Məhkəmə qərarları › İş №2(105)-201/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-201/2021

07.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-201/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Musayev Elvin İsrafil oğlunun katibliyi, Cavabdeh3, onun vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(012)-96/2020 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) İddia tələbinin təmin edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışda göstərilən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0235 ha ölçüdə torpaq sahəsində Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz tikilmiş özbaşına tikililərin həmin şəxslərin hesabına sökülməsi, məhkəmə xərclərinin Cavabdeh2 və Cavabdeh3 aid edilməsi, onlardan müştərək qaydada iddianın qiymətinə uyğun olaraq dövlət rüsumu qismində 10 manat tutulub dövlət büdcəsinə, aparılmış ekspertiza tədqiqatına görə 50 manat tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************), mütəxəssis rəyinin verilməsinə görə 69,31 manat tutulub Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (VÖEN **********, AZ23AİİB********************) ödənilməsi qət edilmişdir. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 4 saylı Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. O, tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0.0235 ha torpa qsahəsi 07 oktyabr 2016-cı il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda, torpağın hüquqi sahibi olan X3 nümayəndəsi X9 və onun arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanılaraq sonuncu tərəfindən satın alınmışdır. Həmin torpaq sahəsi 20 oktyabr 2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınaraq, onun hüquqi sahibliyinə verilmişdir. Bundan sonra həmin torpaq sahəsinə 29 aprel 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsünün texniki pasportu verilmişdir. Torpaq sahəsinin mülkiyyətçisi kimi onun nümayəndəsi 11 avqust 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndələri ilə birlikdə həmin torpaq sahəsinin yerinin dəqiqləşdirilməsi və ölçüsünün aparılması məqsədi ilə həmin torpaq sahəsinin yerləşdiyi ərazidə olarkən, onun hüquqi sahibliyində olan torpaq sahəsinin şəxsiyyəti məlum olmayan şəxs və yaxud şəxslər tərəfindən qanunsuz olaraq mənimsənilərək yerində yaşayış evinin tikildiyi tərəflərindən müəyyən olunmuşdur. 07 sentyabr 2017-ci il tarixdə həmin torpaq sahəsində tikilən mənzilin sahibinin şəxsiyyətinin müəyyən olunması üçün həmin torpaq sahəsinin yerləşdiyi əraziyə təkrar baxış keçirilərkən həmin qanunsuz tikilmiş mənzilin ətrafının daş hörgü vasitəsi ilə hasarlandığı tərəflərindən aşkarlanmışdır. Ətraf ərazidə yaşayan sakinlərdən həmin qanunsuz tikintini aparan şəxs və yaxud şəxslərin müəyyən olunması üçün sorğu aparmalarına baxmayaraq, bu sorğunun heç bir nəticəsi olmamışdır. Mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinitini aparan şəxs və yaxud şəxslərin müəyyən olunaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün 13 sentyabr 2017ci il tarixdə Abşeron rayon Polis İdarəsinə rəsmi qaydada müraciət etmişdir. Müraciətinə əsasən Polis İdarəsi tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq, 17 oktyabr 2017-ci il tarixdə qərar qəbul olunaraq cinayət işinin başlanmasından imtina olunaraq, işin mülki qaydada həll olunması üçün aidiyyəti məhkəməyə müraciət olunması bildirilmişdir. Qərarda qeyd olunan təhqiqat araşdırılması zamanı izahatı alınmış ünvan 1 ünvanında yaşayan Cavabdeh2 öz izahatında həmin torpaq sahəsində mənzilin 2014-cü ilin payız aylarında tanımadığı şəxs tərəfindən tikildiyini qeyd etməklə yanaşı həmin torpaq sahəsini 11 avqust 2017-ci il tarixdən sonrakı müddətdə, mişar daşı vasitəsi ilə qanunsuz olaraq hasarladığını da etiraf etmişdir. Təhqiqat araşdırılması zamanı izahatı alınmış Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində yaşayan X6 öz izahatında zəbt olunmuş torpaq sahəsinin 4 kv.m hissəsinin arvadı Cavabdeh3 məxsus mənzilin ərazisinə düşdüyünü qəbul etməsə də, qərarda öz əksini tapmasa da belə, iş materiallarında olan DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilən arayışda həmin torpaq sahəsinin GPS mövqetəyinetmə cihazı vasitəsi ilə ölçülərək döngə nöqtələri təyin olunarkən 4 kv.m hissəsinin məhz Habil İmanovun arvadına məxsus mənzilin ərazisinə düşdüyü öz təsdiqini tapmışdır. Təhqiqat araşdırılması zamanı izahatı alınmış Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində yerləşən torpaq sahəsini zəbt edərək həmin torpaq sahəsində qanunsuz tikintini aparan İradə adlı şəxsin müəyyən olunması, hansı əsasla torpaq sahəsini zəbt edərək orada qanunsuz tikinitini aparması və qanunsuz tikintiyə aid hər hansı bir sənədin olub-olmaması müəyyən olunmayaraq qərarda öz əksini tapmamışdır. Təhqiqat araşdırması zamanı izahatı alınmış Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində yaşayan X11 öz izahatında həmin torpaq sahəsində qanunsuz tikilmiş mənzilin dam örtüyünü düzəltdiyini etiraf edərək həmin mənzilin sənədlərinin olduğunu da bildirmişdir. Təhqiqat araşdırılması zamanı tərtib olunan qərarda adları sadalanan şəxslərin izahatlarından ümumi bir nəticəyə gəlmək olur ki, həmin torpaq sahəsi DƏDRXnin 4 saylı Ərazi İdarəsi tərəfindən 20 oktyabr 2016-cı il tarixdə qeydiyyata alınaraq, onun hüquqi sahibliyinə verilməsinə baxmayaraq, sonrakı müddətdə təhqiqat araşdırılması zamanı şəxsiyyəti müəyyənləşdirilə bilməyən İradə adlı şəxsə həmin torpaq sahəsinə aid təkrar olaraq sənəd verilmişdir. İşin faktiki hallarına və qanunvericiliyin tələblərinə əsasən onun hüquqi sahibliyində olan torpaq sahəsi 2016-cı ilin oktyabr ayından sonrakı müddətdə bir neçə şəxslər tərəfindən zəbt olunaraq yerində qanunsuz olaraq mənzil tikintisi aparılmış, ətrafı mişar daşı vasitəsi ilə hasarlanmış və 4 kv.m hissəsi isə özgəsinin əmlakına birləşdirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh3 Abşeron rayon məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını tam araşdırmamış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi və o izahatına bildirdi ki, həm torpaq sahəsi və həmdə sökülməsi tələb olunan ev onun mülkiyyətindədir, belə çıxır ki, məhkəmə gələcəkdə icrası mümkün olmayan bi qərar qəbul etmişdir. Eyni zamanda qanuni tikili olan evin bir hissəsinin sökülməsi bütün evin sökülməsi ilə nəticələnəcəkdir. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq qeyd etdi ki, sökülməsi tələb olunan ev cavabdehin mülkiyyətindədir və buda onun mülkiyyətinin toxunulmazlığı hüququnun pozulması ilə nəticələnir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya və cavabdehlər DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə, Cavabdeh2 məlumat verilsə də, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinin tələbinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq, məruzəçini, cavabdehin Cavabdeh3 izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsində qanunsuz özbaşına tikililər tikməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan Cavabdeh3 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o qətnaməni iddianın ona aid təmin edilən hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iddianın Cavabdeh3 aid hissədə gəldiyi nəticənin mübahisələndirməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərflərin arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarına yalnız tərəfin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübut etmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. İşdən görünür ki, iddiaçının tələbi ona məxsus torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tilillərin sökülməsi barədədir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, Abşeron rayon Masazır kəndi ərazisində yerləşən 0,0235 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157-ci maddəsi təşkil edir. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.1. maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Bununla əlaqədar məhkəmə kollegiyası gəlinən nəticənin tam, hərtərəfli araşdırılması və obyektin nəticəyə gəlinməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, "xxxx" MMC-nin 26 oktyabr 2020-ci il tarili 04 №li rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 27 yanvar 2021-ci il tarixli 10/2295 № li rəyi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20 oktyabr 2016-cı il tarixli RX Seriyalı ******* nomrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınnmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0,0235 hektar torpaq sahəsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nomrəli çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha ölçüdə torpaq sahəsinin koordinatları üst-üstə düşmür. İddiaçının torpaq sahəsi hasara alınarsa Cavabdeh3 habelə yaxınlıqda yerləşən 3 fərdi yaşayış evinin sakinlərinin mülkiyyətində olan torpaq sahələrindən küçəyə çıxışı mümkün olmayacaq. Ona görə ki, ümumi istifadə olan yolun 10 kv.metri iddiaçının hüquqverici sənədinə işlənmişdir. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları elavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatlari ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə biləcəyi müəyyən edilmişdir. Qeyd olunan mütəxəssis rəyində həmçinin qeyd olunmuşdur ki, mübahisələndirilən massivin həyətyanı sahələrinin situasiya planından da göründüyü kimi tərəflərə məxsus torpaq sahələrinin sənədləri ilə faktiki istifadəçilik arasında ciddi uyğunsuzluq mövcuddur. Belə ki, 20.10.2016-cı il tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeyddiyatı haqqında DƏDR-də çıxarışla iddiaçı A.Zahidovaya məxsus olan 0,0235 ha torpaq sahəsinin plan və ölçüsü sənədinə qeyd edilmiş koordinatlar ona naturada ayrılmış torpaq sahəsindən 9 metr kənara işlənmişdir. Həmin koordinatların işləndiyi torpaq sahəsinin də, 10 kv.m yaxınlığında yerləşən 3 ədəd fərdi yaşayış evinə gedən, ümumi istifadədə olan tərəflərə məxsus torpaq sahələrini bir-birindən ayran yola, 24 kv.m isə Cavabdeh3 faktiki istifadəsində olan yaşayış evinin üzərinə və həyətyanı torpaq sahəsinə düşür. Eyni vəziyyət Cavabdeh3 çıxarışa əsasən 0,02 ha torpaq sahəsinin plan ölçüsü sənədində qeyd edilmiş koordinatlarda da öz əksini tapmışdır. Qeyd olunur ki, naturada həmçinin mübahisələndirilən massivin həyətyanı torpaq sahələrinin situasiya planında, həmçinin tərəflərə məxsus hüquqverici sənədlərin plan ölçü sənədlərində iddiaçı A.Zahidova ilə cavabdeh V.Osmanovya məxsus torpaq sahələri arasında ümumi istifadədə olan yol keçir, yəni bu torpaq sahələri bitişik yerləşmir. Göründüyü kimi tərəflərə məxsus torpaq sahələrinin sənədləri ilə faktiki istifadəçilik arasında ciddi uyğunsuzluq var və hər ikisində 9 metr kənara işlənmə mövcuddur. Həmin koordinatların işləndiyi torpaq sahəsinin də 10 kv.m yaxınlığında yerləşən 3 ədəd fərdi yaşayış evinə gedən, ümumi istifadədə olan tərəflərə məxsus torpaq sahələrini bir-birindən ayıran yola, 24 kv.m isə Cavabdeh3 faktiki istifadəsində olan yaşayış evinin üzərinə və həyətyanı torpaq sahəsinə düşür. Cavabdeh3 şikayətində göstərdiyi və məhkəmə kollegiyasına təqdim etdiyi çıxarışdan görünür ki, həmin fərdi yaşayış evi 14.08.2019-cu ildən onun mülkiyyətindədir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilmiyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özkəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (Mülki Məcəllənin 140-cı maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sökülməsini tələb etdi tikilinin 24 kv.metri Cavabdeh3 faktiki istifadəsində olan yaşayış evinin üzərinə və həyətyanı torpaq sahəsinə düşdüyündən və həmin fərdi yaşayış evi sonuncunun mülkiyyətində olmaqla onun mülkiyyət hüququnu təsdiq edən iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, iddia tələbini bu hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilmədiyindən, apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçı X1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır (Mülki Prosessual Məcəllənin 119.1. və 124.2. maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Abşeron rayon məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X2 Cavabdeh3 qarşı qanunsuz tikilinin sökülməsinə dair iddia tələbi rədd edilsin. İddiaçı X1 ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar