki, kirayədə yaşayırlar. Artıq maddi imkanları yoxdur ki, kirayədə yaşasınlar. Lakin bildirir ki, iddiaçının bu fikirləri həqiqəti əks etdirmir. ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil İddiaçı2 mənsubdur. Həmçinin nənəsi Əliyeva Fatma sözügedən mənzildə yaşamağa başlayarkən həmin evlər natamam tikili idi, yeddinci mərtəbə yeni tikilirdi. Fatma onun ana nənəsi, Rüstəm isə dayısıdır. O, hər zaman nənə və dayısının himayəsində olub. 1993-cü ildən həmin mənzildə yaşayır. Hazırda 6 nəfərlik ailədirlər. Onu da qeyd edir ki, hazırkı mənzillə üzbəüz yerləşən evdə anası, qardaşı, qardaşının yoldaşı və onların övladları yaşayır. Bu məsələlərlə bağlı Prezidentin məlum Fərmanı mövcuddur. Belə ki, onlar evlə təmin edilmədikləri halda məskunlaşdıqları evdən çıxarıla bilməzlər. Yuxarıda qeyd etdiklərindən də aydın göründüyü kimi məhkəmə işin hallarını lazımi qədər araşdırmamış və işin hallarını düzgün qiymətləndirməmişdir. Bu səbəbdən də məhkəmənin qətnaməsini tamamilə əsasız və qanunsuz hesab edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, xx.xx.1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra Sumqayıt şəhərində məskunlaşmışlar. Onlar həmin binada məskunlaşanda binanın hələ 7-ci mərtəbəsi tikilirdi, qapısı, pəncərəsi yox idi. Qapı pəncərəni gətirdikləri palazlarla örtərək 1993-cü ildən həmin ünvanda yaşayırlar. İndi torpaqlar azad olunub, həmin torpaqlara köç prosesi davam etməkdədir. İddia ilə bağlı bildirir ki, bir mənzildə iki yad ailə yaşaya bilməz. Ailələr arasında münaqişə baş verə bilər. Onun da azyaşlı, yeniyetmə övladı var. Hər iki ailədə qadınlar var, bir yerdə yaşaya bilməzlər. Nə ona, nə də ailə üzvlərinə məcburi köçkün kimi ev verilməyib. 2019-cu ildə məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunması barədə tədbirlər planı çərçivəsində siyahıya alınmışdılar və Stansiya Sumqayıt adlanan ərazidən məcburi köçkünlər üçün tikilən evlərdən onlara da ev veriləcəkdi. Amma 2020-ci ildə müharibə başladığına və qələbə əldə edildiyinə görə proses dayandı. Qeyd olunanlara əsasən apellyasiya şikayətini təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(060)-4471/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı, eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh 1994-cü ildə mübahisəli mənzilə gəlməyib. Onların mənzilində cavabdehin dayısı məskunlaşmışdı, cavabdeh və qardaşları mənzil 4-ə məskunlaşmışdılar. Cavabdehin nənəsi Fatma Əliyeva ölüb, dayısı Əliyev Rüstəm özünə ev alıb və binadan köçüb. Mübahisəli mənzil də əldən çıxmasın deyə cavabdehi ora köçürüb. Hazırda onların mülkiyyətində olan evdə Cavabdeh2 yaşayır, onun həmin mənzilə dəqiq nə vaxt köçdüyünü bilmir. Amma Mənzil İstismar Sahəsindən onlara bildiriblər ki, cavabdeh həmin mənzilə 3-4 il olar köçüb. Ev vaxtı ilə işlədiyi zavoddan onun atasına verilmişdi. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(060)-4471/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki cavabdeh mənzildən çıxmadığına görə kirayədə yaşamağa məcburdurlar. İddiaçı olan anası qızının evində yaşamağa məcburdur. Anası yaşlıdır, birinci qrup əlildir. Öz evi olduğu halda başqalarının evində yaşamağa məcburdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(060)-4471/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, Cavabdeh2 sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
15. Mənzil Məcəlləsi 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir.
16. Mülki Prosessual Məcəllə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(060)-4471/2023 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
19. İşdə olan MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır.
20. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1820/2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, Qubadlı rayonundan məcburi köçkün olan X11 və onun ailə üzvlərinin İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3-dən çıxarılması qət edilmişdir.
21. İşdə olan 358 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3 ünvanında qeydiyyatdadır, lakin yaşamır, həmin mənzildə məcburi köçkünlər məskunlaşmışdır.
22. İşdə olan 359 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2, Cavabdeh1 və X5 rayonundan məcburi köçkün kimi Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3 ünvanında məskunlaşıblar.
23. İş materiallarında olan AZ-İ 809125 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X8 06 noyabr 2012-ci il tarixdə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində nikaha girərək ailə qurmuşlar və bu nikah 1926 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Yaqubova soyadı verilmişdir.
24. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli 01/6964 saylı məktubdan görünür ki, Qubadlı rayonundan məcburi köçkünlər - X17 və övladı X22 ailə üzvləri ilə birgə Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 14 saylı binanın 3 nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır. X17 20 sentyabr 2021-ci ildə vəfat etmişdir. X12 mülkiyyətində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 6 saylı binanın 9 nömrəli sahəsi 69.6 kv.metr olan mənzilinin, həmçinin Sumqayıt şəhəri, 20-ci mikrarayon 74 ünvanında olan sahəsi 0.06 ha çıxarışlı torpaq sahəsinin olduğu aşkarlanmışdır.
25. İşdə olan XVİ-JQ 288463 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. X6, anası X4r.
26. İşdə olan Xİİ JQ 291579 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. X6, anası X4r.
27. İş materiallarında olan AZ-İ 001394 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 24 avqust 2006-cı il tarixdə Qubadlı Qeydiyyat Şöbəsində nikaha girərək ailə qurmuşlar, birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü Aylin adlı uşaq doğulmuşdur.
28. İşdə olan 631 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Qubadlı rayonundan məcburi köçkün Cavabdeh2 və onun ailə üzvləri Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3 ünvanında məskunlaşıblar.
29. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 xüsusi mülkiyyətindədir, ona məxsus qeyd edilən mənzildə Qubadlı rayonundan məcburi köçkünlər - X17 və övladı X22 ailə üzvləri ilə birgə müvəqqəti məskunlaşmışdırlar. Sumqayıt Şəhır Məhkəməsinin 2(060)1820/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Qubadlı rayonundan məcburi köçkün olan X11 və onun ailə üzvlərinin İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3-dən çıxarılması qət edilmişdir. Həmin mənzildə hazırda iş üzə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məskunlaşmışdırlar.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil İddiaçı1 xüsusi mülkiyyətindədir, qeyd edilən mənzildə 1993-cü ildən Cavabdeh2 nənəsi Fatma Əliyeva və oğlu məskunlaşmış, Fatma Əliyeva və onun ailə üzvlərinin həmin mənzildən çıxarılması barədə qanuni qüvvəsini almış Sumqayıt Şəhır Məhkəməsinin 2(060)1820/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi mövcuddur.
31. İş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil İddiaçı1 mülkiyyətində olduğundan, onun və eləcə də onun ailə üzvlərini həmin mənzildən sərbəst şəkildə istifadə hüquqları mövcuddur.
32. Mülki Məcəllənin 152.3-ci maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
33. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır:
34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə də iddiaçıların mülkiyyətlərində olan mübahisəli mənzilə istifadə hüquqları, başqa sözlə əmlak hüquqları var. Bir halda ki, iddiaçı həmin mənzilin mülkiyyətçisidir, onun həmin mənzildən istifadə hüquqları var, belə olan halda, bu hüquq iddiaçıya mənzildən fayda götürmək, başqa sözlə, mənzilə köçüb orada yaşamaq imkanı da verir.
35. Bundan başqa iş materiallarında olan məhkəmə kollegiyasının sorğusuna cavab olaraq daxil olmuş Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-36/2-3987/2023 nömrəli məktubdan görünür ki, Cavabdeh2 anası X9 ailə tərkibində ünvan 4 ünvanında müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmışlar. Cavabdeh2 sonradan nənəsi X11 məskunlaşdığı 3 saylı mənzilə köçmüş, hazırki vaxtadək həyat yoldaşı Cavabdeh1 və 3 övladı ilə birgə həmin mənzildə yaşamağa davam edir. Məbcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. X17 20 sentyabr 2021-ci ildə vəfat etmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən məktubdan göründüyü kimi cavabdeh 1993-cü ildən ünvan 4 ünvanında müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmış, sonradan mübahisəli mənzildə məskunlaşmışdır.
37. Qeyd edilənlərə əsasən cavabdehlərin iddiaçıları mülkiyyətlərində olan mənzildə yaşamalarına maneə yaratmaları onların qanunla qorunan mülkiyyət hüquqlarını pozur.
38. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur.
39. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
40. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddiaçının və onun ailə üzvlərinin mülkiyyətlərində olan mənzildə yaşamaq, ondan sərbəst şəkildə istifadə etmək hüquqlarından istifadə etməməsinə əsas ola bilməz.
41. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(060)-4471/2023 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(060)-4471/2023 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.