Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2023/2022 16.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi və işə bərpa) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı, cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Qusar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(029)-637/2022 nömrəli qətnaməsindən cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edib, onunla bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmrinin ləğv edilməklə həmin müəssisənin stomatologiya bölməsinin həkimstomatoloqu vəzifəsinə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qusar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 406-K nömrəli əmri ilə həmin xəstəxananın poliklinika şöbəsində 1.0 ştat vahidi həkim-stomatoloq vəzifəsinə təyin edilmişdir. Həkimstomatoloq ixtisası üzrə iş təcrübəsi isə 2012-ci ildən başlayır. Həmin vəzifədə işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş və heç bir intizam cəzası almamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmri ilə onunla bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmişdir. Əmrin verilməsi üçün əsas kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022ci il tarixli elektron məktubu göstərilmişdir. Hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmri qanunsuzdur və ona görə həmin əmr ləğv edilməklə o, əvvəlki işlədiyi poliklinika şöbəsinin stamotologiya bölməsinin həkim-stamotoloqu vəzifəsinə işə bərpa olunmalıdır. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. O, xx.xx.2022-ci il tarixində keçirilmiş təkrar Sertifikasiya imtahanından hər iki nəticə üzrə, yəni test suallarının nəticələri üzrə keçid balı 40 olduğu halda 57 bal, kliniki tapşırıqların nəticələri üzrə isə keçid balı 16 olduğu halda 23 bal toplamışdır. Göründüyü kimi, cavabdeh onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verdiyi halda xx.xx.2022-ci il tarixdə keçirilmiş sertifikasiya imtahanından zəruri keçid balı toplamışdır.
3. Cavabdeh tərəfdən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
4. Etirazda göstərmişdir ki, iddia ərizəsində qeyd olunan Əmək Məcəlləsinin 67ci maddəsinin 1-ci bəndinin tələbləri hazırkı mübahisənin həllinə tətbiq edilməli olmasına baxmayaraq, həmin Məcəllənin 67-ci maddəsinin 2-4-cü bəndlərinin tələbləri hazırkı mübahisəyə tətbiq oluna bilməz. Ona görə ki, hazırkı halda işçinin başqa işə keçirilməsi haqqında attestasiya komissiyasının tövsiyyəsi olmamış, iş yerlərinin kütləvi şəkildə ixtisar edilməsinə, eləcə də iş yerlərinin attestasiyasının keçirilməsi hallarına yol verilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin (c) bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Sertifikasiya ilə bağlı kəsilən şəxslər barədə “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə göndərilmiş xx.xx.2022-ci il tarixli elektron məktubdan görünür ki, Sertifikasiyadan təkrarən keçə bilməyən stomatoloq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməli və bununla əlaqədar müvafiq tədbirlər görülərək Səhiyyə Nazirliyinə məlumat verilməlidir. Ona görə də, “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmr əsasında “Qusar RMX” publik hüquqi şəxsin Stomatologiya bölməsinin həkimstomatoloqu İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xx.xx.2022ci il tarixdən ƏM-nin 67-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70ci maddəsinin “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmiş, bu zaman Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilmiş və son haqq-hesab, əmək kitabçası və həmin əmrin surəti Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü İddiaçı təqdim olunmuşdur. Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci bəndinə görə Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin maddənin qeyd hisəssinə görə də bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İddiaçının xx.xx.2022-ci il tarixində keçirilmiş təkrar Sertifikasiya imtahanından test suallarının nəticələri üzrə 40 keçid balı olduğu halda 57 bal, kliniki tapşırıqların nəticələri üzrə isə 16 keçid balı olduğu halda 23 bal toplaması hazırkı işə heç bir aidiyyəti yoxdur və bu başqa mübahisə predmetinin mövzusudur.
5. İş materiallarına əlavə edilmiş “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmrdən görünür ki, “Qusar RMX” publik hüquqi şəxsin Stomatologiya bölməsinin həkim-stomatoloqu İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən ƏM-nin 67- 1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmişdir.
6. 0480017 nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.2022-ci il tarixində İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 67-ci maddəsinin 5ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmişdir.
7. xx.xx.2022-ci il tarixli Sertifikasiya imtahan nəticələrindən görünür ki, iş nömrəsi ******* olan şəxs keçid balı 40 olan test suallarının nəticələri üzrə 57 bal, keçid balı 16 olan kliniki tapşırıların nəticələri üzrə isə 23 bal toplamışdır.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AH 044696 nömrəli praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsindən görünür ki, İddiaçı 15 aprel 2022ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Stomatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.
9. “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 1245/07-22 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Stomatologiya” ixtisası üzrə keçirilən test imtahanında qeyriməqbul nəticə göstərmişdir. Bu səbəbdən də, İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 1785/21 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən iş yeri saxlanılmaqla 6 ay müddətinə işdən kənarlaşdırılmışdır. İddiaçı peşə hazırlığı keçmək üçün həmin publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 1867/21 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək ixtisası üzrə kurs keçmək üçün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərilmişdir. Kurs keçdikdən sonra xx.xx.2022-ci il tarixdə keçirilən sertifikasiya imtahanından təkrar keçə bilmədiyi üçün Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu əsas tutularaq onunla bağlanmış əmək müqaviləsinə “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmri ilə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir.
10. “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 1245/07-22 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş həmin publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 1785/21 nömrəli əmrinin surətindən görünür ki, həmin publik hüquqi şəxsin Stomatologiya bölməsinin həkimstomatoloqu İddiaçı xx.xx.2021-ci il tarixdən iş yeri saxlanılmaqla 6 ay müddətinə işdən kənarlaşdırılmışdır.
11. Həmin məktubla məhkəməyə təqdim edilmiş Səhiyyə Nazirliyinin xx.xx.2021ci il tarixdə elektron poçtla “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə ünvanlandığı bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə “Stomatologiya” ixtisası üzrə test imtahanı keçirilmişdir. Həmin publik hüquqi şəxsdə stomatoloq işləyən İddiaçı 38 bal toplamış və keçid balının 40 (test tapşırıqları hissəsi üzrə) olduğunu nəzərə alaraq onun topladığı bal sayı qeyri-məqbul hesab edilmişdir. Bu səbəbdən İddiaçı sertifikasiyadan keçməyən işçi hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Qeyd olunanları nəzərə alaraq İddiaçı 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək təkrar sertifikasiya olunmaq üçün Sertifikasiya şöbəsinə müraciət etməlidir.
12. Həmin məktubla məhkəməyə təqdim edilmiş “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 1867/21 nömrəli əmrinin surətindən görünür ki, həmin publik hüquqi şəxsin Stomatologiya bölməsinin həkimstomatoloqu İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinə uyğun olaraq “Dişətrafı toxumaların sağlamlıq vəziyyəti, gingivit və diş ətinin patologiyaları” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərilmişdir.
13. Həmin məktubla məhkəməyə təqdim edilmiş Səhiyyə Nazirliyinin xx.xx.2022ci il tarixdə elektron poçtla “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə ünvanladığı bildirişdən görünür ki, nazirlik tərəfindən həmin publik hüquqi şəxsə bildirilmişdir ki, sertifikasiyadan təkrarən keçə bilməyən stomatoloq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməlidir. Bununla əlaqədar müvafiq tədbirlər görərək Səhiyyə Nazirliyinə məlumat verilməsi xahiş olunmuşdur.
14. İşdə olan 16 may 2022-ci il tarixli, 2022-17764 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilinməməsi barədə arayışdan görünür ki, İddiaçı və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X1 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən ünvanlanmış rəsmi məktubuna əsasən xx.xx.2022-ci il tarixində, 15:30-16:00 saatlarında keçirilən (işə bərpa olunması tələbinə dair) ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.
15. Qusar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(029)-637/2022 nömrəli qətnaməsi ilə (hakim Adil Vəliyev) İddiaçı cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə qarşı işə bərpa edilməsi tələbinə dair iddiası təmin edilib, “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə 14 aprel 2022-ci il tarixli, 327 saylı əmri ləğv edilərək İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin stomatologiya bölməsinin həkim-stomatoloqu vəzifəsinə bərpa edilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən hesab etmişdir ki, praktik tibb fəaliyyəti ilə məşğul olan şəxslərin-həkimlərin həmin fəaliyyətlə məşğul olmaları ilk öncə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun tələblərinə əsasən praktik tibb fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər müvafiq sertifikasiyadan keçməklə 5 il müddətinə həmin fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər və bundan sonra Əmək Məcəlləsinin tələblərinə uyğun qaydada müvafiq əmək müqaviləsi əsasında tibb müəssisələrində çalışırlar. Müvafiq tibb müəssisələrində işləyən həkimlər sertifikasiyadan keçmədikdə onların iş yeri 6 ay müddətində saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçməyə cəlb edilir və onlara 6 ay ərzində yenidən imtahanlarda iştirak etmək imkanları verilir. İmtahanlarda iştirak etmək üçün müraciətlərin sayı isə dəqiq müəyyən olunmamış və hər hansı sayla məhdudlaşdırılmamışdır. Cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkim-stomatoloq işləyən İddiaçı xx.xx.2021ci il tarixdə sertifikasiyaya cəlb olunmuş, lakin, sertifikasiyadan keçməmişdir. Bundan sonra həmin publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli 1785/21 saylı əmrinə əsasən İddiaçı iş yeri saxlanılmaqla 6 ay müddətinə işdən kənarlaşdırılmış, həmçinin həmin tarixdə 1867/21 nömrəli əmr qəbul edilərək “Dişətrafı toxumaların sağlamlıq vəziyyəti, gingivit və diş ətinin patologiyaları” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəmi dörd gün Bakı şəhəri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərilmişdir. 12 aprel 2022-ci il tarixdə İddiaçı yenidən sertifikasiyaya cəlb olunmuş və yenə sertifikasiyadan keçməmişdir. Bundan sonra o, 15 aprel 2022-ci il tarixdə təkrarən imtahanda iştirak etmiş və sertifikasiyadan keçməklə müvafiq Şəhadətnamə əldə etmişdir. Cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs isə özünün xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı iş yerini 6 ay müddətində saxlamaqla onu işdən kənarlaşdırmasına baxmayaraq, həmin 6 ay müddət başa çatmadan, cəmi 4 ay 5 gün keçdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Halbuki, həmin 6 ay müddət cavabdeh tərəfindən gözlənildiyi təqdirdə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə ehtiyac qalmazdı, çünki, İddiaçı əmək müqaviləsinə xitam verildiyi gündən cəmi 1 gün sonra sertifikasiyadan keçmişdir. Bununla da, cavabdeh tərəfindən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri, o cümlədən İddiaçı əmək hüquqları pozulmuş, həmin şəxsin 6 ay ərzində yenidən imtahanlarda iştirak etmək imkanları işəgötürən kimi cavabdeh tərəfindən tam təmin olunmamışdır. Bundan başqa, cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmri həm də özünün xx.xx.2021-ci il tarixli əmrinə zidd olmuşdur. xx.xx.2021-ci il tarixli əmrlə artıq İddiaçı iş yeri 6 ay müddətinə saxlanılmışdı və 6 ay müddət keçmədən əmək müqaviləsinə xitam verilə bilməzdi. Məhkəmə cavabdeh tərəfin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Səhiyyə Nazirliyinin tapşırığına əsasən xitam verilməsi barədə dəlillərini isə qanuni və əsaslı hesab etmir, belə ki, praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qaydası hər hansı nazirliyin göstərişi ilə deyil, yalnız yuxarıda göstərilən Qanunla və Əmək Məcəlləsi ilə müəyyən olunur.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.1, 67-1, 67-1.5, 287, 292.1, 295, 300.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 saylı Qərarının 5.1, 5.2, 6.1, 6.2-ci bəndi və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(029)- 211/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
19. “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmr əsasında “Qusar RMX” publik hüquqi şəxsin Stomatologiya bölməsinin həkim-stomatoloqu İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən ƏM-nin 67-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifıkasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmiş, bu zaman Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilmiş və son haqqhesab, əmək kitabçası və həmin əmrin surəti ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü İddiaçı təqdim olunmuşdur.“Əhalinin sağlamlığının qorunması haqqında” Qanununun 49-1-ci maddəsinin 6 və 7-ci bəndləri, Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndi, 67-1-ci maddəsinin 5-ci bəndi, 70-ci maddəsinin “c” bəndlərinə görə sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməledilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin qeyd hisəssinə görə də bu maddənin “c” bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. Birinci instansiya məhkəməsi isə həmin hüquq normalarını düzgün tətbiq etməmiş və belə bir səhv nəticəyə gəlmişdir ki, işəgötürən İddiaçıişdən azad etmək üçün, guya xx.xx.2021-ci il tarixdən sonrakı 6 ay müddəti mütləq gözləməli və həmin müddət tamam olmadan işçini işdən çıxarmamalı idi. Halbu ki, yuxarıda qeyd olunan “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun və eləcə də ƏməkMəcəlləsinin qeyd olunan hüquqi normalarında da açıq şəkildə göstərilir ki, işçinin sertifikasiyadan keçmədikdən sonra, iş yerinin saxlanıldığı 6 ay müddətində sertifikasiyadan təkrarən keçməməsi faktı, onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması üçün hüquqi əsasdır və sertifikasiyadan təkrarən keçməyən işçilərin işdən azad edilməsi üçün 6 ay müddətin gözlənilməsinə heç bir ehtiyac yoxdur. Və göründüyü kimi birinci instansiya məhkəməsiişə baxarkən həmin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
21. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.
22. İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Əmək Məcəlləsi
24. Maddə 67.1 Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
25. Maddə 67-1.1 Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
26. Maddə 67-1.5 sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
27. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
28. Maddə 292.1 İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
29. Maddə 292.2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.
30. Maddə 300.1 İşəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
31. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir.
32. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 saylı Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 5.1-ci bəndinə əsasən sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir tibb mütəxəssisi barədə müvafiq qərar qəbul edir.
34. Həmin Qaydanın 5.2-ci bəndinə əsasən sertifikasiyadan keçən şəxslərə sertifikasiya imtahanının bitdiyi gündən 5 (beş) iş günü müddətində sertifikasiya şəhadətnaməsi verilir, həmçinin şəhadətnamənin surəti onların təqdim etdikləri elektron poçt ünvanına göndərilir. Sertifikasiyadan keçmiş şəxslər 5 (beş) il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.
35. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər.
36. Həmin Qaydanın 6.2-ci bəndinə əsasən sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
43. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
45. Apellyasiya şikayətinin dəlillərində göstərilən xüsusuatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir.
46. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarına dair dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir.
47. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(029)-637/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.