Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2023/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddianın rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun 27.09.2016-cı il təvəllüdlü X3 və 07.03.2020-ci il təvəllüdlü X6 ilə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 20/33-də yerləşən 8 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 20/33də yerləşən 2 otaqlı 8 saylı mənzilin mülkiyyətçisi cavabdehdir. O, cavabdehin oğlu X5 ilə 05.11.2015-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənib ailə qurmuşdur. Rəsmi nikahlarından 27.09.2016-cı il təvəllüdlü X3 və 07.03.2020-ci il təvəllüdlü X6 adlı övladları vardır. Həmin mənzildə onun həyat yoldaşı və oğlu pasport qeydiyyatındadır. Cavabdehlə bir ailədə yaşayaraq birgə təsərrüfatı idarə etmişlər. Cavabdeh 07.02.2020-ci ildən onu evə buraxmır. Hazırda ona və ailəsinə məxsus bütün əmlaklar cavabdeh tərəfindən ünvan 2 saylı bağ evinə yerləşdirilmişdir. Cavabdeh onu və uşaqlarını nə bağ evinə, nə də mübahisəli mənzilə buraxmır. Onun 2 azyaşlı uşaqlarla yaşamağa yeri yoxdur. Ona görə də, mübahisəli mənzilə köçüb yaşamaq istəyir. Bundan əlavə, cavabdeh onun qaynanasıdır. Onun həyat yoldaşı İ.C.Bəşirov ilə hazırda rəsmi nikahdadır. Ailə həyatı quran vaxt həyat yoldaşı İİ qrup əlil olmuş, 31.01.2019-cu il tarixdən ərinə İ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Həyat yoldaşı Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. Bundan sonra onunla onun qaynatası, qaynanası ilə aralarında ədavət formalaşmağa başlamışdır. Cavabdeh və cavabdehin həyat yoldaşı X2 fəliyyət qabiliyyətsiz olmasından istifadə edərək onunla nikahın pozulmasına cəhd etmiş, məhkəmə isə haqlı olaraq iş üzrə icraata xitam vermişdir. Bu günədək tərəflər arasında baş vermiş mübahisələrdən zəminində cavabdeh ilə onun fəaliyyət qabiliyyətsiz həyat yoldaşını ünsiyyətdə olmasına, uşaqlarla görüşməsinə suni əngəllər yaradır, İlkini guya onu istəməməsi, qəbul etməməsi və s. formada yalnış istiqamətləndirir və onların ailəsini dağıtmağa cəhd edirlər. Bütün bunlar azmış kimi cavabdeh və onun həyat yoldaşı onu gəlin getdiyi, lakin qaynatasının mülkiyyətində olan Novxanı qəsəbəsindən yerləşən bağ evindən də çıxarmışlar. Bununla bağlı Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi də mövcuddur. Lakin hal-hazırda mübahisəli mənzildə onun həyat yoldaşı yaşayır və qeydiyyatdadır. Bundan əlavə onun oğlu X3 da ünvan 1 ünvanında qeydiyyatdadır. Faktiki olaraq onun 2020-ci ilin əvvəllərindən etibarən daimi yaşayış yeri yoxdur. Onun mənzilin mülkiyyətçisinin oğlu İ.C.Bəşirov onun ailə üzü kimi öz yetkinlik yaşma çatmayan övladlarını mülkiyyətçinin razılığı olmadan həmin mənzilə köçürmək hüququ vardır. Eyni zamanda mülkiyyətçi ilə birlikdə həmin mənzildən eyni statusda istifadə hüququ da mövcuddur. Bundan əlavə onun azyaşlı övladı X3 da atası ilə birlikdə yaşamaq, onunla ünsiyyətdə olmaq hüququna malikdir. Digər tərəfdən İ.C.Bəşirovun fəaliyyət qabiliyyətsiz olması onun sərbəst formada öz azyaşlı övladına baxa, onun qayğısına qalmaqda çətinliklər yaşayacağı, təkbaşına öz vəzifələrinin öhdəsindən gələ bilməyəcəkdir. Cavabdeh və onun həyat yoldaşı, uşaqların nə və babaları isə aliment belə ödəmirlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəmə qətnamənin hüquqi əsası kimi Azərbaycan Respublikası MM-nin 30-cü maddələrinə istinad etmişdir. Həmin hüquq mənasına görə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yəni maddi hüquq norması, hüququn mənasına görə nikaha xitam verildikdən sonrakı münasibətləri tənzimləyir. O, hazırda cavabdehin oğlu ilə nikahdadır və İlkinin qəyyumudur. Məhkəmə müəyyən etmişdir ki, o, cavabdehin oğlu ilə ailə həyatı qurduqdan sonra Abşeron rayonu, Novxanı kəndi, Sabit Orucov küçəsi 1319 saylı bağ evinə gəlin köçdüyü və tələb etdiyi mənzildə yaşamadığı öz təstiqini tapmışdır. İşdə olan akdan da görünür ki, onun hal-hazırda həmin mənzildə yaşamasını öz imzaları ilə təstiq etmişlər. Məhkəmə tərəfindən bir çox maddi hüquq normalarının tələbləri pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(060)-1049/2021 saylı qətnaməsi ləğv edilərək, iddia tələbini təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının cavabdehin ailə üzvünün olmamasına və mübahisəli mənzilə gəlin köçməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil Kommunal sahəsinin 16.10.2020-ci il tarixli 2 saylı forma arayışından görünür ki, Sumqayıt şəhəri, 3cü mikrorayon, ev 20/33, mənzil 8-in sahibi Cavabdehdır və 7 nəfər həmin mənzildə daimi qeydiyyatdadır. İşdə olan 05.11.2015-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, İ.C.Bəşirov ilə İddiaçı arasında olan nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 05 noyabr 2015-ci il tarixdə bağlanmış və 2406 nömrə ilə qeyd olunmuşdur, bu nikahdan 27.09.2016-cı il tarixdə X3 və 07 mart 2020-ci il tarixli X6 adlı uşaqları anadan olmuşdur. İşə əlavə olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, 20 saylı evin 8 nömrəli yaşayış mənzili şəxsi mülkiyyət hüququ əsasında X4 adına qeydə alınmışdır. İş materiallarında olan 2(012)-4145/2019 saylı, 06.11.2019-cu il tarixli Abşeron Rayon Məhkəməsinin 06.11.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, C.B.Lətifovun ilkin iddiası təmin edilərək, cavabdeh İddiaçı C.B.Lətifova məxsus ünvan 2 ünvanında yerləşən bağ evindən çıxarılması, İddiaçı C.B.Lətifova qarşı ünvan 2 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İşə əlavə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1188/2020 saylı, 02 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4145/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülk Kollegiyasının 13.11.2020-ci il tarixli, 2(102)-5450/2020 saylı qərarının surətindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil Kommunal sahəsinin möhürü ilə təsdiq edilmiş 13.03.2021-ci il tarixli “Akt”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 20/33-ün sakinləri D.Baxşıyeva, Q.Qasımova və sahə ustası Ə.Əliyev İddiaçı 2015-ci ildə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 20/33, mənzil 8-ə 2015ci ildə gəlin köçüb, həmin müddətdə pasport qeydiyyatı olmadan bir müddət həyat yoldaşı İ.C.Lətifov ilə birlikdə yaşayıb və sonra Novxanı bağlarına köçmüşdür. İddiaçı dəfələrlə MKS-yə şifahi olaraq müraciət edib ki, onu 8-ci mənzildə yaşamağa buraxmırlar və yaşamağa şərait yaradılmır. Ona görə də, hal-hazırda həmin mənzildə yaşamıdığını öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə olan Abşeron RPİ-nin İTŞ-nin 21.02.2020-ci il tarixli arayışının surətindən görünür ki, Abşeron rayonu, Novxanı qəsəbəsində yaşayan vətəndaş G.E.X8 Nazirliyinin “102” xidmətinə müraciətində göstərmişdir ki, qayınatası və qayınanası onu döydüyü üçün Abşeron RPİ-yə müraciət etmiş, lakin müraciətinin nəticəsi barədə ona məlumat verilməmişdir. Daxil olmuş müraciət ilə əlaqədar olaraq vətəndaşlar İddiaçı və C.B.Lətifovdan izahatlar alınmışdır. Araşdırma zamanı İddiaçı müraciətində göstərilən məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Abşeron rayonu, Novxanı bağlar massivi 1319 nömrəli evdə yaşayan İddiaçı, 03.03.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq və Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, 01.09.2019-cu il tarixdə yaşadığı evdə qaynatası C.Lətifov və qaynanası Cavabdeh tərəfindən döyülməsi, eyni zamanda 03.09.2019-cu il tarixdə yaşadığı evin qapısını bağlayaraq onu evə buraxmamaları barədə ərizəsi əsasında toplanmış material əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İşə əlavə olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 234 nömrəli, 13.10.2020-ci il tarixli sərəncamının surətindən görünür ki, Cavabdeh övladı, 19.04.1981-ci il təvəllüdlü İ.C.Bəşirovun üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin 2015-ci ildən yarandığını, yəni iddiaçının mübahisəli mənzilin mülkiyyətçisinin oğlu ilə 2015-ci ildə rəsmi nikaha daxil olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilə köçmək hüququnun olub-olmadığı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qərarda göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarını nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə aid olmadığı üçün onun həmin mənzildən istifadə hüququnun olmaması nəticəsinə gəlir. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Yaşayış yeri və olduğu yer haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Bundan əlavə iş materiallarında olan qətnamələrin surətlərindən görünür ki, İddiaçı C.B.Lətifova məxsus ünvan 2 ünvanında yerləşən bağ evindən çıxarılmışdır. Məhkəmə bu normalardan çıxış edərək hesab edirki, hazırda iddiaçı cavabdehin ailəsi ilə birgə təsərrüfat idarə etmir və faktiki olaraq ayrı ünvanda yaşayır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sözügedən mənzilə köçürülməsi cavabdehin bir mülkiyyətçi kimi mənzilə dair hüquqlarını məhdudlaşdırılması deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə kollegiyası iddiaçının hazırda ailə üzvünün olması barədə gətirdiyi dəlili qəbul etmir. Qeyd olunanlara əsasən məhkəmədə müəyyən olundu ki, İddiaçı Cavabdeh oğlu İ.C.Bəşirov ilə ailə həyatı qurduqdan sonra ünvan 2 saylı bağ evinə gəlin köçdüyü və tələb etdiyi mənzildə yaşamadığı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 05 aprel 2021-ci il tarixli 2(060)-1049/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2023/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2023/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver