Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2014/2023 06.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqlarının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2540/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İşəgötürən Cavabdeh ASC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli maddi məsuliyyət haqqında müqavilədən görünür ki, satış təmsilçisi İddiaçı ona etibar edilmiş, maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmağı, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamağı və ziyankarlığa qarşı mübarizənin olmasını, müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə yazılı məlumat verməyi və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmağı, ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməyi öhdəsinə götürmüşdür.
2. Sərbəst auditor X3 tərəfindən verilmiş müstəqil auditor hesabatından (rəydən) görünür ki, satış təmsilçisi İddiaçı işlədiyi dövr araşdırılarkən onun hesabında 26321,89 manat çatışmazlıq müəyyən olunmuşdur.
3. Cavabdeh ASC tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 038K №-li əmrdən görünür ki, Kommersiya Departamentinin Satış şöbəsinin region üzrə bölməsində satış təmsilçisi-İddiaçı, xx.xx.2023-cü il tarixindən Cavabdeh ASC-dən AR3 Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, (72-ci maddənin “c” bəndində sadalanan hallar rəhbər tutularaq-təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması), tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2021- xx.xx.2022-ci iş ili üçün 21 gün, xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 21 gün, xx.xx.2023- xx.xx.2024-cü iş ili üçün 1 gün olmaqla, toplam 43 məzuniyyət günləri kompensasiya edilmişdir.
4. Şəki Rayon Prokuroru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 125 №-li qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4~cü maddələrinə əsasən Cavabdeh ASC-də satış təmsilçisi işləyən İddiaçı barəsində cinayət işinin başlanılması haqqında qərar qəbul olunmuşdur.
5. Şəki Rayon Prokurorluğunun müstəntiqi Abbas Quliyev tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 aprel 2023-ci il tarixli 9/2182 saylı ekspert rəyinə əsasən, Cavabdeh MMC-nin satış təmsilçisi İddiaçı hesabı üzrə 26321,89 manat məbləğində satış pulu çatışmazlığı müəyyən edilir.
6. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ASC-nin rəhbərliyinə verilmiş izahatının surətindən görünür ki, iddiaçı müxtəlif məbləğlərdə pulların özü tərəfindən şəxsən mənimsəməsini yazılı şəkildə etiraf etmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASCnin direktoru Nümayəndə2N tərəfindən verilmiş onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 038k nömrəli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun Cavabdeh ASC-yə “satış təmsilçisi” vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin Cavabdeh ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ASC (VÖEN: **********) arasında bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixindən Cavabdeh ASC-də satış təmsilçisi vəzifəsində işləmişdir. 2022-ci ilin noyabr ayının sonunda ona işdən çıxarılacağı və işə gəlməməsi bildirilmişdir. Lakin o, bunun səbəbini soruşduqda onun üzərinə əsassız borc yükləndiyini demişlər. O, işdən çıxarılmağı barədə əmrin surətini və əmək kitabçasını tələb etsə də həmin vaxt ona təqdim edilməmişdir. Buna görə də o, müxtəlif instansiyalara bu barədə şikayət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 10 fevral 2023-cü il tarixli məktubu ilə ona bildirilmişdir ki, müraciətdə göstərilənlərlə əlaqədar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılmışdır. Tərəflərindən aparılmış araşdırma zamanı Cavabdeh ASC-nin (VÖEN: **********) fəaliyyət göstərdiyi Şəki şəhəri, Oğuz şossesi küçəsində yerləşən obyekti xx.xx.2020-ci il tarixli **********590100 nömrəli məktubla ləğv edildiyi, hal-hazırda fəaliyyət göstərmədiyi müəyyən edilmiş və bu barədə vergi ödəyicisi tərəfindən vergi orqanına xx.xx.2023-cü il tarixli məktubla məlumat verilmişdir. Lakin bildirmək istəyir ki, 2021- ci ilin fevral ayında onunla Cavabdeh ASC arasında əmək müqaviləsi bağlamış və 2022-ci ilin noyabr ayının 10-a kimi həmin şirkətdə işləmişdir. Həmin tarixdən bildirmişlər ki, onu işdən azad etmişlər. Həmin tarixdən də onun yerinə yeni işçi gəlmişdir. O, qanunsuz işdən çıxarılmağıyla bağlı əmək müfəttişliyinə müraciət etdikdə ona bildirdirmişlər ki, əmək müqaviləsinə xitam verilməmişdir, bundan sonra 16 fevral 2023-cü ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin ona bildirilmişdi ki, 10 noyabr 2022-ci ildən əmək müqavilənə xitam verilmiş və ona həmin tarixdən işə gəlməməyi bildirilmişdir. Göründüyü kimi Cavabdeh ASC tərəfindən vergi orqanına Şəki şəhəri, Oğuz şossesi küçəsində yerləşən obyekti xx.xx.2020-ci il tarixli **********590100 nömrəli məktubla ləğv edildiyi bildirilsə də hal-hazıradək onun obyektdə fəaliyyət göstərir. O, cavabdehdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət etdikdən sonra xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə rəsmi şəkildə xitam verilmiş və ona əmək kitabçası təqdim edilmişdir. Lakin o, yenə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini cavabdehdən tələb etsə də hal-hazıradək ona həmin əmrin surəti verilməmişdir. Buna görə də o, xx.xx.2023-cü il tarixdə işə bərpa, əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə Bakı 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin Cavabdeh ASC-nin nümayəndəsi mediasiya prosesinə gəlmədiyindən 31 mart 2023cü il tarixdə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib etmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2540/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Elman Məmmədov).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə, 72-ci maddəsinin c bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2540/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
12. Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cüil tarixli, e-2(012)-2540/2023 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edirəm. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan sərbəst auditor X3 tərəfindən verilmiş müstəqil auditor hesabatına əsasən, satış təmsilçisi İddiaçı işlədiyi dövr araşdırılarkən onun hesabında 26321,89 manat çatışmazlıq müəyyən olunmuş, Cavabdeh ASC tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 038K №-li əmrdən göründüyü kimi Kommersiya Departamentinin Satış şöbəsinin region üzrə bölməsində satış təmsilçisi - İddiaçı, xx.xx.2023-cü il tarixindən Cavabdeh ASC-dən AR3 Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, (72-ci maddənin “c” bəndində sadalanan hallar rəhbər tutularaq-təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması), tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2021-xx.xx.2022-ci iş ili üçün 21 gün, xx.xx.2022xx.xx.2023-cü iş ili üçün 21 gün, xx.xx.2023-xx.xx.2024-cü iş ili üçün 1 gün olmaqla, toplam 43 məzuniyyət günləri kompensasiya edilmişdir. Həmçinin Şəki Rayon Prokuroru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 125 №-li qərarına əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrinə əsasən Cavabdeh ASC-də satış təmsilçisi işləyən İddiaçı barəsində cinayət işinin başlanılması haqqında qərar qəbul olunmuş, iddiaçı işdən çıxarılma ilə bağlı əmrin qanunsuz verilməsini iddia etsə də, lakin məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, əksinə olaraq cavabdeh tərəfin etirazının əsaslarına dair təqdim etdiyi sübutlarla iddiaçının işdən çıxarılması barədə əmrin qanuna müvafiq olduğu müəyyən edilmişdir. Halbu ki, işə baxan birinci instansiya məhkəməsinin bu mövqeyi sadəcə olaraq onun formal mülahizəsindən ibarətdir və nəyə görə belə nəticəyə gəldiyi məhkəmə tərəfindən əsaslandırılmamışdır.
13. Əgər birinci instansiya məhkəməsi iş materiallarında olan sərbəst auditor X3 tərəfindən verilmiş müstəqil auditor hesabatı ilə razılaşsa bunu əsaslandırmalı həmin məbləğlərin real olmadığı qənaətinə gəlirdisə öz təşəbbüsü və ya iddiaçının təşəbbüsü ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən heç bir sübut əldə edilməməsinə baxmayaraq formal olaraq cavabdeh tərəfindən təqdim edilən sübutun əsaslı olması nəticəsinə gəlmişdir. Qeyd edilənlərdən də göründüyü kimi hakim iddianın təmin edilməməsində maraqlı olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclası hakim tərəfindən əsassız olaraq cavabdehin sifarişi ilə məhkəmə iclası təxirə salınmış və cavabdehə əsassız olaraq yeni sübutlar təqdim etməyə şərait yaradılmışdır. İşə baxan hakim təəfindən məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndələri Turqut və Rüstəm adlı şəxlsərlə isti və səmimi münasibətlər sərgilənmiş və məhkəmə iclasını əsassız yerə təxirə salmaqla onlara yeni sübutlar təqdim etməyə şərait yaradılmışdır. Halbu ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.
14. Həmçinin qeyd edir ki, məhkəmə hazırlıq iclasında tərəfimdən şahidlərin dindirilməsi barədə vəsatət təqdim edilməsinə və həmin şahidlər xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasına gətirilməsinə baxmayaraq işə baxan birinci instansiya məhkəməsi əsassız yerə onları dindirməkdən imtina etmişdir. Halbu ki, o, özü və həmin şahidlər borc xərc taparaq Şəki rayonundan məhkəməyə gəlmişdirlər. Bütün bunlar artıq işə baxan birinci instansiya məhkəməsinin obyektivliyinə əsaslı şübhələr yaratmaqla artıq cavabdehin sifarişi ilə iddianın təmin edilməyəcəyi hissini yaratmışdır.
15. Cavabdehin xx.xx.2023-cü il tarixli 038k nömrəli əmri ilə tanış olarkən görünür ki, həmin əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-cimaddənin “ç” bəndində sadalanan hallar rəhbər tutularaq-təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsası ilə əmək müqaviləsinə xitam verilməsi qeyd edilsə də, ƏM-nin 72-ci maddəsinin “ç” bəndində təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilməsi qeyd edilmişdir. İşçinin təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmasının əmək vəzifələrinin kobud şəkildə pozulması ƏM-nin 72-ci maddəsinin “c” bəndində qeyd edilmişdir. Deməli əgər işçinin hər hansı təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan dəymişsə o Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “c” bəndində sadalanan hallar rəhbər tutularaq-təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) nəticəsində işdən azad edilə bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi isə işin faktiki hallarını araşdırmadan formal qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
19. Maddə 35. (İ, İİ və Vİİ hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
20. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
21. Maddə 72. “c” bəndi. Təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Apellyasiya şikayətindən görünür ki, İddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2540/2023 nömrəli qətnaməsi tam mübahisələndirilmişdir.
31. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır.
34. Belə ki, iş materiallarında olan sərbəst auditor X3 tərəfindən verilmiş müstəqil auditor hesabatına əsasən, satış təmsilçisi İddiaçı işlədiyi dövr araşdırılarkən onun hesabında 26321,89 manat çatışmazlıq müəyyən olunmuş, Cavabdeh ASC tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli əmrlə satış təmsilçisi olan İddiaçı Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “c” bəndində sadalanan hallar rəhbər tutularaq-təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması), tutduğu vəzifədən azad edilmişdir. Həmçinin Şəki Rayon Prokuroru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrinə əsasən Cavabdeh ASC-də satış təmsilçisi işləyən İddiaçı barəsində cinayət işi başlanılmışdır.
35. Kollegiya mühasibatlıq ekspertizasının keçirilməsinə dair apellyasiya şikayətinin dəlil ilə bağlı qeyd edir ki, cinayət işi üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 aprel 2023-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh ASC-nin satış təmsilçisi İddiaçı hesabı üzrə 26321,89 manat məbləğində satış pulu çatışmazlığı müəyyən edildiyindən, həmin dəlil əsassız hesab olunmalıdır.
36. Digər tərəfdən, iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ASC-nin rəhbərliyinə verilmiş izahatının surətindən görünür ki, iddiaçı müxtəlif məbləğlərdə pulların özü tərəfindən şəxsən mənimsəməsini yazılı şəkildə etiraf etmişdir. Odur ki, iddiaçı tərəfindən Cavabdeh ASC-yə maddi zərərin vurulması öz təsdiqini tapmışdır.
37. Beləliklə, iddiaçı işdən çıxarılma ilə bağlı əmrin qanunsuz verilməsini iddia etsə də, lakin məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, əksinə olaraq cavabdeh tərəfin etirazının əsaslarına dair təqdim etdiyi sübutlarla iddiaçının işdən çıxarılması barədə əmrin qanunamüvafiq olduğu müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən işlədiyi təşkilatda əmək funksiyaların icrasının kobud pozulması halı öz təsdiqini tapdığından, mübahisələndirilən əmrin əsaslılığına birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymət maddi hüquq normalarına uyğun olmuşdur.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
40. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2540/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.