Məhkəmə qərarları › İş №2(105)-2038/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2038/2021

16.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2038/2021 16.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X4 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2(012)-1278/2021 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2(012)-1278/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ərizəsinə dair mülki iş üzrə ərizə təmin olunmuş, X1 1986-cı ilin sentyabr ayından 1992-ci ilin iyun ayına qədər Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işləməsi faktının müəyyən edilməsi qət edilmiş, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, X3 ərizə ilə məhkəməyə müraciət edərək 1986-cı ilin sentyabr ayından 1992-ci ilin iyun ayına qədər Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Laçın rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxivinin 06 noyabr 2019-cu il tarixli, 54 nömrəli arxiv çıxarışından göründüyü kimi, o, həqiqətən də Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işləmişdir. Lakin həmin arayışda qeyd kimi yazılmışdır ki, iş yerini özündən asılı olmayan səbəbə görə itirdiyi üçün 1992-ci ilin iyun ayında üç aylıq əmək haqqı, yəni 432/1296 manat və 129,60 qəpik 30% yüksəkliyə görə əmək haqqına əlavə almışdır. Bu faktın qeyd olunmasına baxmayaraq orada işləməyi faktını başqa heç bir sənəd ilə təsdiq edə bilmir. Çünki həmin vaxtlar müharibə dövrünə düşdüyü üçün əmək kitabçası işğal zonasında, iş yerində qalmışdır. Hazırda onda olan əmək kitabçasında da bu barədə heç bir qeyd yoxdur. Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işlədiyi müddətdə onunla bərabər işləyən şəxslər də vardır ki, həmin şəxslərin əmək kitabçalarını iş materiallarına əlavə etmişdir. Bundan başqa, onunla bərabər həmin məktəbdə işləyən şəxslər tərəfindən 1982-ci ilin sentyabr ayından 1992-ci ilin iyun ayına qədər Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işləməyi faktı təsdiq edilərək aktlaşdırılmışdır. Əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə müraciət etsə də, oradan gələn cavab məktubunda qeyd edilmişdir ki, əmək pensiyasının təyin edilməsi üçün zəruri sənədlərə (əmək kitabçası, arxiv arayışı və s.) ehtiyac vardır. Göründüyü kimi, həmin dövrü təsdiq edə bilmədiyindən faktın müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Həmin müddət əmək pensiyası ala bilmək üçün təsdiq edilməlidir. Bu faktı başqa cür təsdiq edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanuna zidd və əsassız olduğundan ləğv edilməlidir Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda, idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahid ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi norma iki imperativ hissədən ibarətdir: a) şahidlərin ən azı 2 nəfər olması; b) ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmasıdır. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, məhkəmə qərarı ilə göstərilən şərtlər gözlənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. İş materiallarından göründüyü kimi, hər iki şahid (hərçənd ki, şahidlərdən biri X6 ərizəçinin əridir) ərizəçi Mehparə İsmayılova ilə eyni müəssisədə işləmələrini təsdiq etmək üçün məhkəməyə əmək kitabçaları təqdim etmişlər. Həmin əmək kitabçaları eyni müəssisə ilə bağlı olduğu halda, şahid Ə.Məmmədovun əmək kitabçasında müəssisəyə dair 1980-ci ilin qeydi latın qrafikası ilə yazılmışdır. Belə olan halda, əmək kitabçasının mötəbər sübut kimi qəbul olunması şübhə doğurur. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli, 186 nömrəli qərarına əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunun 17-ci maddəsinə görə kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur. Normaların məzmununa əsasən əmək kitabçasında 1980-ci il qeydinin latın qrafikasında aparılması qanunsuzdur. Plenum qərarında iş ilə bağlı digər hal 1.2-ci və 1.3-cü bəndlərində öz əksini tapmışdır. Belə ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsində kişilərin yaş həddinin 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddinin 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılması göstərilmişdir. Bu normadan çıxış edərək xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi yaşa görə əmək pensiyası almaq hüququ 64 yaşında, yəni 2024-cü ildə yaranacaqdır. Birinci instansiya məhkəməsi qaydasında müəyyən edilən fakt hazırda heç bir pensiya (sosial təminat) hüquqi nəticə daşımadığından əsassızdır. Məhkəmə işi tam araşdırmamış, şahid Ə.Məmmədovun təqdim etdiyi əmək kitabçası düzgün tədqiq edilmədən sübut kimi qəbul edilmiş, eyni zamanda Ali Məhkəmənin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 1.2-ci və 1.3-cü bəndlərinin tətbiqində kobud pozuntuya yol verilmişdir. Maraqlı şəxs apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X8 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Ərizəçi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Laçın rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxivinin 06 noyabr 2019-cu il tarixli, 54 saylı arxiv arayışından görünür ki, X14 filialında saxlanılan Laçın rayonu Kamallı kənd ərazi nümayəndəliyinin arayış xarakterli arxiv sənədlərinə əsasən, rayonun işğalından əvvəl Kamallı kənd orta məktəbində kitabxanaçı işləmiş X3 iş yerini özündən asılı olmayan səbəbə görə itirdiyi üçün 1992-ci ilin iyun ayında üç aylıq əmək haqqı yəni, 432/1296 manat və 129,60 qəpik 30% yüksəkliyə görə əmək haqqıya əlavə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Laçın rayon Təhsil şöbəsinin 07 dekabr 2020-ci il tarixli, 298 saylı məktubundan görünür ki, məlum hadisələrlə əlaqədar Laçın rayon Təhsil şöbəsinin 1992-ci ilin mayınadək olan arxivi, əmr kitabları və digər sənədləri işğal zonasında qalmışdır. Ona görə də X1 1986-cı ildən 1992-ci ilədək Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı vəzifəsində işləyib-işləməməsini müəyyənləşdirmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Laçın rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxivinin 17 fevral 2021-ci il tarixli, 07 saylı məktubundan görünür ki, X12 filialında saxlanılan Laçın rayonu Kamallı kənd ərazi nümayəndəliyinin arxiv sənədlərinə əsasən Kamallı kənd orta məktəbində kitabxanaçı işləmiş X1 adı bəzi əmək haqqı cədvəllərində Mehparə kimi, bəzi əməkhaqqı cədvəllərində isə Nənəxanım kimi qeyd olunmuşdur. Arayış yazılan vaxt makinaçı qız arayışı şəxsiyyət vəsiqəsinin surətində olduğu kimi yazdığı üçün Mehparə kimi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Mehparə İsmayılova onun həyat yoldaşıdır. O, 1981-ci ildən Laçın rayonuna gələrək Laçın rayonu Kamallı kənd orta məktəbində hərbi rəhbər çalışmışdır. O, Ağcabədi rayonunda ibtidai sinif müəllimliyi ixtisasını bitirmişdir və ali təhsillidir. 1984-cü il tarixdə Mehparə İsmayılova ilkin olaraq məktəbin köhnə kitabxanaçısı Tamara adlı qadının yanında köməkçi olaraq işləmişdir. 1986-cı ildən başlayaraq 1992-ci ilədək isə Mehparə məktəbdə kitabxanaçı işləmişdir. Mehparə İsmayılova orta təhsillidir. Həmin vaxt kitabxanada ali təhsilli heç kəs olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, 1979-cu ildən 1992-ci il tarixədək Laçın rayonu Kamallı kənd orta məktəbində ədəbiyyat müəllimi işləmişdir. Mehparə İsmayılova 1986-cı ildən 1992-ci ilədək Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işləmişdir. Mehparə İsmayılovanın kitabxanaçılıq ixtisası üzrə ali təhsili olmamışdır. Belə ki, Kamallı kəndi dəniz səviyyəsindən 2000 metr yuxarıda olduğu üçün işçilərin sayı çox deyildi və əksər işçilərin orta təhsili olmuşdur. Bu səbəbdən də kitabxanaçı vəzifəsində çalışmaq üçün ali təhsil tələb edilməmişdir. O, Mehparə İsmayılovanı uşaqlıq illərindən tanıyır və uzun illər eyni kənddə yaşamışlar. Birinci instansiya məhkəməsi ərizəçinin 1986-cı ilin sentyabr ayından 1992-ci ilin iyun ayına qədər Laçın rayon Kamallı kənd orta məktəbində kitabxanaçı kimi işləməsinin iş materialları və şahid ifadələri ilə tam təsdiq olunmasını nəzərə alaraq ərizənin təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissələrinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü nəndinə görə əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Laçın rayon Təhsil şöbəsinin 07 dekabr 2020-ci il tarixli, 298 saylı məktubundan görünür ki, məlum hadisələrlə əlaqədar Laçın rayon Təhsil şöbəsinin 1992-ci ilin mayınadək olan arxivi, əmr kitabları və digər sənədləri işğal zonasında qalmışdır. Ona görə də X1 1986-cı ildən 1992-ci ilədək Laçın rayon Kamallı kənd orta məktəbində kitabxanaçı vəzifəsində işləyib-işləməməsini müəyyənləşdirmək mümkün deyildir. Göründüyü kimi, ərizəçinin müəyyən olunmasını istədiyi faktı, yəni 1986-cı ilin sentyabr ayından 1992-ci ilin iyun ayına qədər Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı işləməsini təsdiq edə biləcək lazımi sənədləri yoxdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin mənasına görə də ərizəçi hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən olunmasını o halda xahiş edə bilər ki, həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə kollegiyası yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından hesab edir ki, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətinin dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2(012)-1278/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar