Məhkəmə qərarları › İş №2(105)-2004/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2004/2021

16.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2004/2021 16.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(074)-20/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(074)-20/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı cavabdehlər Şamaxı rayonu Qəleybuğurd bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə və Cavabdeh3 qarşı hüquqi aktın ləğv olunması, torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsinə dair öhdəliyin qoyulması tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Şamaxı rayonu, Qəleybuğurd bələdiyyəsinin 26.10.2005-ci il tarixli, 23 nömrəli qərarının, DTXK-nin JN-638 nömrəli dövlət aktının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 verilmiş çıxarışın ləğv olunması, Şamaxı rayonu, Qəleybuğurd bələdiyyəsinin 23.08.2007-ci il tarixli, 08 saylı qərarı ilə ona ayrılmış 6000,79 kv.metr (0,10 ha tikinti, 0,50 ha kənd təsərrüfatı məqsədi ilə) əvəzləmə torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılaraq dövlət reyestrindən çıxarışın verilməsinin dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 1996-cı ildə torpaq islahatı çərçivəsində ona və qardaşına Şamaxı rayonu, Keçmədin kənd bələdiyyəsi ərazisində pay torpağı ayrılmışdır. Təqribən 2007-ci ildə həmin ərazidə dövlət əhəmiyyətli layihənin həyata keçirilməsi zamanı onların pay torpaqları plana düşmüşdür. Şamaxı rayonu, Qəleybuğurd bələdiyyəsinin 23.08.2007-ci il tarixli, 08 saylı qərarı ilə Şamaxı rayonu, Qəleybuğurd kənd bələdiyyəsinin Həpbulağı ərazisində 6000,79 kv.metr (0,10 ha tikinti, 0,50 ha kənd təsərrüfatı məqsədilə) plana düşmüş torpaqlarının əvəzində onlara əvəzləmə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon (şəhər) şöbəsi tərəfindən ona 12.10.2009-cu il tarixli, A 225175 saylı torpaq sahəsinin planı və ölçüsü verilmiş və həmin plan-ölçü X19 kitabında 309 nömrə ilə uçota alınmışdır. 2016-cı ilin mart ayında ona ayrılmış torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirmək və reyestrdən çıxarış almaq məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarədən aldığı 29 mart 2016-cı il tarixli, **********73 saylı məktubla ona bildirilmişdir ki, əməkdaşları tərəfindən Şamaxı rayonu, Qəleybuğurd bələdiyyəsinin 23.08.2017-ci il tarixli, 08 saylı qərarı ilə ona satılmış 0,60 ha (0,10 ha tikinti, 0,50 ha kənd təsərrüfatı məqsədilə) torpaq sahəsi araşdırılarkən məlum olmuşdur ki, həmin sahə kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahələridir, bələdiyyə tərəfindən satılmış, torpaq sahəsi alqı-satqı predmeti deyildir. Həmçinin əlavə olaraq onu da bildirmişlər ki, torpaq sahəsinin müayinəsi zamanı yerində götürülmüş koordinatları elektron baza xəritəsinə daxil edərkən, həmin sahə bələdiyyənin 26.10.2005- ci il tarixli, 23 nömrəli qərarı ilə başqa şəxsə satılmış və keçmiş DTXK Şamaxı rayon şöbəsi tərəfindən həmin sahəyə JN-638 nömrəli dövlət aktı hazırlanmışdır. Qeyd olunanlar nəzərə alınaraq onun müraciətinin icrasından imtina olunmuşdur. Cavabdehin mövqeyi onu heç bir halda qane etmir. Çünki o, bələdiyyədən pulla torpaq almaq istəməmiş və almamışdır. Həmin torpaq sahəsi plana düşmüş, torpaqlarının əvəzinə onlara torpaq sahəsi kimi ayrılmışdır. 2009-cu ildə ona ayrılmış torpaq sahəsi X19 kitabında uçota alındığı halda, eyni zamanda başqa şəxsə satılmaqla rəsmiləşdirilməsi və həmin şəxsə çıxarış verilməsi başa düşülən deyildir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Şamaxı rayonu, Qəleybuğurd bələdiyyəsinin 26.10.2005-ci il tarixli, 23 nömrəli qərarı, DTXK-nin JN-638 nömrəli dövlət aktı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 həmin torpağa dair verilmiş çıxarışın ləğv olunması, Şamaxı rayonu, Qəleybuğurd bələdiyyəsinin 23.08.2007-ci il tarixli, 08 saylı qərarı ilə ona ayrılmış 6000,79 kv.m (0,10 ha tikinti, 0,50 ha kənd təsərrüfatı məqsədilə) torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılaraq reyestrdən çıxarışın verilməsinə dair ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması, dəymiş zərərin əvəzi olaraq 165600 manat məbləğində pul vəsaitinin cavabdehlərdən və Cavabdeh3 müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə göndərərək Şamaxı rayonu, Qəleybuğurd bələdiyyəsinin 26.10.2005-ci il tarixli, 23 nömrəli qərarı, DTXK-nin JN-638 nömrəli dövlət aktı və ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 həmin torpağa dair verilmiş çıxarışın ləğv olunması, Şamaxı rayonu, Qəleybuğurd bələdiyyəsinin 23.08.2007-ci il tarixli, 08 saylı qərarı ilə ona ayrılmış 6000,79 kv.m (0,10 ha tikinti, 0,50 ha kənd təsərrüfatı məqsədilə) torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılaraq reyestrdən çıxarış verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması, dəymiş zərərin əvəzi olaraq 165600 manat məbləğində pul vəsaitinin cavabdehlər Şamaxı rayonu Qəleybuğurd bələdiyyəsindən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsindən və Cavabdeh3 müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Cavabdeh3 ayrılmış torpaq sahəsinin ilkin hüquq müəyyənləşdirici sənədlərinin əslinin tələb olunaraq məhkəmə ekspertizasına göndərilməklə və əlavə şahidlər dindirilməklə yeni və ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Məcidov Nazim Məcid oğlu məhkəmə iclasına gəlmədiyindən, cavabdehlər Şamaxı rayonu, Qəleybuğurd bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli və iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən, hazırki halda işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, həmin tələblə bağlı iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb onu təmin etməməklə prosessual hüquq normalarını pozmuşdur. İş materiallarında olan Şamaxı rayonu, Qəleybuğurd bələdiyyəsinin 23.08.2007-ci il tarixli, 08 saylı qərarının surətindən görünür ki, İddiaçı Şamaxı rayonu, Qəleybuğurd bələdiyyəsinin perspektiv inkişaf ehtiyat fondundan 0,10 ha tikinti, 0,50 ha kənd təsərrüfatı məqsədilə, cəmi 0,60 ha torpaq sahəsi verilmişdir. İş materiallarından görünür ki, Şamaxı rayonu, Qəleybuğurd bələdiyyəsinin 23.08.2007-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı verilmiş 6000,79 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən 12.10.2009-cu il tarixli, A 225175 saylı Torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək X19 kitabında 12.10.2009-cu il tarixdə 309 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Şamaxı rayonu, Qəleybuğurd bələdiyyəsinin 26.10.2005-ci il tarixli, 23 saylı qərarının surətindən görünür ki, Cavabdeh3 8,00 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan JN-0638 saylı, kodu 41010018 olan 26 may 2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Cavabdeh3 Şamaxı rayonu Qaleybuğurd bələdiyyəsinin 26.10.2005-ci il tarixli, 23 nömrəli qərarı ilə 8.00 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu Qəleybuğurt kəndində yerləşən 1,032806 ha torpaq sahəsi Cavabdeh3 oğlunun adına 25.01.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 18 yanvar 2018-ci il tarixdə Şamaxı rayon dövlət notariat kontorunda təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 tərəfindən verilmiş etibarnamə əsasında çıxış edən X4 rayonu Qəleybuğurd kəndində yerləşən 8,00 ha torpaq sahəsindən 50206,84 kv.m torpaq sahəsini 4200 manata X1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu Qəleybuğurt kəndində yerləşən 5,020684 ha torpaq sahəsi X7 adına 25.01.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 18 sentyabr 2014-cü il tarixdə Şamaxı rayon dövlət notariat kontorunda təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 tərəfindən verilmiş etibarnamə əsasında çıxış edən X4 rayonu Qəleybuğurt kəndində yerləşən 19468,1 kv.m torpaq sahəsini 10000 manata X3. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu Qəleybuğurt kəndində yerləşən 1,9468 ha torpaq sahəsi X12 adına 07.02.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 03 may 2017-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 rayonu Qəleybuğurd kəndində yerləşən 1,9468 ha torpaq sahəsini 14000 manata X2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu Qəleybuğurt kəndində yerləşən 1,9468 ha torpaq sahəsi X10 adına 24.05.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı Şamaxı rayonu, Qəleybuğurd bələdiyyəsinin 23.08.2007-ci il tarixli, 08 saylı qərarını mübahisələndirir, eyni zamanda Şamaxı rayonu, Qəleybuğurd bələdiyyəsinin 23.08.2007-ci il tarixli, 08 saylı qərarı ilə ona ayrılmış 6000.79 kv.metr torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı aparılaraq reyestrdən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmasını, həmçinin Şamaxı rayonu, Qəleybuğurd bələdiyyəsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsindən dəymiş zərərin əvəzi olaraq 165600 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş edir. “İnzibati icraat haqqında” qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2, 2.2.3 və 2.2.7-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İV bölməsində inzibati orqan kimi Azərbaycan Respublikasının bələdiyyələri, İİ bölməsinin 42.1-ci sırasında inzibati orqan kimi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin şəhər (rayon) şöbələri (idarələri) göstərilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilmiş, bu Qərarın 17-ci bəndi yeni redaksiyada verilmişdir. Həmin bəndə əsasən reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki halda işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb onu təmin etməməklə prosessual hüquq normalarını pozmuşdur. Bu da Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətdə göstərilən dəlillərə qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə kollegiyası izah edir ki, iddiaçı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 365, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(074)-20/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Şamaxı rayonu Qəleybuğurd bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə və Cavabdeh3 qarşı hüquqi aktın ləğv olunması, torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsinə dair öhdəliyin qoyulması barədə iddia ərizəsinə dair işin icraatına işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar