Məhkəmə qərarları › İş №2(105)-2018/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2018/2022

14.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2018/2022 14.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, üçüncü şəxs DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavoduna qarşı arayış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(060)-2541/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) İddiaçı cavabdeh «Azərikimya» İstehsalat Birliyi “Etilen-Polietilen” zavoduna qarşı arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərardadı ilə İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2541/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti, ona əlavə edilmiş sənədlərlə birlikdə AR MPM-in 363.1.5-ci maddəsinə əsasən geri qaytarılması qərara alınmışdır. İddiaçı qətnamədən yenidən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərardadı ilə İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2541/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti, ona əlavə edilmiş sənədlərlə birlikdə AR MPMin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılması qərara alınmışdır. İddiaçı qətnamədən yenidən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2541/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (Mülki Prosessual Məcəllənin 128.1. və 129.2. maddələri). İşdən göründüyü kimi birinci instansiya məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsi tərəflərə göndərilmiş, İddiaçı tərəfindən 30 iyun 2022-ci il tarixdə qəbul edilmiş, bununla onun şikayət vermə müddəti başlamış və 30 iyul 2022-ci il tarixədək davam etmişdir. Onun apellyasiya şikayəti 26 iyul 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, lakin elektron qaydada verilmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərardadı ilə geri qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərardadı iddiaçı tərəfindən 18 avqust 2022-ci il tarixdə qəbul edilmiş, bununla da apellyasiya şikayəti verməsi üçün prosessual müddətin axımı davam etməyə başlamışdır. İddiaçı 25 avqust 2022-ci il tarixdə yenidən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərardadı ilə geri qaytarılması qərara alınmışdır. İddiaçının növbəti apellyasiya şikayəti 29 avqust 2022-ci il tarixdə daxil olmuş, prosessual müddətin bitməsinə baxmayaraq, 29 avqust 2022-ci il tarixdə apellyasiya şikayəti verərkən prosessual müddəti ötürmüşdür. İddiaçı yenidən apellyasiya şikayəti verərkən müddətin bərpası barədə ərizə təqdim etməmiş, birinci instansiya məhkəməsi isə prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etməmişdir. Halbuki vaxtında şikayətin verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 362- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar