Məhkəmə qərarları › İş №2(105)-2022/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2022/2022

22.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2022/2022 22.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)- 9337/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından 21 yanvar 2022-ci il tarixdə verdiyi şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə “Kərimli” X1 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış kredit müqviləsinin təminatı kimi girov qoyulmuş mülkiyyətində olan Sumqayıt şəhəri, Saray Bağlar massivində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, yaşayış sahəsi 173,34 kv.metr, köməkçi sahəsi 132 kv.metr lan 3054 saylı bağ evinin girovluqdan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, onun cavabdeh - Əmanətlərin Sığortalanması Fonduna qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi barədə iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, cavabdeh - Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşir, ona görə də iddia ərizəsi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aiddir. Hesab edir ki, məhkəmənin qərardadı əsassızdır. Belə ki, məhkəmə iddia ərizəsini qəbul edəndən sonra iş materialları ilə tanış olmadan qərardad qəbul etmişdir. Belə ki, ilk iddia ərizəsini aidiyyət üzrə Xətai Rayon Məhkəməsinə vermiş və Xətai Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(011)-6893/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və ona izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinə əsasən mübahisə edilən ev Sumqayıt şəhərində yerləşdiyindən və müstəsna aidiyyət məsələsinə görə iddia tələbi Sumqayıt Şəhər Məhkəməsinə verilməlidir. Məhz həmin qərardaddan sonra Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Xətai Rayon Məhkəməsinin həmin qərardadını da iddia ərizəsinə əlavə etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını iş aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 39-cü maddəsində işə müstəsna aidiyyət qaydalarına uyğun baxılmasına dair tələblərin dairəsi dəqiq müəyyən edilmişdir. Bu “Mülki Prosessual Məcəllənin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin işə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olmaması barədə gəldiyi nəticə ilə razılaşır. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli və onunla bağlı 17 avqust 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli və onunla bağlı 17 avqust 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar