Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2028/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qusar Rayon İcra Hakimiyyəti Başçısının Şirvanovka kənd inzibati ərazi nümayəndəliyinə və İmamqulukənd-oba kənd bələdiyyəsinə qarşı “özünə və iki uşağına düşəsi torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X10 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı Lətifova (Kamilova) Göyçək Məhəmməd qızının və cavabdeh Qusar rayon İmamqulukənd bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Qusar Rayon İcra Hakimiyyəti Başçısının Şirvanovka kənd inzibati ərazi nümayəndəliyinə və İmamqulukənd-oba kənd bələdiyyəsinə qarşı “özünə və iki uşağına düşəsi torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-187-2005 nömrəli qətnaməsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İşin hallarına görə, İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlərdən özünə və iki uşağına düşəsi torpaq sahəsinin qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı iddia tələbini əsaslandıraraq göstərmişdir ki, Xaçmaz rayonunun Qaçaqlı kəndində anadan olmasına baxmayaraq Qusar rayonunun Mucuq-oba kəndinə ərə köçmüş, hal-hazırda ailəsi ilə həmin kənddə yaşayır. Əmək fəaliyyətinə 1974-cü ildə Xaçmaz rayonunun M.D.Həsənov adına sovxozda fəhlə kimi başlamış, 1976-ci ilə kimi həmin sovxozunda işİədikdən sonra əmək-fəaliyyətini “İnqilab” sovxozunda davam etdirmiş və 1978-ci ildən 1994-cü ilə kimi Qusar rayonunun “26 Bakı Komissar” adlı sovxozunda fəhlə işlədikdən sonra hazırda işləməməklə əlaqədar olaraq şəxsi təsərrüfatında çalışır. X13 Komissiyası ailəsinə qarşı qərəzli mövqey tutaraq, kənddə aqrar islahat keçirərkən özünü və iki uşağını əmlak payları verilən siyahılara daxil etməmişdir. Hər iki uşağı Mucuq-oba kəndində anadan olmuşdur. İşə əlavə etmiş əmək kitabçası bir daha onu sübut edir ki, özü və iki uşağı əmlak paylarının verilməsinə dair siyahılara daxil edilməli idi. Hər iki uşağı Mucuq-oba kəndində anadan olmaqla həmin kənddə pasport qeydiyyatındadırlar. YAİK ailəsi ilə Mucuq-oba kəndində yaşamağına baxmayaraq özü və iki uşağı əmlak paylarını almaq hüququndan qanunsuz olaraq mərhum edilmişlər. Kəndə əmək fəaliyyəti ilə heç bir əlaqəsi olmayan Dağıstan Respublikasının vətəndaşları əmlak payları veriləsi siyahılara daxil edilərək onlara əmlak payları verilmişdir. Ona görə də ona iki uşağına torpaqdan əmlak paylarının verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.
3. Qusar Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-187-2005 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı və onun uşaqları X7 və X5 Mucuq-oba kənd bələdiyyəsinin ehtiyac fondu üçün ayrılmış sahəsindən hər biri üçün 35 sot torpaq sahəsinin verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən qətnamə İddiaçı X1 və X2 adına torpaq mülkiyyət Hüququna dair Dövlət aktının verilməsi üçün əsas olmuşdur.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri
4. Qətnamədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən “Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqlarıb ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüququ olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən “Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinin 1-ci bəndinə görə torpağın alqı-satqısı yazılı müqavilə tərtib edilməklə notariatda təsdiq edilməli və həmin məcəllənin 67-ci maddəsinin birinci bəndinə əsasən dövlət qeydiyyatından keçməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. İddiaçı, X3 və X5 məhkəmə qətnaməsi ilə verilmiş hər birinə 35 sot torpaq sahəsi üzərində Qusar rayon Mucuq-oba bələdiyyəsi mülkiyyət hüququna malik deyildir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qusar rayon İmamqulukənd bələdiyyəsinin nümayəndəsi Nümayəndə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, nümayəndələr məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: (...) 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. (...)
Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. (...) 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)
20. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)
Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizə baxılmamış saxlanılmalıdır.
13. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2002-ci il və xx.xx.2013-cü il tarixlərdə verilmiş Rusiya Federasiyasına aid pasportların surətlərindən görünür ki, X6 xx.xx.1953-cü ildə Azərbaycan Respublikasının Xaçmaz rayonu Yeni-Həyat qəsəbəsində doğulmuşdur.
14. İş materiallarında olan xx.xx.1968-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1953-cü ildə Xaçmaz rayonu Qoçaqlı kəndində doğulmuşdur.
15. İş materiallarında olan AZE seriyalı 00774526 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1985-ci ildə Qusar rayonu Mucuq-oba kəndində doğulmuşdur.
16. İddiaçı Qusar Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsindən görünür ki, ərizədə iddia tələbi qeyri-müəyyəndir.
17. Belə ki, MPM-in 149.2.3-cü maddəsinə əsasən (həmin vaxt qüvvədə olan redaksiyada), iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir.
18. Mövcud ərizə üzrə iddia tələbinə əsasən iddiaçı cavabdeh təşkilatların ona və iki uşağına düşəsi torpaq sahəsinin qaytarılmasını xahiş etmişdir.
19. Göründüyü kimi iddiaçı uşaqlarının adlarını, qaytarılmasını tələb etdiyi torpaq sahəsinin yerləşmə yerini, sahəsini, cavabdehlərin hər birinə qarşı yönələn tələbini göstərməmiş, birinci instansiya məhkəməsi isə göstərilən hallara əhəmiyyət vermədən iddia ərizəsini qaytarmalı olduğu halda icraata qəbul edərək baxmış və MPM-in 218.3-cü maddəsinin tələbini pozaraq iddia tələbindən kənara çıxmaqla mübahisələndirilən qətnaməni çıxarmışdır.
20. Qətnaməyə əsasən iddia qismən təmin edilmiş, İddiaçı və onun uşaqları X7 və X5 Mucuq-oba kənd bələdiyyəsinin ehtiyac fondu üçün ayrılmış sahəsindən hər biri üçün 35 sot torpaq sahəsinin verilməsi qət edilmişdir.
21. Halbuki, iddiaçının bu cür tələbi olmamış, ümumiyyətlə Mucuq-oba kənd bələdiyyəsi iş üzrə cavabdeh olmamış, digər tərəfdən X8 nə iddia ərizəsi verilən vaxt nə də ki, qətnamə çıxarılan zaman uşaq olmamış, onun 20 yaşı olmuşdur.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.
23. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud iddia ərizəsinin MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə görə geri qaytarmalı və yaxud da icraata götürdükdən sonra MPM-in 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlamalı olduğu halda, heç bir dəqiqləşmə aparmadan işə baxmış və göstərilən qətnaməni çıxarmış, bununla da prosessual hüquq pozuntusuna yol vermişdir.
25. Azərbaycan Respublikası MPM-in 384.0.5-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər...
26. Beləliklə, göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-187-2005 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Qusar Rayon İcra Hakimiyyəti Başçısının Şirvanovka kənd inzibati ərazi nümayəndəliyinə və İmamqulukənd-oba kənd bələdiyyəsinə qarşı özünə və iki uşağına düşəsi torpaq sahəsinin qaytarılması barədə ərizəsi baxılmamış saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-187-2005 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Qusar Rayon İcra Hakimiyyəti Başçısının Şirvanovka kənd inzibati ərazi nümayəndəliyinə və İmamqulukənd-oba kənd bələdiyyəsinə qarşı “özünə və iki uşağına düşəsi torpaq sahəsinin qaytarılması” barədə ərizəsi baxılmamış saxlanılsın. İddiaçı yenidən ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.