Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2031/2021 02.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X6, Cavabdeh vəkili X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X7 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(060)-583/2021 saylı qətnaməsindən iddiaçı Sumqayıt Bələdiyyəsinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(060)-583/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Sumqayıt Bələdiyyəsi iddia ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhərinin Sumqayıt-Novxanı avtomobil yolu boyunca, Xəzər dənizinin sahilində yerləşən ərazidə Cavabdeh tərəfindən zəbt olunmuş bələdiyyə mülkiyyətində olan 0,37 ha torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin Cavabdeh hesabına sökülərək torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsinin qulluqçuları tərəfindən Sumqayıt şəhərinin Sumqayıt-Novxanı avtomobil yolu boyunca, Xəzər dənizinin sahilində yerləşən ərazidə aparılan xidməti nəzarət tədbirləri zamanı müəyyən olunmuşdur ki, Cavabdeh həmin ərazidə yerləşən bələdiyyə mülkiyyətində olan sahəsi 0,37 ha torpaq sahəsini zəbt edərək həmin torpaq sahəsində qanunsuz olaraq tikinti işlərini həyata keçirmişdir. Aparılmış araşdırmalar zamanı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2013-cü il tarixli, 75 saylı sərəncamı ilə Cavabdeh mübahisələndirilən ərazidə əyləncə və istirahət mərkəzinin tikintisinin layihələndirilməsinə icazə verildiyi, lakin cavabdehin verilən sərəncamın və müvafiq qanun normalarının ziddinə olaraq ərazidə hər hansı icazə almadan özbaşına tikinti işlərini həyata keçirdiyi aşkar olunmuşdur. Halbuki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2013-cü il tarixli,75 saylı sərəncamının 6-cı bəndində birbaşa göstərilmişdir ki, bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır və cavabdeh Sumqayıt Bələdiyyəsi ilə torpaq münasibətlərini həll etdikdən, torpaq sahəsinin planı və ölçüsünü aldıqdan, torpaq sahəsi üzərində hüququnu daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirdikdən və tikintinin aparılmasını aidiyyəti qurumlarla razılaşdırdıqdan sonra tikinti işlərini başlaya bilər. Ancaq Cavabdeh Sumqayıt Bələdiyyəsi ilə torpaq münasibətlərini nizama salmadan, torpaq sahəsi üzərində hər hansı hüquq müəyyənedici sənədlər əldə etmədən özbaşına olaraq torpaq sahəsindən istifadəyə başlamışdır. Bu qanunsuz hərəkətləri ilə Cavabdeh torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin hüquqlarını və qanuni maraqlarını pozmuşdur. Cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən müvafiq hüquqmüəyyənedici sənədləri olmadan zəbt edərək istifadə etməsi, həmçinin göstərilən ərazidə müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmadan, şəhərsalma və memarlıq norma və qaydalarını pozmaqla, ərazinin təyinatına uyğun olmadan tikinti işləri aparması, torpaq sahəsinin mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin hüquqlarını aşkar şəkildə pozmuşdur. Qeyd edilən özbaşına tikili torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin və bu cür tikililərin aparılmasına icazə vermək səlahiyyətinə malik olan aidiyyəti icra hakimiyyəti orqanlarının razılığı alınmadan, həmçinin mülki və torpaq qanunvericiliklərinin, şəhərsalma və tikinti normalarının tələblərinə zidd olaraq inşa edildiyindən, bu tikili özbaşına tikili kimi qiymətləndirilərək müvafiq hüquqi nəticələr yaratmalıdır. Bu ərazidə yerləşən torpaqlar “Torpaq islahatı haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunların tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli protokol, eksplikasiya aktı və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Bələdiyyələrə dair qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaqların ayrılması bələdiyyənin qərarı ilə həyata keçirilir. Lakin Cavabdeh torpaq sahəsini bu günə qədər qeyri qanuni tutmaqda davam edir ki, bu da torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin hüquqlarını kobud şəkildə pozur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı Sumqayıt Bələdiyyəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən tamamilə aidiyyəti olmayan qanun normalarını tətbiq etmiş, qanunları səhv təfsir edərək düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Həmçinin məhkəmə baxışı zamanı maddi və prosessual hüquq normalarının çoxsaylı digər pozuntularına da yol verilmişdir ki, bütün bu səhvlər son nəticədə işin nəticəsinə təsir göstərərək ədalətsiz məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olmuşdur. Məhkəmə Sumqayıt Bələdiyyəsinin iddia tələblərinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə mülkiyyət hüququna dair məsələyə yanaşmada ziddiyyətli fikirlərə və aşkar səhvlərə yol vermişdir. Məhkəmə formal mülahizələr əsasında müvafiq qanun normasına tamamilə səhv yanaşma nümayiş etdirməklə qanuna zidd qərar çıxarmışdır. Belə ki,“Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında” 21 iyun 2001-ci il tarixli torpaqayırma sənədləri əsasında Sumqayıt şəhəri ərazisində bələdiyyə torpaqları müəyyən edilməklə Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Mübahisələndirilən torpaq sahəsinin də daxil olduğu bələdiyyə torpaqları üzərində faktiki sahiblik və istifadə hüququ həmin dövrdən etibarən Sumqayıt Bələdiyyəsinə keçmişdir. Belə olan halda, məhkəmənin, bələdiyyənin faktiki sahibliyinə verilmiş torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin, ən azından sahiblik hüququnun müdafiəsindən imtinasını anlamaq mümkün deyildir. Sumqayıt Bələdiyyəsi öz sahibliyində olan torpaq sahəsinin boşaldılmasını və cavabdeh tərəfindən orada inşa edilmiş özbaşına tikilinin onun hesabına sökülməsini məhkəmədən xahiş etmişdir. Belə ki, cavabdehin qeyd edilən hərəkətləri torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliklərinin normalarına zidd olduğundan müvafiq hüquqi nəticələrə səbəb olmalıdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar “Torpaq islahatı haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunların tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli torpaqayırma sənədlərinə əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Məhkəmə tərəflərin izahatlarına, iş materiallarında olan sənədlərə düzgün hüquqi qiymət verməyərək ədalətsiz bir nəticəyə gəlmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, məhkəmə tərəfindən torpaq sahəsinin hüquqi statusunun müəyyyən edilməsi üçün hər hansı ekspertiza təyin edilməmiş, aidiyyəti icra hakimiyyəti orqanlarına müvafiq sorğular verilməmiş, torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülməmişdir. Bunun müqabilində məhkəmə iş üçün əhəmiyyət kəsb edən halların müəyyənləşdirilməsi üçün, nədənsə 26 oktyabr 2020-ci il tarixli sorğu ilə bu işdə maraqlı olan, yəni mübahisələndirilən torpaq sahəsinin əvvəlki istifadəçisi “Xəzər” səhmdar cəmiyyətinə müraciət etmişdir. Halbuki, sorğuda araşdırılan suallar “Xəzər” səhmdar cəmiyyətinə ünvanlanası suallar deyildir. Belə ki, bu suallar öz səlahiyyətləri çərçivəsində aiddiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavablandırılmalı olan suallardır. Belə ki, torpaq sahələrinin hüquqi rejimi, o cümlədən torpaq sahələrinin mülkiyyətçiləri barədə müvafiq reyestr və kadastr məlumatlarının qeydiyyatı və saxlanılması məhz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və onun tərkibinə daxil olan müvafiq qurumlar tərəfindən həyata keçirilir. Ancaq məhkəmə həmin orqana müraciət etmədən yalnız “Xəzər” səhmdar cəmiyyətinin məhkəmənin sorğusuna verdiyi cavabla kifayətlənərək torpaq sahəsinin hüquqi statusu üzrə səhv nəticəyə gəlmişdir. Bütün bu hallar məhkəmənin işə qərəzli şəkildə yanaşdığını, obyektiv və hərtərəfli məhkəmə baxışının həyata keçirilmədiyini göstərir. Bütün sadalanan hallar çıxarılmış məhkəmə qətnaməsinin Sumqayıt Bələdiyyəsinin hüquqlarını pozduğu qənaətinə gəlməyə əsas verir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. 24 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X9 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. 24 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh vəkili X4 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə qətnamənin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. 24 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, mübahisəli torpaq sahəsinə baxış keçirib işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının “Əyləncə və istirahət mərkəzinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 29 mart 2013-cü il tarixli, 75 saylı sərəncamının surətindən görünür ki, Sumqayıt şəhər X11 İcraiyyə Komitəsinin 18 saylı, 14 iyun 1990-cı il tarixli qərarına əsasən “Xəzər” səhmdar cəmiyyətinin balansına verilmiş torpaq sahəsindən daha səmərəli istifadə olunması məqsədi ilə cəmiyyətin 129 saylı, 22 oktyabr 2012-ci il tarixli razılıq məktubu, Bakı şəhəri, Təbriz küçəsi, ev 2/4 mənzil 29-da yaşayan Cavabdeh müraciəti, Memarlıq və şəhərsalma idarəsinin təklifi nəzərə alınaraq Bakı şəhəri, Təbriz küçəsi, ev 2/4, mənzil 29-da yaşayan Cavabdeh Sumqayıt şəhərinin inzibati ərazisində, Sumqayıt-Novxanı avtomobil yolunun kənarında, Xəzər dənizi sahili boyunca 0,37 ha sahədə əyləncə və istirahət mərkəzinin layihələndirilməsinə icazə verilməsi, layihə sənədləri mərhələsindən asılı olmayaraq, lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlənməli və aidiyyəti orqanlarla razılaşdırılması təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsinin 14 may 2013-cü il tarixli 35 saylı aktından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 29 mart 2013-cü il tarixli, 75 saylı sərəncamına əsasən Sumqayıt şəhərinin inzibati ərazisində, Sumqayıt-Novxanı avtomobil yolunun kənarında, Xəzər dənizi sahili boyunca əyləncə və istirahət mərkəzinin tikintisinin layihələndirilməsinə icazə verilmiş 0,37 ha torpaq sahəsi instrumental təriqilə ölçüb ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoyulmuş və Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı və Sumqayıt Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 21 iyun 2001-ci il tarixli bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında protokolun surətindən görünür ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq 4589,0 ha torpaq sahəsi Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. İş materiallarında olan 21 iyun 2001-ci il tarixli aktın surətindən görünür ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü və 21-ci maddələrinin göstəricilərinə əsasən torpaqların mülkiyyət formaları üzrə inventarizasiya edilib, təyinatına görə araşdırma aparılarkən bələdiyyə mülkiyyətinə verilən torpaqların ümumi sahəsi 7829,80 hektar olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı və Sumqayıt Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 21 iyun 2001-ci il tarixli Sumqayıt şəhər ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olan torpaqların eksplikasiyasından görünür ki, Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə 7829,80 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan “Xəzər” səhmdar cəmiyyətinin 02 noyabr 2020-ci il tarixli, 126 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri, Sumqayıt-Novxanı avtomobil yolunun solunda, Xəzər dənizinin sahilində yerləşən və həmin mübahisələndirilən 0,37 ha torpaq sahəsinin də tərkibinə daxil olduğu 28 ha torpaq sahəsi 1990-cı il 14 iyun tarixində 18 saylı Balansa verilmə barədə protokola əsasən Sumqayıt şəhəri X11 İcraiyyə Komitəsinin qərarı ilə İcraiyyə Komitəsinin balansından çıxarılaraq, “Xəzər” səhmdar cəmiyyətinin balansına verilmişdir. Həmin tarixdə torpaq sahəsinə “Xəzər” səhmdar cəmiyyətinin “Sahilyanı istirahət zonası” sahəsi kimi layihələndirilməsi və tikilməsi üçün torpaq aktı tərtib olunmuş və Sumqayıt şəhəri XDS İcraiyyə Komitəsinin sədri tərəfindən təsdiqlənmişdir. 1999-cu ildə “Xəzər” səhmdar cəmiyyətinə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi tərəfindən JN-318, kod 30900002 saylı Torpaqdan daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. Həmin sahə 08.07.2008-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.06.2008-ci il tarixli, 17/R- 436/11/25/12 saylı dərkənarına uyğun olaraq “Azərbaycanda Turizmin İnkişafı Dövlət Proqramı”na salınmışdır. Həmin Proqramın daha səmərəli reallaşdırılması üçün rəhbərlik tərəfindən sahənin bir hissəsinin ayrı-ayrı şəxslərə özgəninkiləşdirilməsi tövsiyyə olunmuşdur. Həmin vaxt Cavabdeh “Xəzər” səhmdar cəmiyyətinə məxsus 0,56 ha torpaq sahəsini üzərində kiçik əmlakla birlikdə icarəyə götürmüşdür. Şəhər rəhbərliyinin tövsiyyəsini nəzərə alaraq “Xəzər” səhmdar cəmiyyəti həmin 0,56 ha sahənin onun adına rəsmiləşdirilməsi üçün 129 saylı, 22.10.2012-ci il tarixli razılıq məktubu vermişdir. Ancaq Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamında sahə 0,37 ha göstərilmişdir, çünki dənizkənarı mühafizə zolağı sahədə göstərilməmişdir. “Xəzər” səhmdar cəmiyyətinin İstirahət zonası adlandırılan həmin sahəyə ilk dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 10.07.1997-ci il tarixli, 23, 24, 25 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti yaradılandan sonra ayrı-ayrı vaxtlarda sahələrin özgəninkiləşdirilməsi ilə əlaqədar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, axırıncı dəfə 06.03.2018-ci il tarixli, ******* saylı çıxarış verilmişdir. “Xəzər” səhmdar cəmiyyəti tərəfindən özgəninkiləşdirilən sahələrin bir hissəsi notariat qaydada alqı-satqı yolu ilə, bir hissəsi isə razılıq məktubu ilə verilmişdir. Cavabdeh verilən sahə üzərindəki əmlak kiçik və natamam olduğundan sökülərək özgəninkiləşdirilməsinə razılıq məktubu ilə verilmişdir. Həmin sahənin özgəninkiləşdirilməsi haqqında məlumat (sahənin balansdan silinməsi məqsədilə) Sumqayıt şəhər İcra Hakimiyyətinin 29 mart 2013-cü il tarixli, 75 saylı sərəncamına əsaslanaraq 29 may 2015ci il tarixdə 48 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 14 iyun 1990-cı il tarixli qərarından görünür ki, abadlıq işlərinin aparılması üçün Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinə məxsus Corat qəsəbəsi ilə Sarı-Qaya arasındakı dənizkənarı torpaqdan 28 ha sahə mövcud qayda üzrə çıxarılıb “Xəzər” səhmdar cəmiyyətinin balansına verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş JN-318 saylı, kodu 30900002 olan Torpaqdan daimi istifadə hüququna dair dövlət aktının surətindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 03 sentyabr 1997-ci il tarixli, 558 saylı sərəncamı ilə cizgidə göstərilən sərhəd daxilində 28,15 ha torpaq sahəsi çimərlik və istirahət guşəsi yaradılması üçün “Xəzər” səhmdar cəmiyyətinə verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri ərazisində, Sumqayıt-Novxanı avtomobil yolunun kənarında, Xəzər dənizi sahili boyunca Cavabdeh məxsus əyləncə və istirahət mərkəzinin işçi layihəsi tərtib olunmuş, layihə 31 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X1 Ekspertizası Baş İdarəsi və Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsi ilə razılaşdırılmışdır. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialından Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının “Əyləncə və istirahət mərkəzinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 29 mart 2013-cü il tarixli, 75 saylı sərəncamının verilməsi üçün əsas olan sənədlərin surətləri tələb edilərək iş materiallarına əlavə edilmişdir. Həmin sənədlərdən görünür ki, Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsi Cavabdeh Sumqayıt şəhərinin inzibati ərazisində, Sumqayıt- Novxanı avtomobil yolunun kənarında, Xəzər dənizi sahili boyunca 0,37 ha sahədə əyləncə və istirahət mərkəzinin layihələndirilməsinə icazə verilməsinə etiraz etməmişdir. Həmçinin “Xəzər” səhmdar cəmiyyəti 22 oktyabr 2012-ci il tarixli məktubla Sumqayıt şəhər İcra Hakimiyyəti başçısına müraciət edərək Dövlət Proqramının daha səmərəli inkişaf etdirilməsi məqsədi ilə Sumqayıt şəhəri X11 İcraiyyə Komitəsinin 14 iyun 1990-cı il tarixli qərarına əsasən ayrılmış sahədə “Xəzər” səhmdar cəmiyyətinə məxsus dəniz sahilindəki istirahət zonasından qalmış 16,76 ha torpaq sahəsindən 0,56 ha sahənin Cavabdeh adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. İddia ərizəsindən, iş materiallarından görünür ki, Sumqayıt Bələdiyyəsi iddia tələbini mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əsaslandırmış və bu zaman Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında 21 iyun 2001-ci il tarixli protokola, 21 iyun 2001-ci il tarixli akta və Sumqayıt şəhər ərazisində Bələdiyyə və xüsusi mülkiyyətə aid olan torpaqların eksplikasıyasına dair cədvələ istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. “Torpaq islahatı haqqında” qanunun 6-cı maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar dövlət mülkiyyətinə aid torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə bələdiyyə orqanlarına təhvil verir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin qanunun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Həmin qanunun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi “Xəzər” səhmdar cəmiyyətinin balansına ayrılmış, həmin ərazi “Xəzər” səhmdar cəmiyyəti tərəfindən cavabdehin istifadəsinə verilmiş, müvafiq icra hakimiyyəti orqanın sərəncamı ilə cavabdehə bu ərazidə istirahət mərkəzinin layihələndirilməsinə icazə verilmiş, sərəncamın icrasına nəzarət müvafiq icra hakimiyyəti orqanına həvalə edilmişdir. İş materiallarında mübahisəli torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmasını təsdiq edən hər hansı hüquq müəyyənedici sənəd yoxdur. Məhkəmə kollegiyası hazırki tələblə bağlı iddiaçının cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmamalarını məsələsini araşdırarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir və Sumqayıt Bələdiyyəsinin hazırki iddianı irəli sürmək hüququ yoxdur. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı Sumqayıt Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(060)-583/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2031/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2031/2021
02.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver