Məhkəmə qərarları › İş №2(105)-2006/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2006/2021

02.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2006/2021 02.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh2 iştirakı ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(074)-241/2021 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(074)-241/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı məxsus Şamaxı rayonu, Acıdərə kəndi ərazisində yerləşən 8,58 ha torpaq sahəsindən cavabdehlər X2 və Cavabdeh1 çıxarılmaları qət edilmiş, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər X2 və Cavabdeh1 onun torpaq sahələrindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, RX seriyalı, ******* saylı çıxarışa əsasən ona məxsus olan Şamaxı rayonunun Acıdərə kəndi ərazisində yerləşən 8,58 ha torpaq sahəsi X4 tərəfindən xeyli vaxtdır zəbt olunmuşdur. Həmin ərazinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasına baxmayaraq, torpaq sahəsində təyinatına zidd olaraq X4 tərəfindən iki ədəd süni göl düzəldilmişdir. Torpaq sahəsinin qalan hissəsində isə mülkiyyət hüququ pozularaq qanunsuz olaraq cavabdeh tərəfindən əkin biçin işləri aparılır. Eləcə də mərhum əri X1 miras qalan örüş sahələri olan torpaq sahələri həmin əraziyə aidiyyatı olmayan X4, eləcə də Cavabdeh1 tərəfindən zəbt olunaraq örüş-otlaq sahələri olmasına baxmayaraq təyinatına zidd olaraq orada taxıl məhsulları əkilir, xırda və iribuynuzlu heyvanlar saxlanılır, onun istifadə hüququ kobudcasına pozulur. Hər bir halda mülkiyyətində və faktiki istifadəsində olan torpaq sahələrindən təyinat üzrə istifadə edə bilmir. Tərəfindən hər iki şəxsə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin ərazilərdən bu günə kimi qeyri-qanuni istifadə edirlər. Şamaxı Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(074)-241/2021 saylı qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(074)-241/2021 saylı qətnaməsinin qət etdi hissəsində texniki səhv düzəldilərək qətnamənin qət etdi hissəsində iddia təmin edilsin kimi oxunması qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə iclası düzgün aparılmamış, sənədlərə istinad edilmədən, sənədlərin əslində düz olmadığı yoxlanılmadan saxta qətnamə qəbul edilmişdir. Belə ki, onun tərəfindən Minəvər Eyyubovanın iddiasının tamamilə başqa torpaq sahəsinə aid olduğu, iddia qaldırılan torpaq sahəsinin atasına, etibarnamə ilə ona məxsus olduğunu və başqa heç kəsə məxsus olmadığını sübut edən sənədlər məhkəmə tərəfindən işə əlavə edilməmişdir. Nəticədə məhkəmə işə ancaq bir tərəfin maraqlarını əks etdirən saxta sənədləri əsas götürmüş və işə düzgün baxılmamışdır. Ona görə də məhkəmənin X5 məxsus olmayan 8,58 ha torpaq sahəsindən çıxarılmağı haqqında qətnaməni ədalətsiz hesab edir. Məhkəmənin 15 mart 2021-ci il tarixli qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün çoxlu əsaslar vardır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və torpağa onun hüququnu təsdiq edən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti faktiki olaraq iş üzrə məhkəmə qətnaməsinin ona aid hissədə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Acıdərə kəndində yerləşən 8,58 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında 02.12.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Şamaxı rayonu, Acıdərə kəndində yerləşən 8,58 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən 02.12.2015-ci il tarixdə A seriyalı, 031378 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şamaxı şəhəri, Acıdərə kəndində yerləşən 8,58 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında 02.12.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçının mülkiyyət hüququ hər hansı bir şəkildə məhdudlaşdırılmadığından və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə qanuni və əsaslıdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunmas üçün əsas deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də əsassız hesab edir. Digər cavabdeh qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin Cavabdeh2 münasibətdə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(074)-241/2021 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar